1200-lük illik maaşla ailəsini dolandıran və bəxtindən çox razı olan İvan Dmitriç orta təbəqəyə mənsub idi. O, şam yeməyindən sonra divanda oturdu və qəzet oxumağa başladı.
Arvadı masanı təmizləyə-təmizləyə dedi: “Mən bu gün qəzetə baxmağı unutmuşam. Bax gör, lotoreyaların siyahısı oradadır”.
İvan Dmitriç bildirdi:
”Hə, burdadır. Bəs sənin biletinin vaxtı keçməmişdi ki?”
“Yox, mən çərşənbə gününə olanı almışdım”.
“Nömrəsi nədir?”
“Seriya 9,499, N=26”
“Belə… İndi baxaram… 9,499 və 26.”
İvan Dimitriçin lotoreyada bəxti gətirmirdi və bir mənalı olaraq qalib gəlmiş nömrələrin siyahısına baxmağa razı olmayacaqdı. Lakin indi onun görüləsi başqa bir işi yox idi və qəzet də gözünün qabağındaydı. O, barmaqlarını nömrələr sütununun aşağısı boyunca gəzdirdi. Elə o saat da, sanki, skeptisizminə bir rişxəndmiş kimi yuxarıdan ikinci sırada o, 9,499 rəqəmini gördü. O, gözlərinə inana bilmirdi və biletin nömrəsinə baxmamışdı ki, əlindən saldığı qəzet dizlərinin üstünə düşdü. Elə bil, kimsə onun üstünə soyuq su tökmüşdü və o, qarnının düz ortasında cimiltili, dəhşətli və xoş bir üşütmə hiss etdi.
“Maşa, 9.499 ordadır!” – o, boğuq səslə dedi.
Arvadı ona heyrət və vahimə dolu nəzərlərlə baxdı va başa düşdü ki, İvan Dimitriç zarafat eləmir.Sifətinin rəngi qaçdı, stol üstündəki qatlanmış süfrəni yerə salaraq soruşdu: ”9.499?”
“ Hə,hə… Həqiqətən,ordadır! ”
“ Bəs biletin nömrəsi? ”
“Hə,doğru deyirsən. Biletin həm də nömrəsi olmalıdır axı. Bir dayan … gözlə! Yox, mən deyirəm ki! Onsuz da biletimizin seriya nömrəsi ordadır! Onsuz da, özün başa düşürsən də …”
İvan Dmitriç həyat yoldaşına baxaraq, parlaq bir əşya göstərildiyi zaman körpənin etdiyi kimi, mənasız, nəzərə çarpan tərzdə gülümsündü. Həyat yoldaşı da gülümsədi; İvan Dmitriçin yalnız seriya nömrəsini vurğulayaraq, qalib gəlmiş biletin nömrəsini öyrənməyə cəhd etməməsi özünə də, həyat yoldaşına da xoş idi. Mümkün olan sərvət haqqında ümidlərlə özünə əzab-əziyyət və işgəncə vermək necə də xoşdur! Necə də məftunedicidir!
“Bu seriya nömrəsi bizimdir, – uzun çəkən sükutdan sonra İvan Dimitriç söylədi, – lotoreyada udma ehtimalımız var. Bu yalnız bir ehtimaldır, amma ordadır!”
“Yaxşı, indi isə bax!”
“Biraz gözlə. Məyus olmaqçün bizim çox vaxtımız var. O, yuxarıdan ikinci sıradadır və uduş 75.000-dir. O, pul deyil, gücdür, sərmayədir! Və mən bir dəqiqə içində siyahıya baxsam və orada 26-nı görsəm?! Hə? Mən deyirəm ki, birdən udsaq, onda necə?”
Ərlə arvad gülməyə başladı və səssizlik içərisində bir-birinə gözünü zilləyib baxdı. Udmaq ehtimalı onları lap başdan çıxarmışdı; bu 75,000-in hər ikisinə nə üçün lazım olduğu, həmin pulla nə alacaqları və haraya gedəcəkləri barədə onların hər hansı bir fikri və arzusu ola bilməzdi. Onlar yalnız 9.499 və 75.000 haqqında fikirləşir və bu rəqəmləri xəyallarında canlandırırdılar. Bu vaxt onlar birnöv mümkün xoşbəxtliyin özü haqqında düşünməyə bilməzdilər.
İvan Dmitriç qəzeti əlində tutaraq, bir neçə dəfə bir küncdən o biri küncə getdi və yalnız ilk təəssüratın təsirindən qurtulduqdan sonra az xəyallar qurmağa başladı.
“Əgər biz udsaq, niyə bu yeni bir həyat, bir dəyişiklik olmasın? Bilet sənindir, amma sənin yerində olsaydım, əlbəttə, ilk əvvəl 25,000-i malikanə şəklində olan daşınmaz əmlaka; 10,000-i zəruri xərclərə, yeni avadanlıqlara, səyahətə, borcları ödəməyə və digərlərinə xərcləyərdim. Digər 40,000-i isə banka qoyub mənfəət əldə edərdim.”
Arvadı oturub əllərini dizi üstə qoyaraq: “Hə, mülk sahibi olmaq çox yaxşı olardı”, – dedi.
“Tula və ya Oryol vilayətində hər hansı bir yerdə… Sahib olacağımız ilk ərazidə yay villasına ehtiyacımız olmaz və əlavə olaraq, bu, həmişə gəlir gətirə bilər.”
Hər biri əvvəlkindən daha təbii və bədii olan şəkillər onun təxəyyülündə canlanırdı. Bütün bu şəkillərdə o özünü kökəlmiş, dinc, sağlam vəziyyətdə görür və ona elə gəlirdi ki, istidir, bəzən isə sərin… Orada, buz kimi sərin yay supunu içdikdən sonra o, axının yaxınlığında qaynar qum üzərində arxası üstə və ya bağda cökə ağacının altında uzanırdı … İsti idi …
Balaca oğlu və qızı onun yanında iməkləyir, qumu qazır və ya çəmənlikdə parabüzən tuturdu. O, şirin-şirin mürgüləyir, heç nə haqqında fikirləşmir və tam olaraq hiss edirdi ki, nə bu gün, nə sabah və nə də sonrakı günlər onun ofisə getməyinə ehtiyac var. Sakit şəkildə uzanmaqdan bezdikdə isə, o ya tayalara, ya göbələk yığmaq üçün meşəyə gedir və yaxud da torla balıq tutan kəndlilərə tamaşa edirdi. Günəş batdıqda isə dəsmal, sabun götürərək çimmək üçün talvarın olduğu yerə gedir, tələsmədən soyunur, çılpaq sinəsini əlləri ilə yavaş-yavaş kisələyir və suya baş vururdu. Suyun içərisində sürüşkən və işıq düşməyən hissədə balaca balıqlar irəli və geriyə hərəkət edir, yaşıl alaq otları başlarını əyirdi. Çiməndən sonra qaymaq və südlü kökələrlə çay … Axşamlar isə gəzinti və ya qonşularla vint oynamaq...
Öz düşüncələrindən məftun olduğu üzündən də aydın olan və xəyallar quran arvadı bildirdi: “Hə, doğrudur. bir malikanə almaq çox yaxşı olardı”.
İvan Dmitriç özünü yağışın yağdığı, soyuq axşamların olduğu payızda və Müqəddəs Martinin yayında təsəvvür etdi. Həmin fəsildə o, yaxşıca sərinləmək üçün bağın ətrafında və çayın qırağında uzun gəzintiyə çıxmalı və sonra bir böyük stəkan araq içməli, duzlu göbələk və ya turşuya qoyulmuş xiyarı yeməli və daha sonra yenə içməli olardı… Uşaqlar bostandan əllərində təzə torpaq qoxusu verən bir turp və kök gətirərdilər. Və sonra o, bütün divan boyunca uzanaraq tələsmədən şəkilli jurnalın vərəqlərini çevirər və onunla üzünü örtər, jiletinin düyməsini açar və mürgüyə gedərdi.
Müqəddəs Martinin yayı buludlu, tutqun hava ilə müşayiət olunur. Gündüz də, gecə də yağış yağır, çılpaq ağaclar göz yaşı tökür. Külək isə rütubətli və soyuqdur. İtlər, atlar, ev quşları – hamısı islanmış, məyus və pəjmürdə olmuşdur. Gəzmək üçün yer yoxdur; hamı günlərcə bayıra çıxa bilmir; hər kəs ümidsiz şəkildə boz pəncərəyə baxaraq otaqda var-gəl etməlidir. Bu darıxdırıcıdır!
İvan Dimitriç dayandı və arvadına baxaraq, – “Maşa, sən bilirsən ki, mən xaricə getməliyəm.”, -dedi.
Və fikirləşməyə başladı: payızın axırlarında Hindistana, ya İtaliyaya, ya da Fransanın cənubunda harasa getmək necə də gözəl olardı!…
Arvadı söylədi: ”Əlbəttə, mən də xaricə getməliyəm, amma biletin nömrəsinə bax!”
“Gözlə, gözlə!…”
O, otaqda var-gəl edərkən fikrindən bu keçdi: bəs birdən onun arvadı, həqiqətən, xaricə getsə? Bütün səyahət boyunca yalnız və yalnız uşaqlarından danışan, içini çəkib hər fartinqinə görə həyəcan keçirən qadınlarla deyil, ziyalı təbəqədən olan və bu günlə yaşayan qayğısız qadınlarla və ya tək başına səyahətə çıxmaq çox xoşdur. İvan Dmitriç öz arvadını saysız-hesabsız bağlamalarla, zənbil və çantalarla bir qatarda təsəvvür etdi; o, hər şeyə görə köksünü ötürər, şikayətlənərdi ki, bu qatar başının ağrımağına səbəb olub, o həddən artıq pul xərcləyib … İvan Dimitriç dayanacaqlarda qaynar su, çörək və yağ üçün dayanmadan bir yerdən başqa yerə gedəcəkdi. Çox baha olduğu üçün isə arvadı nahar etməyəcəkdi.
“O, məndən hər bir fartinqi əsirgəyərdi.” -, arvadına nəzər salaraq o fikirləşdi,- lotoreya bileti mənim deyil, onundur! Bəs yaxşı, onun xaricə getməkdə məqsədi nədir? Axı o, nə istəyir? O, bütün zaman ərzində hoteldə qalıb məni də nəzərindən qoymayacaqdır…Mən bilirəm!”
Və həyatı boyunca ilk dəfə ,belə bir fikir ağlına gəldi ki, arvadı qocalıb, kifirləşib və yeməklərin qoxusunu canına hopdurub. Halbuki,onun özü hələ də cavan, gümrah, sağlamdır və yenidən evlənə bilər.
“Sözsüz, bütün bunlar boş cəfəngiyyatdır, – o düşündü,- amma niyə o, xaricə getməlidir ki? Bundan o nə qazanacaq? İndiyədək o gedə bilərdi, əlbəttə. Mən təsəvvürümə gətirə bilirəm. Düzünə qalsa istər Neapol olsun,istərsə də Klin –bunlar onunçün eyni şeydir. O,mənim yolumda bir maneə ola bilər. Mən ondan asılı ola bilərəm. Təsəvvür edə bilirəm, adi qadınlar kimi pulu əldə edən ilk andan kisəsinin ağzını kip bağlayacaq…O, bütün qohumlarının qayğısına qalacaq, məndən isə hər bir fartinqi əsirgəyəcək.”
İvan Dmitriç arvadının qohumları haqqında fikirləşdi. “Bütün yaramaz qardaş və bacıları, dayı və xalaları uduşlu bilet haqqında eşidər-eşitməz bizə daraşacaq, dilənçi kimi ağlayıb-zarımağa başlayacaq və riyakar gülüşlərlə yaltaqlanacaqlar. Alçaq, mənfur insanlar! Onlara nəsə verilsə, daha artığını istəyərlər; amma “yox” cavabı alsalar, həmin insanlara söyər, şər-böhtan yaxar və hər cür bədbəxtlik arzulayarlar.
İvan Dimitriç əvvəllər qərəzsiz münasibət bəslədiyi, indi isə nifrət etdiyi və onda ikrah hissi oyadan ohum-əqrəbalarını, onların simalarını xatırladı.
“Onlar necə də əclafdırlar!”
Arvadının siması da ona iyrənc göründü. Qəlbində arvadına qarşı olan qəzəbi şiddətləndi və acıqlı-acıqlı düşündü: ”O, pul barəsində heç nə bilmir və çox simicdir.Əgər o udsaydı, mənə yüzcə rubl verər, qalan pulu isə sandığa qoyub, onu kilidləyərdi.
O, indi arvadına gülümsəyərək deyil, nifrətlə baxırdı. Arvadı da onu nifrət və qəzəblə nəzərdən keçirirdi. Onun öz xəyalları, öz planları, öz düşüncələri vardı; o, ərinin xəyallarından nələr keçdiyini çox yaxşı başa düşmüşdü və bilirdi ki, hamıdan əvvəl uduşu onun əri əlindən almağa cəhd edərdi.
“Başqalarının pulu haqqında şirin-şirin xəyallar qurmaq çox gözəldir, – onun gözlərində bunlar ifadə olunmuşdu, – yox, heç buna cürət də eləmə!”
Əri onun baxışının mənasını başa düşmüş, nifrət onun qəlbində yenidən baş qaldırmışdı. Arvadını qıcıqlandırmaqçün ona ötəri nəzər saldı və ovqatını təlx etmək üçün qalibanə tərzdə qəzetin dördüncü səhifəsini ucadan oxudu:
“Seriya 9,499, N=46! 26 yox!”
Nifrət də,ümid də dərhal yox oldu və o saat İvan Dimitriçə və arvadına elə gəldi ki, otaqları alçaq, balaca və qaranlıqmış, yedikləri şam yeməyi isə onlara pis təsir etmiş, mədələrini ağırlaşdırmışdı və axşamlar da uzun və cansıxıcı imiş…
“Zibilə qalmış, bu nə deməkdir axı,- getdikcə əhvalı pisləşən İvan Dimitriç söylədi, – bir addım atan kimi ayağının altından kağız-kuğuz, qırıq-qırtıq, yumurta qabığı çıxır. Otağa heç vaxt süpürgə dəyməyib! Gərək çıxıb gedəsən də. Lənət olsun! Canım birdəfəlik çıxsaydı! Gedib ilk gördüyüm ağcaqovaqdan özümü asacağam!”
Tərcümə: Vüsalə Cuvarova