Keçmişdən günümüzə “Dədə Qorqud” dastanı

Keçmişdən günümüzə “Dədə Qorqud” dastanı

Mədəniyyətimiz, xalq yaddaşımız zaman-zaman müxtəlif ideoloji-siyasi təsirlərə məruz qalsa da, keçmişimizin etibarlı bələdçisi olmuşdur. Türk xalqlarının ortaq mədəniyyət abidəsi hesab olunan “Kitabi-Dədə Qorqud” dastanının da islam dininin bərqərar olması ilə, eləcə də sonrakı dövrlərin ideoloji meyarlarından irəli gələn müəyyən təsirlərə baxmayaraq, əsas qayəsi, etnik-mədəni sistemimizin mühüm elementləri əsrlərin hüdudunu aşmışdır.

“Kitabi-Dədə Qorqud” və digər milli-mədəni abidələrimizə birmənalı olmayan münasibət onların haqqında yazılan məlumatlarda, araşdırmalarda da özünü göstərmişdir. Sovet dövründə nəşr edilmiş Azərbaycan dastanlarını müstəqillik illərində çapdan çıxan nəşrlərlə müqayisə edəndə bu mətnlərə ciddi müdaxilə olunduğunu görürük. Onu da deyək ki, dastanın mətninə edilmiş müdaxilələr xalqın yaddaşına müdaxilədir. Məsələn, 1980-ci ildə nəşr olunan “Dədə Qorqud dastanları” kitabında (“Maarif” nəşriyyatı) bunu aydın müşahidə edirik. “Məktəb kitabxanası” seriyasından buraxılan nəşr uşaqlar üçün anlaşılan olsun deyə dastanın dili dəyişdirilmiş, tipik sovet şüarçılığı və pafoslu leksikonu buraya daxil edilmişdir. Məsələn, “Basatın Təpəgözü öldürdüyü boy” belə başlayır: “Xanım, bir gün oğuzlar xəbərsiz otururkən yurdlarına düşmən gəldi. Onlar gecəylə qorxub köçdü”. Boyun girişi nəsrlə olduğu halda, onu məqsədli olaraq nəzmə çevirmişlər:
 
Elin sakit həyatı,
Onun toyu, büsatı
Dava ilə pozuldu.
Alay yola düzüldü.
Atıldılar meydana
Vətənin igidləri,
Boyandı qızıl qana 
Minlərlə xalq əsgəri.


Bu hissənin dəyişdirilməsi, guya igidlərin döyüşərək həlak olması kimi uydurmaların işlədilməsi yəqin ki, sovet insanına döyüşlərdən qorxmamaq hissini aşılamağa xidmət edirdi. Bəlkə də bu, daha doğru hal idi. Çünki dastanın əvvəlki boylarında Buğac, Bamsı Beyrək, Uruz, Dəli Domrul, Qanturalı, Yeynək və digər igidlərin necə şücaət göstərərək yağılara qan uddurmalarından yetərincə bəhs edildiyi halda, birdən-birə oğuzların düşməndən qorxaraq öz yurdlarını tərk etməsi inandırıcı görünmür. 
Bu nəzm parçasındakı “dava”, “vətən”, “əsgər” kəlmələri sözügedən dövrün danışıq dilinə tamamilə yaddır. Mənaya, məzmuna xələl gəlməsi bir yana, dastanın dili də kobudcasına pozulmuşdur. Bu sözlərin (“əsgər” sözü istisna olmaqla) oğuzların dövründə işlədilməsi şəksizdir, amma ifadə elədiyi mənalar nisbətən fərqli ola bilər. Məsələn, el arasında “dava” sözü qoşunların vuruşması kimi deyil, iki adamın dalaşması kimi işlədilir. “Vətən” sözünün isə “torpaq”, “yurd”, “oba”, “oymaq” kimi qarşılıqları dastanda tez-tez qarşımıza çıxır. “Əsgər” sözü üçün də eyni fikirlər keçərlidir. Bu söz dastanda işlədilən “igid”, “ər” sözlərinin müasir qarşılığıdır. 

Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlının təbirincə desək, folklorşünaslığın əsas qaydalarından biri budur ki, xalq yaddaşı nümunəsinin ilkinliyinə xələl gətirmək olmaz. Anlaşılmayan sözləri başqa bir sözlə əvəz etmək olar, amma məzmunu dəyişmək, dövrün siyasi vəziyyəti ilə uyğunlaşdırmaq tarix qarşısında ağır məsuliyyətin altına girmək deməkdir. Çünki bu örnəklər xalqın, el-obanın süzgəcindən süzülərək bu günümüzə gəlib çatmışdır.

Yuxarıda qeyd olunan kitaba ön sözündə qorqudşünas alim Şamil Cəmşid yazır: “Məktəb kitabxanası” seriyasından çap edilən bu kitabda dastanın dilini yaradıcı surətdə sadələşdirməyə səy göstərilmişdir. Əsərin, demək olar, bütün nəzm hissəsi müasir formada yenidən işlənmiş, məktəblilər üçün lazım olmayan söz və ifadələr ixtisar edilmişdir. Bununla bərabər, abidənin klassik üslubu saxlanılmışdır”. 
Doğrudur, klassik üslubun xüsusən də nəsr hissələrində saxlanılması bir çox məqamlarda qarşımıza çıxır. Nəzm hissələri də ölçü-biçiyə salınmış formadadır. Uşaqlar üçün nəzərdə tutulan bu dəyişiklik başadüşüləndir. Axıcı mətni yadda saxlamaq daha asandır, nəinki orijinalda olan vəznsiz, qafiyəsiz sətirləri. Ancaq Şamil Cəmşid yazdığı ön sözdə bu dastanı “xalqımızın qədim tarixini, mübarizəsini, məişətini heyrətamiz bir dillə əks etdirən ölməz sənət incisi” adlandırır. Bəs bu cür sənət incisinin dili müasirləşdirilərək sovet təbliğatının qaydalarına uyğunlaşdırılırsa, həmin heyrətamiz dil harada qaldı? Məgər iki dünya bir olsa, Dədə Qorqud bu sayaq sətirlər işlədərdimi?
 
Qoy sevinsin el-oba,
Basat, sənə mərhəba!

Ön söz müəllifinin “məktəblilər üçün lazım olmayan söz və ifadələr ixtisar edilmişdir”, — deyə nəzərdə tutduğu mətləb də aydındır: dinlə bağlı məqamların üzərindən xətt çəkmək, bu mümkün olmayanda belə müəyyən üsullarla pərdələmək. Dastanın sovet dövründə işıq üzü görən nəşrlərində dinlə bağlı hissələr çıxarılmış, yaxud dəyişdirilmişdir. “Bəkil oğlu İmran boyu”nda İmran düşmənlə təkbətək qurşaq tutur. Düşmən ondan çox güclü olur. İmran görür ki, məğlub olacaq, Allaha bu cür dua edir:
 
Ucalardan ucasan, uca Tanrı!
Kimsə bilməz necəsən, uca Tanrı!
Sən Adəmə tac verdin,
Şeytana lənət etdin,
Bir günahdan ötrü qapından qovdun.
Birliyinə sığındım, əziz Allah!
Xocam, mənə mədəd!


Dəyişdirilmiş variantda isə həmin məqam bu cür göstərilir:

Öz bəxtimə sığındım mən,
Mədəd, tale, səndən mədəd!
Ədalətə güvəndim mən,
Ədalətdən, həqdən mədəd!
 

Bu o deməkdir ki, o dövrdə məqsəd uşaqların düşüncəsində kömək dilənəcək ilahi qüvvənin Allah deyil, bəxt, ədalət, həmçinin yaradıcı varlıq kimi tanınan təbiət və s. qüvvələr olmasını formalaşdırmaq idi. “Ədalət” (adil) və “həqiqət” (haqq) sözlərinin Allahın adlarından olmasını nəzərə alsaq, müəllifin ilkin variantda deyilənləri dolayısı ilə təsdiqləmiş olduğunu görərik.
Bu kimi məqamlara aid daha bir nümunə. “Bamsı Beyrək boyu”nda Qorqud ata Banıçiçəyi Beyrəyə istəmək üçün qızın qardaşı Dəli Qarcarın qapısına gedir və deyir:
 
...Tanrının əmri, peyğəmbərin qövliylə
Aydan arı, gündən duru bacın Banıçiçəyi
Bamsı Beyrəyə diləməyə gəlmişəm.


Digər variantda isə “Tanrının əmri, peyğəmbərin qövliylə” ifadəsi “el adətincə, xalq rəyincə” kimi dəyişdirilmişdir. 

“Dəli Domrul boyu”nda belə bir epizod var. Dəli Domrul görür ki, camaat bir yerə yığışıb ağlaşır. Nə baş verdiyini soruşur, deyirlər ki, bir igid itirmişik, al qanadlı Əzrayıl onun canını aldı. Bu nüans nəşrdə belə qeyd olunur: “O zamanlar insanların avamlıq dövrü idi. Birisi ölsə elə bilirdilər ki, onun canını göydən Allahın buyruğu ilə gəlmiş Əzrayıl deyilən bir mələk alır”.

Beləliklə, Azərbaycan folkloru zaman-zaman sanki “yağışdan çıxıb, yağmura düşmüş”, qadağalara, qaydalara, stereotiplərə boyun əyməyə məcbur olmuşdur. Bu qədər aşınmalardan, daşınmalardan, keşməkeşlərdən keçən milli-mənəvi sərvətlərimiz hər şeyə rəğmən öz müvazinətini itirməmişdir. Mətləbimizi Dədə Qorqudun bir soylaması ilə bitirək:
 
Ölüm gəldikdə sizi pak imandan ayırmasın!
Günahınızı adı gözəl Məhəmməd Mustafaya bağışlasın, xanım, hey!
 

Mədəniyyət qəzeti
Pərviz Axund
Top