Şuğliani Givi birdən geriyə boylanıb qorxdu. Yox, yola ha boylanmadı, öz həyat yoluna boylandı. Heç özü də bilmədi, bu qədər vaxt necə keçdi.
Toylara gedirdi.
İçirdi.
Şerləşirdi.
Harda yaxşı şair sorağı olardı, onun yanına gedərdi.
Ova gedərdi.
Bu günsə, geri boylanıb, başa düşdü ki, hədər yerə çoxlu vaxt gedib.
Ona görə də arvad-uşaq barədə fikirləşmək daha geciydi.
Hər şeyə gecikib.
Givi atdan düşüb, kəndə ayaqla getdi. Qara atı itaətkarlıqla dalınca düşdü.
Dönüb atına baxdı.
Atı da qocalıbmış. Ağlına gəldi ki, bu at onda çoxdan var.
— Görən, bu halda nətəhər qaçırmış, – Givi təəccüblənib, atını yaşını dəqiqləşdirdi.
Kəndin arasından fikirli-fikirli adladı. Onun bu halı hamını təəccübləndirdi. Öz daxmasına girib, ağzıüstə yerə tökülmüş samanın üstünə uzandı.
Ona elə gəldi ki, öz mənliyini itirib, daha bərk qorxdu.
Qalxıb, eşiyə ata baxmağa çıxdı. At uzanıb can verirdi. Yaxına gedib atın başını qaldırdı, gözlərinə baxdı.
Orda özünü görüb, dəhşətə gəldi. Saçları lap ağarıbmış. Yox, bu o deyildi. Givi özünü ayrı cür xatırlayırdı.
Bəyəm, aradan bu qədər çox vaxt keçib? Atın gözlərindən yaş tökülürdü.
Givi öz yaşının istiliyini əllərində hiss elədi. At ayaqlarını uzatdı, sonra başını qaldırıb, yavaş-yavaş yerinə endirdi.
Givini dəhşətli tənhalıq çulğadı. Elə bil, o, özü yox, ayrı adamıydı. Özüsə, yox oldu, birdən itdi, sanki heç bir dünyada olmayıbmış.
Yaxşı yadındaydı, yaşayırdı, özü də indiki kimi yox, tamamilə ayrı cür. Busa özgə adamın bədənidi, heç özü də bilmir, onu ruhu bu bədənə nə vaxt girdi.
Heç yadına da sala bilmədi. Kəndə çıxıb, özünü axtarmağa başladı.
Huma burdadı: Çğuna, Beri, Vaxtanq, onların uşaqları var dövlətləri. Onlar yenə özləridir.
İstəyir ki, soruşsun: – Suğliani Givini görməyibsiniz ki? – amma nədənsə, dili tutmur, səsini çıxardammır. Onlarsa, özlərini itirmiş halda Gibiyə baxırlar.
Düşüb hər yerdə özünü gəzir, amma heç yerdə tapa bilmir. Bədəni qorxuyla dolur, geri, evə qayıdır.
Qaranqlı daxmada samanın üstünə üzüqoyulu uzanmış Givi ruhunun özgə bədənlə birləşməyə necə çətinlik çəkdiyini duyur.
“Küknarlara məktub” kitabından. Qanun, 2006.
Tərcüməçilər: Tofiq Mirzə, Nəriman Əbdülrəhmanlı