Varlı mülkədar, zadəgan olan keçmiş universitet yoldaşımdan məktub aldım. O, məni öz malikanəsinə dəvət edirdi.
Bilirdim ki, o, xeyli vaxtdır xəstədir, gözləri tutulmuş, iflic olmuşdu, zorla yeriyirdi… Yanına getdim.
Onu böyük parkın xiyabanlarından birində tapdım. Yay olduğuna baxmayaraq kürkə bürünmüşdü, sısqa, zəif idi, beli bükülmüşdü, gözlərinin üstünə yaşıl günlük taxmışdı, o, arxadan iki zəngin geyinmiş lakeyin itələyib sürdüyü kiçik arabada əyləşmişdi. Mənim gəldiyimi bildikdə sanki qəbirdən çıxan boğuq bir səslə dedi:
— Mənim ata-baba torpağıma, mənim qocaman ağaclarımın kölgəsinə xoş gəlmisiniz!
Onun başı üzərində min illik əzəmətli palıd öz budaqları ilə çadır kimi dayanmışdı.
Mən fikirləşdim: “Ey min illik nəhəng, eşidirsənmi? Köklərinin yanında sürünən taqətsiz bir soxulcan səni öz ağacı adlandırır!”
Xəfif meh nəhəng ağacın sıx yarpaqları arasından keçərək xışıltı saldı… Və mənə elə gəldi ki, div palıd mənim fikirlərimə də, xəstənin lovğalığına da nurani, əzəmətli bir qoca kimi yavaşca, səssiz-səmirsiz gülür.
Tərcümə: Cəlal Məmmədov