Çiçək və ümid | Ayşe İlker

Çiçək və ümid | Ayşe İlker

Uşaqlığımın yeddi yaşına qədərki qızıl dövrü tütün tarlalarında keçdi. Qızıl çağı ona görə deyirəm ki, rəngləri, çiçəkləri, ağacları, kiçik böcəkləri, incəcik ilan balalarını, badam qabıqlarını, dəvətikanlarını tanıdığım çağdır bu. Məndə izlərini, içimdəki sehrlərini baxışlarıma hopduran çağ.

Sanki hər şey mənə gülümsəyirdi: torpaq, göy üzü, badam ağacları, gecə-gündüz çiçəkləri… Ən gözəl gülümsəyən də tünd çəhrayı açmış çiçəkləri ilə üzə gülən gecə-gündüzlərdi.

Axşam vaxtı göy üzü hüzura bürünər, qovaq yarpaqları nazlı-nazlı qımıldanar və biz ayaqlarımızı yumaq üçün bulağın başına enərdik. Yaşlı adamın öskürməyi və ya xırıltılı nəfəs almağı kimi çıxardı su nasosunun səsi. Bu səs bütün tarlanı bürüyür, evin böyükününü verdiyi təpəri verirdi. Sus nasosunu bəzən babama bənzədirdim. Babam da öskürür, hər öskürəndə səsi onun var olduğunu isbat edirdi.

Ayaqlarımızı yuyanda babam daima yanımızda olur, nasosun yanında çömbələr, bizi seyr edərdi. Anam yuxarıda dayanıb yaxşı-yaxşı yuyunmağımız, üzümüzü, ayaqlarımızı sabunlamağımız üçün tənbehləyərdi: tərtəmiz olmağa çalışırdıq. Babam baxışlarıyla hərəkətlərimizi təsdiq edər, mavi gözlərindən sevgi axıdırdı qəlbimizə. Bu sevinclə biz qanadlanıb uça bilərdik.

Yuyunandan sonra qurunmaq üçün gözləməli olurduq. Öncə ayaqqabı tərliklərini su nasosunun dəmirinə dik yerləşdirir, betonun üstünə su töküb yuduğumuz yerdə gözlərdik. Gözləməyimiz bir-iki dəqiqə davam edərdi. Gözləmə zamanı fikir-xəyalımız gecə-gündüz çiçəklərinin üstündə dolanardı. Çiçəklər su nasosunu dövrələmə bürümüşdü. Bunları ana nənəm toxum səpib göyərtmişdi. Yamyaşıl yarpaqları, incə budaqları bir-birlərinə elə girmişdilər ki, elə bil əl-ələ tutmuşdular.

Axşamüstü tünd çəhrayı çiçəkləri yumulardı. Babamdan onların niyə axşam vaxtı yumulmağının səbəbini soruşardım. Babam insanların gecələr yataraq dincəldiklərini, gecə-gündüz çiçəklərinin də dincəlmək və yatmaq üçün beləcə yumulduqlarını söylərdi. Amma buna inanmazdım. Çiçəklər də yorularmı?! Uşaqlar qaçar, analar, atalar tütün yarpağı toplar, babalar da əkin-biçinlə məşğul olardı. Bundan yorulardılar. Bəs çiçəklər? Onlar nə iş görürdülər ki, yorulaydılar da.

İnadla babamı öz fikirlərimə tabe etməyə çalışar, elə hey danışardım. Babam “Mən sənin ətrafında tez-tez fırlansam başım dönər, yorulduğumu hiss edərsən, deyilmi?” – deyə soruşardı. “Təbii ki!” – deyərdim. “Bax, biz də çiçəklərin ətrafında fırlanıb dururuq, onlar da bizim bu hərəkətimizdən yorulurlar” – deyərdi babam. Çəhrayı çiçəklərin axşam çağı yumulmaqlarına və boyun bükmələrinə üzülürdüm. Amma sabah təkrar açılacaqlarını görəcəyim üçün bu üzüntü çox çəkməzdi.

Hər axşam ayaqlarımızı yuyan vaxtı babam bizə sabah çiçəklərin açdığı anı göstərəcəyinə söz verir, biz bu anı heç cürə yaxalaya bilməzdik. Ən tezdən durub baxanda belə görərdik ki, onlar açılıb. Təzə, canlı və ümidlə dolu görünərdilər, gülümsəməyi də bəlkə onlardan öyrənmişdim. Yarpaqlarının yaşıl rəngindəki parlaqlıq gözlərimizə, çiçəklərindəki ağlıq yanaqlarımza uçuşur, bu arada ayaqlarımız da quruyur və babam bizi qucaqlayıb anama verirdi.

Çardaq dediyimiz yarıaçıq bölmədə, çəmən adlı təbii süfrədə şam yeməyimizi yeyir, səhər obaşdan gecə-gündüz çiçəklərinin çiçək açan vaxtı görəcəyimizi xəyal edərək yuxuya dalardıq. Bu xəyal elə güclü idi ki, gecələr çox qorxduğum bayquş səslərini belə duymazdım.

Səhərlər anamla atam tütünlüyə girir, babamla ana nənəm tarla evində qalırdı. Tütün yığmağa çox erkən başalmaq lazımdır, ona görə də qəlyanaltı tarlaya aparılırdı. Anamla atamın qəlyanaltısını həmişə babam aparırdı. Çaynikin üstünü yaxşıca örtər, kərə yağlı çörəkləri bir-birinin üstünə tən gələcək şəkildə qoyardı. Babam bu işi görəndən sonra bizi yuxudan qaldırardı. Gözümüzü açardıq ki, hələ də günəş doğmayıb. Pencəklərimizi çiynimizə atar, birlikdə su nasosu olan dərəyə enərdik. “Çiçəklər bizi gözləməyib, açıblar” deyə babama şikayət edərdik. Babam “sabah” deyə toxtaqlıq verərdi. Nə gözəl şeydi sabahı gözləmək! Çiçək açanda görməsək belə, çiçəkləyəndən sonra görməyə də xoşbəxt olardıq.

Üzümüzü su nasosunun soyuq suyuyla deyil, çiçəklərin yaşıl və çəhrayı ləçəkləri ilə yumuş kimi olurduq. Sonra babam əlimizdən tutub bizi ata-anamızın yanına aparırdı. Ana-atamız bizi öpər, üzümüzü mələkərin yuduğunu deyərdilər. Biz də etiraz edərdik. And aman edərdik ki, üzümüzü mələklər yox, gecə-gündüz çiçəkləri yuyub.

Tütünün qoxusu, gün doğmadan əvvəlki parlaqlıq, dəmlənmiş çaydan çıxan buğ zəhmətin ibadət olduğunu xatırladardı. Bizim ailə səhər tezdən qalxmaqdan şikayət etməzdi. Qəlbimdə deyərdim: “Anam, atam işləməyi çiçəklərdən öyrənirlər, axşam onlar kimi qapanıb, səhər erkəndən oyanıb açılırlar.”

Qəlyanaltı edəndən sonra qab-qacağı qardaşımla evə gətirərdik. Babam bir az orada qalmağı sevərdi. Biz quş civiltilərini dinləyə-dinləyə çiçəklərin ətrafında qaçar, nəğmə söyləyərdik.

Bir səhər yenə gecə-gündüz çiçəklərinin açacağı anı görmək arzusu ilə yuxudan durmuşduq. Su nasosunun başına endik. Gecə-gündüz çiçəkləri hələ açmamışdı. Çaşıb qalmışdıq. Gözümüzün qabağındamı açacaqdılar! Gözlədik. Səbirlə, ümidlə. Günəş dağların arxasından qızıl başını göstərənə kimi gözlədik. Qəlbimizdə nəsə bir şey əridi, rənglər solğunlaşdı.

Çiçəklər açmırdı.

Babamın yanına qaçdıq. Nə tarlada, nə evdə kimsə vardı. Təlaşa düşdük. Su nasosunun yanına düşdük gözlədik, gözlədik.

Hələ də gözləməkdəyəm: yumulan gecə-gündüz çiçəkləri açacaq və babam taxta nərdivandan nasosun başına enəcək, biz də üzümüzü yuyacağıq.
Top