Bədbəxtlik | Frans Kafka

Bədbəxtlik | Frans Kafka

Bir noyabr axşamında artıq dözə bilməyəndə, otağımdakı ensiz xalçanın üstündə qaçış meydançası kimi irəli-geri gedəndə, pəncərədən işıqlı küçəni görüb qorxanda, tez geri dönəndə, otağın o biri başındakı güzgünün dərinliklərində yeni bir amac sezəndə, nəsə bir səs eşitmək üçün qışqırnda, hay verən də olmayanda, bu səs öz-özünə yüksələndə və hətta kəsəndən sonra da eşidiləndə, sanki divardan bir qapı açıldı, özü də bərk açıldı, çünki tələsmək lazım idi və küçədəki qoşqu atları da fınxıraraq döyüş medanındakı atlar kimi şahə qalxdılar.

Lampası hələ yandırılmamış zil qaranlıq dəhlizdə kabus kimi bir uşaq peyda oldu, azacıq titrəyən döşəmə tirinin üstündə barmaqlarının ucuna qalxıb dayandı. Otağın alaqaranlığı onun gözlərini qıcıqlandırdı, əlləri ilə üzünü tutmaq istədi, ancaq pəncərəyə tərəf baxıb ordan küçə fənərlərinin göydə çarpazlaşaraq qaranlığa qarışan işıqlarını görəndə sakitləşdi. Açıq qapının ağzında sağ dirsəyini divara söykəyib dayanmışdı və yan-yörəsindən içəri dolan külək onun dizlərindən tutmuş boğazına, gicgahına qədər hər yerini “sığallayırdı”.

Ona bir az tamaşa edəndən sonra dedim:
— Günaydın!

Və əlimi uzadıb pencəyimi götürdüm ki, onun qarşısında belə yarıçılpaq vəziyyətdə dayanmayım. Hətta bu sözü deyib qurtarandan sonra ağzımı bir az da açıq saxladım ki, içimi sarmış həyəcan nəfəsimlə bayıra çıxsın. Ağzımda nəsə bir pis dad hiss elədim, gözlərim səyriməyə başladı. Bir sözlə, mənə heç nə olmamışdı, sadəcə, çoxdan gözlədiyim “qonağım” gəlmişdi.

Uşaq hələ də bayaqkı yerində sağ əlini divara söykəyib dayanmışdı, yanaqları allanmışdı və sanki ağ rəngli kələ-kötür divarı dırnaqlamaqdan doymamışdı.

— Doğrudan mənim yanıma gəlmisiniz? – deyə soruşdum. –  Bəlkə səhv gəlmisiz? Belə böyük binada səhv salmaq olar… Mən filankəsəm, özüm də dördüncü mərtəbədə yaşayıram. Yanına gəldiyiniz adam mənəm?

— Sakit olun! Sakit olun! – Uşaq saymazyana dilləndi. – Hər şey düzdür.

— Elə isə içəri gəlin, qapını bağlamaq istəyirəm.

— Qapını elə indi bağladım. Əziyyət çəkməyin… Özünüzü ələ alın...

— Heç bir əziyyəti yoxdur! Bu dəhlizdə çox adam yaşayır və məlum məsələdir ki, hamısını da tanıyıram. Çoxu indi işdən qayıdır. Onlara elə gəlir ki, hansı otaqdasa səs-küy eşidiləndə, başlarını içəri salıb nə olduğunu soruşmağa haqları var. Bu adamlar bütün günü işləyiblər və indi onlara verilən müvəqqəti azadlığı heç kəsə güzəştə getməzlər. Özünüz də bunu biməmiş olmazsınız… Qoyun qapını bağlayım.

— Qoyun gəlsinlər! Sizə nə olub ki? Məndən olsa, bütün bina tökülüb gələr. Yenə də deyirəm:  mən  artıq qapını bağlamışam. Elə bilirsiniz, qapını yalnız siz bağlaya bilərsiniz? Mən onu hətta açarla bağlamışam!

— Elə isə, lap yaxşı. Özgə heç nə istəmirəm. Ancaq gərək açarla bağlamayaydınız. Əgər gəlibsinizsə, içəri keçin, rahat oturun. Siz mənim qonağımsınız… Mənə etibar edə bilərsiniz… Heç nədən çəkinməyin, qorxmayın. Sizi burda nə zorla saxlayan deyiləm, nə də “çıx get” deyən...  Mən bunu niyə deməliyəm? Məgər məni yaxşı tanımırsınız?

— Tanıyıram! Doğrudan da bunu demək lazım deyildi. Gərək  heç deməyəydiniz! Mən uşağam, bu qədər əzilib- büzülmək də lazım deyil.

— Eybi yoxdur! Əlbəttə, uşaqsınız… Ancaq o qədər də yox. Yeniyetməsiniz… Qız uşağı olsaydınız, indi mənimlə bu otaqda tək qalmazdınız...

— Gəlin, bu barədə narahat olmayaq. Deməyim yalnız budur ki, sizi yaxşı tanımağım hələ hər şey demək deyil, uzaqbaşı, məni əvvəlcədən aldatmaq cəhdlərinizin qarşısını alacaq. Bütün bunlara baxmayaraq, mənə kompliment deyirsiniz!  Buraxın getsin! Sizdən tələb edirəm, buraxın bunu!  Üstəlik də sizi elə də yaxşı tanımıram, həmişə baş açmıram, xüsusən, belə qaranlıq olanda. İşığı yandırmış olsaydınız, daha yaxşı idi… Yox, yaxşısı  budur, belə qalsın. Ancaq yadımda saxlayacağam ki, məni hədələmisiniz...

— Necə? Sizi hədələmişəm? Axı, mən sizin nəhayət gəlib çıxdığınıza çox sevinirən. Ona görə “nəhayət” deyirəm ki, belə gec gəldiniz. Heç başa düşmək olmur ki, niyə belə gec gəldiniz. Ola bilsin, çox sevindiyimdən nəyisə düz demədim, ya da siz məni düz başa düşmədiniz. Boynuma alıram, bəlkə də sizi hardasa, nə vaxtsa əməlli-başlı hədələmişəm, ancaq Allah eşqinə, gəlin mübahisə etməyək. Bəs siz buna necə inandınız? Niyə belə xətrimə dəyirsiniz? Niyə sizinlə bir yerdə olmağımın ani sevincini zorla əlimdən almaq istəyirsiniz?  Heç bir yad adam bunu eləməzdi.

— Düz deyirsiniz… Ancaq elə bilməyin ki, nəsə müdriklik elədiniz. Hər hansı  yad adam nə qədər çalışsa da, sizə təbiət etibarı ilə məndən yaxın ola bilməz. Bunu özünüz də bilirsiniz və belə olan halda niyə sızıldayırsınız? Deyin ki, rola girmişdiniz və mən də həmin dəqiqə çıxıb gedim!

— Doğrudan? Nə cəsarətlə belə danışırsınız? Yaman cəsarətlisiniz… Axı, mənim evimdəsiniz! Dəli kimi divarımı cırmaqlayırsınız. Mənim otağımda… Mənim divarımı… Üstəlik, çox gülməli də olsa, bunu həyasızlıq hesab eləmirsiniz. Deyirsiniz ki, təbiətiniz sizi mənimlə belə danışmağa vadar edir.  Doğrudan elədir? Təbiətiniz məcbur edir? Əcəb təbiətiniz var! Əgər təbiətimiz eynidirsə və mən də təbiətimə uyğun olaraq sizinlə mehriban rəftar edirəmsə, deməli, siz də başqa cür ola bilməzsiniz.

— Buna mehribanlıq deyirsiniz?
— Mən keçmişdən danışıram.
— Mənim gələcəkdə necə olacağımı bilirsiniz?
— Mən heç nə bilmirəm! 

Bunu deyib tumbaya yaxınlaşdım, onun üstündəki şamı yandırdım. O vaxtlar mənzilimdə nə qaz, nə də elektrik işığı vardı. Bir xeyli tumbanın yanında oturdum, sonra oturmaqdan da bezdim, plaşımı geydim, divanın üstündəki papağımı götürdüm və şamı üfürüb söndürdüm. Evdən çıxanda, kreslonun ayağına ilişdim.

Pilləkəndə mənimlə bir mərtəbədə yaşayan kirəkeşlə qarşılaşdım.

— Ay avara, yenə də harasa gedirsiniz? – deyə o, pillələrin ikisini birdən çıxaraq dayandı.
— Bəs neyləyim? – dedim, ­­- indicə otağıma bir kabus gəlmişdi.
— Bunu elə narazılıqla deyirsiniz ki, elə bil şorbanızdan tük çıxıb.
— Deyəsən, zarafata keçdiniz… Ancaq unutmayın ki, kabus öz kabusluğunda qalır.
— Çox düz deyirsiniz. Bəs adam ümumiyyətlə kabusa inanmayanda  necə olur?

— Elə bilirsiniz, mən kabusa inanıram? İnanmamağın mənə bir xeyri olacaq?
— Olacaq! Doğrudan da yanınıza kabus gələndə gərək qorxmayasınız.
— Elədir, ancaq bu qorxu ikinci dərəcəli qorxudur. Əsl qorxunu yaradan onun gəlişinin səbəbidir. Özü də bu qorxu keçib getmir. İndi içimi gəmirən də elə həmin qoxudur.

Əsəbdən ciblərimi axtarmağa başladım.

— Əgər gəlməmişdən əvvəl ondan qorxmurdunuzsa,  gələndə arxayınca gəlişinin səbəbini soruşa bilərdiniz.

— Məlum məsələdir ki, siz heç vaxt kabuslarla danışmamısınız. Onlardan heç vaxt dəqiq cavab almaq olmur. Həmişə əsas məsələdən yayınırlar! Özlərinin mövcudluğuna bizdən də çox şübhə edirlər. Yeri gəlmişkən, buna görə də onların zəifliyi heç kəsdə təəccüb doğurmur.

— Eşitdiyimə görə, onları yedirib-içirtməklə cana gətirmək olur.

— Düz eşidibsiniz! Olar! Ancaq bunu kim eləyər?

— Niyə də yox?! Məsələn, həmin kabus qadın cinsindən olsa… – O bu sözləri deyib cəld  yuxarı qalxdı.
— Belə de...  Lap elə də olsa, dəyməz...

Mən özümə gəldim. Ancaq tanışıım o qədər yuxarı qalxmışdı ki, məni görmək üçün başını pilləkənin sürahisindən aşağı əyməli idi.

— Ancaq buna baxmayaraq, — ucadan dedim, -  yuxarıda mənim kabusumu əlimdən almaq fikrinə düşsəniz, onda sizinlə qurtardım! Özü də həmişəlik...
— Zarafat edirdim, — deyə o, başını geri çəkdi.
— Elə isə, lap yaxşı! – dedim.

Əslində, indi arxayınca gəzməyə gedə bilərdim, ancaq özümü çox tənha hiss elədiyim üçün yuxarı qalxdım, soyunub yerimə girdim...

Tərcümə: Vilayət Hacıyev

Top