Şeir nədir?- Bu suala elmdə saysız – hesabsız cavablar verilmişdir. Şeir sözünün lüğəti mənası- bilik, bilmə, başa düşmə, dərketmə, anlama, duyma duyğu, hiss, hiss etmə deməkdir. Terminoloji mənası– vəznli və qafiyəli, söz poeziya, vəznli və qafiyəli, mənaca incə xəyallar və təsəvvürlər daşıyan söz.
Şərq ədəbiyyatında şeir sözü uzun müddət nəzm sözü ilə sinonim kimi qəbul edilib işlənmişdir. Sonralar bu iki tetminin ayrı-ayrılıqda mənaları dəqiqləşmiş, vəznli və qafiyəli, lakin bədii cəhətdən zəif əsərlərə nəzm, sənətkarlıqla yazılmış vəznli və qafiyəli əsərlərə isə şeir deyilmişdir. Hətta son dövrlərdə gözəl, ahəngdar nəsri də mənsur şeir adlandırmışlar.
Ümumi mənada şeir sözü təbiət və cəmiyyətdə olan şeylərin ən gözəllərini və onların gözəlliklərini bildirən bir söz kimi işlənir. Həqiqi şeir insan qəlbinin canlı aynası, gözəl sənətlərin ən gözəlidir. Şeirdə həm musiqinin ahəngi, ritmi, həm rəsmin rəngarəng daxili cazibəsi həm heykəltaraşlağın füsunkar hüsnü vardır.
R.Taqor deyir ki, “Şeirin saflığı qəlbin odu ilə yoxlanılır”. Ərəb filoloqları isə çox zaman şeirdə hər şeydən əvvəl vəzn və qafiyə axtarırlar. Belə dar və formal tələb təsiredici əsərlərin şeir adlandırılımasını aradan qaldırır, digər tərəfdən şeir ilə adi nəzmi birləşdirir, yəni şerin şeiriyyətini, ruhunu, məzmun və ideya cəhətini hesaba almır.
XIV əsrin məşhur ərəb tarixçisi İbn Xəldun şeir üçün iki əsas keyfiyyəti qeyd edir:
1. Şeirdə mütləq vəzn və qafiyənin olması;
2. Şeirin hər beytinin məzmunca müstəqil olmasıdır;
Onun şeir üçün qeyd elediyi birinci keyfiyyət, demək olar ki, bütün dövrlər üçün şərt olmuş və olmaqdadır. İkinci keyfiyyət isə görünür, şeirin yalnız müəyyən bir janrı üçün nəzərdə tutulub. Məlumdur ki, şerin növləri çoxdur. Onlar üçün belə formal şərt qəbul edilə bilməz, xüsusilə, poeziyanın epik, lirik, dramatik – deyə üç növə ayıran qərb poetikası üçün İbn Xəldunun bu şərti heç yaramaz.
Məlumdur ki, antik poeziyada, Qərbdə və qismən də rus şeirində qafiyəyə şeirin zəruri əlaməti kimi baxmamışlar. Homerin poemaları qafiyəsiz olduğu kimi, Şekspir də qafiyəsiz şeirlər yazmışdır. Fransız poeziyasında da qafiyəyə o qədər əhəmiyyət verilməmişdir. Rus poeziyasında “Белый стих” adlanan qafiyəsiz şeir A.D.Kantemirdən başlayaraq müxtəlif şairlərdə tətbiq edilmişdir. Halbuki Şərq poeziyasında biz tarixən nəinki qafiyəsiz şeir görmürük, hətta əksinə, qafiyənin ən sadələrindən ən mürəkkəblərinə qədər müxtəlif növlərini görməkdəyik.
Şeirin tərifi haqqında Şərq poetikasında da rəylər müxtəlif olmuşdur. XVI əsrin türk alimlərindən Əhməd Köprüzadə özündən əvvəlki alimlərin bu haqda fikirlərini toplayıb xülasə şəklində birləşdirmişdir. Həmin xülasənin daha yığcam və aydın izahı aşağıdakından ibarətdir.
“Şeir, əlbəttə, musiqi deyildir, lakin müəyyən mənada musiqisiz də şeir yoxdur. Vəzn və qafiyə şerin musiqisini yaradan iki mühüm amildir. Vəzn və qafiyə şer üçün o qədər mühüm şərtdir ki, bəzən bizim müasir şeirlərimiz mahiyyətcə nəsrdən, hətta qəzet məqaləsində fərqlənməsə də, vəzn və qafiyəsi olduğu üçün biz onlara şeir deyirik. Bu fakt özü də sübut edir ki, şeirdə vəzn və qafiyənin varlığı zəruridir. Vəzn şeirə hərəkət və qanad verir.”
Beləliklə aydın olur ki, şeir deyilən incəsənət əsəri vəznin və qafiyənin xəyal, fikir, hiss, ideya ifadəçisi olan sözün vəhdətindən ibarətdir.