Yağışlı Beyrut axşamlarının birində Səlim əfəndi Duaybas köhnə kitablar və müxtəlif vərəqlər yığını ilə qalaqlanmış masanın arxasında oturmuşdu.
Vərəqləri səhifələdikcə o, vaxtaşırı başını qaldırır və qalın dodaqları arasından havaya qalın tənbəki tüstüsü buraxırdı. O, müəllimi Sokratdan ilhamlanmış Platonun özünüdərk haqqında yazdığı traktatı nəzərdən keçirirdi.
Bu qiymətli traktatın möcüzəli sətirləri üzərində düşünən Səlim əfəndi yaddaşında bu mövzuyla bağlı filosofların və bəşər nəslinin ruhani rəhbərlərinin nə dediklərini xatırlamağa çalışırdı. Və nə Qərb mütəfəkkirlərinin ən ötəri bir qeydi onun diqqətindən yayındı və nə Şərq alimlərinin bir sözü nəzərindən qaçdı. Və nəhayət onun “mən”i özünüdərk haqqında düşüncələrdə əriyib itəndə o, dik atılaraq əllərini göyə qaldırdı və ucadan söylədi:
“Bəli! Bəli! Özünüdərk – hər bir dərkin anasıdır! Mən öz “mən”imi dərk etməliyəm – və mən onu axıra qədər dərk edəcəm! Mən onun bütün hissə və xassələrini, onun bütün incəliklərini və zərrəciklərini dərk edəcəm. Mən ruhumun üzərindəki sirrlər pərdəsini qaldırmalı, ürəyimin dərinliklərində olan bütün gizlinləri işıqlandırmalıyam. Bundan başqa mən ruhani mövcudluğumun maddi mövcudluğum üçün əhəmiyyətini və maddi varlığımın ruhani varlığım üçün dəyərini aydınlaşdırmalıyam”.
O bu sözləri vəcdlə söylədi və onun gözlərində “idrak yanğısı”, özünüdərk işığı parladı. Sonra o qonşu otağa keçərək yerdən tavana qədər bütün divarı tutmuş iri güzgünün qarşısında heykəl kimi hərəkətsiz dayandı. O, öz əksini tədqiq edirdi: üzünü, başının formasını, bədəninin cizgilərini, bir sözlə, bütün xarici görünüşünü.
Düz yarım saat donub dayandı güzgünün qabağında, sanki əbədi İdeya ona onun ruhunun gizli sirlərini açan və varlığının ən qaranlıq guşələrini işıqlandıran möhtəşəm fikirlər göndərirdi. Nəhayət özü-özünə, asta-asta dilləndi: “Boyum balacadır mənim, amma, axı, Napoleon və Viktor Hüqo da belə idilər.
Alnım dardır, amma Sokratın və Spinozanın alnı da bu cür idi.
Mən keçələm, amma Şekspir də keçəl idi.
Burnum uzun və əyridir, amma eyni burundan Savonarolda, Volterdə və Corc Vaşinqtonda da vardı.
Gözlərim xəstədir, eyni ilə müqəddəs Paveldə və Nitsşedə olduğu kimi.
Yekə ağzım və sallaq dodağım var, eyni ilə Siseronda və XIV Lüdovikdə olan kimi.
Boynum da yoğundur, lap Hannibal və Mark Antonidəki kimi.
Qulaqlarım Bruno və Servantesdəki kimi uzun və şəlpədi.
Yanaqlarım batıqdır, almacıq sümüklərim isə qabağa çıxır, lap Lafayet və Linkolnda olduğu kimi.
Çənəm də bir az irəlidi, Qoldsmit və Uilyam Pittdəki kimi.
Bir çiynim o birindən hündürdür, Qambetta və Ədib İshaqdakı kimi.
Əllərim toppuş, barmaqlarım qısadır, eynən Bleyk və Dantonun əlləri kimi.
Bütövlükdə bədənim zəif və arıqdır, amma bu, cismini ruhani məqsədlər uğrunda incidən əksər mütəfəkkirlərin də nəsibi deyilmi? Qəribədir, yanımda qəhvədan olmasa işləyə yazıb, oxuya bilmirəm!..Bu xasiyyətimdə lap Balzaka oxşamışam. Bundan başqa Tolstoy və Maksim Qorki kimi mən də sadə xalqla ünsiyyətdə olmağı xoşlayıram.
Olur ki, günlərlə yuyunmuram, belə şeylər Bethoven və Uolt Uitmenlə də baş verərdi.
Necə də təəccüblüdür! Qadınların ərləri evdə olmayanda onların çıxartdıqları oyunlar barədə söhbətlərə qulaq asmaqdan xoşum gəlir – eynən Bokkaço və Rable kimi! Mənim şərab düşkünlüyüm isə Nuhun, Əbu Nüvasın, Müsse və Marlonunkuna oxşayır. Yaxşı yeməkdən vaz keçə bilmirəm, xoşlayıram ki, masanın üstündə cürbəcür xörəklər olsun, amma, axı, Böyük Pyotr və əmir əş-Şihabi də iştahlı adamlar olmuşlar”.
Bir anlığına nitqini yarımçıq kəsən Səlim əfəndi barmaqlarının ucu ilə alnına toxundu və davam etdi:
“Bu – mənəm. Mənim həqiqi mahiyyətim bundan ibarətdir.
Mən – bəşər tarixinin başlanğıcından bu günə qədər yaşamış ən böyük insanların fərqli keyfiyyətlərinin məcmusuyam. Və özündə bütün bu keyfiyyətləri birləşdirən insan hökmən nəsə böyük bir şey eləməlidir.
Müdrikliyin əsası – özünüdərkdir. Və bu axşam mən özümü dərk etdim. Bu gündən mən böyük bir işə girişəcəm. Bunu məndən rəngarəng və çoxsaylı elementlərini məndə birləşdirmiş dünya ideyası tələb edir. Bu gün mən bəşəriyyətin ən böyük dühaları ilə bərabərləşdim; Nuh və Sokratdan tutmuş Bokkaço və Əhməd Faris əş-Şidyaka qədər. Mən hələ bilmirəm görəcəyim o böyük iş nədən ibarət olacaq, amma bir şey şəksizdir: cismində və ruhunda mənimki qədər mahiyyət birləşmiş şəxs – gündüzlərin möcüzəsi, gecələrin sehridir! Mən öz ruhumu dərk etdim. Bəli, and içirəm allahlara ki, mən ruhumu dərk etdim! Elə isə, qoy, nə qədər ki, mən öz işlərimi yekunlaşdırmamışam mənim ruhum sonsuzluğa qədər yaşasın, mahiyyətim əbədiyyətə qovuşsun, dünya mövcudluğunu dayandırmasın”.
Səlim əfəndi otaqda bir neçə dəfə var-gəl etdi. Onun eybəcər üzü sevincdən parlayırdı. Pişik miyoltusu ilə sümük şaqqıltısını özündə birləşdirən səsi ilə o, Əbu-l-Əlanın şerini təkrarlayırdı:
Qədim qəhrəman deyiləm, indi yaşayanlardanam,
Lakin əməllərimə qədimlər tay olarmı?
Bir saatdan sonra isə bizim qəhrəman paltarını soyunmadan öz yapıxmış yatağında uzanmışdı. Və onun Adəm oğlunun səsindən çox dəyirman daşının gurultusunu xatırladan xorultusu məhləni başına almışdı.