Miniatür mətnlər | Tomas Bernhard

Miniatür mətnlər | Tomas Bernhard

Tomas Bernhard (1931-1989) – görkəmli Avstriya nasiri və dramaturqudur. Aşağıda təqdim olunan miniatür mətnlər yazarın “Səsləri yamsılayan” kitabındandır.

Poçt
Anamızın ölümündən uzun illər ötsə də, poçtdan ona ünvanlanan məktublar gəlirdi evimizə. Görünür, poçt xidməti onun ölümüylə, yoxluğuyla heç cür hesablaşmırdı.

Mərhəmət ifadəsi
Qonşuluqda yaşayan ağbirçək qadının hədsiz mərhəməti onun başına müsibət gətirmişdi. Özünü inandırmışdı ki, zavallı bir türkə evində sığınacaq verib. Əvvəl-əvvəl ona hədsiz minnətdarlıq duyan türk hadisələr inkişaf etdikcə dəyişməyə başlayıb: vaxtilə inşaatçılara məxsus olan bir barakdan digərinə köçməyə məcbur olan bu türk ağbirçək qadının mərhəməti sayəsində iri bir bağın içində tikilən şəhər evində yaşamaq imkanı qazanıb. Ahıl qadının yanında bağban işləyən bu kişi yavaş-yavaş öz əyin-başını təzələyib, get-gedə sözün əsl mənasında harınlayıb və qudurub.

Bir gün yolunu polis komissarlığından salan türk səmimi etiraf eləyib ki, evində ona sığınacaq verən o ağbirçəyin canına qıyıb. Hadisə yerinin ilkin araşdırması zamanı məhkəmə ekspertizası təyin edib ki, qadın boğulub. Məhkəmə prosesində türkdən soruşmuşdular ki, ahıl qadını niyə öldürüb, daha doğrusu, niyə boğub? Onun cavabı belə olmuşdu: “Qadına duyduğum mərhəmətdən”.

Hamsun
Hamsun öz qeydlərində ömrünün son bir ilini keçirdiyi qocalar evindən söz açır.

Bir dəfə Oslo yaxınlığında tanış olduğumuz altmış yaşlarındakı bir kişi həmin qocalar evi barədə nələrsə danışanda anladıq ki, bu kişi dahi Norveç yazarı o evdə olduğu zaman orada işləyib. Oslo yaxınlığında bir neçə gün qaldığımız otelin restoranında gedən bu söhbət bir cümə axşamı baş tutmuşdu və təbii ki, məkan son dərəcə hay-küylü idi. Məhz elə o səbəbdən bu sakit adam bizim diqqətimizi özünə çəkmişdi. Oturduğu masanın arxasında yerimizi tutub, özümüzü ona təqdim edəndə kişi bildirdi ki, o, fəlsəfə fakültəsinin keçmiş tələbəsidir və digər yerlərlə yanaşı, düz dörd il Gettingendə təhsil alıb. Biz isə onu bir Norveç gəmisinin kapitanı zənn etmişdik və yanında əyləşərkən onun bizə fəlsəfədən yox, dəniz gəmiçiliyi barədə nələrsə danışacağını ummuşduq, çünki məhz fəlsəfədən qurtulmaqdan ötrü Mərkəzi Avropadan baş götürüb, şimal tərəfə qaçmışdıq. Ancaq kişi fəlsəfədən danışmaqla, canımızı boğazımıza yığmadı və sadəcə onu dedi ki, fəlsəfəni atıb və iyirmi yeddi yaşından sonrakı ömrünü ahıllara xidmətə sərf edib, həm də bu seçimindən əsla peşman deyil.

İlk iş günündə bu kişi ahıllardan birinə çarpayıdan qalxmağa yardım eləyib: yatağını səliqə-sahmana salandan sonra onu təkrar yatağına uzadıb. Həmin qoca Hamsun imiş. Bizim bu təzə tanışımız sonrakı aylar ərzində vaxtaşırı Hamsunu həmin qocalar evinin arxasındakı bağçaya gəzintiyə çıxarırmış və Hamsunun sonuncu kitabını yazdığı qələmləri də onun üçün kənddən bizim tanışımız alıb gətirirmiş. Hamsunun cansız bədənini ilk görən adam da o olub.

Aydın məsələdir ki, ölən qocanın üzünü mələfə ilə örtən bu adam Hamsunun kim və nəçi olduğundan tamamilə bixəbər imiş.

(Qeyd — Bu miniatürdə məşhur Norveç yazarı və dramaturqu, 1920-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatı  Knut Hamsundan (1859 — 1952) söz edilməkdədir — A.Y.)

Ümidləri sarsılan ingilislər
Bir neçə ingilis turist əslən Şərqi Tiroldan olan bir dağ bələdçisinin kələyinə uyur və onun müşayiəti ilə Üçtəpəyə çıxmaq niyyətinə düşür. Zirvələrdən ən yüksəyini fəth edən ingilislər orada gözləri qarşısında açılan panoramanı heç bəyənmirlər və elə orada, zirvədə ikən çox düşünüb-daşınmadan bələdçini — himayəsində üç övlad və deyilənlərə görə, kar bir arvad olan ailə başçısını — qətlə yetirirlər. İşlədikləri əməlin əsl mahiyyətini anlayandan sonra isə bu çılğın turistlər bir-birinin ardınca özlərini uçurumun qucağına atırlar.

Bu faciəli olay barədə Birminqhem qəzetlərindən birində yazı verilmişdi. Yazıda deyilirdi ki, Birminqhem şəhəri bu faciədə özünün misilsiz qəzet naşirini, ən əvəzedilməz bank müdirini və işini görünməmiş dəqiqliklə görən tabut ustasını itirib.

“Valdhaus” oteli
Nə hava könlümüzcə idi, nə də masa arxasındakı yoldaşlarımız. Bu adamlar gözgörəsi hər şeydən bizi çiyrindirirdilər. Onlar bizi hətta Nitşedən də bezdirmişdilər.

Öz maşınlarında yol gedərkən öldükləri və Sils-Mariya kilsəsində onlar üçün ölü duası oxunanda da bu adamlara duyduğumuz nifrət səngimək, soyumaq bilmirdi.

Əks-reaksiya
Heyvanat parklarını görən gözüm yoxdur və oranı ziyarət edənlərə də mən nədənsə həmişə dərin şübhə ilə yanaşmışam. Ancaq bir kərə teologiya professoru olan yol yoldaşımın israrına uyub, Şönbrun heyvanat parkına baş çəkməyə razılıq verdim. Professor meymunları yemləməkdən ötrü yanında yemək götürmüşdü və buna görə mən də onların saxlandığı qəfəsin önündə ayaq saxlayıb, bu prosesə göz qoyası oldum. Vaxtilə universitetdə tələbə yoldaşım, hazırda isə teologiya professoru olan və məni Şönbrunna getməyə razı salan bu yoldaşımın, ən nəhayət, meymunlar üçün gətirdiyi yem bitdi. Bunu görən meymunlar qəfəsin döşəməsinə səpələnən yemləri süpürləyib, qəfəs dəmirlərinin arasından ona uzatmağa başladılar.

Onların bu gözlənilməz davranışından mən və teologiya professoru elə dərin dəhşətə qapıldıq ki, qəfəsdən geri-geri uzaqlaşmaqla parkın ən yaxın qapısından bayıra çıxdıq və Şönbrunu əlüstü tərk elədik.

Zarafatsız
Sözünü etdiyim komik aktyorun vaxtilə çıxış etdiyi tamaşa zallarında heç vaxt boş yer tapılmazdı. Onilliklər boyu bu adam insanlara gülüş bəxş etməklə özünə çörəkpulu qazanırmış.

Zaltsburqun mərkəzində, “At suvarılan yer” adlanan ərazidəki sıldırım qayanın üstündə ikən bu komik Bavariyadan gəlmiş turistlərlə rastlaşır və onlar üçün əsl tapıntıya çevrilir. Əynində ənənəvi dəri şalvar və Tirol papağı olan bu komediya aktyoru turist qrupuna elan edir ki, indicə özünü qayadan aşağı atacaq. Onun növbəti zarafatını etdiyini düşünən turistlər, gözlənildiyi kimi, bu elanı qəhqəhəylə qarşılayırlar. Aktyor isə bu dəfəki vədinin bir zarafat olmadığını sübuta yetirərək, bir göz qırpımındaca və heç tərəddüd eləmədən özünü sıldırım qayadan uçuruma buraxır.

Xəbərdarlıq
Kobelentsdə yaşayan bir tacir bütün həyatı boyu Giza piramidalarını görmək arzusuyla yaşayırmış və ötən il buna nail olub. Lakin Misirə gedərkən piramidaları ziyarət edən bu şəxs indiyədək böyük həsrətində olduğu həmin səyahəti “Ömrünün ən böyük yanılğısı” elan edibmiş.

Ötən il özüm də Misirə səfər etdiyimdən və piramidalarla bağlı ümidlərim daşa dəydiyindən, o adamın yaşadığı olumsuz hisslər mənə də yaxşı tanışdır. Mən bu sarsıntını qısa müddətdə unutsam da, Koblentsli tacir bu yanılğının qisasını almaq niyyətinə düşür: bundan ötrü o, Almaniyanın, İsveçrənin və Avstriyanın ən nüfuzlu qəzetlərində həm aylar uzunu, həm də bir səhifəlik elanlar verir, Misirə səfərə hazırlaşan şəxsləri oradakı piramidaları, xüsusilə də Giza piramidasını ziyarət etməməyə çağırırdı, çünki adıçəkilən piramida onun ümidlərini tamam yerlə-yeksan etmişdi. Misir və onun piramidaları əleyhinə yaydığı bu xəbərdarlıq elanlarına o, qısa müddətdə bütün var-yoxunu xərcləyir və son dərəcə acınacaqlı, müflis bir duruma düşür.

Gözlənildiyi kimi, bütün bu elanlar Misirə səfər etməyə hazırlaşanların sayına gözlənilən təsiri göstərmədi və əksinə, ötən illə müqayisədə bu il həmin ölkəyə yollananların sayı haradasa iki dəfə artdı.

Tərcümə: Azad Yaşar

Top