Hər kəsin dostu | Stefan Sveyq

Hər kəsin dostu | Stefan Sveyq

Həyatda çox az insanın bacara bildiyi iki çətin iş var: həmcinsləri arasında bir düşmən belə qazanmadan yaşamaq və daxili azadlığı sayəsində Yer kürəsinin ən böyük qüvvəsi  olan pulun hökmündən qurtulmaq.

O özünəməxsus xarakteri olan adamla tanışlığım çox sadə bir şəkildə oldu. O vaxtlarda kiçik bir şəhərdə yaşayırdım və bir gün ilkindi vaxtı itimi gəzdirməyə çıxartmışdım. Birdən-birə it əcayib hallara düşməyə başladı: Dəlicəsinə yerdə yuvarlanır, inildəyib ulayaraq ağaclara sürtünürdü.

Heyvana nə oldu deyə düşünərkən yanımda birinin gəzdiyinin fərqinə vardım: təqribən otuz yaşında, yoxsul qifayəli, yaxasız, şapkasız bir adam idi. Dilənçi zənn edib əlimi cibimə aparacaqdım. Lakin yad adam köhnə bir dostunu görmüş kimi açıq mavi gözlərilə mənə sakit-sakit gülümsədi. İti göstərərək: -“Yazığı bit-birə basıb”, dedi. “Gəl onu çıxaraq.” Təklifsiz, qohummuş kimi mənimlə sənli-mənli danışırdı, lakin o qədər şirin bir baxışı vardı ki, təklifsizliyindən incimədim. Bir oturacağa doğru getdik, yanında oturdum. Kəskin bir fit ilə iti çağırdı.

Qəribə deyilmi, yad insanlardan daima çəkinən Kaspar bu dəvəti yaxşı qarşıladı. Gəlib başını yad insanın dizinə qoydu. O da uzun, həssas barmaqları ilə heyvanın dərisini yoxlamağa başladı. Nəhayət məmnun bir rəftarla, “Ah!..” dedi və bir işə girişdi. Heyvanı necə incitdisə, heyvan bir neçə dəfə inlədi. Amma heç də qaçmağa çalışmadı. Adam onu birdən-birə sərbəst buraxdı. Gülərək və havada bir şeyi göstərərək:

-Buyur indi qaça bilərsən!..

İt qaçmağa başlayarkən yad insan  qalxdı və bir baş işarəsi ilə “Allaha əmanət ol” deyərək getdi. Gedişi o qədər gözlənilməz olmuşdu ki, zəhmətinə qarşılıq ona bir şey verməyə, hətta təşəkkür etməyə belə vaxt tapa bilməmişdim. Gəldiyi kimi eyni sakit və qərarlı halı ilə səssizcə uzaqlaşmışdı.

Evə qayıdanda, hələ də bu adamın əcayib hərəkətini düşünürdüm. Bu hadisəni qoca aşbazıma danışdım.

-Antondur, — dedi. — O hər kəsə kömək edir.

Peşəsinin nə olduğunu, həyatını, qazanmaq üçün nə iş gördüyünü soruşdum. Sualıma çaşqın halda:

-Heç, — cavabını verdi. — Peşə? Peşə onun nəyinə gərəkdir?

— Qardaş, yaşamaq üçün hər kəsin bir peşəyə ehtiyacı yoxdurmu? 

-Antonun yox. Hər kəs ona lazım olan şeyləri təmənnasız verir. O pula qiymət vermir. Pula ehtiyacı yoxdur.

Doğrusu təəccüblü şeydir. Dünyanın bütün başqa şəhərlərində olduğu kimi qəsəbəmizdə də hər dilim çörəyə, bir stəkan suya qarşılıq pul ödəmək şərt idi. Bir yataqda yatmaq, üstünü örtmək üçün də yenə pul lazımdır. O köhnə şalvarlı adam belə bir qanuna qarşı gəlib yenə də dərdsiz, qayğısız yaşamağı necə bacarırdı?

Sirli metodunu kəşf etməyə qərar verdim və aşbazın sözlərinin təbii olduğunun fərqinə vardım. Anton dedikləri adamın heç bir bəlli işi yox idi. Sabahdan axşama qədər küçələrdə dolaşmaqdan başqa bir şey etmirdi. Amma gözübağlı gəzmirdi. Səhv qoşulmuş bir at görsə, arabaçını durdurar düzgün qaydanı göstərirdi. Bir taxta pərdənin çürüməkdə olduğunu görsə, sahibini çağırıb boyasını yeniləməyi tövsiyyə edirdi.

Normalda bu kimi işləri ona həvalə edərdilər. Çünki hər kəs bilirdi ki, onu göndərən ehtiras və tamah deyil, sadəcə xidmət etmək ehtiyacıdır. Sonradan onun nə işlər bacardığını gördüm!

Bir dəfə, ona bir ayaqqabı dükanında oturmuş, ayaqqabıları təmir edərkən rast gəldim. Bir başqa vaxt bir ziyafətdə şef qarsonluq etdiyinə şahid oldum. Bir dəfə də uşaqları gəzməyə aparırdı. Diqqət etdim, kimin bir ehtiyacı olsa, tez Antona müraciət edirdi. Bir gün bazarda alma satdığını gördüm: Lohusa yatağında yatan bir satıcı qadının yerini almışdı.

Bütün şəhərlərdə bəlli bir peşələri olmayan bir çox insan olduğunu bilirəm. Amma Anton başqaları kimi deyildi. Gördüyü işin böyüklüyü nə olursa, olsun, gününü keçirtmək üçün lazım olandan çox pul almağa qətiyyətlə yanaşmazdı. İşləri yolunda olduğu zaman isə heç bir şey almazdı.

— Bir ehtiyacım olarsa, sonra gələr sizi yoxlayaram, deyərdi.

 O xeyirsevər  adamcığazın, özü üçün  yeni bir iqtisadi sistem icad etmiş olduğunun fərqinə vardım. İnsanların dürüstlüyünə güvənirdi. Qənaət hesabına pul qoymalı yerdə tanışlarının minnət duyğularını bir bank hesabı kimi istifadə edirdi. Varı-yoxu bu gözlə görünməz qənaət hesabında yatırdı. Özlərinə adətən bir lütf edər kimi, bədəlini istəməyi düşünmədən xidməti toxunan adama qarşı borclarını inkar etmək, ən üzsüz insanların belə ağlından keçməzdi.

Nə qədər etibarı olduğunu anlamaq üçün küçədən keçməsini seyr etmək kifayət idi. Hər kəs ona gülər üzlə “salam” deyər, əlini sıxardı. Bu dərdsiz adam sökülmüş pencəyi ilə küçədə, fermasını yoxlamağa gələn bir mülk sahibi halı ilə gəzirdi. Ürəyi istədiyi evə  girə bilər, ürəyi istədiyi süfrədə otura bilərdi. Hər şey əmrinə tabe idi. Sabahı düşünməmək və  taleyin razılıq sirrinə çatmış bir adamın başqaları üzərində nə qədər nüfuz sahibi ola biləcəyini heç bir zaman bu qədər yaxşı qavramamışdım.

Doğrusu, nə yalan deyim, o bit-birə məsələsindən sonra Antona rast gəldikcə sanki bir yad  biri imişəmmiş kimi yalnız kiçik bir baş işarəsi ilə salam verməyinə biraz inciyirdim.  Hər halda mənə bir köməyi toxunduğunu xatırlamaq istəmir. Bununla bərabər, bu laqeydlik qarşısında sanki böyük bir dost toplumundan kənarda buraxılmışam kimi bir hiss duydum. Ona görə də nə zaman evdə təmir işi çıxsa, məsələn, axan bir nov, aşbaza Antonu çağırmasını söylərdim.

-Haradan çağıracaqsan, — demişdi. — Bir yerdə durmur ki. Amma ona bir xəbər göndərərəm.

Beləcə bu əcayib adamın yeri-yurdu olmadığını öyrəndim. Amma yenə də onu tapmaq asan bir iş idi. Sanki bir telsiz teqraf onu bütün şəhərə bağlayırdı. Rastlaşdığınız ilk insana “Antona ehtiyacımız var” deməyiniz yetərdi. Bu xəbər ağızdan-ağıza gəzər, nəhayət içlərindən biri özü ilə burun-buruna gələrdi. Həqiqətən, o dəfə də həmin gün günortadan sonra gəldiyini gördük. Hər tərəfə bir göz gəzdirdi, baxçadan keçərkən bir çitin budanmağa, bir ağacın yerinin dəyişdirilməyə ehtiyacı olduğunu işarə etdi. Nəhayət novu tədqiq etdi və işə başladı. 

İki saat sonra təmir işinin bitdiyini xəbər verir və daha təşəkkür etməyimə vaxt buraxmadan çıxıb getdi. Amma bu dəfə aşbaza ona bol pul verməyini tənbeh etmişdim. Qadıncığazdan  “Anton məmnun oldumu?” deyə soruşdum.

-Təbbi ki, oldu. — dedi, — o hər zaman məmnundur. Ona altı şilinq (pul vahidi) vermək istədim amma yalnız iki şilinq qəbul etdi. Bu günə də, sabaha da bəs edərmiş. Amma dedi ki, bəyin köhnə paltosu varsa əyər…

Bu adama – bir adamın veriləndən daha azını aldığına ilk dəfə rast gəlirdim. Ehtiyacı olan bir şeyi verə biləcəyim üçün nə qədər sevindiyimi təsvir edə bilmərəm. Tez arxası ilə qaçdım:

-Anton!.. Anton!.. Sənə bir palto verəcəyəm!..

Baxışlarının hüzurlu aydınlığı ilə bir kərə daha qarşılaşdım. Bir insanın özünə lazım olmayan  bir paltonu, böyük bir ehtiyacı olan bir başqasına verməyi onun nəzərində çox təbii bir şey idi.

Aşbaza bütün köhnə paltarlarımı gətirtdim. Anton yığını gözdən keçirtdi, içindən bir palto çəkib ayırdı, geyindi və:

-Bu mənim işimə yarayar. — dedi.

Bu sözü, bir mağazada önünə çıxarılan mallar arasından bir dənəsini bəyənən bir bəy ədası ilə söyləmişdi. Sonra o biri paltarlara bir nəzər saldı:

-Bu ayaqqabıları Salsergrassedəki Fritzə verə bilərsən, — dedi.-  Bir cüt ayaqqabıya ehtiyacı var. Bu köynəkləri də Squaredəki Jozefə versən, yaxşı olar. Biraz təmir edər, vəssalam. İstəyirsənsə, bunları sənin adından onlara aparım.

Bunları, sizə öz-özlüyündən yaxşılıq edən bir insanın zadəgan ədası ilə söyləmişdi. Əşyalarımı heç tanımadığım insanlara aparıb paylaması üçün ona təşəkkür etməyin yerində olacağını düşünmüşdüm. 

Köynəklərlə ayaqqabıları paketləyərkən əlavə etdi:

-Yaxşı adamsan, doğrusu, bunları verirsən…

Sonra çıxıb getdi.

Düzünü desəm, kitablarım haqqında bəh-bəhli tənqidlərdən heç biri bu saf iltifat qədər xoşuma gəlməmişdi. Sonrakı illərdə Antonu tez-tez düşünürdüm, həm də bir minnət hissi ilə. Çünki, mənə onun qədər mənəvi yardım etmiş az insan vardır. Çox vaxt mənasız bir neçə kiçik pul məsələlərini özümə dərd etdiyim zamanlar ehtiyacları günün zərurətlərini aşa bilmədiyi üçün günü-gününə sakit və güvənli bir həyat  yaşayan o adamı xatırladım. Hər dəfə də eyni nəticəyə gəldim.

“Bu qarşılıqlı güvənin sirrini hər kəs öyrənə bilsə, dünyada nə polis olardı, nə məhkəmə, nə həbsxana… Pula da ehtiyac qalmazdı. Hər fərd o adam kimi özündən, əlindən gəldiyi qədər çox şey verən, bunun əvəzinə qəti ehtiyacı olmadan artığını qəbul etməyən o adam kimi yaşasaydı, içindən çıxılmayacaq qədər qarışıq iqtisadi sistemimiz bir az düzəlmiş olmazdımı?”

İllərdir ki, Antondandan danışıldığını eşitmədim. Amma haqqında bir narahatçılıq da hiss etmirəm. Tanrının və şəxsən insanların (ki, daha nadir bir hadisədir.) onu əsla üzüüstə buraxmayacaqlarını bilirəm.

Türkcədən  tərcümə edən: Hüseyn Bəhruz

Top