Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına fırıl-fırıl.
Çaxnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax!
Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq.
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi xali deyil səksəkidən,
Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Ey gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şux, çaqraq zamanıdır,
Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış,
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın səma köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.