"MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN HAQQ BAĞIRAN SƏSİYƏM" - Əhməd Cavad

"MƏN ÇEYNƏNƏN BİR ÖLKƏNİN HAQQ BAĞIRAN SƏSİYƏM" - Əhməd Cavad

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır.

Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunmuşdur. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.

1914-cü il, birinci dünya müharibəsi zamanı Türkiyənin şərq cəbhəsindəki döyüşləri “Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şerində dilə gətirir:

Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”

Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Quran mənə yol göstərir:
“Yoxsulları məyus etmə”.

Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şer 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si “Novruz” bayramıdır. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan “Qara dəniz” şerini yazmışdı və böyük ümidlərlə yaşamışdı. “Qara dəniz” şerinin son bəndi belə bitir:

Dost elindən əsən yellər
Mənə şer… salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına.

(914-cü il 15 noyabr, Gəncə: “Dalğa”, səh. 26, Bakı, 1919).

Birinci Dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq “Azərbaycan xeyriyyə cəmiyyəti” vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Birinci Dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə “Müqəddəs Məhmədcik” və azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.

Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz gəl Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir, Bismillah.

Azərbaycan höküməti Bakıda döyüş zamanı şəhid olan “məhmədciklərə” şəhidlər abidəsi qoydurur. Abidənin təməl qoyma mərasimində Əhməd Cavad “Qalx” adlı şerini oxuyur:

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.

(İstiqlal uğrunda şerlər. İstanbul, 1928, səh. 89).

“Şeirlər” (1958), “Sən ağlama, mən ağlaram” (1991) kitablarının, Fransua Rablenin “Qarqantua və Pantaqruel” (1961), Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta” (1962), Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

Mənbə: www.edebi.quqqu.com

Top