Dul qadının azadlıq saatı | Erix Maria Remark

Dul qadının azadlıq saatı | Erix Maria Remark

Yasəmən ağacı elə güclü ətir saçırdı ki! Gümüşü ay işığı divarları elə qüssəli aydınlatmışdı ki! Qadın isə yenidən onun haqqında düşünməyə başlamışdı. Onu haradasa bir qanlı döyüş udmuşdu və düz bir il olardı ki, uzaqlarda bir yerdə dəfn edilmişdi. 

Həmin vaxt qadın öz sevimli ağ paltarında bağa çıxmışdı, onun portretinin yanına qoymaq üçün tər qızılgül dərmək istəyirdi; və birdən bu xəbəri eşitdi. Bu adsız ağrıya hakim olmağa gücü yetmədi, göz yaşı axıtmadan, qızılgül əvəzinə tünd sarmaşıq gülləri dərərək, onun şəklinə sarı apardı. Çünki şəklin sahibi artıq ölmüşdü. 

Gecə küləyi onu yasəmən ətrinə qərq eləmişdi. Bir neçə yarpaq qadının qara donuna düşdü. 

— Ölmək, – o, pərişan halda dedi, – ölmək. – Və qeyri-ixtiyari olaraq gözlərindən iri damlalar süzüldü. 

Çox çalışdı ki, onun haqqında düşünməsin. Dərin ağrı ilə hiss edirdi ki, xəyalında canlandırdığı o sima getdikcə solğunlaşaraq uzaqlaşır, həyat da mənasını itirir, cansıxıcı olur. Bunu anladığı zaman ruhunu kəskin sancı yaxaladı. Başını daş masanın üzərinə söykədi və qırıq-qırıq kəlmələrlə sevgidən və həsrətdən danışmağa başladı. Ötən günləri geriyə çağırdı. O günlər ki, onların ruhları bütövləşirdi, birlikdə tarlaları, meşələri, bağları dolaşırdılar. 

Bir dəfə mərhum  kiçik evin qarşısında xoşbəxt gələcək barədə ağızdolusu fikirlər deyirdi. 

— Ah, sən mavi yay gecəsisən, – qadın inilti ilə dilləndi, – axı niyə belə darıxıram sənin üçün? Yəni heç vaxt rahatlıq tapmayacağam? 

Qəfil üzünü çevirdi. Ona elə gəldi ki, kimsə arxadan nəsə pıçıldayır.

— Bu gecə, – dedi. – Gecə… öz həyatı ilə… yaşayır… Təbiət ölməyib… hələ yaşayır – daşlar, ulduzlar, sakitlik... 

Qadın qorxmuş halda susdu. Hardandır axı bu sözlər? Necə oldu ki, özünü unudaraq belə ucadan dilə gəldi? 

Daha sonra yaddaşında o uzaq axşam canlandı: gecəyarısına qədər birlikdə oturub, Tusitan və İzolda haqqında danışmışdılar. Məhz həmin axşam mərhum deyirdi ki, heç nə əbədi deyil, amma eyni zamanda, hər şey ölümsüzdür. Deyirdi ki, həyat – təbiətin çiçəklənməsidir, canvermə dövrü isə – yeni həyat öncəsi istirahət. O, ölümün dağıdıcı olmadığını, öz övladını oyatmaq üçün yuxuya verən anaya bənzədiyini deyirdi. 

Anidən qadının könlü nəsə izaholunmaz duyğu ilə doldu. Ayağa qalxdı.

— Hə, – o, nəsə qəribə, sanki yad adama məxsus bir səslə danışırdı, – həyat, ölüm… hamısı vəhdətdədir! 

Sonra isə ayaqlarını hiss etmədən, ayın işıqlandırdığı cığırla evə doğru addımladı. Nə etdiyini özü də anlamırdı. Əynindən qara matəm paltarını çıxardı, çox sevdiyi ağ donunu geyinib, saçlarını çiyinlərinə buraxdı. Və bağa qayıtdı.Yasəmən ağacının budaqları onun alnına dəyirdi. O, əllərini yuxarı qaldırıb, ətirli çiçəklər olan budaqları bir-bir qırmağa başladı. Bir azdan daş masa ətirli yasəmənlərlə örtülmüşdü. 

Ay işığı onun saçlarında titrəyir, güllərin üzərində sürüşürdü. Gecə nağıllardakı kimi göy və sehrkar idi. 

Qadın isə başqa dünyadan gəlmiş biri kimi sanki daha insan olmaqdan çıxmış, ağaclar və çiçəklərlə doğmalaşmışdı. O, ulduzların yaxınlığını hiss edir və göy gecə onun alnından öpürdü. 

Sanki ilahi bir qüvvənin təsiriylə, bir anlıq gözlərini yumub-açdı. Bütün ağaclar ona köhnə tanışlar kimi, bütün ulduzlarsa doğmalarıtək görünməyə başladı. Təbiət qadın, qadın da təbiət idi. 

O an əllərini qaldıraraq dərin və cingiltili səslə, öz sözlərini özü də anlamadan dilləndi: 

— Təbiət! Ana və bacı! Həsrət və vüsal! Həyat! Qürub çağı günəşinin parıltısı, gündüz ulduzlarının bərq vurması… Ölüm! Sən, göylük! Ah, ənginlik! İşıqlı əlbisədə tünd məxmər! Sən, həyat, elə ölümsən sən! Sən, ölüm, həyatın özüsə! Hər şey – təbiətdir! Mənsə özüm deyiləm! Mən kolam, ağacam! Küləyəm, dalğayam! Tufan və mülayimlik! Və məndə dünyaların qanı axır! Bu ulduzlar da məndədir! Mənsə ulduzlardayam! Ulduzların bir hissəsi! Mən – həyatam! Mən kosmosam! Mən – sən deməkdir! 

Ay işığı onun saçlarında gümüşü rəngə çaldı. O bir müddət susdu. Sanki işıq və qaranlığın vəhdəti olan bu gecə  pıçıldadı: 

“Mən – sən deməkdir!” 

Qadın başını aşağı saldı. Və indicə dediyi sözlərin mənasını qəfil dərk elədi.

— Mən – sən deməkdir, – çox sakit, sanki içində təkrar elədi. 

– Azad olmaq! – o, əllərini güllərin üzərinə qoydu. Qətiyyətlə bir daha dilləndi. 

– Azadlıq! Bəli, sən ölməmisən. Sən yaşayırsan. Mən elə sən… sən elə mənsən. Mənim içimdə yaşayırsan. Dünyada, təbiətdə, kosmosda… Biz həmişə bütöv olacağıq. Sən və mən!... 

Sonra isə dizləri üstə çökdü, səliqə və incəliklə bir sarmaşıq budağını yerdən qaldırdı. 

— Eşidirsən? Bu sənsən. Mən səni öpürəm! – qadın çəhrayı dodaqları ilə soyuq budağa toxundu. Ayağa qalxdı və qızılgül koluna sarı əyildi. 

– Eşidirsən? Mən səni sevirəm, – məlahət və nəvazişlə dedi. 

Sonra alnını ağaca söykədi. 

— Sən burdasan ki, – incə təbəssümlə pıçıldadı. 

Tünd göy rəngdə olan gecə səmasına baxdı. Və eyni nəvazişlə də davam etdi: 

— Azadlıq! Barışıq! Sülh! Sevgilim, sən ölməmisən! Mən daha səni hər gün itirməyəcəm… Sən həmişəlik mənimsən… Bütünlüklə mənə aidsən! Sən, mən… biz bütövük! 

Qadın üzünü çevirərək, ayın işıqlandırdığı cığırlarla addımlamağa başladı. Onun üzü işıqlı və məsud idi, gözlərindən sevgi yağırdı. Lap ilk dəfə öpüşdükləri gündəki kimi... 

Yasəmən ağacı elə xoş ətir saçırdı ki... 

Və bağın hansısa guşəsində bir bülbül oxuyurdu. 

Tərcümə etdi: Rüfət Əhmədzadə

1937.az

Top