Balaca qadın | Frans Kafka

Balaca qadın | Frans Kafka

KafkaBalaca bir qadındır; kifayət qədər qamətlidir, ancaq bərk bağlanmış korsetdə gəzir; mən həmişə onu rəngli ağac oduncağını xatırladan sarı-boz parçadan tikilmiş paltarda görürəm; büzmə haşiyələri və ya düyməyə bənzər piləkləri də eyni çalardadır; o, həmişə şlyapasız olur, sarı, tutqun saçları hörülməmiş deyilsə də, şairanə bir pərakəndəlikdədir. Korsetinə baxmayaraq, balaca qadın cəlddir və hətta cəldliyindən sui-istifadə edir; o, xüsusən əllərini böyürlərinə söykəməyi və gövdəsini qırağa çəkməyi sevir. Əlləri haqqında yalnız onu deyə bilərəm ki, ömrümdə belə geniş açılan barmaqlar görməmişəm; ancaq burası da var ki, bu, heç bir anatomik qüsuru olmayan adi bir əldir.

Balaca qadın məndən çox narazıdır. O, məni həmişə danlayır, həmişə mən onu hirsləndirirəm, hər addımbaşı xətrinə dəyirəm. Mənim həyatımı kiçik hissəciklərə bölsək və hər biri haqqında ayrıca mühakimə yürütsək, bunlardan hər biri onu acıqlandırar. Mən tez-tez düşünürəm ki, görəsən, nəyə görə onu belə acıqlandırıram; tutaq ki, məndə nə varsa onu çiyrindirir, ədalət duyğusuna toxunur, onun vərdişlərinə, görüşlərinə, ümidlərinə ziddir, – bir-birini inkar edən belə naturalar olur – ancaq nə üçün o bu qədər əzab çəkir? Bizim münasibətlərimiz heç də elə deyil ki, buna görə belə əzab çəkəsən.

Elə ki, o, mənə kənar bir adam kimi baxdı – axı mən onun üçün doğrudan da kənar adamam, hətta buna hamıdan da artıq sevinirəm, – elə ki, heç bir zaman gözünə soxmadığım və bundan sonra da gözünə soxmaq istəmədiyim varlığımı unutdu, – əzabları bircə anda yox olur. Özümdən heç danışmıram, onun da davranışı meni üzür; ancaq mən başa düşürəm ki, mənim üzgünlüyüm onun əzabları ilə müqayisədə heç nədir. Və təbii, mən başa düşürəm ki, bu sevən bir adamın əzabları deyil; bu qadın heç cür məni islah etmək fikrində deyil, həm də ki, onun məndə gördüyü qüsurlar həyatda mənim karyerama heç cür mane ola bilməz. Ancaq mənim karyeram bu qadını az maraqlandırır, onun məqsədi başqadır: çəkdiyi əzablara görə qisas alsın və imkan daxilində gələcək əzablardan qorunsun. Bir dəfə mən ona başa salmaq istədim ki, onun sonsuz əzablarının qarşısını necə almaq olar, ancaq bununla elə bir tufan qoparmış oldum ki, birdəfəlik belə işlərdən əl çəkdim…

Əslinə qalsa, burda elə mən də günahkaram; bu balaca qadın mənə tamamilə yad olsa da və bizim bütün münasibətlərimiz onu tez-tez incitməyimdən, – daha doğrusu, onun fikrincə incitməyimdən, – ibarət olsa da, hər halda, unutmaq olmaz ki, bu onun sağlamlığına mənfi təsir göstərir. Mənə tez-tez xəbər verirlər ki, xüsusilə son zamanlarda o, səhərlər yerindən baş ağrısı ilə, yuxusuzluqdan rəngi ağarmış, tamamilə əzgin bir vəziyyətdə qalxır, yaxınları bundan çox narahatdırlar; onlar çox götür-qoy edib bunun səbəbini axtarırlar, ancaq hələ tapmayıblar. Səbəbini yalnız mən bilirəm: həmin o köhnə və həmişə yeni olan məndən narazılıq. Amma məncə, onun yaxınları əbəs yerə narahat olurlar; o, möhkəmdir və kifayət qədər dözümlüdür; bu cür hirslənməyə qadir olan, güman edirəm ki, çox şeyə dözə bilər. Mən hətta şübhələnirəm ki, balaca qadın özünü əzabkeş göstərməklə ətrafdakıların diqqətini mənə qarşı yönəltmək istəyir. Qürurundan mənim onu necə təngə gətirdiyimi etiraf etmək istəmir; kənar adamlardan birbaşa yardım istəmək onun üçün alçaldıcıdır; mənimlə o nifrət duyğusuna, daim ona əzab verən nifrətə görə məşğuldur; ancaq camaat tərəfindən müzakirə olunmaq – bu artıq ağ olardı!

Dözülməz vəziyyətini gizlətmək də çətindir. Və bu səbəbdən o, qadın hiyləgərliyi ilə yolun yarısında dayanmağa üstünlük verir; sakitcə, güclə sezilən əlamətlərlə öz gizli əzabını göstərir və beləliklə bunu ümumun məhkəməsinə çıxarır. Ola bilsin günlərin bir günü hamınn diqqəti bizə yönələcək və adamların birləşmiş qəzəb dalğası məni amansızlıqla əzəcək, – çətin ki, o, öz zəif hiddəti ilə mənə təsir edə bilsin, – onda bu qadın rahatca nəfəs alacaq və həmişəlik məndən üz döndərəcək. Amma o, çox nahaq yerə buna ümid edir. Bu boyda dünya onun istədiyi rolu öz üzərinə götürməyəcək; camaat yığışıb məndə o istədiyi qədər qüsur tapa bilməyəcək -məni ən ciddi nəzarət altına alsalar da, bu, mümkün deyil. Mən heç də bu qadının düşündüyü kimi bekara adam deyiləm; özümü çox da tərifləmək istəmirəm, cəmiyyətin çox gərəkli üzvlərindən deyiləmsə də, axırıncı adam da deyiləm; mən yalnız ona görə onun qəzəb saçan nəzərlərində heç bir şeyə yaramayan adamam – başqalarını o inandıra bilməz. Belə düşünmək olardı ki, mən sakit yata bilərəm. Amma necə yatım! Birdən dedilər ki, bu qadın mənə görə xəstədir!

Bəzi güdücülər, dedi-qodu həvəskarları bəlkə də onun xəstəliyinin səbəbini bilməyə yaxındırlar və ya özlərini belə göstərirlər. Birdən adamlar məndən soruşarlar ki, nəyə görə öz islaholunmazlığımla bu yazıq balaca qadına əzab verirəm – olmaya onu öldürmək fikrinə düşmüşəm, – görəsən, nə vaxt ağıllanacağam və ya heç olmasa ən adi insani mərhəmət sahibi olacağam? Mənə belə suallar versələr, cavab vermək asan olmayacaq.

Bəlkə, etiraf edim ki, bu xəstəliyin əlamətlərinə çox da inanmıram. Ancaq onda, mən özümü təmizə çıxarmaqla ona qara yaxmış olmurammı? Axı deyə bilməyəcəyəm ki, bu xəstəliyə inansam belə mən ona acımazdım, çünki bu qadın mənə tamamilə yaddır, – bizim münasibətlərimizi o müəyyən etmiş, o da davam etdirməkdədir. Deyə bilmərəm ki, sözlərimə şübhə ilə yanaşardılar; çox ehtimal ki, susardılar, onlar mənə həm inanar, həm də inanmazdılar, ancaq zəif, xəstə qadın barədə cavabım yadda qalar və bu, heç də mənim xeyrimə olmazdı. Həmişəki kimi bu dəfə də adamlar anlaya bilməyəcəklər ki, – baxmayaraq ki, bu, gün kimi aydındır, – bizim münasibətlərimizdə bir tük qədər də məhəbbət yoxdur; məhəbbət olsaydı da, bu yalnız mənim xidmətim olardı; acısını dadmalı olmasaydım, mən, bəlkə də, bu balaca qadının mühakimələrinin qətiliyinə və nəticələrinin amansızlığına valeh ola bilərdim. Onun tərəfindən isə dostluq duyğularından əsər-əlamət belə yoxdur; bax burada o, ürəyiaçıq və səmimidir. Sonuncu ümidimi də yalnız buna bağlamışam; onun hərbi planlarına zahirdə belə hissləri keçirdiyini göstərmək və hamını buna inandırmaq daxil olsa belə, o heç vaxt özünü idarə edə bilməyəcək və bu baş tutmayacaq. Lakin adamların məhkəməsini inandırmaq mümkün iş deyil – özünəməxsus kütlüklə onlar mənə amansız hökm çıxaracaqlar.

Beləliklə, mənim yeganə çıxış yolum vaxtında, başqa adamların mənim işimə qarışmasından öncə öz xoşuma özümü dəyişdirməkdən ibarətdir: məqsəd balaca qadının qəzəbinin qarşısını tam almaq olmasa da – bu, mümkün deyil – onu bir az yumşaltmaqdır. Bir də mən özüm də tez-tez Özümdən soruşuram ki, doğrudan da görəsən, indiki vəziyyətim məni təmin edirmi, onu dəyişdirmək olmazmı -mənim özüm üçün bu, o qədər də vacib olmasa da, balaca qadının rahatlığı naminə bunu etmək olmazmı? Mən tam səmimiyyətlə islah olunmağa çalışdım, bu işə bütün qəlbimlə girişdim; davranışımdaki dəyişikliklər aşkar sezilməyə başladı, mən bunları heç o qadının nəzərinə çatdırmalı olmadım – o, bunu məndən də tez gördü, o, xoş niyyətin kölgəsini də sezə bilir. Bütün bunlara baxmayaraq, mən uğur qazana bilmədim. Bir də ki, bu heç mümkün idimi? İndi görürəm ki, onun məndən narazılığı prinsipial xarakter daşıyır; heç nə, hətta mənim özümün aradan götürülməyim belə bu narazılığı aradan götürə bilməz; balaca qadın eşitsə ki, mən özümü öldürmüşəm, bundan hədsiz qəzəblənər, inanmıram ki, b u gözüaçıq qadın hər şeyi aydınca görməsin, öz məzəmmətlərinin əsassızlığım anladığı kimi, mənim günahsızlığımı, bütün istəyimlə çalışsam da onun tələblərini yerinə yetirməkdə acizliyimi başa düşməsin. Əlbəttə, o hər şeyi başa düşür – ancaq əsil mübariz xasiyyətli adamlar kimi döyüş əhvalında olduğundan hər şeyi yaddan çıxarır; mənsə xasiyyətimin dəyişdirə bilmədiyim anadangəlmə bir cəhəti ucbatından özündən çıxan hər bir adamın qulağına xoş bir söz deməyə meyilliyəm. Axı belə getsə biz heç vaxt dil tapa bilməyəcəyik! Evdən çıxarkən ilk səhər saatlarının sevincini həmişə bu sallaq dodaqlar, bu qaşqabaqlı sifət, sınayıcı, öncədən mənfi münasibətini bildirən baxışlar – nə qədər cəld görünsə də, heç kim bu baxışlardan qaça bilməz, – qız yanaqlarım eybəcərləşdirən acı gülüş, gileyli gözlərin göyə dikilməsi, nifrətlə böyürlərə söykənmiş əllər, solğun bəniz və qəzəbdən titrəyən bədən zəhərləyəcək.

Bu yaxınlarda mən ilk dəfə öz dərdimi xeyirxah bir dostuma eyhamla bildirmək istədim; təbii ki, bunu sözgəlişi, iki-üç sözlə, mənim üçün çox da vacib olmayan bu işin əhəmiyyətini hər cür aşağı salmaqla etdim. Maraqlıdır ki, dostum bu eyhamları heç də qulaqardına vurmadı, əksinə, mövzunu əhəmiyyətli hesab etdi və başqa söhbətə keçməyə qoymadı. Ancaq daha qəribəsi bu idi ki, dostum vəziyyətimin ən başlıca cəhətini anlamadan tamamilə ciddi surətdə mənə qısa müddətə evdən getməyi məsləhət gördü. Bundan da ağılsız məsləhət ola bilməzdi! Kənardan baxan üçün hər şey sadə olsa da və ilk baxışdan kim istəsə, münasibətlərimizdən baş çıxaracağı təəssüratı yaransa belə, hər şey qaydasına salınacaq qədər sadə deyil. Başqa yerə getməklə bu məsələni həll etmək olmaz.

Əksinə, hər şeydən daha çox başqa yerə getməkdən ehtiyat etmək lazımdır; hər hansı bir davranış xətti seçmək lazımdırsa, indiki dar hüdudlar içində qalmaq gərəkdir, işi adamların müzakirəsinə vermək olmaz, nəzərə çarpacaq dəyişikliklərə yol vermədən sakit yaşamaq lazımdır; deməli, heç kimlə məsləhətləşmək olmaz – ona görə yox ki, burada məşum bir sirr gizlənir, yalnız ona görə ki, iş çox əhəmiyyətsiz, sırf şəxsi İşdir və buna görə də asanlıqla döziiləndir, deməli, beləcə də qalmalıdır. Və bu menada dostumun fikri mənim üçün çox gərəkli oldu; baxmayaraq ki, mən ondan heç bir yeni şey öyrənmədim, əvəzində haqlı olduğuma bir daha inandım.

Yaxından nəzərdən keçirdikdə mənə, ümumiyyətlə, aydın olur ki, guya zaman keçdikcə baş verən dəyişikliklər əslində dəyişiklik-filan deyil: dəyişən mənim dünyaya baxışımdır. Mən bir az sakitləşmişəm, hər şeyə daha cəsarətlə yanaşmağa başlamışam, işin mahiyyətinə daha dərindən varmışam, qismən də həmişə xırda şeylərə görə hirsləndiyimdən nəzərə çarpacaq dərəcədə əsəbi olmuşam.

Mən həyata daha sakit baxıram, dərk edirəm ki, yaxın görünsə də, işin sonu o qədər də yaxında deyil; adam, xüsusilə gəncliyində bir işin sonu ehtimalını şişirdir; bir dəfə balaca ittihamçım mənim bircə görünüşümdən halsız olaraq kresloya yıxılıb, bir əliylə kreslonun söykənəcəyindən yapışıb o biri əliylə sıx bağlanmış qaytanını didişdirəndə və bu zaman onun gözlərindən nifrət yaşları sel kimi axanda mən elə bildim ki, budur, sonudur, nəhayət ki, məni məsuliyyətə cəlb edəcəklər. Lakin elə olmadı, məni məsuliyyətə-filana cəlb edən olmadı! Qadınların halı tez-tez xarab olur və belə səhnələrin əsil mahiyyətini sezmək asan iş deyil. Əslinə qalsa, o illərdə ne baş verirdi? Heç bir şey – bundan az və ya çox coşqun keçən belə səhnələr; və belə səhnələrin sayı durmadan artırdı. Bir də ki, qarışmaq üçün bəhanə axtaran cürbəcür adamlar. Bəhanə isə tapılmırdı; onlar həmişəki kimi öz duyğularına güvənirdilər, duyğu da ki, boş vaxtı doldurmaqdan başqa bir şeyə yaramır. Əslində həmişə elə belə də olurdu, işi-gücü olmayan avaralar həmişə kifayət qədərdir; onlar həmişə yelin haradan əsdiyini hiss edirlər, iştiraklarına cürbəcür hiyləgərliklərlə, hər şeydən də artıq qohumluq əlaqələri ilə haqq qazandırırlar; qulaqları həmişə şəklənmiş olsa da, axırda həmişə əliboş qalırlar. Mən indi onları üzdən tanıyıram; əvvəllər elə bilirdim ki, onlar hər yerdən axışıb gəlirlər, iş gündən-günə qar topası kimi böyüyür və deməli, sonu yaxınlaşır, öz-özünə, hadisələrin gedişi axarında baş verəcək; indi isə belə bir nəticəyə gəlmişəm ki, lap əzəldən belə olub və sonunu gözləməyə dəyməz. Sonu? Çox təntənəli söz seçməmişəm ki? Əgər nə zamansa – təbii ki, bu nə sabah, nə də birisi gün olacaq, bəlkə də, heç bir zaman baş verməyəcək – iş o yerə gedib çatsa və adamlar bununla məşğul olmağa başlasalar, onda mən təkid edərəm ki, bu iş onların səlahiyyətinə aid deyil; onda mən, əlbəttə ki, sudan quru çıxa bilməyəcəyəm; ümid edirəm ki, bu zaman onların məni çoxdan tanımaları nəzərə alınacaq, nəzərə alınacaq ki, mən tam aşkarlıq şəraitində yaşayıram, cəmiyyətə etibar edirəm və cəmiyyətin etibarını qazanmışam; və bu balaca əzabkeş qadın xeyli sonralar meydana çıxıb.

(Yeri gəlmişkən, məndən başqa kim olsaydı, nəinki bu qadının yapışıb qopmaq bilməyən ayıpəncəsi çiçəyi olduğunu başa düşər, həm də sakitcə və nəzərə çarpdırmadan onu çəkməsi ilə əzərdi.) Beləliklə, ən pis halda bu qadın cəmiyyətin məni çoxdan layiqli üzvü saydığı vəsiqəsinə balaca, çirkin bir imza əlavə edəcək. Bu günə olan vəziyyət belədir və bu məni çox da narahat etməməlidir.

İllər ötdükcə mən bir az da əsəbi olmuşam, ancaq bu, işin mahiyyəti ilə əsla bağlı deyil, hər zaman kimisə hirsləndirdiyini görəndə, bu hirsin əsassız olduğunu anlasan da, dözə bilmirsən; həyəcanlanmağa başlayırsan, ağlınla sonuna inanmasan da, fiziki cəhətdən gərginləşirsən. Qismən isə məsələ sadəcə olaraq yaşdadır. Gənclik hər şeyə yaxşı nəzərlə baxır; həyatın eybəcər təfərrüatları gənclərin tükənməz qüvvəsinin içində itib-batır; yeniyetmənin dünyagörüşü bir az ehtiyatlı olsa da, bu, onu korlamır, bir kimsə, beç onun özü də bu baxışı sezə bilmir. Qocalanda isə qüvvələrin azı qalır, hər şey olduğu kimi cərəyan edir, daha nəyisə düzəltmək mümkün olmur, hər şey göz qabağında olur və bir də qocanın ehtiyatlı baxışı – bu artıq heç şübhəsiz, ehtiyatlı baxışdır; bunun həqiqətən ehtiyatlı baxış olduğuna əmin olmaq o qədər də çətin deyil. Əslinə qalsa, bu məsələdə də vəziyyət dəyişilməyib və zaman ötdükcə pisləşməyib.

Beləliklə, hansı tərəfdən baxırsan bax, belə çıxır ki (və mən bunda israr edirəm), əgər bu işi adamların nəzərindən bir azca gizlətmək mümkün olsa, mən heç bir kənar maneə olmadan indiyədək keçirdiyim həyat tərzini uzun müddət və sakitcə davam etdirə bilərəm, – qoy bu balaca qadın nə qədər istəyir, cinlənsin!

Tərcümə etdi: Paşa Əlioğlu

Top