Biri vardı, biri yoxdu, Qalisiya vilayətində Qalqao adında, dağlarla əhatələnmiş bir kənd vardı. Burada həyat çox sakit idi. Kəndin bütün cavanları şəhərə köçmüşdülər. Qadın isə demək olar ki, yox idi. Kənddə nə cavan vardı, nə də uşaq. Sakinlər kənd təsərrüfatı və ya təqaüd hesabına dolanırdılar. Kənd yavaş-yavaş məhvə sürüklənirdi.
Hər gün axşam çağı, yeməkdən sonra kişilər kəndin yeganə barına yığışardılar. Bura on-on iki taxta stoldan, bir mərmər piştaxta və köhnə bir radiodan ibarət kiçik və qaranlıq bir yer idi. Barda həmişə 10-12 adam olardı. Heç birinin də yaşı yetmişdən az deyildi. Kimisi kart, kimisi domino oynayır, kimi isə gündəlik qəzet oxuyurdu. Konyak, qəhvə (mən daha çox “qəfə” deyərdim) və ya hər ikisindən içərdilər. Çox siqaret çəkərdilər.
Bara girəndə bir-birlərini qısa kəlmələrlə salamlayırdılar: “Salam, Manolo”, “Nə var, nə yox, Fraqa?”, “Hər vaxtınız xeyir” və s. Sonra heç kim heç nə deməzdi. Demək olar ki, danışmırdılar. Bir-birlərini o qədər görmüşdülər ki. Neçə ildir bir kənddədirlər. Artıq hər şeyi danışmış, hər şeyi müzakirə etmişdilər. Daha müzakirə edəcək heç bir qalmaqal qalmamışdı. Heç nə baş vermirdi. Həyat dayanmışdı.
Bəzən kimsə qəzet məqalələrinin başlıqlarını ucadan oxuyardı: “Heç bir partiya seçkiləri təkmilləşdirmək istəmir”, “Təyyarə qəzasında 200 nəfər həlak oldu”. Ancaq heç kim müzakirə etmirdi. Bəlkə kimsə “Ah” deyərdi, daha heç nə. Hətta mühüm xəbərlər də söhbət mövzusu deyildi. Radio və taxta stola çırpılan domino daşlarının səsindən başqa heç nə eşidilmirdi.
Adamların beləcə yığışdığı bir yay günü qapı sakitcə açıldı. İçəri orta yaşlı sarışın bir qadın daxil oldu. Hündür və qamətli idi. Çox incə burnu və açıq mavi rəngli iri gözləri vardı. Uzun saçları səliqəli şəkildə kürəyinə düşürdü. O, girişə yaxın yerdə oturdu. Açıq qırmızı rəngli paltarı və ağ şlyapası ona şıq və cazibədar görkəm verirdi.
Adamlar ona maraqla baxır, ancaq heç nə demirdilər. Qadın südlü qəhvə sifariş verdi. Onu içib getdi. İkinci və üçüncü gün də eyni şeylər baş verdi.
Dördüncü gün qadın çantasından kiçik bir mobil telefon çıxardıb sakitcə stolun üstünə qoydu. Telefona diqqətlə baxaraq düymələrini sıxdı və qulağına apardı. Aparatdan səslər gəlirdi, amma nə deyildiyini kənardan başa düşmək olmurdu. Telefonu yenidən çantasına qoydu və qalxıb çıxdı. Narahat görünürdü.
İki həftə ərzində hər gün barda eyni səhnə təkrar olundu. Heç kim heç nə demirdi. Ancaq görünür, qadını görmək kişilərin xoşuna gəlirdi, çünki bara həmişəkindən daha tez yığışmağa başlamışdılar. Hətta onlardan biri bayram paltarı geymişdi. Yenə də kart oynayır, konyak və ya qəhvələrini içirdilər. Sonra qadın gəlir və öz südlü qəhvəsini sifariş verirdi. İndi o, içəri girəndə adamlara “Axşamınız xeyir”, çıxarkən “Sağ olun, gecəniz xeyrə” deyir, onlar da öz növbəsində üzlərində təbəssüm və mehribanlıqla eyni şəkildə cavab verərdilər.
Qadın bir az gecikən kimi adamlar bir-birlərindən əsəbi halda soruşardılar: “Onu görməmisiniz?”, “Hələ gəlməyib?”.
Bir gün qəfildən qadın gəlmədi. Adamlar onun yoxluğunu hiss etdilər. Bir az əsəbi görünürdülər. “O qadın kim idi?”, “Bu kənddə neynirdi?” – deyə danışır, müzakirə edir, izah axtarırdılar.
— Mən düşünürəm ki, — biri dedi – o qadın neçə il bundan qabaq Brüsselə iş dalınca gedən Varqasın arvadıdır.
— Yox, əşşi, yox – digəri cavab verirdi – ola bilsin ki, ev almaq istəyən turistdir. İndi qədim və daş evlər almaq dəbdədir. Məncə...
— Nə danışırsan? – üçüncüsü qışqırdı – bu qadın sadəcə istirahətə gəlmişdi. Şəhərdə hər şeyi var, ona görə də canı sıxılıb.
— Yaxşı, bəs niyə bura — heç nəyi olmayan bir kəndə? Getmək üçün o qədər yer var ki, elə deyil?
— Markezin qızıdır...
— Model tipi var. Məncə, onu televiziyada görmüşəm.
— Belə qadınlarla çox ehtiyatlı olmaq lazımdır. Eh, belələri şeytandır.
— Razı deyiləm.
— Heç biriniz haqlı deyilsiniz.
— Siz səhv düşünürsünüz, elə deyil.
— Axmaqlamayın. Gün kimi aydındır. Onu əlində kino çəkmək üçün aparat gördüm. Bir film üçün kəndə baxmağa gəlmişdi.
Payız gəldi, qış getdi. Yaz gəlmişdi, amma bardakı qocalar hələ də həmin qadından danışırdılar, onu gəlişinə izah axtarırdılar. Artıq sakitlik hökm sürmürdü.
Qalisiya* — İspaniyada muxtar vilayət. Oranın əhalisinin dili “gallego” – qalyeqo adlanır.
Tərcümə: Kamil İlqar Zeynalov