Bəlkə də, elə adamlar var ki, mənə yazığı gəlir, ancaq özüm bunu hiss eləmirəm. Balaca mağazam mənim üçün o qədər qayğılar yaradır ki, izləri alnımda və gicgahlarımda görünür, ancaq gələcəyi də heç nə vəd etmir, çünki çox balacadır.Gərək bir neçə saat əvvəl hər şeyi dəqiqləşdirəm, səhv eləməmək üçün xidmətçiyə hamısını dönə-dönə təkrar elətdirəm, bu fəsildə gələn fəslin dəbini nəzərə alam, özü də tanış-bilişlərimin deyil, lap ucqar kəndlərdə yaşayanların zövqünü əsas götürəm.
Bütün pullarım tanımadığım adamlardadır, nə işlə məşğul olduqlarını, eləcə də sabah hansı təhlükələrlə üzləşəcəklərini bilmirəm ki, lazım gələndə kömək edim. Bəlkə də, bədxərc olublar, meyxanada qonaqlıq verməyə başlayıblar, bəziləri də qonaqlığın qurtarmasını gözləyirlər ki, Amerikaya qaçsınlar.
Nəhayət, iş gününün sonunda mağazanı bağlayıram, bir anlığa sevinirəm ki, mağazanın sonu-sonucu görünməyən qayğılarından canım qurtardı, ancaq elə həmin anda da səhər-səhər keçirmiş olduğum həyəcan hissi məni geriyə qayıdan dalğa kimi təzədən öz qoynuna alır, səngimədən özü ilə harasa aparır.
Lakin bu ovqatımdan istifadə edə bilmirəm, evə tələsirəm, çünki əllərim də, üz-gözüm də çirklənib, tərləyib, pencəyimi toz basıb, ləkə-ləkə olub, mağazada qoyduğum papaq da hələ başımdadır, taxta qutuların üstündəki mismarların deşik-deşik elədiyi başmaqlar da ayağımda… Sanki dalğaların qoynunda irəliləyirəm, əllərimi bir-birinə sürtə-sürtə ovuşdururam, qarşıma çıxan uşaqların başlarını sığallayıram.
Amma yolum qısadır, o dəqiqə evə çatıram, liftin qapısını açıb içəri girirəm.
Görürəm ki, indi birdən-birə tək qalmışam. Piyada qalxmalı olanlar isə bir az yorulurlar, tövşüyə-tövşüyə gözləyirlər ki, kimsə gəlib qapını açsın. Elə buna görə də səbrsiz olmağa, hirslənməyə bəhanə tapa bilirlər. Nəhayət, içəri keçib papaqlarını asırlar və dəhlizdə bir neçə şüşəli qapının yanından keçəndən sonra otaqlarına çatırlar, yalnız bundan sonra tək qalırlar.
Mənsə elə liftə minən kimi tək qalıram və dizi üstə çökərək dəyirmi güzgüyə baxıram. Lift hərəkətə gələndə deyirəm: “Sakit olun, geri çəkilin! Ağacların kölgəsini, qırçınlı pərdələrin arxasını, günbəzli çardaqları istəyirsiniz?”
Dişlərimi qıcaya-qıcaya danışıram və həmin anda pilləkənlərin sürahisi südrəngli şüşələrdən iti axan çay kimi görünür.
“Uçun gedin! Qoy sizi mənim görə bilmədiyim qanadlarınız istədiyiniz yerlərə – uzaq-uzaq kəndlərə, ya da Parisə aparsın!
Ancaq bununla bərabər, pəncərədən gördüklərinizdən də ləzzət alın: hər üç küçədən axışan, bir-birinə yol verməyən, sonra da bir-birinə qarışan nümayişçilərdən, onların son cərgələri keçəndən sonra meydanın boş qalmasından… Onlara yaylıq yellədin, dəhşətə gəlin, kövrəlin, ordan keçən gözəl xanımın şəninə tərif deyin…
Çayın üstündəki taxta körpüdən keçin, orda çimən uşaqlara salam verin, uzaqlardakı kreyserdəki minlərlə matrosun “Urra!” qışqırtısına təəccüblənin…
O yoldan keçən kişinin ardınca düşün, darvazaya gedən ara yola sıxışdırıb ciblərini kəsin, sonra da əlinizi cibinizə qoyub, onun da əli cibində, kədər içində yan küçəyə necə burulduğuna baxın.
Küçələrə səpələnmiş yorğa atlı polislər atlarının qantarğasını çəkirlər, sizi geri sıxışdırırlar. Onlara fikir verməyin, bilirəm ki, boş küçələrdə gəzməkdən bezəcəklər. Bax, cüt-cüt gedirlər, döngələrdən yavaş keçirlər, meydana çatanda isə sanki uçurlar…”
Artıq çatmışam. Düşüb lifti aşağı göndərirəm, sonra qapının zəngini basıram, qulluqçu qız gəlib açır və onunla salamlaşıram…
Tərcümə: Vilayət Hacıyev