1916-cı ildə qələmə alınmış və 1917-ci ildə nəşr edilmişdir. Həkim Hans Bruna və onun həyat yoldaşına həsr edilmişdir.
Nağılın psixoanalitik rəmzləri: dağ özlüyün arxetipidir, bələdçi yol göstərəndir və qəhrəmanın ali «Mən”ini ifadə edir; ağac dünya ağacıdır; quş ruhun rəmzidir.
***
Dərənin girəcəyində, qayalarla əhatə olunmuş yerdə qətiyyətsizlik içində dayanaraq geri çevrildim və arxamda buraxdıqlarıma baxdım.
O yaşıl və səfalı məkanda günəş işıq saçır, çəmənlərdə rəngarəng otlar parıldayırdı. Orda həyat gözəl idi, orda rahat və isti idi, orda ürək könülaçan ətirlərin və çiçəklərin arasında yaşayan arı tək dərindən və rahatdan nəfəs alırdı. Və bəlkə də mən bu yerləri tərk edib dağa qalxmaq istəyimə görə dünyanın ən axmaq adamı idim.
Bələdçi yavaşca çiynimə toxundu. Mən gözümü qəlbimə yaxın olan bu mənzərədən ayırdım və özümü sanki iradəm xaricində isti yatağından qışın soyuğuna çıxmış biri kimi hiss etdim. İndi mən günəş şüalarının çatmadığı zülmətə qərq olmuş dərəyə baxırdım: dərədən kiçicik qara bir bulaq axırdı, onun kənarlarında solğun rənglərə boyanmış qurumuş otlar bitmişdi, bulağın dibində nə zamansa mövcud olmuş, indi isə xatirələrdən belə silinmiş kəslərin sümükləri qədər ölü və solğun olan rəngarəng çınqıl dənələri vardı.
— İstirahət etsək yaxşı olardı – bələdçiyə dedim.
O, səbirlə gülümsündü və biz torpağa oturduq. Sərin idi, dərənin kənarındakı qayalardan soyuq gəlirdi – oradan ətrafa tutqun və iliklərə işləyən hava axını yayılırdı.
Bu yol, doğrudan da, iyrənc və qorxuducu idi. Özünü bu qayaların arasından keçməyə məcbur etmək, bu soyuq bulaqların üzərindən adlamaq, uçurumun sıldırımlı kənarları boyunca zülmət içərisində irəliləmək əzablı və qorxunc idi!
— Dəhşətli yoldur – mən titrəyərək pıçıldadım.
İçimdə sönməkdə olan bir şölə ilə qeyri-mümkün, çılğın bir ümid parlayırdı. Ümid edirdim ki, hələ geri qayıtmaq mümkündür, bələdçini yola gətirmək olacaq, o, bizim ikimizi də bu cür ağır sınaqdan qorumaq istəyəcək. Hə, niyə də olmasın ki? Məgər bizim gəldiyimiz, tərk etdiyimiz yer burdan min dəfə daha gözəl deyildimi? Məgər orda həyat sevgi üçün qapılarını taybatay açmış isti, qayğıkeş axınla nəfəs almırdımı? Və məgər mən bir damla xoşbəxtliyə, bir tikə günəşə, səmanın maviliyi və otların çiçəklənməsi ilə işıq saçan gözlərə haqqı çatan qısa ömürlü, yüngül bir varlıq, bir insan deyildimmi?
Yox, mən qalmaq istəyirdim. Mənim özümü qəhrəman və əzabkeş kimi aparmağa zərrə qədər arzum yox idi. Əgər vadidə, günəşin işıq saçdığı yerdə qala bilsəm, həyatımı rahatlıq və məmnunluq içərisində keçirəcəkdim.
Mən artıq titrəməyə başlamışdım; bu yerdə çox qalmaq olmazdı.
— Sən donmusan – bələdçi dedi – yola düzəlsək yaxşı olar.
Bu sözlərlə o qalxdı, bir anda dikəldi və təbəssümlə mənə baxdı. Bu təbəssümdə nə istehza, nə də şəfqət, nə ciddilik, nə də mərhəmət yox idi. Təbəssümdə heç nə yox idi, anlayışdan başqa, bilikdən başqa. Bu təbəssüm deyirdi: „Mən səni tanıyıram. Sənin qorxularını bilirəm və əlbəttə ki, sənin dünən və srağagün dediyin yüksək sözləri unutmamışam. Sənin qəlbinin qorxu və ümidsizlik içində qaçmağa çalışmasını, sənin orda, vadidə cəlbedici günəş şüaları ilə oyunlarını mən bilirəm – bütün bunlar sənin düşünməyə başlamandan daha öncə mənə məlum olur.”
Bu cür təbəssümlə baxırdı mənə bələdçi. Sonra o, qayalı və qaranlıq dərəyə doğru ilk addımını atdı və mən həmin an ona ölümə məhkum olunmuş cani boynu üzərində dayanmış baltanı sevdiyi və nifrət etdiyi kimi nifrət və sevgi hiss etdim. Amma hər şeydən çox onun məni aparmasına, haqqımda hər şeyi bilməsinə görə nifrət edirdim, onun soyuqluğuna, zəifliklərinin olmamasına xor baxırdım, özümdə onun haqlı olduğunu etiraf etməyə vadar edən, ona haqq qazandıran, ona bənzəyən, onun ardınca getmək istəyən hər şeyə nifrət hiss edirdim.
O, daşların üzəri ilə, qara bulağın kənarları boyunca xeyli irəli getmişdi və bulağın dirsəyindəki qayanın arxasında yoxa çıxmaq üzrə idi.
— Dayan! – qışqırdım mən. Qəlbimə qorxu o dərəcədə hakim olmuşdu ki, ağlımda həmin an “Bu, yuxu olsaydı, mənim dəhşətim çoxdan onun dəmir qandallarını qırıb məni azad etmişdi və mən oyanmışdım” fikri doğdu. – Dayan! – qışqırdım mən – Mən bacarmaram, mən hələ hazır deyiləm.
Bələdçi dayandı və başım üzərindən harasa yuxarıya baxdı. Məzəmmətsiz, lakin o dəhşətli anlayış, dözülməz məlumatlılıq və bəsirət dolu baxışı ilə, hər şeyi əvvəlcədən bilən gözləri ilə baxdı.
— Bəlkə geri qayıdaq? – o soruşdu və o, sözünü heç bitirməmişdi ki, mən iradəm xaricində „yox” deyəcəyimi, “yox” deməli olduğumu anlamağa başladım. Və həmin an bütün keçmiş, adət etdiyim, ürəyimə yaxın olan və sevdiyim şeylər var qüvvəsi ilə etiraz etdi: „“Hə” de, „hə” de!” – və bütün doğma aləm bir yük olub çiyinlərimdən asıldı.
Mən “hə” deyə bağırmaq istəyirdim, halbuki bilirdim, dəqiq bilirdim ki, bacarmayacağam.
O an bələdçi əlini qaldırdı və vadini göstərdi. Və mən bir daha sevdiyim, ürəyimə yaxın olan yerlərə nəzər saldım. Və həmin an mən təsəvvür edə biləcəyim ən dəhşətli mənzərəni gördüm: mən gördüm ki, sevimli və sevgili çəmənlər və vadi ağ və zəif günəşin sönük və sevincsiz şüalarına qərq olub; qışqıran və qeyri-təbii rənglər bir-birinə heç cür uyğun gəlmir; kölgələr tüstü qədər qaradır və əvvəlki kimi əsrarəngiz cazibəsi ilə ağuşuna çağırmır – bu dünyada həyat qalmamışdı, o öz cazibə və gözəlliyindən məhrum olmuşdu – hər yerdən bezdiyimiz, çiyrəndiyimiz keçmiş gözəlliyin qoxusu və dadı gəlirdi. Bütün bunlar mənə tanış idi – mən bələdçinin xoş və sevimli olanı dəyərsizləşdirmək, şirəsini çıxarmaq, həyat enerjisindən məhrum etmək, qoxuları korlamaq, rəngləri sakitcə ləkələmək kimi dəhşətli xasiyyətini tanıyırdım! Eh, mən yaxşı bilirdim: hələ dünən şərab olan, bundan belə sirkəyə çevriləcəkdi. Sirkə isə heç bir zaman şəraba çevrilmir. Heç vaxt.
Mən susur və qəlbimdə kədərlə bələdçinin ardınca getməyə davam edirdim. Axı o haqlı idi, həmişəki kimi haqlı idi. Yaxşı ki, mən onu görə bilirəm, yaxşı ki, ən azından, o, adi vaxtlarda olduğu kimi həlledici anda yoxa çıxıb məni sinəmdən səslənən o yad səslə, müraciət etdiyi, danışdığı o səslə tək qoymaq əvəzinə yanımda qalır.
Mən susurdum, lakin qəlbim durmadan yalvarırdı: „Bircə getmə, bircə məni tək qoyma, mən ki sənin ardınca gəlirəm!”
Bulağın içindəki daşlar dəhşətli dərəcədə sürüşkən idilər, hər dəfə göz önündə kiçilən və ayaqlarının altından sürüşən daşların yaş və dar səthinə ayaq basaraq, daşların üzərindən atlayaraq hərəkət etmək yorucu və cansıxıcı idi. Üstəlik, cığır getdikcə daha çox sıldırımlı olur və qorxunc qayalı divarlar daha yaxına – üzərimizə gəlir, döngələr isə geriyə qayıtmaq üçün yolumuzu kəsirlərmiş kimi bizi daşların əsirinə alırdı. Ziyilli, sarımtıl qayaların üzərində qatı, seliyə bənzəyən su damlaları axırdı. Başımız üzərində nə səmanın maviliyi, nə də buludlar görünürdü.
Mən hey gedir, gedirdim. Mən bələdçinin ardınca gedir, ətrafa qorxu və nifrətdən gözlərimi qıyaraq baxırdım. Budur – yolun üzərində qara bir çiçək, məxmər qaranlıq, kədərli bir baxış var. O, çox gözəl idi və mənə gizlicə nəsə pıçıldayırdı, lakin bələdçi addımlarını yeyinlətdi və mən hiss etdim ki, bir anlıq belə olsa dayansam, bir anlıq belə mənim baxışlarım bu kədərli məxmərə dikilsə, onda qüssə və ümidsiz kədər ağır yük kimi ürəyimdən asılacaq, dözülməz olacaq və qəlbim əbədiyyətə qədər dəlilik və mənasızlıq uçurumunun əsiri olacaq.
Islanmış və çirkli olan mən irəli doğru sürünürdüm və yaş divarlar başımız üzərində birləşərək bizi qaranlığa həbs edəndə bələdçi öz təsəlli nəğməsini oxumağa başladı. O, cingiltili və möhkəm səsi ilə addımlarının ritmində oxuyurdu: “Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm!” Mən bilirdim ki, o, məni ruhlandırmaq və tələsdirmək istəyir, məni bu cəhənnəm əzabının iyrənc bitməzliyindən və ümidsizliyindən uzaq tutmağa çalışır. Mən bilirdim ki, o, mənim bu qəmgin nəğməni təkrar edəcəyimi gözləyir. Lakin mən oxumaq istəmirdim, ona bu qələbəni hədiyə etmək istəmirdim. Məgər mənim nəğmə oxuyacaq halım var idi? Axı mən sadəcə insan idim, mən iradəsi xaricində Tanrının ondan tələb etməyə haqqı olmadığı işlər və qəhrəmanlıqları görməyə sürüklənmiş yazıq və sadə məxluq idim! Məgər bulaq sahilindəki hər qərənfilə, hər yaddaş çiçəyinə taleyində yazıldığı kimi bitdiyi yerdə qalmaq, çiçəkləmək və solmaq ixtiyarı verilməmişdimi?
»Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm” – bələdçi inadla oxuyurdu. Ah, kaş ki, mən geri qayıda bilsəydim! Lakin bələdçinin möcüzəvi yardımı ilə mən artıq elə divarlara dırmanmış, elə dibsiz uçurumlarım üzərindən atlamışdım ki, geri qayıtmaq qeyri-mümkün idi. Hönkürtülər məni boğurdu, boğazımdakı qəhər nəfəs almağa qoymurdu, amma ağlamaq olmazdı, nə olur-olsun, bircə ağlamaq yox. Və onda mən bələdçinin nəğməsini hündürdən oxumağa başladım, mən eyni havanı, eyni ritmdə oxuyurdum, lakin sözlər başqa idi. Mən təkrar edirdim: «Mən bacarmalıyam, mən bacarmalıyam, mən bacarmalıyam!” Lakin yuxarı dırmaşaraq oxumaq olduqca çətin idin, tezliklə təngnəfəs oldum və öskürərək səsimi kəsdim. O isə yorulmadan təkrar etməyə davam edirdi: „Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm” – və tədricən mənə üstün gəldi. Mən onun sözlərini təkrar edərək onunla səs-səsə verib oxudum. Indi yuxarı dırmaşmaq çox daha asan olmuşdu, əslində “istəyirəm” nəğməsi artıq nəfəs almağa mane olmur, yorğunluq gətirmirdi.
Bu nəğmə sanki qəlbimə işıq saçdı və qəlbimdə işıq zülmətə qalib gəldiyi an hamar divarlar bizə yol verirlərmiş kimi geri çəkildilər, daha quru, daha xeyirxah oldular, başımız üzərində isə mavi bir bulaq kimi daş sahillər arasından axan və getdikcə daha da aydınlaşan mavi səma görünürdü, tezliklə bu bulaq gözümüzün önündə artan və genişlənən kiçicik bir mavi gölə çevrildi.
Mən daha çox istəməyə cəhd edirdim, mən öz istəyimə daha çox şövq qatmağa çalışırdım – və mavi göl böyüməyə davam edir, cığırlar daha geniş və daha hamar olur və bəzən mən uzun müddət asanlıqla və heç bir güc sərf etmədən bələdçi ilə ayaqlaşa bilirdim. Və qəflətən tamam yaxınlıqda, başımız üzərində mən bir zirvə gördüm, onun dik yamacları qızmar havada par-par parıldayırdı.
Lap zirvənin ətəyində biz dar dərədən çıxdıq, parlaq günəş şüaları gözlərimi qamaşdırdı, gözlərimi yenidən açdıqda isə qorxudan dizlərim titrədi: sən demə, mən heç nə olmamış kimi, heç bir dayaq olmadan sıldırımlı qayanın tam kənarında dayanmışam: ətrafda ucsuz-bucaqsız səma görünür və qarşımda yalnız şiş uclu zirvə və ona gedən yol dar kəndir pilləkən tək uzanır. Lakin günəş yenə işıq saçırdı, səma yenə parlayırdı və biz həqiqətən bu son təhlükəli hündürlüyə dırmanırdıq – kiçicik addımlarla, qorxumuza var qüvvəmizlə qalib gələrək, gözlərimizi bu əlçatmaz zirvədən ayırmayaraq. Və budur biz ən yuxarıda – dar daş meydançada düşməncəsinə quru, ciddi və seyrək hava ilə nəfəs alaraq dayanmışıq.
Qəribə bir dağ, qəribə bir zirvə idi can atdığımız! Uzun müddət çılpaq, qayalı divarların üzəri ilə sürünərək dırmandığımız bu zirvədə daşdan üzərində bir neçə qısa və qeyri-adi budaqları olan kiçicik bir ağac bitmişdi. Bu qeyri-adi tənha ağac bərk-bərk qayadan yapışaraq, qayaya qovuşaraq dayanmışdı və onun budaqları arasından soyuq, mavi səma görünürdü. Ağacın tam başında isə qapqara bir quş oturmuş, qorxunc nəğməsini oxuyurdu.
Qarşımda bir anlıq rahatlığın sakit görüntüsü vardı: günəş işıq saçır, qayalar istidən yanıb-yaxılır, ağac göylərə yüksəlir və quş hiddətlə oxuyur. O, durmadan təkrar edirdi: „Əbədiyət! Əbədiyyət!” Qara quş oxuyur və durmadan qara bülluru andıran parlaq ciddi gözləri ilə bizə baxırdı. Onun baxışlarına tab gətirmək çətin idi, nəğməsini dinləmək çətin idi, lakin bunlardan daha dəhşətlisi bu yerin tənhalıq və boşluğu, təmiz səmanın ucsuz-bucaqsız, başgicəlləndirici ənginliyi idi.
Burada, bu yerdə ölmək təsəvvürə belə gətirilə bilməyəcək səadətə bənzəyirdi; bu yerdə qalmaq dillə ifadə edilə bilinməyəcək əzab idi. Nə isə baş verməli idi bu an, yoxsa biz və bütün aləm — ətrafda olan hər şey dəhşətli iztirabdan daşa çevriləcəkdi. Mən fırtınadan əvvəlki mehi hiss edirmişəm kimi baş verməkdə olanın boğucu və ağır nəfəsini hiss etdim. Mən onun dözülməz bir hərarətlə ruhuma və canıma işlədiyini duydum. O, başımızın üstünü alırdı, o, artıq yaxında idi, o, artıq çatmışdı.
… Bircə anın içində quş ağacdan ayrılaraq bir daş kimi fəzaya atıldı.
Mənim bələdçim səmaya oxlanaraq atladı, parlayan səmaya düşdü və uçdu.
Və budur o – mənim taleyimin dalğası göylərə ucaldı, qəlbimi ardınca çəkdi-apardı və səssizcə yerə çırpıldı.
Və mən də artıq düşürdüm, harasa yıxılırdım, sürünürdüm, uçurdum; soyuq hava axınının ağuşunda olan mən səadət və əzabdan titrəyərək aşağı – sonsuzluqdan anamın sinəsinə atılırdım.
Rus dilindən tərcümə: Fəridə Paşa