Austinin şimalında bir vaxtlar namuslu bir Smoders ailəsi yaşayırdı. Con Smodersin ailəsi arvadından, beş yaşındakı balaca qızından və onun valideynlərindən ibarət idi. Kəndin rəsmi siyahıyaalmasında ailə altı nəfərdən ibarət olsa da, əslində onlar üç nəfər idilər.
Bir axşam şam yeməyindən sonra balaca qız şiddətli mədə sancısıyla qıvrılmağa başladı. Con Smoders vaxt itirmədən evdən çıxıb kəndə dərman almağa getdi. Amma o, bir də heç vaxt geri qayıtmadı.
Balaca qız bir müddət keçəndən sonra sağaldı, sonra da böyüyüb gözəl gənc qadın oldu. Ana illərlə yoxa çıxan əri üçün çoxlu göz yaşı tökdü. Amma üç ay bundan əvvəl ailə qurub San-Antonio kəndində yerləşdi. Bir müddət sonra balaca qız da ailə qurdu və aradan illər keçdikdən sonra balaca qızın da qızı dünyaya gəlib beş yaşına çatdı. Gənc qadın isə hələ də atasının onları tərk edib və bir də heç vaxt geri qayıtmadığı evdə yaşayırdı.
Bir gecə qəribə bir hadisə baş verdi. İllər öncə Con Smodersin yoxa çıxdığı gecədəki kimi gənc qadının balaca qızı mədə sancılarıyla qıvrılmağa başladı. Əgər Con Smoders yaşayırdısa deməli, o, nəvə sahibi də olmuşdu. Con Smit (gənc qadının əri) arvadına «Mütləq kəndə gedib balaca qızıma dərman almalıyam» dedi. Arvadı «Yox, yox, Con getmə. Bəlkə, sən də evə qayıtmağı unudub əbədi yoxa çıxarsan», — deyə ərinin getməyinə etiraz elədi.
Beləcə Con Smit balaca qızı üçün dərman almağa getmədi. O, arvadıyla birlikdə gəlib balaca Penzinin (balaca qızın adı Penziydi) başı üstündə dayandılar. Bir müddət sonra Penzinin halı lap pişləşdi. Con Smit təkrar balaca qızı üçün dərman almağa getmək istədi, amma arvadı yenə də ona mane oldu. Elə bu vaxt birdən-birə evin qapısı açıldı və hardansa gəlmiş uzun və ağ saç-saqqallı, donqar, yaşlı bir qoca kişi beli bükülmüş vəziyyətdə içəriyə girdi.
Penzi qoca kişini «Xoş gördük, baba» deyə salamladı. Balaca qız yaşlı adamı o birilərindən əvvəl tanımışdı. Qoca kişi cibindən tez dərman şüşəsini çıxardaraq Penziyə bir qaşıq sirop içirtdi. Balaca qızın vəziyyəti dərhal yaxşılaşdı və o sağaldı. Con Smoders «Tramvayı gözlədiyim üçün bir az gecikdim» dedi.
Çevirdi: Seyid Ramin