Yəhudi yazıçı Edqar Keret 1967-ci ildə anadan olub. İsraildə yaşayır, ivrit dilində yazır.
1. Mütləq sevərək yazın.
Yazarlar yazma müddətinin nə qədər çətin və əziyyətli olduğunu vurğulamağı sevirlər. Yalan deyirlər. İnsanlar həqiqətən xoşlandıqları bir şeyi edərək pul qazandıqlarını demək istəmirlər. Yazmaq başqa bir həyat yaşamağın yoludur-bir xeyli fərqli həyat yaşamağın. Əsla olmadığınız, amma içlərində tamamilə sizi əks etdirən insanların həyatını. Oturub bir səhifəylə üzləşməyə çalışdığınız-bacara bilməsəniz belə-hər dəfəsində həyatınızın üfüqünü genişləndirə bilmə fürsətinə sahib olduğunuz üçün şükür edin. Bu əyləncəlidir. Möhtəşəmdir. Dəyərlidir. Və heç bir halda kiməsə sizə bunun əksini inandırmağa icazə verməyin.
2. Obrazlarınızı sevin.
Bir obrazın həqiqi ola bilməsi üçün dünyada ən az bir insanın o obrazdan xoşu gəlsə də, gəlməsə də onu sevməsi, anlaması lazımdır. Yaratdığınız obrazların anası, atası sizsiziniz. Əgər siz onları sevməyəcəksinizsə, heç kəs sevməyəcək, bundan əmin olun.
3. Yazdığınız zaman kiməsə nəsə borclu deyilsiniz.
Real həyatda düzgün yaşamasanız, həbsə və ya ruhi xəstəxanaya düşmə ehtimalınız var. Amma yazıda hər şey sərbəstdir. Əgər hekayədə cazibəli bir obrazınız varsa, onu öpün. Yox, əgər nifrət etdiyiniz bir obraz varsa, atəş edin ona. Əgər iş yazmağa gəldisə, klaviaturanın bir düyməsi ilə planetləri yox edə bilər, sivilizasiyaları yer üzündən silə bilərsiniz. Bir saat sonra isə alt mərtəbədəki qonşunuzla qarşılaşar, ona salam verərsiniz.
4. Hər zaman ortadan başlayın.
Başlanğıc keksin, keks qabına dəymiş yanıq kənarı kimidir. Başlamaq üçün buna ehtiyacınız ola bilər, amma yemək mümkün olmaz.
5. Sonunu təxmin etməməyə çalışın.
Maraq böyük bir gücdür. Onu əldən verməyin. Bir hekayə, ya da bir hissə yazarkən şəraitin və obrazların iradəsini əlinizdə tutun, amma sürpriz hadisələrə təəccüblənməyə də davam edin.
6. Bir şeyi heç bir zaman “adət” etdiyiniz üçün istifadə etməyin.
Fəsillər, qoşa vergüllər, səhifəni çevirdiyiniz zaman adı dəyişməz qalan obrazlar: bunlar yalnız sizə xidmət etmək üçün var olan qaydalardır. Əgər bir işinizə yaramırsa, boş verin getsin. Bir qaydanın oxuduğunuz hər kitabda işə yaraması sizin kitabınızda da işə yarayacağı mənasına gəlməz.
7. Özünüz kimi yazın.
Əgər Nobokov kimi yazmağa çalışsanız bilin ki, dünyada bunu sizdən yaxşı bacaran (və adı Nobokov olan) ən azı bir adam var. Amma öz tərzinizdə yazmağa çalışsanız, özünüz olma məsələsində dünya çempionu hər zaman siz olacaqsınız.
8. Yazanda otaqda mütləq tək olun.
Kafelərdə yazmaq romantik səslənsə də ətrafınızda insanların olması siz fərqində belə olmadan uduzmağınıza gətirib çıxaracaq. Heç kəs olmadığı zaman isə öz-özünüzə danışa bilər, hətta fərqinə belə varmadan burnunuzu da eşə bilərsiniz. Bəzən yazı yazmaq burun eşməyə da bənzəyər.
9. Yazdıqlarınızı sevən insanların sizi təşviq etmələrinə icazə verin.
Və geri qalan hər kəsi görməzdən gəlin. Yazdığınız şey onlara görə deyilmiş, boş verin. Dünyada sizdən başqa o qədər yazar var ki. Əgər kifayət qədər axtarsalar əvvəl-axır öz istəklərinə uyğun bir yazar tapacaqlar.
10. Hər kəsin məsləhətini dinləyin, amma ona əməl etməyin (mən xaric).
Yazmaq dünyadakı ən məhrəm hisslərdən biridir. Kiminsə sizə qəhvəni şəkərli, yoxsa südlü içməyi öyrətməyəcəyi kimi necə yazacağınızı da başqasından öyrənə bilməzsiniz. Biri sizə doğru görünən, rahat gələn bir tövsiyə verərsə istifadə edin. Biri sizə doğru görünən, amma rahat gəlməyən bir şeyi tövsiyə edərsə, üzərində bir saniyə də durmayın. Başqasına yaxşı təsir edə bilər, amma sizə deyil.