— Sizinlə razılaşmıram, — deyərək ev sahibi dilləndi. — Nə ölüm cəzasını, nə də ömürlük həbsin dadını bilmirəm, lakin a priori söyləmək mümkünsə, onda, məncə, ölüm cəzası həbsdən daha əxlaqlı və humanistdir. Qətl tez öldürür, ömürlük həbs isə yavaş-yavaş. Bu halda hansı cəllad daha insaflıdır? Sizi bir neçə dəqiqədə öldürən, yoxsa canınızı uzun illər ərzində tədricən alan?
Qonaqlardan biri dedi :
— Hər ikisi eyni dərəcədə mənəviyyatsızlıqdır, çünki hər ikisi də eyni məqsəd daşıyır, həyatdan məhrum etmə. Dövlət allah deyil, istəyəndə qaytara bilməyəcəyi bir şeyi onun almağa haqqı yoxdur.
Qonaqların arasında iyirmi beş yaşlı cavan bir hüquqşünas oturmuşdu. Onun fikrini soruşanda, o dedi:
— Ölüm cəzası da, ömürlük həbs də eyni dərəcədə mənəviyyatsızlıqdır, lakin bunların birini seçməyi təklif etsəydilər, mən, əlbəttə ki, ikincini tərcih edərdim. Bir təhər yaşamaq heç yaşamamaqdan yaxşıdır.
Canlı mübahisə başladı. O zaman daha cavan və əsəbi olan bank sahibi birdən özündən çıxaraq, yumruğunu masaya çırpıb gənc hüquqşünasa üz tutaraq qışqırdı:
—Yalandır! İki milyona mərc gəlirəm ki, qazamatda heç beş il də otura bilməzsiniz.
— Bu ciddi təklifdirsə, onda mərc gəlirəm ki, beş yox, on beş il oturaram, — deyərək hüquqşünas cavab verdi.
Bankir çığırdı:
— On beş? Oldu! Cənablar, iki milyon qoyuram!
Hüquqşünas:
— Razıyam! Siz milyonlarınızı, mən isə öz azadlığımı qoyuram!
Bu vəhşi, mənasız mərc də beləcə baş tutdu! O zaman milyonlarının sayını bilməyən, ərköyün və yelbeyin bankir mərcdən heyrətə gəlmişdi. O, şam yeməyi zamanı hüquqşünasla zarafat edib deyirdi:
— Cavan oğlan, hələ ki gec deyil, ağlınızı başınıza yığın. Mənim üçün iki milyon heç nədir, amma siz ömrünüzün üç-dörd ən gözəl illərini itirməyə risk edirsiniz. Üç-dörd deyirəm, çünki bundan artıq otura bilməyəcəksiniz. Bir də ki, ay bədbəxt, unutmayın ki, könüllü həbs məcburi həbsdən daha ağırdır. Hər an azadlığa çıxa bilmə imkanınızın olması bütün mövcudluğunuzu zəhərləyəcəkdir. Sizə yazığım gəlir!
İndi də bank sahibi o başa-bu başa addımlayaraq, bütün bunları xatırlayıb özünə sual verirdi:
— Nəyə lazım idi bu mərc? Hüquqşünas həyatının on beş ilini itirməyində, mənim isə iki milyonumu çölə atmağımda nə fayda? Ölüm cəzasının ömürlük həbsdən daha pis və ya daha yaxşı olmasını insanlara bu mərc sübut edə bilərmi heç? Yox, bir daha da yox. Bu, cəfəng və mənasızdır. Mənim tərəfimdən bu addım tox adamın şıltaqlığı idi, hüquqşünasın tərəfindən isə — pula olan adi hərislik...
Sonra o, həmin gecədən sonra baş verənləri yada salır. Qərara alınır ki, hüquqşünas öz həbsini ciddi nəzarət altında bankirin bağında tikilmiş kiçik evlərin birində keçirəcək. Şərtləşmişdilər ki, oğlan on beş il ərzində otağın kandarından ayağını qoymaq, insan üzü, insan səsi eşitmək, məktub və qəzet almaq ixtiyarından məhrum olunur. Musiqi alətində çalmaq, kitab oxumaq, məktub yazmaq, şərab içmək və tütün çəkmək ona qadağan deyildir. Ətraf aləmlə oğlanın ünsiyyəti, şərtə görə, danışmayaraq, yalnız kiçik pəncərədən mümkün idi. Lazım olan kitabı, musiqi notlarını, şərab və sair əşyaları ürəyi istədiyi qədər məktubla sifariş edə, amma yalnız pəncərədən ala bilərdi.
Həbsi çox ciddi şəkildə tək-tənha keçirmək üçün müqavilə bütün ayrıntıları nəzərə alırdı. Bu sənədə görə, hüquqşünas düz on beş il, 1870-ci il 14 noyabr saat 12-dən 1885-ci il 14 noyabr saat 12-dək otaqda qalmalı idi. Hüquqşünas tərəfindən ən cüzi şəkildə şərtləri pozmaq cəhdi, danışılan vaxtın bitməsinə iki dəqiqə qalmış hətta, iki milyonu ona vermək vəzifəsindən bank sahibini azad edəcəkdir.
Qısa məktublarından belə anlamaq olurdu ki, həbsin ilk ilində hüquqşünas təklik və darıxmaqdan çox əziyyət çəkirdi. Onun otağından gecə-gündüz royal səsləri eşidilirdi! O, şərab və tütündən imtina edir. O yazır ki, şərab istəkləri coşdurur, istəklər isə məhbusun ilk düşmənləridir; bundan əlavə, yaxşı şərab içərkən heç kimi görməməkdən darıxdırıcı bir şey yoxdur. Tütün isə otaqda havanı korlayır. Birinci il hüquqşünasa əsasən yüngül məzmunlu kitablar göndərilirdi: mürəkkəb sevgi intriqalarıyla dolu romanlar, cinayət haqda və fantastik hekayələr, komediyalar və s.
İkinci il otaqda musiqi sədaları kəsilir və hüquqşünas məktublarında təkcə klassikləri tələb edir.
Beşinci il musiqi təzədən eşidilir və məhbus şərab istəyir. Pəncərədən ona nəzarət edən qulluqçular söyləyirdilər ki, bütün bu il o, ancaq yeyir, içir və çarpayıda uzanır, tez-tez əsnəyir, özü-özüylə hirsli-hirsli danışır. Kitab oxumur. Hərdən gecələr yazmağa başlayır, çox yazır, səhərə yaxın da bütün yazdıqlarını cırır. Bir neçə dəfə onun ağladığını eşidirlər.
Altıncı ilin ikinci yarısı məhbus cidd-cəhdlə xarici dillər, fəlsəfə və tarix öyrənməklə məşğul olmağa başlayır. O, bu elmlərə elə şövqlə baş vurur ki, bankir onun üçün yeni kitabları sifariş etməyi ancaq çatdırırdı. Dörd il ərzində dustağın tələbi ilə təxminən altı yüz cild kitab sifariş olunur. Bu həvəs dövrünün arasında bank sahibi məhbusdan belə bir yazı alır: “Əziz dustaqxana gözətçim! Bu sətirləri sizə altı dildə yazıram. Onları başı çıxan adamlara göstərin, qoy oxusunlar. Bircə dənə də səhv tapmasalar, yalvarıram sizə, onda əmr edin ki, bağda tüfəngdən göyə atəş açsınlar. Bu atəş, səylərimin hədərə getməməsi xəbərini verər mənə. Bütün əsrlər və ölkələrin dahiləri müxtəlif dillərdə danışırlar, amma hamısında eyni alov yanmaqdadır. Aah, onları anladığıma görə nə qədər xoşbəxt olduğumu bilsəydiniz kaş!” Məhbusun arzusu yerinə yetirilir. Bankir, bağda iki dəfə atəş açmağa əmr verir.
10 ildən sonra hüquqşünas masa arxasında tərpənmədən oturub yalnız İncili oxuyur. Dörd ildə altı yüz mürəkkəb kitabların öhdəsindən gələn adamın bircə dənə rahat, qalın olmayan bu kitabın oxunmasına bir ilə yaxın sərf etməsi bankirə qəribə gəlirdi. İncilin ardınca sıra gəlir dinlərin tarixi ilə ilahiyyata.
Həbsin son 2 ilində məhbus həddindən artıq çox, nə olsa oxuyur. O, gah təbii elmlərlə məşğul olur, gah da Bayron və ya Şekspiri tələb edirdi. Hərdən dustaq eyni zamanda öz məktublarında kimya, tibb dərsliyi, roman, hansısa fəlsəfi və ya ilahiyyat əsərini göndərməyi xahiş edirdi. Onun mütaliəsi, gəmi qırıntıları arasında dənizdə üzən və həyatını xilas etmək üçün gah o gah da bu qırıntıdan tutmağa çalışan adamın hərəkətlərinə bənzəyirdi!
II
Bank sahibi bunları yada salıb düşünürdü: “Sabah saat 12-də o, azadlığa çıxacaq. Şərtə görə, ona iki milyon ödəməliyəm. Ödəsəm — hər şey məhv olacaq: olan-qalan pulumu da itirəcəyəm...”
On beş il öncə o, milyonlarının sayını bilmirdi, indi isə pulunun, yoxsa borclarının daha çox olduğunu özündən soruşmağa qorxurdu.
Ehtiraslı birja oyunu, təhlükəli alver və qocalıqda da imtina edə bilmədiyi ehtirası tədricən işlərini tənəzzülə gətirib çıxarmışdı. Qorxmaz, özünə güvənən, təkəbbürlü zəngin bu kişi, hər kağız bahalaşması və ucuzlaşmasında canına əsməcə düşən orta səviyyəli bankirə çevrilmişdi.
Ümidsizlik içində qalmış qoca, başını əlləriylə tutub öz-özünə danışır:
— Lənətə gəlmiş mərc! Bu adam niyə ölmədi? Onun hələ qırx yaşı var. Son pullarımı məndən alacaq, evlənəcək, həyatdan ləzzət alacaq, birjada oynayacaq, mən isə dilənçi kimi paxıllıqla ona baxıb ondan hər gün eyni sözləri eşidəcəyəm: “Həyatımın xoşbəxtliyinə görə sizə borcluyam, izin verin sizə kömək edim!” Yox, bu lap ağ olar! İflas və rüsvayçılıqdan yeganə çıxış yolu varsa, o da — bu adamın ölümüdür!
Saat üç oldu. Bankir diqqətlə qulaq asır: evdə hamı yatmış, pəncərədən üşümüş ağacların xışıltısı gəlir ancaq. O, səssiz olmağa çalışaraq seyfindən on beş ildə açılmayan qapının açarını çıxarır, paltosunu geyinib evdən çıxır.
Bağ, qaranlıq və soyuq idi. Kəskin nəm külək uğultuyla bağı bürüyüb ağacların rahatlığını pozurdu. Bankir gözlərini nə qədər zilləsə də, nə yeri, nə ağ heykəlləri, nə bağdakı tikilini, nə ağacları görmürdü. O, tikili otaq yerləşən yerə yaxınlaşıb iki dəfə gözətçini səslədi. Cavab gəlmir. Yəqin, gözətçi pis havadan gizlənib, ya mətbəxdə, ya da oranjereyada yatmışdı.
Qoca düşünür: “Niyyətimi həyata keçirməyə gücüm çatsa, şübhə ən əvvəl gözətçinin üstünə düşəcək.”
Qaranlıqda pilləkən və qapını tapıb tikilinin ön hissəsinə keçir, sonra çətinliklə kiçik dəhlizə keçib kibrit yandırır. Burada heç kim yoxdur. Döşəksiz, yorğansız bir çarpayı, küncdə də çuğun peç qaraltısı görünürdü. Məhbusun otağına aparan qapının möhürləri yerində idi.
Kibrit sönəndən sonra həyəcandan titrəyən qoca, kiçik pəncərədən boylanır.
Məhbusun otağında zəif bir şam yanır. Oğlan masa arxasında oturmuş, yalnız kürəyi, başı və əlləri görünür. Masanın da, yanındakı iki kürsü və xalça üstündə də açıq kitablar var.
Beş dəqiqə keçir, məhbus isə bir dəfə də olsun tərpənmir. On beş illik dustaqlıq, ona hərəkətsiz oturmağı öyrətmişdi. Bank sahibi barmağı ilə pəncərəni döyür, dustaq isə bu səsə cavab olaraq heç tərpənmir. Belə halda bankir ehtiyatla qapıdan möhürləri qoparıb açarı qıfıla salır. Paslanmış qıfıldan xırıltı çıxır, qapı cırıldayır. Bu məqamda qoca, təəccüb və addım səslərini gözləyir, amma üç dəqiqə keçir, qapının arxasında isə yenə də sakitlik duyulur. O, otağa keçməyə ürək edir.
Masa arxasında adi adamlara bənzəməyən tərpənmədən bir insan oturmuşdu. Bu, dəri ilə örtülmüş, uzun cod qıvrım saçları və pırtlaşıq saqqalı olan skelet idi. Sifətinin rəngi sarı, torpaq rənginə bənzəyir, yanaqları batıq, kürəyi uzun və ensiz, saçlı başını tutan əli isə çox nazik və arıq olduğundan, ona baxmaq qorxunc idi. Saçlarına artıq dən düşmüşdü, qocalmış üzgün sifətə baxanlardan heç kim inanmazdı da ki, bunun cəmi qırx yaşı var. O, yatmışdı… Masanın üstünə əyilmiş başının önündə çox kiçik xətlə yazılmış bir kağız var idi.
Bankir düşünür: “Yazıq! Yatıb, yuxuda da, ola bilsin, milyonlarımı görür! Amma bu yarım-meyiti çarpayıya atıb balıncla yüngülcə ağzını tutmağım bəsdir ki, ən vicdanlı tibbi yoxlama da zor nəticəsində ölüm nişanələrini tapa bilməsin. Lakin əvvəl oxuyaq görək o, burada nə yazıb...”
Bank sahibi masanın üstündən kağızı götürüb aşağıdakıları oxuyur:
“Sabah saat 12-də azad olub insanlarla ünsiyyətdə olma haqqımı əldə edirəm. Amma bu otağı tərk edib günəşi görmədən öncə sizə bir neçə söz deməyi gərək bilirəm. Təmiz vicdanla və məni görən tanrı qarşısında sizə ərz edirəm ki, azadlığa da, həyata da, sağlamlığa da, sizin kitablarınızda dünyanın nemətləri adlandırılan hər şeyə də nifrət edirəm.
On beş il diqqətlə yer həyatını öyrənmişəm. Düzdür, yeri və insanları görmürdüm, amma kitablarınızda ətirli şərab içirdim, şərqilər oxuyurdum, meşələrdə maral və vəhşi qabanlar ovlayırdım, qadınlar sevirdim… Dahi şairlərinizin sehri ilə yaradılan bulud kimi gözəllər yanıma gəlib mənə kefləndirici gözəl nağıllar pıçıldayırdılar. Sizin kitablarınızda Elbrus və Monblanın zirvələrinə dırmaşıb oradan səhər çağları günəşin doğmasını, axşamlar da səmanın, okeanın və dağların başının qızılı rənglərə bürüməsini görürdüm. Oradan başımın üstündən qara buludları yarıb şaxan ildırımları görürdüm.
Yaşıl meşələri, tarlaları, çayları, gölləri, şəhərləri görürdüm. Dəniz pərilərinin nəğmələrini və çoban tütəyinin havasını duyurdum, tanrı haqda mənimlə söhbətləşməyə uçub gələn gözəl iblislərin qanadlarını oxşayırdım… Sizin kitablarda dibsiz dərələrə atılırdım, möcüzələr yaradırdım, öldürürdüm, şəhərləri atəşə verirdim, yeni dinlər təbliğ edirdim, bütöv dövlətləri fəth edirdim… Kitablarınız mənə müdriklik verdi. Əsrlər boyu yorulmaz insan zəkasının yaratdıqları, başımda kiçik topa kimi sıx yığışıbdır. Bilirəm ki, hamınızdan ağıllıyam.
Sizin kitablarınıza da, dünyanın bütün nemətlərinə və müdrikliyə də nifrət edirəm. Hər şey əhəmiyyətsiz, fani, xəyali və aldadıcıdır. Qürurlu, müdrik və gözəl olsanız da, ölüm, zirzəmi siçanlarıyla bərabər sizi də yer üzündən siləcəkdir. Nəslinizin, tarixinizin, dahiliklərinizin ölməzliyi isə yer kürəsi ilə birlikdə donacaq ya da yanıb kül olacaqdır.
Siz dəli olmusunuz və yanlış yolla gedirsiniz. Yalanı — həqiqət, eybəcərliyi isə gözəllik hesab edirsiniz.
Birdən hansısa şərait üzündən alma və portağal ağaclarında meyvə yerinə qurbağa və kərtənkələlər bitsəydi və ya qızılgüldən tərli at iyi gəlsəydi, təəccüblənərdiniz. Beləcə mən də göyü yerə dəyişən sizlərə təəccüb edirəm. Sizi anlamaq istəmirəm.
Sizin yaşadıqlarınıza nifrətimi gerçəkdən göstərmək üçün bir zaman cənnət kimi arzuladığım, indi də nifrət bəslədiyim o iki milyondan imtina edirəm. Onlara yiyələnmək hüququmdan özümü məhrum etmək üçün buradan şərtləşdirilmiş vaxtdan beş saat qabaq çıxıb bununla müqaviləni pozacağam… ”
Bunu oxuyan bankir kağızı masanın üstünə qoyur, qəribə adamı başından öpür, ağlayıb otaqdan çıxır. Hələ heç zaman, hətta birjada güclü uduzmalardan sonra da o, özünə qarşı indiki kimi nifrət hiss etməmişdi.
Qoca, evə gəldikdə çarpayıya uzanır, amma həyəcanla göz yaşları xeyli vaxt onu yuxuya getməyə qoymur...
Sabahısı səhər çağı bənizi qaçmış gözətçilər qaçıb gəlib xəbər verirlər ki, otaqda yaşayan adamın pəncərədən bağa düşdüyünü, darvazaya tərəf getdiyini, sonra da gözdən itdiyini görüblər.
Bank sahibi qulluqçularıyla birlikdə dərhal bağdakı otağa gedib məhbusun gerçəkdən də qaçdığının şahidi olur. Artıq söz-söhbətlər yaratmamaq üçün o, imtina kağızını masanın üstündən götürür, evinə qayıdan kimi də onu seyfində gizlədir.
1888-ci il.
İlahə Ucaruhun tərcüməsində