O vaxt Corc Villard hələ yeniyetmə bir oğlan idi. Alisa Hindmanın isə iyirmi yeddi yaşı vardı. Və bu iyirmi yeddi yaşlı qadın bütün ömrünü Vinesburqda yaşamışdı. O, Vinney parça mağazasında işləyir və ikinci dəfə ərə getmiş anası ilə birgə ömür sürürdü.
Alisanın ögey atası içki düşkünü olan bir fayton rəngsazı idi. Onun da nə zamansa qələmə alınacaq maraqlı bir həyat hekayəsi var.
İyirmi yeddi yaşlı Alisa hündürboy, incə bir qız idi. Onun başı bir qədər böyük görsəndiyindən, bədəninin gözəlliyinə azca kölgə salırdı. Çiyinləri bir az qabağa çıxmışdı. Saçları kimi gözləri də qəhvəyi rəngə çalırdı. Təbiətcə çox sakit qız idi, amma onun bu sakit görkəmi arxasında qəribə bir çılğınlıq gizlənirdi.
Alisa işləməyə başlamazdan əvvəl, hələ on altı yaşı olanda cavan bir oğlan ilə görüşürdü. Ned Kru adlı bu oğlan yaşca Alisadan böyük idi. Corc Villard kimi o da “Vinesburq qartalı” qəzetində işləyirdi və artıq neçə vaxt idi ki, hər axşam Alisa ilə görüşməyə gedirdi. Onlar şəhər küçələri boyunca ağaclar altında gəzişər və gələcək həyatlarından, qurduqları xəyallardan danışardılar. Alisa o vaxtlar çox gözəl idi və bir dəfə Ned onu qolları arasına alaraq öpmüşdü. Ned həyəcanlanmış, düşünmədən nəsə qarmaqarışıq bir-iki kəlmə söz də demişdi. Alisa isə həmin an bütün utancaqlığını, bütün çəkingənliyini özündən uzaqlaşdırıb hisslərinə təslim olmuşdu.
Alisanın ömrünün on altıncı payızında, o payızın axırlarında Ned Kru şəhər qəzetlərinin birində özünə iş tapmaq, mənsəb qazanmaq üçün Klivlendə getməyi qərara aldı. O vaxt Alisa da onunla getmək istədi. Alisa səsi titrəyə-titrəyə fikrindən keçəni ona da dedi:
-Mən də özümə bir iş taparam. İkimiz də işləyərik. Mən səni əziyyətə salmaq, sənə yük olmaq istəmirəm. Biz indi evlənməsək də olar. Bunsuz da biz bir yerdə yaşaya, bir yerdə ola bilərik. Eyni evdə qalsaq da, heç kim bizə heç nə deməyəcək. Şəhərdə onsuz da bizi tanıyan olmayacaq.
Ned Kru sevdiyi qızın bu qətiyyətindən, bu sərbəstliyindən çox təəccüblənmişdi. Alisanın bu sözləri ona çox təsir etmişdi.
İndiyə qədər Alisanı ancaq sevgilisi kimi düşünürdü, indi isə Ned Alisanı qorumaq, onun qayğısına qalmaq istəyirdi.
-Əzizim, sən nə danışdığını bilmirsən,- o demişdi,- axı sən özün də yaxşı başa düşürsən ki, mən heç vaxt səni belə şey eləməyə qoymaram. Orda bir iş tapıb, bir az pul qazanandan sonra qayıdacam. Sənsə hələlik burda qalmalısan. İnan mənə, ikimiz üçün də belə yaxşı olar.
Vinesburqu tərk etməzdən əvvəl burda keçirdiyi axırıncı axşamında Ned Kru son dəfə Alisa ilə görüşdü. Onlar bir saata yaxın bütün küçələri gəzib dolaşdılar, sonra isə “Vesley Mayor” mağazasından zər baftalı bir paltar alıb, kənd yolları boyunca gəzməyə davam elədilər. Buludsuz, apaçıq səmada dopdolu bir Ay yollara işıq saçırdı və bu Ay işığında indi onlardan heç biri bir kəlmə söz də deyə bilmirdi. Gənc oğlanın kədəri onun bütün cəsarətini də əlindən almışdı.
Onlar Vayn Grik çayının aşağılarına qədər uzanan uzun, yamyaşıl bir çəmənliyin yanında kabrioletdən düşdülər. İndi orda, gecənin tutqun işığında başqa sevgililər də gəzişirdilər. Gecəyarısı şəhərə qayıdanda ikisinin də kefi kök idi. Onlara elə gəlirdi ki, bu gecənin möcüzəli gözəlliyini heç nə korlaya bilməz.
-Hər şey yaxşı olacaq, Alisa, bir az səbr elə, hər şey biz istədiyimiz kimi olacaq, -Ned Kru bu sözləri Alisanın evi önündə axırıncı görüşlərindən sonra onu burda qoyub gedəndə söylədi.
Klivlenddə qəzet mətbəəsində gənc jurnalistin işi o qədər də yaxşı gətirmədi və o, qərbə — Çikaqoya üz tutdu. Çikaqoda tək olduğu vaxtlarda o, demək olar ki, hər gün Alisaya məktub yazırdı. Sonra tezliklə şəhər həyatına qapıldı, özünə təzə dostlar tapdı, getdikcə yeni həyatında yeni maraqlar onu daha çox cəlb etməyə başladı. Çikaqoda onun qaldığı evdə bir neçə başqa qadın da yaşayırdı. Nedin o qadınlardan biri xoşuna gəlirdi və artıq Vinesburqdakı Alisanı unutmuşdu. Həmin ilin axırında Ned daha məktub yazmağı da dayandırmışdı və yalnız bircə dəfə, tək qaldığı günlərin birində şəhər parklarında gəzişdiyi vaxt, Ay işığının eynən o gecədəki kimi, o çay kənarındakı yamyaşıl çəmənliyin üstündə alışıb-yanan Ay işığına necə oxşadığını görəndə Alisanı yadına salmışdı.
Vinesburqdakı o qızın isə yaşının üstünə yaş gəlməkdə idi. Alisa iyirmi iki yaşında olanda atası qəfildən dünyasını dəyişdi. Alisanın atası vaxtilə orduda xidmət göstərmişdi və ölümündən bir neçə ay sonra onun dul qalmış qadınına müavinət verilməyə başlandı. Qadın isə ilk pulu ilə toxucu dəzgahı aldı və xalça toxucusu kimi işləməyə başladı. Alisa Vinney mağazasında özünə iş tapdı. Bu illər ərzində bircə hadisə də baş vermədi ki, Alisa Ned Krunun gəlməyəcəyinə inanıb birdəfəlik gözləməyin daşını atsın.
O, təzə işə başladığına görə sevinirdi, çünki mağazadakı gündəlik iş onun başını qatırdı, gözləməyinin əzabını azaldırdı. O, pul yığmağa da başlamışdı və düşünürdü ki, istədiyi qədər pul yığandan sonra o da Nedin yaşadığı şəhərə gedəcək və onu orada axtarıb tapacaq.
Alisa bütün olanlara görə heç də Nedi günahlandırmırdı, amma nədənsə ona elə gəlirdi ki, heç vaxt başqa biri ilə evlənə bilməz. Nedə qarşı illərdir ürəyində daşıdığı o hissləri indi başqa birinə qarşı duymaq ona çox əcaib və qəribə bir xülya kimi görünürdü. Ətrafındakılardan çoxunun Alisadan xoşu gəlsə də, Alisa onların heç birinə diqqət yetirmirdi.
-Mən onun qadınıyam, o gəlsə də, gəlməsə də axıracan onun qadını olaraq da qalacam, — öz-özünə deyirdi.
Alisa parça mağazasında səhər saat səkkizdən axşam altıya qədər işləyirdi. Həftənin üç günü isə axşam yeddidə yenidən bura qayıdır və saat doqquza qədər işləməyə davam edirdi. Günlər keçdikcə Alisa tənhalığını daha acı şəkildə duyurdu və bütün tənha insanlara xas xüsusiyyətlər yavaş-yavaş ona da sirayət etməyə başlamışdı. Gecələr yuxarıya — öz otağına qalxar, döşəmənin üstündə diz çökər və dua eləyərdi. Dualarında isə başqa kəlmələri — sevgilisinə demək istədiyi sözləri pıçıldayardı. Alisa yavaş-yavaş cansız əşyalara bağlanmağa başlamışdı və otağındakı əşyalara kiminsə əl vurmasına, kiminsə toxunmasına dözə bilmirdi.
İndi Alisa, demək olar, pul yığmağı da dayandırmışdı. Onun pul yığmağı sanki mənasız, məqsədsiz bir vərdişə çevrilmişdi. Əyninə geyindiyi bütün paltarları köhnəlsə də, təzə paltar almağa belə pul xərcləmək istəmirdi.
Yağışlı günlərdə mağazada olarkən, bəzən hesab dəftərçəsini qarşısına qoyar, gələcək xoşbəxt həyatlarında yığdığı pulları əriylə birgə necə xərcləyəcəkləri haqqında xəyallara dalardı.
-Ned həmişə başqa ölkələri gəzmək istəyirdi. İndi istədiyi ölkələrə gedə biləcək. Evlənəndən sonra ikimiz də işləyəcəyik, istədiyimiz qədər pulumuz olacaq. Sonra ikimiz bir yerdə bütün ölkələrə gedəcəyik, bütün ölkələri gəzəcəyik, - öz-özünə düşünürdü.
Beləcə Alisa bu cür xəyallar qura-qura sevgilisinin qayıtmasını gözləyirdi, vaxt isə atını çapmaqda idi, günlər həftələrə, həftələr aylara, aylarsa illərə çevrilirdi. Alisanın işlədiyi mağazanın sahibi ağ saçlı, nazik bığlı, yaşlı bir kişi idi. Onun söhbət etməklə heç arası yox idi. Qışın yağışlı günlərində, Meyn küçəsində tufan tüğyan elədiyi vaxtlarda elə olurdu ki, saatlarla bircə müştəri də mağazaya ayaq basmırdı. Bu vaxtlarda Alisa satılacaq malları qaydaya salar, yerini dəyişər, sonra yenə təkrar-təkrar eyni şeyləri eləyərdi. O, pəncərə qarşısında dayanar, tərk edilmiş, atılmış, insan yaşamayan evlərə, küçələrə baxar və Ned Kru ilə gəzdiyi axşamları xatırlardı. Sonra Ned Krunun dediyi sözlər yadına düşərdi. “Hər şey yaxşı olacaq, Alisa, səbr elə, hər şey biz istədiyimiz kimi olacaq”. Və bu sözlər indi onun qulaqlarında aramsız şəkildə səslənər, susar, sonra yenə də səslənərdi. Onun gözləri yaşla dolardı. İş yerində tək qaldığı vaxtlarda başını piştaxtaya qoyar və için-için ağlardı.
-Ah Ned, mən hələ də səni gözləyirəm,- o ağlaya-ağlaya pıçıldayar və hər dəfə Nedin heç vaxt dönməyəcəyi qorxusu onun içində qara bir xəyal kimi baş qaldırardı.
Hələ yayın isti, uzun günləri gəlməmiş, yağışlı gündüzlərin, qarlı-ayazlı gecələrin arxada qaldığı yaz günlərində Vinesburqa valehedici bir gözəllik çökmüşdü. Vinesburq açıq düzlərin tən ortasında yerləşirdi. O düzlərdə geniş əkin sahələri, o əkin sahələrindən bir az uzaqlarda isə yamyaşıl meşələr uzanırdı. Meşələrin qıraq-bucağında çoxlu tənha guşələr, balaca monastırlar, sakit-səssiz yerlər var idi. Bazar günləri günortalar sevgililər bu yerlərə gələr, vaxtlarını burada keçirərdilər. Buradan əkin sahələrini, orda işləyən adamları, samanlığın ətrafında var-gəl eləyən fermerləri, yoldan keçən insanları görmək olurdu. Arabir hardasa uzaqlardan qatarlar keçirdi və o uzaqlıqlara baxanda bu qatarlar oyuncaqlara oxşayırdı.
Ned Kru gedəndən sonra Alisa uzun müddət heç kimlə münasibət qurmadı, bircə dəfə də olsa kiminləsə adi bir gəzintiyə də çıxmadı, amma Nedin getdiyindən hardasa üç il keçəndən sonra, tənhalığın ən dözülməz iztirablarını çəkdiyi günlərin birində, əyninə ən gözəl paltarını geyindi, ən gözəl bəzəklərini taxdı və yazın ən gözəl çağında şəhəri gəzməyə çıxdı. Ətrafı rahatca görə biləcəyi bir yer tapıb, skamyaların birində oturdu. Oturan kimi öz uğursuz taleyi haqqında düşüncələrə qapıldı. İndi ona elə gəlirdi ki, o çox yaşlanıb və bir anlığa öz yaşının çoxluğundan qorxmağa başladı. Bu fikirlər onu rahat oturmağa qoymadı. Alisa daha dözə bilmədi, ayağa qalxdı. Ayağa duran kimi ətrafına göz gəzdirdi, dayanmadan bir-birini əvəz edən fəsillər gözünün önündə canlandı, ötüb-keçən qışı, payızı xatırladı və həyatın bu cür axınına mane olmağın mümkünsüzlüyünü başa düşdü, bu həqiqət zəhər kimi onun canına yayılmağa başladı. Sonra ötüb-keçən illəri də acı-acı xatırlamağa başladı. Gəncliyinin ən təravətli, ən gözəl çağlarının bu illərlə bir arxada qaldığını düşündükcə canını üşütmə aldı. Və ilk dəfə onda Alisa başa düşdü ki, onu aldadıblar. Amma yenə də Nedi günahlandırmadı. O heç bilmirdi ki, Nedi nəyə görə günahlandırsın. İndi Alisa dərindən də dərin bir qüssəyə batmışdı. Alisa elə oradaca diz çökdü və dua eləməyə başladı, amma dua sözlərinin əvəzinə bu dəfə də onun dodaqlarından başqa kəlmələr qopdu:
-Heç nə yaxşı olmayacaq, mən heç vaxt xoşbəxt ola bilməyəcəm. Axı mən özümü niyə aldadıram?- bunları deyə-deyə ağladı və elə həmin andaca onun üzərinə sanki bir rahatlıq çökdü. Çünki bu sözləri deyərkən Alisa ilk dəfə çəkinmədən ömrünün bir parçasına çevrilmiş bu dəhşətli qorxu ilə üz-üzə durmağı bacarmışdı.
İyirmi beş yaşı olanda Alisa Hindmanın sıxıntılı həyatında iki mühüm hadisə baş verdi. Anası Vinesburqun fayton rəngsazı olan Buş Miltonla evləndi, Alisa özü isə Vinesburq Metodist kilsəsinə üzv oldu. Tənhalıq artıq onun üçün qorxuya çevrilmişdi, ona görə də tez-tez kilsəyə getməyə başlamışdı. Anasının evlənməyi elə bil ki, Alisaya tənhalığını daha çox hiss etdirirdi.
-Artıq yaşım çoxalıb, getdikcə də qəribələşirəm. Ned qayıtsa məni istəməyəcək. Özü də deyirlər ki, onun yaşadığı şəhərdə kişilər həmişə cavan qalırlar, qocalmağa vaxtları olmur. -Alisa bu sözləri öz-özünə deyərkən üzündə tutqun və məşum bir təbəssüm yaranmışdı. Elə o an Alisa qərara aldı ki, daha o da insanlara qaynayıb-qarışacaq, özünə yeni dostlar tapacaq. Dördüncü gün axşamlar mağaza bağlandıqdan sonra Alisa dua eləmək üçün kilsəyə gedərdi. Bazar günü axşamlar isə Epvors icmasının təşkil etdiyi mərasimlərə qatılardı.
Kilsə mərasimlərinə qatılanlar içərisində aptek işçisi olan Vill Hörli adlı orta yaşlı bir kişi var idi. Bir dəfə o, kilsədən çıxarkən Alisanı evə ötürmək istəmişdi. Alisa isə onda bu təklifə etiraz etməmişdi. “Əlbəttə, onun mənə daha çox yaxınlaşmasına imkan yaratmayacam, amma arada bir məni görməyə gəlsə, heç nə olmaz”, - öz aləmində Ned Kruya hələ də sədaqətli olduğunu düşünərək bu sözləri deyirdi.
Hələ də nələr baş verdiyini anlamadan Alisa həvəssiz-həvəssiz, amma getdikcə böyüyən bir inamla özünə yeni bir həyat qurmağa çalışırdı. Alisa və həmin əczaçı sakitcə yol boyunca birgə gedərdilər. Bəzən qaranlıqda yol getdikləri vaxt Alisa əlləri ilə onun pencəyinə, pencəyinin qollarına toxunardı. Evə çatdığı vaxt onların yolu ayrılardı. Bir dəfə Alisa içəri keçmədi və qapının astanasında durub onun ardınca baxdı. Alisa istədi ki, onu çağırsın, istədi ki, ondan qaranlıqda evin qabağındakı eyvanda birgə oturmağı xahiş etsin. Amma Alisa qorxdu. Qorxdu ki, o, bu sözləri düz başa düşməz.
-Mənim istədiyim o deyil, — öz-özünə dedi, — mən, sadəcə, tək qalmaq istəmirəm. İlahi, əgər mən ağlımı başıma yığıb, özümə gəlməsəm, getdikcə insanlardan daha çox uzaqlaşacam.
Ömrünün iyirmi yeddinci payızınının əvvəllərində Alisanı sakitlik tapmayan, aram bilməyən, narahat, iztirablı duyğular, sönməz ehtiraslar haqladı. O, əvvəllər arabir görüşdüyü həmin aptek işçisi ilə münasibətlərini dayandırdı. Alisanın beynində min cür fikir fırlanırdı və bu fikirlər onu rahat qoymurdu. Mağazada piştaxtanın arxasında keçirdiyi uzun, ağır saatlardan sonra, yorğun halda evlərinə gedər, az qala, sürünə-sürünə çarpayısına qalxar və nə qədər çalışsa da yata bilməzdi. Gözlərini qaranlıqdakı bir nöqtəyə zilləyər və dəqiqələrlə gözünü o nöqtədən ayırmazdı. Sonra üzündə, uzun yuxudan təzəcə ayılmış, uşaq ifadəsiylə bütün otağı dolaşardı. Bu baxışlarda daha heç bir yalana, heç bir boş xəyala aldanmayacaq qətiyyət var idi və bu sərgərdan baxışları ilə o sanki neçə vaxtdır amanını kəsən suallara cavab axtarardı.
Belə vaxtlarda yastığını qolları arasına alar və möhkəmcə sinəsinə sıxardı. Sonra çarpayıdan düşər və qaranlıq otaqda döşəyin üstündəki yorğanı elə qatlayar, elə bürmələyərdi ki, kənardan baxanda həmin yorğan çarpayının üstündə sakit-səssiz uzanıb yatan adama bənzəyərdi. Alisa çarpayının kənarında, döşəmənin üstündə diz çökər və həmin yorğanı sığallaya-sığallaya mahnı nəqarətinə bənzər şəkildə təkrar-təkrar eyni sözləri pıçıldayardı: “Axı niyə heç nə olmur? Niyə mən belə tək-tənha qalmışam?” Arabir xatırlasa da, o daha Nedi də istəmirdi. Onun arzuları indi özünə də çox dumanlı, tutqun şəkildə görsənirdi. O, nə Ned Krunu, nə də başqa birini arzulayırdı. Sadəcə, sevilmək istəyirdi. Sadəcə, get-gedə böyüyən arzu-istəklərini toxtadacaq nəsə axtarırdı.
Və elə hardasa o vaxtlar, yağışlı gecələrin birində Alisanın başına macəraya bənzər qəribə bir hadisə gəldi. Bu hadisə onu qorxutmuş və əməlli-başlı çaşdırmışdı. Həmin gün saat doqquzda işdən evə gəldi. Evdə heç kəs yox idi. Ögey atası Buş Milton qəsəbədə idi, anası isə qonşuya getmişdi. Alisa yuxarıya qalxdı, öz otağına getdi və qaranlıq otaqda soyunmağa başladı. O, bir anlıq pəncərənin qarşısına keçdi və pəncərə şüşəsini döyəcləyən yağış damcılarının səsini dinləməyə başladı. Bu səsi dinləyə-dinləyə onun ürəyinə qəribə bir istək doldu. Nə edəcəyini düşünmədən qaranlıq otağından çıxıb, qaça-qaça aşağıya endi, dayanmadan, duruxmadan qapını açıb çölə çıxdı. Evin qabağında, yağışın altında dayandı.Yağışın soyuq damcılarını bədənində hiss elədi və sonra yenə dəli bir istək onu bürüdü. Alisanın ürəyindən küçə boyunca elə beləcə, çılpaq-çılpaq qaçmaq keçdi.
Alisa düşündü ki, yağış onun bütün yaralarını sağaldacaq. O düşündü ki, yağış ona nəsə çox möcüzəli bir təsir göstərəcək. Alisa hələ illər boyunca özünü belə gümrah, gənc və rahat hiss etməmişdi. O, dayanmadan qaçmaq, səsi gəldikcə çığırmaq və özü kimi tənha bir insanı tapıb bağrına basmaq, qucaqlamaq istəyirdi. Bu an yol kənarında bir kişi asta-asta evinə sarı gedirdi. Alisa düşünmədən qaçmağa başladı.
-Onun kim olduğu vacib deyil. Əsas odur ki, o, təkdir. İndi gedib ona çatacam, — Alisa öz-özünə dedi və daha nələr baş verəcəyini düşünmədən astadan çağırmağa başladı:
-Gözləyin, gözləyin. Getməyin, kimsinizsə, məni gözləyin.
Yol kənarında hələ də getməkdə olan həmin adam bir anlıq duruxdu və indicə qulağına dəyən səsi eşitmək üçün diqqətlə dinləməyə başladı. Bu adam qoca bir kişi idi və həddindən artıq zəif eşidirdi.
-Elə bil nəsə səs eşitdim.Yoxsa mənə elə gəldi? — qoca mızıldandı.
Alisa əyildi və titrəyə-titrəyə yerə uzandı. Öz etdiklərindən o dərəcədə dəhşətə gəlmişdi ki, qoca kişinin asta-asta yoluna davam elədiyini görəndə də ayağa dura bilmədi, yağışın islatdığı otun üstündə əlləri və dizləri ilə sürünə-sürünə evə tərəf getməyə başladı. Öz otağına çatanda qapını içəridən kilidlədi və paltarlarını asdığı stulu qapıya tərəf dartdı. Alisanın bədəni soyuqdan titrəyirdi. Əlləri əsə-əsə birtəhər gecə paltarını əyninə geyinə bildi. Sonra çarpayıya uzandı, üzünü yastığa sıxıb için-için ağlamağa başladı. ”İlahi, axı mənə nolub? Belə getsə ağlımı itirəcəm”, — bunları düşünə-düşünə yerinin içində divara tərəf çevrildi və canını dişinə tutub bircə həqiqəti anlamağa çalışdı ki, doğrudan da, dünyanın hər yerində, hətta Vinesburqda da elə insanlar var ki, ömürləri boyu tək-tənha yaşamağa və axırda da tək-tənha ölüb getməyə məhkumdurlar.