Nikolay Mixayloviç Karamzin

Nikolay Mixayloviç Karamzin

Николай Михайлович КарамзинDahi Puşkin onun yazdığı əsəri xarakterizə edərkən deyirdi ki, hətta ən dünyəvi rus qadınları belə öz vətənlərinin tarixi barədə oxumaq naminə kitaba sarılmışdılar. Bu kitab həmin qadınların da həyatında yenilik idi. Ümumən o, hamı üçün sanki təzə nəfəsə çevrilmişdi. Amerika Kolumb tərəfindən kəşf edildiyi kimi, qədim Rusiya da sanki sözügedən yaradıcılıq nümunəsi ilə birlikdə tapılmışdı. Uzun müddət insanlar o kitabdan başqa heç nə haqqında danışmamışdılar. Puşkinin haqqında bəhs etdiyi əsər «Rusiya dövlətinin tarixi» adlanırdı. Əsərin müəllifi, böyük rus mütəfəkkiri Nikolay Mixayloviç Karamzinindir.

Deyilənə görə, Karamzinin XVIII əsrin sonu XIX əsrin əvvəllərinin Rusiyanın mədəni-ictimai, mənəvi-siyasi həyatında oynadığı rol bir ömürə sığası hadisə deyil. Bu cəhətdən dövrün ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş dahi ədəbiyyat ustadı (şair, tənqidçi, dramaturq, tərcüməçi), müasir rus ədəbi dilinin əsasını qoyan islahatçı, böyük jurnalist, nəşriyyat işinin mahir təşkilatçısı kimi canlanır. Onun şəxsiyyətinə eyni zamanda bədii söz dühası və istedadlı tarixçi obrazları da sığır. Elmdə, publisistikada, incəsənətdə məxsusi iz buraxmış Karamzin Rus ədəbiyyatının qızıl dövrü sayılan Puşkin mərhələsinin kiçik müasirlərinin və ardıcıllarının uğurlarında katalizator rolunu oynaması ilə də yaddaşlarda qalır.

Cəmi 52 il ömür sürmüş mütəfəkkir Rusiyanın Simbirsk quberniyasında xırda mülkədar ailəsində anadan olmuşdu. Hələ uşaqlıq yaşlarında mütaliəyə həvəs göstərmiş Nikolay anasının kitabxanasında olan fransız romanlarını, Roma tarixi kitablarını, çoxsaylı bədii əsərləri oxumuşdu. İlk təhsilini öz evlərində almış, sonradan Simbirskdəki mülkədar məktəbinin şagirdi olmuş, daha sonra isə Moskva Universitetinin professoru Şadenin şəxsi məktəbində, elə universitetin özündə də mühazirələr dinləmiş, rus dilinin incəliklərinə bələd olmuş, habelə başqa dillərə də yiyələnmişdi.

1781-ci ildə Peterburqdakı Preobrajensk alayında hərbi xidmətə başlamış Karamzin burada rus sentimentalizminin görkəmli nümayəndələri sayılan şairlər — Dmitriyev qardaşları ilə (Aleksandr İvanoviç Dmitriyev və İvan İvanoviç Dmitriyev nəzərdə tutulur) tanış olur. Bu, dostların təkcə gərgin intellektual məşğələlərdən yox, eyni zamanda dünyəvi həyatdan birgə zövq aldıqları dövr idi.

1784-cü ildə atası dünyasını dəyişdikdən sonra N.Karamzin ordudan ayrılır. Bu hərəkət həmin vaxt cəmiyyət tərəfindən heç də yaxşı qarşılanmır. O, Simbirskdə qısa keçirdiyi müddət zamanı masson lojasına (yığıncağı) qəbul edilir və Moskvaya köçür. Burada rus naşiri, ictimai xadimi və jurnalisti Nikolay İvanoviç Novikovun çevrəsinə daxil edilir və elə onun rəhbəri olduğu Dost Alimlər Cəmiyyətinin yerləşdiyi evdə yaşamağa başlayır (1785).

1785-1789-cu illər dahinin həyatında Novikovla ünsiyyət dövrüdür. Amma Karamzin bu müddətdə ölkənin böyük zadəgan ailəsi olan Pleşeyevlərlə də yaxınlaşır və ailə ilə uzun müddət davam etmiş səmimi dostluq münasibətlərinin əsası qoyulur. Sözügedən zaman kəsiyində mütəfəkkir özünün ilk tərcümələrini edir, əsərlərini yazır ki, bu yaradıcılıq nümunələrində Avropa və rus tarixinə maraq özünü bariz şəkildə göstərir. Rusiyanın ilk uşaq jurnalı olan «Ürək və ağıl üçün uşaq mətnləri»nin müəllifi və naşiri olur.

Karamzin massonluğun mistik tərəflərini bölüşmürdü, onun ziyalı istiqamətənin tərəfdarı idi. Ola bilər ki, cərəyan nümayəndələri ilə münasibətlərinin soyuqlaşmasında Avropaya səfəri mühüm rol oynamışdı. Səfər isə 1789-1790-cı illərdə Almaniyanı, İsveçrəni, Fransanı və İngiltərəni əhatə etmişdi. Bu ölkələrdə olarkən o, qitənin fikir nəhəngləri — Kantla, Herderlə, Marmontellə, Lafaterlə və başqaları ilə görüşmüş, muzeylərə, teatr salonlarına və digər dünyəvi zallara baş çəkmişdi. Parisdə Milli Yığıncaqda (parlamentdə) Mirabo, Robespyer kimi dövrünün tanınmsış ictimai-siyasi xadimləri və natiqləri olan şəxsləri dinləmiş, onlarla tanışlıq qurmuşdu. Görünür, inqilabi Paris Karamzində sözün insana nə dərəcədə böyük təsir göstərdiyi təəssüratını formalaşdırmışdı. Həmin vaxt parislilər qəzetləri, panfletləri, müxtəlif çap vərəqələrini böyük maraq və şövqlə oxuyurdular. Həmçinin natiqlərin çıxışları sonrası ciddi polemikalar qurulurdu ki, mövcud təcrübəni o vaxtın Rusiyasına gətirmək sadəcə mümkünsüz idi. Rus dahisi İngiltərə parlamenti barədə o qədər yüksək fikirdə olmasa da (belə hesab edilir ki, Russonun təsirindən), ümumən ingilis cəmiyyətinin həmin vaxtkı səviyyəsini çox yüksək dəyərləndirirdi.

Nikolay Mixaylovic KaramzinMoskvaya qayıdan Karamzin «Moskovskiy jurnal»ı buraxmağa başlayır. Məhz həmin jurnalda ideoloqun böyük müvəffəqiyyət qazanmış «Bədbəxt Liza» povesti (1792) işıq üzü görür. Ardınca nəşrdə hədsiz oxucu marağına səbəb olmuş «Rus səyyahının məktubu» dərc olunur. Sözügedən yaradıcılıq nümunəsi müəllifin ilk rus ədəbiyyatçıları sırasındakı müstəsna yerini təmin edir. Karamzinin qələmə aldığı bu əsərlərdə, eləcə də ədəbi-tənqidi məqalələrdə sentimentalizmin estetik proqramı ifadəsini tapır. Həmin proqram mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin hisslərinə və əzablarına marağı ifadə edir. Təbii ki, müstəsna maraq rus insanının keçdiyi tarixi yola, məşəqqətlərə münasibətdə özünü tapmaya bilməzdi və böyük mütəfəkkir 1890-cı ildən başlayaraq tarixi mənbələr əsasında yazılmış əsərlərlə, əlyazmalarla, eləcə də xarici müəllifilərin Rusiya ilə əlaqədar qələmə aldıqları ilə tanışlığa üstünlük verir.

Karamzinin 1801-ci ilin 11 mart çevrilişi ilə çar I Aleksandrın hakimiyyətə gəlməsinə münasibəti gənc monarx üçün nümunələr toplusu kimi xarakterizə oluna bilər. 1802-ci ildə yazdığı «İkinci Yekaterina üçün tarixi tərif sözü»ndə dahi Rusiyada monarxiyanın mövcudiyyətinə münasibət bildirir, eyni zamanda rəhbərin və ona tabe olanların vəzifələrini müəyyənləşdirir. Ümumən onun tarixə marağı, o zamankı, habelə ən qədim dövrün hadisələrinə, proseslərinə münasibəti 1802-1803-cü illərdə özünün rəhbərliyi ilə işıq üzü görmüş və Rusiyada ilk ictimai-siyasi, ədəbi-bədii jurnal olan «Vestnik Yevropı»nın səhifələrində əksini tapmışdı. Karamzin jurnalda Rusiyanın orta əsr tarixinə dair bir neçə fundamental səciyyə daşıyan elmi işini dərc edir. Nəşrdəki yaradıcılıq nümunələri ilə bağlı oxucu qavrayışını öyrənmək üçün ayrı-ayrı sujetlər yüksək peşəkarlıqla təqdimatını tapır. Mövcud təqdimatlar sonradan yazılacaq «Rusiya dövlətinin tarixi»ndə də istifadə olunacaq tədqiqatın üsul və metodlarını təkmilləşdirir.

Karamzin 1801-ci ildə bir il sonra dünyasını dəyişmiş Y.İ.Protasova ilə evlənir. Onun ikinci evliliyi 1804-cü ildə dövrün görkəmli şairlərindən və tənqidçilərindən olan Pyotr Vyazemskinin bacısı Yekaterina Kolıvanova ilə olur və ömrünün sonunadək bu qadınla birgə yaşayır. Y.Karamzina təkcə böyük şəxsiyyətin övladlarına gözəl analıq etmir, eyni zamanda tarixi əsərlərinin yazılmasında da məharətli köməkçiyə çevrilir.

1803-cü ilin oktyabrında Karamzin Rusiya tarixini yazmaq üçün 2000 rubl məvacibi olan mənbəşünas vəzifəsinə təmin olunmaq üçün çar I Aleksandrın razılığını alır. Onun üçün arxivlər və kitabxanalar açılır və dahi mütəfəkkir ömrünün sonunadək həyata keçirəcəyi müqəddəs saydığı işə — Rusiya tarixinin yazılmasına girişir.

Söhbətimizin əvvəlində Puşkinin əsərə olan münasibəti ilə bağlı fikir bildirdik. Əlavə olaraq deyək ki, «Rusiya dövlətinin tarixi» Rusiyada tarix elminə və ədəbiyyata əsaslı təsir göstərdi. Bu təsir yalnız XIX əsr deyil, həm də XX əsrdəki nəzərə çarpan yenilkləri, tendensiyaları görməyə imkan verirdi. Əsərində qədim dövrlərdən, slavyanlar barədə ilk xatırlatmalardan başlamış belə demək mümkünsə, tarixi çətinliklər dönəmi kimi xarakterizə olunan 1598-1613-cü illərin təsvirini verir, təbii fəlakətləri, Polşa-İsveç işğalını, iqtisadi-sosial böhranları göstərirdi. 12 tomdan ibarət olan əsər özündə 6 mindən artıq tarixi qeydi birləşdirmişdi ki, onların hər biri sonradan başlıca mənbələr olaraq ətraflı təhlil edilmiş, yerli və xarici müəlliflərin əsərlərində yer almışdı.

Ümumiyyətlə, Karamzinin sağlığında onun yazdığı «Tarix» iki nəşrdə çıxdı. Üç min nüsxədən ibarət ilk səkkiz tomluq birinci nəşr bir ay içsərisində alındı. 1818-ci ildə 9-11-ci tomlar işıq üzü gördü. 12-ci tom tarixçinin ölümündən sonra çıxdı. Bundan başqa əsər XIX əsr ərzində bir neçə dəfə çap olundu. 1980-1990-cı illərdə isə «Tarix»in müasir nəşri həyata keçirildi.

1811-ci ildə Karamzin böyük knyagina Yekaterina Pavlovnanın xahişi ilə «Qədim və yeni Rusiyada siyasi və vətəndaş münasibətləri haqqında» qeydlərəni qələmə alır. Əsərdə Rusiya dövlətinin ideal strukturu barədə öz baxışlarını ortaya qoyur, I Aleksandrı, I Paveli, II Yekaterinanı və hətta I Pyotrun özünü də sərt tənqid edir. Görünür, elə məhz buna görə də qeydlər çap olunmur, yalnız ayrı-ayrı əlyazmalar şəklində saxlanılır. Sovet dövründə sözügedən əsərdəki baxışlar mühafizəkar mülkədarlığın Rusiya hüquq elminin banisi Mixail Speranskinin islahatlarına qarşı hiddəti ruhu kimi qəbul edilirdi. Amma qeydlərin 1988-ci ilə təsadüf etmiş tam çapında tanınmış sovet kulturoloqu və ədəbiyyaşünası Yuri Lotman onda daha dərin məzmun tapmağı bacarır. Məlum olur ki, Karamzin yaradıcılıq məhsulunda həmin vaxt yuxarıdan aparılan islahatların bürokratik xarakterinə etirazını bildirir. Qeyd edək ki, məhz bu qeydlər dahinin siyasi baxışlarının tam ifadəsi baxımından fundamental səciyyə daşıyan bənzərsiz və təkrarsız nümunə kimi xatırlanır.

1826-cı ildə dünyasını dəyişmiş Karamzin Rusiya tarixi və mədəniyyətində istər müasirləri, istərsə də varislərində hər hansı formada ikili qarşılanmayan demək olar, yeganə şəxsiyyət olmuşdu. Hələ sağlığındaykən böyük miqyaslı dahi, mənəvi nüfuz sahibi kimi qəbul edilirdi və ona olan münasibət indinin özündə də dəyişməz qalır.

mənbə: 168.az 

Top