Ədəbiyyat zənciləri

Ədəbiyyat zənciləri

Ədəbiyyat zənciləriƏdəbiyyat zəncisi, xəyali qələm, knigger, ədəbiyyat ruhları… Müxtəlif ölkələrdə onları müxtəlif cür adlandırırlar. Ancaq bu, mahiyyəti dəyişmir. Qul hər yerdə quldur. Ədəbiyyat zəncisinin işi başqalarının əvəzinə kitab, müsahibə, məktub və s. yazmaqdan, tərcümələr etməkdən ibarətdir. «Başqaları» dedikdə, ilk növbədə, yazı-pozu işindən başı çıxmayan tanınmış şəxsiyyətlər – pop ulduzlar, siyasətçilər, iş adamları və yazıçı kimi tanınmaq istəyən fəndgirlər nəzərdə tutulur. «Zəncilərin» ağır maddi durumundan istifadə edən bu zümrə onları yalnız kiçik qonorarlar müqabilində işə cəlb etməyə çalışır. 

Ədəbiyyat zəncilərinin «şərəfli» tarixi keçmişi vardır. Aleksandr Düma (ata) çoxsalı ədəbiyyat zəncilərinin əməyindən gen-bol bəhrələnirmiş. «Zəncilər» onunçün tarixi detallar arayıb-tapır, arxivlərdə eşələnirmişlər. Yeri gəlmişkən, Tekkerey, L.Tolstoy və s. kimi böyük sənətkarlar da ədəbi katiblərin əməyindən istifadə edirmişlər. 

Müasir dünyada qul əməyindən istifadə etməkdə ittiham olunan «yazıçı»ların sayı-hesabı yoxdur. Bunlar, bir qayda olaraq, ildə bir neçə kitab nəşr etdirən dedektiv yazarları və belletrislər və zəngin adamlardır.

Ədəbiyyat qulları bir neçə «növ»ə bölünür. Birinci variantda «zənci» tanınmış adamın əvəzinə təkbaşına kitab yazır. Buraya, adətən, siyasətçilərin, hərbçilərin, qocalmaqda olan pop-ulduzların əvəzinə memuar yazan qullar aiddir.

İkinci variant birincidən çox pisdir. Siz 3-4 nəfərlik komandada işləməli olursunuz və ildə 10-15 roman çap etdirən hansısa ədəbiyyat ulduzunun əvəzinə kitablar yazırsınız. Burada qullar yazılacaq kitabı hissələrə bölür və hərə öz hissəsinin üzərində işləyir. Kitablar tez yazılır, ancaq, aydan məsələdir ki, keyfiyyətcə lazımi səviyyədə olmur. 

Üçüncü varinantda «zənci» informasiya məkanında vurnuxaraq, özünə iş axtarır. Kiminçünsə məqalə yazır, bir başqasına kiçik oçerk və ya reklam mətni. Əlinə keçən hər işdən yapışır. 

Ədəbi qullar bir neçə yazıçı kateqoriyasından formalaşır. «Quldarlar» onlardan bəzilərini ədəbiyyat institutlarından, filologiya fakültələrindən tapır və kiçik pullarla şirnikləndirib, öz plantasiyalarına salırlar. Digər qulları nəşriyyatların yolunu yağır edən, ancaq əsərini çap etdirməyə imkanı olmayan yazarlar təşkil edir. Vasitəçi nəşriyyat redaktorları onların əsərini alır və adı brend olmuş başqa bir yazarla razılaşırıq, kitabı onun adından çap edirlər. 

İnternet resursları ədəbi qulların şikayətləri ilə doludur. Onları hər addımda aldadır, pullarını kəsirlər. Ancaq, adətən, nə məhkəmə, nə də insanlar onların şikayətlərini eşitmir – özü yıxılan ağlamaz. Baxmayaraq ki, onlar bu işə könüllü qol qoymurlar – istənilən halda, başqasının əvəzinə mətn yazmaq istedadlı insanlar üçün böyük məşəqqətdir.

Beləliklə, dünyada «ədəbiyyat zənciləri» kimi təsnifləndirilən qələm admları başqalarının əvəzinə hansı mətnləri yazırlar? Bunlar aşağıdakılardan ibarətdir:

• Diplom işləri, monoqrafiyalar, məruzələr, dissertasiyalar, ictimai və dövlət xadimlərinin adından yazılan məqalələr, çıxışlar, şərhlər;
• «Populyar psixologiya» seriyası üçün «Varlı adama necə ərə getmək olar», yaxud «bir həftəyə necə xoşbəxt olmaq olar» stilində yazılan məqalələr.
• Məhəbbət, detektiv və macəra romanları. Bəzən əsərin süjetini sifarişçinin özü verir, əksər hallarda isə süjeti də «zənci»nin özü quraşdırır. 
• Hər hansı malın və ya xidmətin reklamı üçün uydurulmuş personajların şərhləri.
• Tanınmış adamların diktofona yazılmış nitqini abırlı yazı halına salmaq. 
• Tanınmış adamın əvəzinə onun bloqunu aparmaq və sosial şəbəkələrdə həmin bloqu dəstəkləmək.
• Realiti-şou, seriallar və əyləncəli bayramlar üçün ssenarilər yazmaq.
• Korporativ bayramlar üçün şeirlər və çıxış mətnləri yazmaq. 
Xarici ölkələrin internet saytlarında «…köməkçi redaktor tələb olunur», «…məşhur adamın diktofona yazılmış xatirələrinin bədii işlənməsi üçün yazar axtarılır», «…nəşriyyat layihəsi üçün əməkdaşlar tələb olunur» və s. tipli elanlara rast gəlirsinizsə, bunun «ədəbiyyat zənciləri»nə çağırış olduğuna şübhəniz olmasın.

Ədəbiyyat zənciləri haqqında məlumatlar hər iki tərəfdən qorunduğu üçün, onların sirri yalnız sifarişçi ilə «zənci»nin sözləri çəpləşəndə meydana çıxır. 

Öz kimliklərini ciddi-cəhdlə gizlətməyə çalışsalar da, Azərbaycanda da «zənci» əməyindən az istifadə olunmur. Nisbətən kiçik ölkə olduğumuz üçün bizim «zəncilər»i ədəbi cameədə hamı tanıyır, lakin, müəyyən nüansları nəzərə alaraq, onlara şəfqətlə yanaşırlar.

Mənəbə: kulis.az
Top