Afrikasayağı xaçapuri

Afrikasayağı xaçapuri

Kofi şalvarının cibindən pul götürüb saydı və razı görkəm alaraq nömrədən çıxdı. 

Yataqxananın geniş, uzun dəhlizində heç kəs yox idi. Son bir neçə ayda Kofinin bu açıq-sarı rəngli, qəhvəyi linoleum döşəməli dəhlizə xüsusi bir doğmalığı yaranmışdı. 

Bu, birdən-birə, qəflətən baş vermişdi. Səbəb də onun dəhlizi çimərliyə bənzətməsi idi. Təsəvvürü nə qədər qəribə olsa da, o, kəşfinə hədsiz sevinirdi. 

Bəzən hətta bu tapıntısından əylənirdi də. Məsələn, ara-sıra dəhliz boş olanda gözlərini yavaş-yavaş qapayar və fikrən uzaq okean sahillərinə qayıdardı. 

Öz xəyalına tamam inandıqda, eyni minvalla yavaş-yavaş gözlərini açardı. Bu vaxt o, özünü linoleum döşəmədə deyil, yalın ayaqlarla qızıl qumların üzərində yeriyir kimi hiss edirdi. 

Tavandakı lüminessensiya lapmaları onda günəş təsəvvürü yaradırdı. 

Kofi bu cür xəyallara qapılaraq hətta bəzən azacıq tərləyirdi də. Amma dəhlizin sonundakı pəncərədən mavi səmanı görüncə tezliklə sərin dənizin qucağına atılacağı fikri onu azacıq da olsa sərinlədirdi.

Kofi son zamanlar çox darıxırdı. Səhər universitetin kitabxanasında bilgisayar arxasında oturmuşdu. İnternetdə səhifələri gəzərkən təsadüfən «Google»-un xəritələr bölməsi ilə rastlaşdı. 

Doğma şəhərinin adını yazıb, axtarış etdi. 

Səhifə yeniləndi və süni peyklə çəkilmiş şəkillərdən ibarət şəhərin xəritəsi açıldı. Sevinərək tələm-tələsik xəritədən mausla yapışıb, çəkə-çəkə evlərini axtarıb tapdı. 

Bitirdiyi məktəbi, hər axşam gəzdiyi məhəlləni, evlərinin önündən keçən maşın yolunun yuxarıdan şəkillərini gördükdə çoxdan yoldaşına çevrilmiş həsrət hissi yenidən onu yaxaladı. 

Gözləri dolsa da, bu virtual dönüşə çox sevindi. 

Kofi indi də dəhlizdə addımlaya-addımlaya özünü çimərlikdə təsəvvür edirdi. O, pəncərəyə çatınca sağa döndü və pilləkənlə aşağı endi.

*** 

Canım, Kofi, necəsən? Dərslərin necə gedir? 

Rus dilində yaxşı danışa bilirsən? Bizdə hər şey yaxşıdır. Atan işləyir. Mən isə hər gün ona xörək hazırlayıb, gəlişini gözləyirəm. Axşamlar tez-tez sənin haqqında fikirləşirik, məktublarını müzakirə edirik... 

Çox darıxırıq, Kofi. Sən gedəndə elə balaca idin ki. Amma indi şəkillərinə baxa-baxa deyirəm, nə tez böyümüsən. Üç il də az müddət deyil. Dünən nənə bizdə idi. 

Soruşdu ki, səndən nə xəbər var. Mən də sənin son məktubunu ona verdim. Atan bir neçə gün əvvəl çap eləmişdi. 

Nənə oxumağa başlamışdı ki, heç beş dəqiqə keçməmiş birdən məktubu öpüb, ağlamağa başladı. İstədim, sakitləşdirəm, amma elə mən də ona qoşuldum... 

Hərdən kədərlənəndə fikirləşirəm ki, səni Rusiyaya oxumağa göndərmək lazım deyildi. 

Əlbəttə, anlayıram, haqlı deyiləm. Bizim şəhərdə heç kimin bacarmadığı çətin imtahanı verdin… Amma bilirsən də necə kövrəyəm… Hər şey çox gözlənilməz olmuşdu, axı... 

Özündən muğayat ol, canım. Çoxlu meyvə, vitaminli xörəklər ye. Quru yeməkdən daha çox, duru şey yemək lazımdı.

Yoxsa mədəni xarab edərsən. 

Öpürəm səni, oğlum. Qayıdanda sənə o qədər sevdiyin yeməklərdən bişirəcəm ki, barmaqlarını yalayacaqsan...

*** 

Kofi ikinci mərtəbəyə enib, mağazaya girdi. İçəridə gözəlliyinə məftun olduğu satıcı Sveta vardı. Kofi həmişə onunla söhbətdən zövq alardı. 

Sveta qızıl saçlı, göy gözlü cavan bir qız idi. Kofi bir neçə dəfə onu yataqxananın giriş qapısının qabağında öz oğlanı ilə bir yerdə görmüş və oğlana qibtə etmişdi. 

Hərdən təəssüflənirdi ki, nəyə görə Sveta ilə ilk görüşdən sonra onunla münasibət qurmayıb, bu oğlanın yerində olmayıb. 

Lakin üç il əvvəlki həmin ilk görüş uğurlu alınmamışdı. Kofi birinci dəfə mağazaya girəndə Svetaya nə alacağını necə başa salacağını bilmirdi. 

Ona görə ərzaqların adlarını ingiliscə deyirdi. Sveta isə ingiliscə bilmirdi və öz növbəsində rusca danışırdı. 

Sonda uzun izahatların nəticəsində bir-birlərini anlasalar da, Sveta səsini yüksəldərək, hirslə Afrikadan gəlib, rusca bir kəlmə belə bilməyən tələbələrin dalınca deyinmişdi.

Kofi içəri girəndə Sveta radioda Dima Bilanın mahnısına qulaq asırdı. Kofini gördükdə o, xəfifcə gülümsədi.

— Necəsən? — Kofi də öz növbəsində gülümsəyərək soruşdu.

— Babat, Kofi… Sən necəsən?

— Mən əla!.. Dima Bilandan xoşun gəlir?

— Hə. Sənin yox, məgər?

— Pis deyil. Mənimki hip-hopdur.

— Hə… Ye! Ye! Ye! Ye! — Sveta repçilər tək əl-qol hərəkəti etdi və bərkdən güldü, sonra yumşaq səslə soruşdu — Nə istəyirdin?

— Həmişəkindən.

— On yumurta, beş təndir çörəyi?

— Bəli. Bəli.

— Sən bir gün xəstələnəcəksən, Kofi. Bu qədər də yumurta yemək olar?

— Biz afrikalılar yumurtaya bilsən, necə heyranıq.

— Deməli, belə!.. Amma mənə bəzi şayiələr çatır ha.

— Məsələn?...

— Sən daha yaxşı bilirsən.

— Narahat olma, Sveta… Hər şey yaxşı olacaq.

— Nə deyirəm ki..

Kofi pulu ödəyib, ərzaqları götürdü və mağazadan çıxdı. Yolda fikirləşdi ki, bütün bunlardan o, necə də usanıb.

*** 

Oğlum, necəsən? Bizdə hər şey əladır. İşlərim yolundadı. 

Dediyim kimi, müdirimizi dəyişiblər. Sırağagün haradansa öyrənib ki, sən Rusiyada oxuyursan. Məni öz kabinetinə çağırdı. 

Sənin haqqında soruşdu. Dedi, sənin kimi cavanlarım bizim ölkənin gələcəyidirlər… Ernest öz redaksiyasını açıb. Artıq paytaxtda işləmir. Şəhərimizdə qəzet çıxartmaq istəyir. 

Düzünü deyim, onun istəyini necə qiymətləndirəcəyimi bilmirəm, burada, axı, qəzetə maraq azdı. Amma Ernest əmin edir ki, hər şey yaxşı olacaq. Hələ səndən müsahibə də götürmək istəyir. 

Deyir, sən şəhərimizin fəxrisən. Onu tanıyırsan da, emosional insandır. Allah eləsin, işi avand olsun.

Bu şənbə qonşumuz Patrikin balaca oğlunun toyudur. Burada olsaydın, ikimiz də bir dəst qara kostyum geyinib gedərdik. 

Yadındadır, əvvəllər təntənəli məclislərə gedəndə necə qara kostyum geyinib, ayna qarşısında yanyana durardıq? 

Onda sən kiçik bir uşaq idin. İndi isə hündürboy, dəliqanlı birisi...
Bəzən özümü qınayıram. 

Yeganə övladımızsan. Atan kimi kifayət qədər pul qazanıb, sənin tətillərdə bizi ziyarət etməni təmin edə də bilmədim...

*** 

Kofi çörək və yumurtaları masaya düzdü. Elektrik sobanı qoşdu. 

Bıçağı götürüb, çörəyi ehmalca üç hissəyə böldü. Sonra anidən dayandı və valideynlərinin göndərdiyi səhərki məktubu xatırladı. Yavaş-yavaş fikirlərə qapıldı. Sıxıldı. 

Həsrət hissi yenə içini didməyə başladı. Onu Moskvaya gətirmiş uçağın Domodedova hava limanında enəndən sonra həyatının necə dəyişdiyini bir daha düşündü.

Universitetdə bir çox əcnəbi tələbələrlə tanış olmuşdu. 

Əksəriyyəti özü kimi dövlət xəttilə oxusa da, ondan fərqli olaraq, təqaüd və ildə iki dəfə pulsuz gediş-gəliş uçaq bileti alırdılar. 

Amma onun ölkəsi digər Afrika ölkələri kimi tələbələrini bu imkanlarla təmin etməkdən məhrum idi. Buna görə də, çoxlarının daima pula ehtiyacları olardı.

Əgər o, vətənə getmək istəsəydi, bu, ona 424 dollara başa gələrdi.
 
Hələ bu qiyməti ikiyə vurmaq lazımdır. Belə ki, geri dönmək də gərəkirdi. Təzəlikcə öyrənmişdi ki, Moskva-Qahirə istiqamətində uçan uçaqlara bilet 296 dollaradır. 

Sonra Qahirədən qatarla öz ölkəsinin paytaxtına getməliydi. Oradan da öz şəhərinə. 

Bütün bunlar səkkiz gün çəkəcək, 128 dollar edəcəkdi. Rusiyaya gəldiyində istifadə etdiyi digər variant da vardı. Qahirədən birbaşa paytaxta uçmaq olardı, amma həmin biletin qiyməti 280 dollara idi. 

* **

Xətrinizi çox istədiyim atam və anam,
Sizlərin yaxşı olduğunu eşitməyimin məni necə məsud etdiyini təsəvvür edə bilməzsiniz. Mənim ovqatım da, sağlığım da yaxşıdır.

....Anam mənim, mən də darıxıram. Nənəyə və başqa kimi görsən, hamıya salam denən. 

Mənə görə niyə ağlayırsınız? Lazım deyil. Mən sağam, salamatam… Belə şeylər yazmayın mənə, zəhmət olmasa. Moskvada indi bir qar yağır, bir qar yağır.
 
Elə gözəldi. Sən həmişə qara toxunmağı arzu edirdin. Allah qoysa, mən gələcəm, işləyəcəm, pul qazanıb, günlərin bir günündə səni Moskvaya gətirəcəm ki, qardan həzz alasan… Bəzən nə vaxtsa buralardan ötrü darıxacağımı da düşünürəm... 

Dərslərim qaydasındadır. Çətinlik çəkmirəm. Dili də yavaş-yavaş öyrənirəm. Müəllimlərimin hamısı məndən çox razıdırlar. 

Ata, elə danışma. Hamı zəngin doğulmayıb ki. Üç il keçdi, iki il yarım da keçsin, gələcəm. Narahat olmayın. Əmiyə salam de. Onun işlərindən xəbərdaram. Müsahibə məsələsini özü də mənə məktubunda deyib. Dedim, məmnuniyyətlə verərəm... 

Stefanın evlənməsinə görə şadam. Onu da mən əvəzdən təbrik edin. 

Kostyum geyinib, ayna qarşısında durmağımız yadımdadır. Hələ o da yadımdadır ki, sən həmişə qalstuku səhv bağlayardın və biz ayna qarşısında olanda ana deyinə-deyinə gələrdi, səni lağa tutub, qalstukunu düzəldərdi.. 

Öpürəm sizləri! 

Ümid edirəm ki, bu yay sizin üçün xoş bir xəbərim olacaq. İkinizi də bağrıma basıram!

*** 

Gecəyarıdan iyirmi dəqiqə keçdi. Kofi oturub və gözləyirdi. Tez-tez divardan asılmış saata baxırdı. 

Otaqda dəhşətli sükut hökm sürürdü. Sanki dörd divar arasında nə vardısa dinməyəcəklərinə and içmişdilər. Hətta otaq yoldaşının qulaqcıqlarda dinlədiyi musiqinin səsi də eşidilmirdi. 

Kofinin sakitlikdən xoşlanmağı vardı. Düzdü, arada səssizlikdən qorxardı da. Fikirləşirdi ki, səssizlik lal olsa da, o, hər şeyi yaxşı eşidir. Səs-küy isə kardır, amma nə gəldi, danışır. 

Ona görə də, hər cüzi səsi eşitməyə qadir sükut varlığı ilə daha qorxuludur. 

Otaqdakı sakitlik ancaq dəhlizdən gələn nadir səslərin hesabına pozulurdu. Kofi telefonda danışan ərəbin, öz dilində bir nəğməni zümzümə edərək qapılarının önündən keçən vyetnamlı qızın səsini eşitdi. Sonra dəhlizdə nəsə bir gurultu qopdu və çox keçməmiş kimsə qapını taqqıldatdı. Kofi cəld ayağa qalxıb, qapıya tələsdi:

— Salam, dost! Nə var, nə yox? — qapıdakı balacaboy qıyıqgöz oğlan dilləndi.

— Ooooo, Lii, əla, sən necəsən?

— Pis deyil… Xaçapuri var?

— Əlbəttə! Nə qədər?

— İki xaçapuri və bir kola.

— Oldu. Gözlə bir az.

Kofi otağa döndü. Soyuducudan iki yumurta və bir «Coca-Cola» bankası götürdü. Yumurtaları sındırıb, içindəkini tavaya tökdü və isti sobanın üstünə qoydu. Tezliklə, xörək hazır oldu. 

Bişmişi ehmalca iki çörək diliminin üstünə yaxdı və plastik boşqaba qoydu. Sonra duz və istiot da əlavə etdi. Ardınca boşqabı və içkini götürüb, Liiyə gətirdi.

— Sağ ol, Kofi. Sənsiz biz neylərdik? Mağazanı on ikidə bağlayırlar, yataqxanadan da dışarı çıxmaq olmaz... 

— Elədir… — Kofi başını yellədərək onun dediklərini sevincək təsdiqlədi. 

Lii 45 rubl ödədi. Kofi sağollaşıb, razılıqla pulları saya-saya otağa girdi. Yataq döşəyinin altında saxladığı xırda kisəni götürüb, pulları içinə qoydu. 

İndi onun 256 dolları və 5480 rublu vardı. Əgər hər şey istədiyi kimi getsə, tədris ilinin sonunda valideynlərini yoxlamaq üçün kifayət qədər pulu olacaqdı.

Müəllif: Səməd Səfərov
Top