Yaradıcı olmazdan əvvəl, hər bir insan cəmiyyətin üzvüdür, vətəndaşdır. Cəmiyyətin həyatına, ictimai-siyasi, sosial-mədəni, mənəvi mühitin bu və ya digər məqamlarına münasibət bildirmək yalnız cəmiyyət üzvünün haqqı deyil, insanın özünüifadə ehtiyacının təzahürüdür. İnsanın təbiəti ilə birgə yaranan bu hissi bir qədər də Sözün hökm etmək təbiəti gücləndirir.
Bu da həqiqətdir ki, hər kəs bu ehtiyacını, hətta öz imkanları çərçivəsində, ifadə etmək iqtidarında olmur. Yaradıcı insanın, cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən istedadı və nüfuzu təsdiq və qəbul olunmuş ziyalının sözünün, fikrinin, mövqeyinin əksəriyyətin rəyi kimi qəbul edilməsi ictimai düşüncədə lokomotiv kimi düşünülməsi də buradan qaynaqlanır.
İstər bədii olsun, istər elmi, siyasi, bütövlükdə ən müxtəlif baxışları, prinsipləri əks etdirən publisistika təkcə demokratiyanın göstəricisi deyil, həm də fərdin yaradıcı təfəkkürünü cəmiyyətin inkişafına, ictimai şüura təkan verən amillər sırasına çıxarır.
Bu yöndən yanaşılarsa, istənilən yaradıcı insanın, sənətkarın publisistikası daha çox onun vətəndaş mövqeyini qabardır və cəmiyyətin, ictimai münasibətlərin elə mərhələləri olur ki, ziyalının sözü aparıcı mövqeyə keçir, publisistika — ictimai-siyasi həyat məsələlərini işıqlandıran ədəbiyyat növü — yaradıcılıq anlayışından qabaqda durur. İnqilablar, müharibələr, azadlıq mübarizəsi dövründə Sözün gücü, təsir qüvvəsi səfərbər olunur.
Publisistikanın tarixi başlanğıcı antik dövrün natiqlik sənətinə, təşəkkülü isə tarixin adlı mərhələlərinə (məsələn, intibah, maarifçilik və s.) bağlanır. Tarixi təkamülün amplitud zənginliyi və fəallığı ilə yadda qalan iyirminci yüzil də publisistikanın cəmiyyətdə yerini və gücünü birmənalı şəkildə etiraf və təsdiq edib. Azərbaycan publisistikası necə?
Mirzə Fətəli Axundzadənin adı ilə bağlı olan Azərbaycan publisistikası (siyasi publisistikanın dəyərli nümunələrindən olan «Kəmalüddövlə məktubları»nı xatırlamaq kifayətdir) sonrakı dövrlərdə Azərbaycan tarixində bir çox şərəfli səhifələr və adlarla zəngin irs formalaşdırıb. XX əsrin əvvəllərində yaranan və ictimai-bədii fikir tariximizdə çox mühüm mərhələ olan iki ədəbi məktəb və ictimai cərəyanın adını çəkmək yetər ki, bu irsin həqiqi dəyərini ifadə edə bilsin: Füyuzat və Molla Nəsrəddin.
Eyni məqsədə ayrı yollarla gedən bu iki Düşüncə Tərzi dövlətçiliyin siyasi əsaslarına möhtəşəm sütun ola bildi. Biri Türkiyədə, biri Azərbaycanda.
Onları ayıran dəyərləri onları birləşdirən dəyərlərə qarşı qoyan siyasətin millətin taleyinə vurduğu zərbənin acı nəticələrindən danışmaqdansa, «qütbləri» yaxınlaşdırmaqla, milli düşüncənin sağlam təfəkkürdən güc alan birliyə nail olmasına çalışmaq da bu günün publisistikasının adınadır.
Hərdən bədgüman və bir qədər ağrılı suallar da yaranır: məhz o zaman bu təhlükəni vaxtında «görüb xəbərdar etmək» müdrikliyi olmayıb publisistikanın, yoxsa səsinin eşidilməyəcəyi inamsızlığı? Qoy bunun cavabını tarixi reallıqları qiymətləndirməkdə səriştəsizliyin (və haqqın!) ayağına yazaraq, gözləməyək. Ən azından, bu sükut bizə Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ömər Faiq Nemanzadə, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli, Məhəmmədəmin Rəsulzadə, bir qədər uzaqda Həsən bəy Zərdabi… adlarını söyləyəcək və Azərbaycan publisistikasının mübarək simalarının xidmətlərinin hələ də müqayisənin fövqündə durduğunu etiraf etməli olacağıq.
Sonra isə… «öz içində eşələnmə» dövrünü yaşamış publisistikamızın kəskin, mübariz ruhlu ovqatından uzaq, dişsiz və liberal dövrü gəlir. Məhz bu dövr ədəbiyyatın və jurnalistikanın ortaq janrı hesab olunan publisistikanın hər iki cəbhədə eyni ağrını — altda un, üstdə kəpək ola bilməmək, başqa sözlə, doğmalar arasında ögeylik ağrısını yaşamasına səbəb oldu…
Ədəbiyyatın və jurnalistikanın sərhəd-keçid məntəqəsində qəbul olunan publisistika, əslində, ədəbiyyatın ərazisindədir. Bir qədər qabağa gedib, başqa bir cəhəti də vurğulamaq mümkündür ki, XX əsrin II yarısından formalaşmağa başlasa da, Azərbaycanda yeni olan komparativistikanın — humanitar elmlərin qarşılıqlı əlaqəsini öyrənən (bura qohum növ və janrları da daxil etmək olmazmı?) elmin tədqiqat istiqamətinə publisistikanın daxil edilməsi üçün kifayət qədər əsas var və yazıçı publisistikası fərqli yanaşma və ənənəvi münasibətə yeni baxış üçün açıqdır. Esse bu mənada publisistikanın mahiyyətini, onun «vətəndaş hüququnu» daha yaxşı ifadə edir.
Yaradıcı insanın özünüifadəsi, yaradıcı «mən»in uğurlu və birbaşa realizəsi baxımından essenin mobil imkanları bu janrı şəxsiyyətin ifadə forması kimi təqdim edir. Daha çox müəllifin şəxsiyyətini və yaradıcı temperamentini ifadə etməkdə söz sənətinin bütün imkanları onda asanlıqla səfərbər olunur.
Ədəbiyyata esse XVI əsrin sonlarında Mişel Montenin «Esselər»i ilə gəlib. Ədəbi tənqidi essenin atası adlandırılmaq D.Draydenin payına düşüb.
İngilis ədəbiyyatında bu janr adına görə Frensis Bekona borcludur. Onun esseləri janrın xarakter xüsusiyyətlərini — yığcamlıq, aydın dil, müdrik ağıl, dəqiqlik — yada salır və siyasətçi-alim üçün yüksək keyfiyyət hesab olunur. Onun esselərinin başlıca uğurunu da məhz bunlar təyin edir. Esseist sözünü 1609-cu ildə ingilis şairi və dramaturqu Ben Conson işlədib. Bəzi mənbələrdə «Esse formasında bəzi mülahizələr»in müəllifi, şair-metafizik A.Kouli İngiltərənin ilk esseisti kimi təqdim olunur. Con Milton məşhur «Areopagitika» (1644) əsəri ilə (söz və mətbuat azadlığı ilə bağlı İngiltərə parlamentinə müraciət) müəllifin hiss və təəssüratlarının üstünlük təşkil etdiyi esseyə yeni çalar — ciddi və sərt ton gətirdi.
Esseistikanın inkişafında «çiçəklənmə dövrü» XX əsrə aiddir. Dünyanın görkəmli filosof və yazıçıları bu janrın parlaq nümunələrini yaradırdılar. R.Rollan, B.Şou, C.Oruell, T.Mann, A.Morua, J.P.Sartrın esseləri ictimai-fəlsəfi fikirdə və bu sənətkarların yaradıcılığında maraqlı səhifələrdir.
Bu esselər təsnifat, dünya vətəndaşı, dünyanın dərkini insanın öz içindən keçirən «Mən nə bilirəm?» sualına cavab axtarışları baxımından zəngin bir xəzinəni yada salır. Mövzu, forma, həcmcə fərqli 10 esse məcmuəsi nəşr etdirmiş Xorxe Luis Borxesin esseistikası xüsusilə seçilir. Budda, İsa Məsih, Həzrəti Məhəmməd, Homer, Vergili, Aristotel, Servantes, Rable, Şekspir, Uitmen, Flober… — Borxes esselərinin personajlarıdır. Şərq fəlsəfəsi və ədəbiyyatının bilicisi. Konfutsi, Fərabi, İbn-Sina, Xəyyam, Rumidən yazanda Borxesi məhz belə adlandırmaq mümkündür. Əslində, Borxes esselərinin qəhrəmanları insanlar yox, Söz və Fikirdir.
Esse məhz yaradıcılıqdan yaradıcılıq doğurur və bu nəticə Borxesin «Dante haqqında doqquz esse» əsərində daha qətiləşir. Mühazirə şəklində tərtib olunmuş bu esselərin hər biri Dante yaradıcılığında başqa bir Danteni öyrənir. Beatriçin son təbəssümü ilə bağlı qeydlərində yazdığı kimi, "… Beatriç Dante üçün nəhayətsiz dərəcədə çox şey idi, Dante isə onun üçün — çox az, bəlkə də, heç nə… Görünür, «nəğmələrdəki» əsl faciəni heç kəs duymur,… şübhəsiz, bunların mahiyyətindəki fəcilik daha çox Danteyə aiddir, poemanın qəhrəmanı Danteyə yox, müəllif Danteyə… ".
Borxes esselərini təsnif etmək çətindir. Onun üçün yaşadığı, mövcud dünya yox, yalnız özünün gördüyü dünya var, ehkamlar, nəzəriyyələr bu esseistə yaddır. Yaradıcı fantaziya ona məhz bu müstəsnalığı bəxş edib. Bu fantaziya dünyanı və insanı başqa, adi olmayan ölçülərlə təqdim edir.