Bülbül.
Gözlərini açmağa çalışdı, açdı da, amma içəri elə qaranlıq idi ki, heç bir şey görmək mümkün deyildi. Bir anlıq harada olduğunu yadına sala bilmədi, bir az fikirləşəndən sonra son bir neçə saatda olan hadisələri yavaş-yavaş xatırlamağa başladı...
… Düşmən qəfil hücuma keçmişdi. Əslində buna “qəfil” demək olmazdı, batalyonda hamı bilirdi ki, ermənilər dünənki hayıfı çıxmağa çalışacaqlar. Üzbəüz mövqelərə bir neçə tank və sair zirehli texnika gətirmişdilər. Ağır döyüşdən çıxmış uşaqlar bərk yorulmuşdular və silah-sursat da tükənmişdi. Komandir arxadakılarla əlaqə saxlamışdı və söz vermişdilər ki, kömək gələcək. Lakin söz verdilər, kömək vermədilər… Və budur, onlar cinahlardan hücum edən düşmənin tələsinə düşdülər. O vurhavurda cəmi bir neçə söz eşitmişdi yan-yörəsindəki uşaqlardan. İsgəndər adlı döyüş yoldaşı qışqıraraq demişdi:
-Axırıncı gülləni özünüzə saxlayın, bu köpəkuşağı bizi sağ tutmasın!
-Özümə vurduğum gülləynən bu oğraşlardan birini vuraram dana. Onsuz da bizi öldürəjəklər.-İlyas adlı bir əsgər zarafatyana cavab vermişdi ona...
...Əlini sıxan telefon şnuru onu fikirlərdən ayıltdı. Əllərini arxadan burub bərk-bərk bağlamışdılar. Elə bərk bağlamışdılar ki, şunurun biləyini kəsib ətinə yeridiyini hiss eləyirdi. Yerində qurcalandı. Kürəyini divara söykəmişdi. Oturduğu yer yaş idi, mal peyininin kəsif qoxusu gəlirdi, “çox güman ki, tövlədəyik”-deyə fikirləşdi. Ayaqlarını qan tutmuşdu, sifətinin sol tərəfi bərk ağrıyırdı, yanağı şişib gözünü tutmuşdu. Sifətinə nə olduğunu xatırlamağa çalışdı...
Səngərə tullanan erməniyə tuşladığı silahın tətiyini çəksə də güllə qurtardığı üçün silahın açılmadığını, silahı tullayıb vəhşi kimi bağıra-bağıra bu uzundraz dığanın üstünə cumduğunu və taqqıltı ilə sifətinə qundağın dəydiyini hiss eləmişdi, ondan başqa artıq heç nə xatırlaya bilmədi.
İnilti səsinə yenə fikirdən ayıldı.
-Ey, kimsən? –cavab gəlmədiyini görüb təkrar soruşdu- Kim var orda?
-Hardayıq biz? Bülbül, sənsən???-səsindən dəqiqləşdirməyə çalışan İsgəndər idi. Ucaboylu, enlikürək, pəhləvan cüssəli olduğu üçün uşaqlar onu “Aleks” deyə çağırırdılar.
-Hə “Aleks”, mənəm. Salamatsan? –qaranlıqda bir şey görə bilmədiyi üçün soruşdu.
-Hə, hə, sol qolum bərk ağrıyır, qırılıb deyəsən andır...
Tövlənin qapısını kimsə bərkdən döyəclədi. Ermənicə bərkdən, acıqlı-acıqlı bir-iki söz dedi. Aleks pıçıltıyla — söydü bizə it oğlu it- dedi...
Ağır sükut çökdü. “Ölüm sükutu” sözünü eşitmişdi hardasa, indi bu sükutun ölüm sükutu olduğunu düşündü. Gözlərini yumdu. Kəndlərini, kəndin qırağındakı laləli təpəni xəyalında canlandırmağa çalışdı...
...Onun adı Arif idi, o, anadan olanda atası çox sevdiyi xanəndə Arif Babayevin şərəfinə onun adını Arif qoymuşdu. Atası dülgər idi, amma muğamı çox gözəl bilir və sevirdi. Evlərində patefon və bir də çoxlu val vardı. Hamısı da ya muğam idi, ya da xalq mahnıları. Bu abu-havada böyümüşdü, muğam qanına-canına hopmuşdu. Allah da gözəl səs vermişdi. İlk dəfə səsi olduğunu laləli təpədə mal otararkən hiss eləmişdi. Onda 7-8 yaşı olardı, bekarçılıqdan zümzümə edirdi. Qonşu uşaqlar onun oxumağını eşidən kimi başına torlaşardı. O da utandığından oxumaz, uşaqların yalvarmağına baxmazdı. Lakin sonralar bütün kənd onun gözəl səsi olduğunu bilirdi, demək olar ki, bütün toylarda onu mütləq oxudardılar. Hətta ona ləqəb də qoymuşdular; “Bülbül”. İlk dəfə bu ləqəbi eşidəndə cırnamışdı. Amma sonra ləqəbinə öyrəşdi. Tezliklə bütün kənd cammatı, hətta qonşu kəndlər də bu sısqa, çəlimsiz, yeriyəndə ayağı ayağına dolaşan oğlanı “Bülbül” kimi tanımağa başladı...
***
Bayırdan atəş səsi gəldi. Kimsə bir neçə dəfə atəş açdı. Qaranlığın sükutunu pozan bu şaqqıltı əks-səda verib çəkildi. Səsdən diksinib ayılmış Bülbülü yenə huş apardı...
… O, hərbi komissarlığa gələndə anası çox ağlayıb getməməsi üçün yalvarmışdı. Lakin getməyi qəti qərara almışdı və anasına demişdi:
-Narahat olma ay ana, balaca şeyəm, məni erməni tapıb vura bilməyəcək. Qayıdacam, mütləq qayıdacam.
Komissar bu cılız oğlanın könüllü müharibəyə getmək istədiyini eşidəndə zəhmli sifətinə bir mülayimlik yayılmışdı:
-Ə, kişi qırığı, sən elə avtomat boydasan dana. Get evə, bir az ye-iç, kökəl, özünə gəl, sonra gedərsən əsgərliyə.
Özünü saxlaya bilməyib cavab qaytarmışdı komissara:
-Kökəlməyimi neynirsən, məni kəsib soldatlara yedirtməyəssən haa. Sən mənə silah ver, qalan şey sənlik deyil.
Cavabı komissarı tutmuşdu, sifəti yenə ciddiləşmişdi kişinin. Bu uşağın onunla belə yekə danışmağına qəzəblənmişdi:
-Onun sənədlərini hazırlayın, Kapitan Həsənova tapşırın, məşğul olsun.- Sonra binanın giriş qapısına qədər gedib geri çevrilmiş, soruşmuşdu:
-Sənin adın nədir ə, qoçu?
-Bülbül. – Özü də bilmədən mexaniki olaraq ləqəbini demişdi.
Komissarı gülmək tutmuşdu. Komissarlığa gəlmiş adamlar, içi komissar qarışıq gülüşməyə başlamışdılar.
-Bülbül haa... Bülbülə bax bir!
-Əsil adım Arifdir, Əliyev Arif.-düzəliş verməyə çalışmışdı.
Lakin komissar onun bu düzəlişinə qulaq asmadan, gülə-gülə kabinetinə girmişdi...
… Yavaş-yavaş dan yeri sökülürdü. Tövlənin taxta qapısından içəri həm işıq sızırdı, həm də səhərin ayazı dolurdu. Bu zəif işıqda yan –yörəsinə göz gəzdirdi. Bura tövlə idi. İçəridə bir neçə adam vardı, soyuq vurduqca huşunu itirənlər də ayılmağa başlayırdı, içərini həzin inilti səsi bürümüşdü. Səslərindən tanımağa çalıışdı. “Bu xırıltılı səs Volodyanın səsidir yəqin, bu dayanmadan öskürən də “tütün Səməd”dir”-deyə fikirləşdi. Həddindən çox siqaret çəkdiyi üçün Səmədi belə adlandırırdı uşaqlar.
Qolunu kəsən məftil artıq onu incitmirdi, qolu keyimişdi, dirsəkdən aşağısını hiss eləmirdi. Yerində qurcalandı, bayırdan ayaq səsləri gəldiyini hiss elədi. Taxta qapı cırıltıyla açıldı. İçəri soxulan əsgərlər qapıdan düşən işıqda ayaqlarının altında qalan bir nəfərin qolundan tutub bayıra sürüdülər. Sir-sifəti qan içində olan bu adam tanınmaz hala düşmüşdü, sifətində qurumuş qan onun üzünü eybəcər hala salmışdı. Onu sürüyüb bir qırağa qoyandan sonra təkrar tövləyə qayıdan əsgərlər bu dəfə Bülbülün qolundan tutub yerindən qaldırdılar. Ayaqları sözünə baxmırdı, sürüyüb bayıra çıxartdılar. Yerdə hərəkətsiz uzanmış üz-gözü tananmaz halda olan adamın yanına uzatdılar onu. Bayırda hava tutqun idi, nəmişlik qoxusu gəlirdi, daha bir neçə əsgər də köməyə gəlib tövlədəkilərin hamısını bayıra çıxartdılar. Yerdə halsız uzanmış adamdan başqa 12 nəfər idilər. Hamısı da çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları idi. Ermənilərdən biri azərbaycanca bir cərgə düzülmələrini tələb elədi. Əlləri arxadan bağlanmışdı hamısının. Düzüldülər. Tövlənin arxa tərəfində bir kürsülü ev vardı, ora tərəf getməyə başladılar, ayağı dolaşanları silahın qundağı ilə itələyərək onları evin qabağına gətirdilər. Evin qabaq tərəfdə eyvanı vardı, bu eyvanda bir nəfər püfhapüflə əl-üzünü yuyurdu. Əlindəki qabla ona su tökən əsgər vedrədən tez-tez qabı doldurub onun boynunun dalından əndərirdi. Bir vedrə su qutarana qədər bonunu-boğazını, üzünü, başını yudu. Sonra fınxıra-fınxıra dəsmalla əl-üzünü quruladı. Həyətdə, eyvanın qabağında düzülmüş, soyuqdan tir-tir əsən əsirləri görmürdü sanki. Evin qapısından içəri girəndə rusca “bu zibilləri burdan rədd eləyin” dedi. Əsgərlər elə bunu gözləyirmişlər kimi hay-haraynan güclə bir-birinə söykənib ayaq üstə duran əsirləri itələməyə, təpikləməyə, qovmağa başladılar. Həyətin ayağında böyük tut ağacı vardı. Əsirləri həmin tut ağacının altına topladılar.Get-gedə hava qızmağa başlayırdı. Seyrək duman çəkildikcə günəşin şüaları yeri isidirdi. Bülbül oturduğu ağacın dibindən səmaya baxırdı. Hər şey dəyişmişdi bu iki ildə, müharibə qızışmış, evlər dağılmış, yurdlar viranə qalmışdı. Bircə səma dəyişməmişdi. Həmin səma idi. Heç yadından çıxmaz, ilk dəfə qonşuları qarmonçalan Saleh belə bir gündə onu darvazaya çağırmış, Şellidə (Ağdamın kəndi) toy olduğunu, onu bu toya aparmaq istədiyini bildirmişdi. Atasından icazə almışdı, getmişdilər, xeyli oxumuşdu o toyda, hamı onun səsini bəyənmişdi, Saleh də əməlli-başlı pul yığmışdı. Ona da danışdıqlarından artıq pul vermişdi. Həvəsləndirmək üçün. O vaxt özünü çox xoşbəxt hiss etmişdi.
İndi səma həmin səma idi, ancaq başqa hər şey dəyişmişdi, müharibə idi, ən pisi də o idi ki, indi əsir düşmüşdülər və bu düşdükləri vəziyyətdən çıxış yolu yox idi. Ölüm onların başının üstünü almışdı. Qorxurdu. Mətanətini qoruya bilməyəcəyindən, döyüş yoldaşlarının yanında zəiflik göstərməkdən qorxurdu.
Küçədən yük maşının səsi gəlirdi, çox keçmədən həmin yük maşını onların olduğu həyətə girdi. Evin qabağına qədər gedib dayandı. Maşının sükanından yekəqarınlı, hündürboylu bir erməni düşdü. Qapını şappıltı ilə çırpıb, taxta pilləkənlərlə evə qalxdı, maşının səsinə eyvana çıxan bayaqkı adam onu qarşıladı. Qucaqlaşdılar, rus dilində hal-xoş elədilər. Gülə-gülə eyvandakı stolun kənarında əyləşdilər.
Evdən çıxan adam əyninə kitel geyinmişdi, kitelin çiynindəki poqonlardan polkovnik olduğu bilinirdi. Əli ilə əsirləri göstərib gələn adama nə isə danışırdı. İçəridən bir əsgər çıxıb stolun üstünə yemək-içmək düzməyə başladı. Bir müddət keçdi, yeyib içmək qızışmışdı. Daha bir neçə zabit də gəlib onlara qoşulmuşdu. Səməd öskürə-öskürə dedi:
-Əcəlimiz çatdı uşaqlar, indi bu alkaşlar keflənib bizi burda güllələyəcəklər...
Doğrudan da bir müddət sonra polkovnik yerindən qalxıb pilləkənə tərəf gəldi, zabitlərdən biri onun qoluna girib pilləkəni düşməyinə kömək elədi. Stolun başında oturan digər zabitlər də polkovnikin dalınca həyətə düşdülər. Polkovnik əsirlərə yaxınlaşdı, əlini atıb belindəki tapançanı çıxardı, tapançanı yelləyə-yelləyə, ağzından köpük daşlana-daşlana, yarı rus yarı azəri dilində danışmağa başladı:
-Mənim bir batalyon əsgərimi öldürmüsünüz, ona görə də sizi ən ağır cəza gözləyir, sizi yavaş-yavaş, öz əllərimlə, bir-bir öldürəcəm. Mənə yalvaracaqsınız ki, sizi tez öldürüm, doğulduğunuza sizi peşman edəcəm. Böyük rus ordusuna qarşı çıxmağın nə demək olduğunu sizə başa salacam. –danışdıqca qızışırdı:-it uşağı, sizi tikə-tikə doğrayıb bir-birinizə yedirdəcəm. Dilinizi, qulağınızı kəsib analarınıza yollayacam.
Diz üstə çökmüş əsirlərin qabağında o tərəfə bu tərəfə gedə-gedə danışır, qabağına keçəni təpikləyirdi. Həddindən artıq içki içdiyi üçün güclə ayaq üstə dururdu, hər dəfə təpiklə kimisə vurandan sonra səndələyir, az qalırdı yıxıla. Yük maşınının sürücüsü eyvandan düşüb yaxına gəldi, polkovnikin qoluna girib onu sakitləşdirməyə çalışdı:
-Yoldaş polkovnik, əsəbiləşməyin, bu zibillərlə məşğul olmağa hələ çox vaxtımız olacaq, gəlin, gəlin çıxın yuxarı — deyərək polkovniki evə sarı apardı.
Polkovnikin sinəsinə vurduğu təpikdən sonra nəfəsi batmış Bülbül yıxıldığı yerdən nə illah eləyirdi qalxa bilmirdi. Güclə nəfəs ala-ala yavaş-yavaş özünə gəldi. Polkovnikin qoluna girib aparan yekəqarın erməninin səsi ona tanış gəlirdi. Ancaq aclıqdan və zəiflikdən gözləri alacalanırdı, tor görürdü deyə ha nə qədər zəndlə baxsada sifətini seçə bilmədi bu erməninin. Polkovnik və o birisi zabitlər yenə eyvandakı stolun ətrafında oturdular. Zabitin biri əli ilə əsirləri göz qabağından götürməyi işarə elədi, əli silahlı dığalar elə buna bəndmiş kimi təpiklərini və avtomatlarının qundaqlarını işə saldılar. Onları döyəcləyib bayaqkı tövləyə saldılar və qapını bağladılar.
Tövlə qaranlıq və sərin idi. Bülbül sürünüb bir qıraqdan divara söykəndi. Erməni sürücünün kim olduğunu yadına salmağa çalışıb fikirləşə-fikirləşə onu huş apardı...
...İsti yay günlərinin birində bir neçə musiqiçi yoldaşlarla “İsa bulağına” getmişdilər. Elə yenicə yerlərini rahatlayıb oturmuşdular ki, bir qrup erməni musiqiçilər gəlib çıxdı. Bülbül cavan idi, onların demək olar ki, heç birini tanımırdı. Amma yanında oturan uşaqlar gələn erməniləri tanıdılar.Qəhrəman diləndi:
-Sumbatın dəstəsidi.-dedi.
-Əjdaha klarnet çalandı.-Nağaraçalan Natiq əlavə elədi.-On saat dayanmadan klarnet çalsa, nə özü yorular, nə də dinləyən.
Natiq hər kəsi bəyənən adam deyildi. Bu həndəvərdə demək olar ki, bütün musiqiçiləri tanıyırdı, əksəriyyəti ilə toyda da olmuşdu. Pulemyot kimi nağara çalırdı. Ləqəbi də “pulemyot Natiq” idi. İndi onun Sumbat haqqında tərif deməsi Bülbülün marağını artırdı. Bir qədərdən sonra yeyib-içmək qızışdı. Zarafatçıl, hazırcavab Qəhrəman Natiqə sataşdı:
-Ə, ayrı vaxt deyirsən nağara çalmaq da sənətdi, nağara da musiqi alətidi, di get maşından nağaranı gətir bir şey çal, qulaq asaq.
Hamı gülüşdü. Natiq heç kefini də pozmadı, durub getdi maşına tərəf. Yük yerini açıb nağarasını götürdü, gəlib stolun qırağında yerini rahatladı:
-Sizə yazığım gəldiyi üçün, icazə verirəm, mən ritm tutum, Bülbül bir şey oxusun.-dedi.
-Qoy gedim mən də qarmonu gətirim.-Qəhrəman da maşına tərəf gedib qarmonu götürüb gəldi.
Hamının kefi kökəlmişdi, məclis qızışırdı. Qəhrəman bir az şırmayı dillərin üzərində gəzişib “Apardı sellər Saranı” xalq mahnısını başladı,Oxumaq yerinə çatanda başı ilə utandığından stolda büzüşən Bülbülə işarə elədi. Bülbül bir anlıq tərəddüd etdi, sonra hörmətsizlik etməmək xatirinə oxumağa başladı. Birinci beytdən sonra artıq həyəcanı çəkilmiş, özünü unutmuşdu. Sadəcə qulağına Arif Babayevin səsi gəlirdi, onun etdiyi xırdalıqları dəqiqiliklə təkrar etməyə çalışırdı. Mahnı qutardı, alqış səsləri elə bil ki, onu ayıltdı. Stolun ətrafı adamlarla dolu idi. Qonşu stolda oturmuş ermənilər, əlində podnos ora-bura qaçan ofisiantlar və digər stollarda oturmuş adamlar stolun başına yığışmışdı, hətta yekəqarın kababçı Amil də işini tullayıb çiynindəki məhrabaynan tərini silə-silə stolun yaxınlığındakı söyüd ağacına söykənmişdi. Həmin gün bir neçə saat orda çalıb oxumuşdular. Sumbat da klarneti gətirmişdi, doğrudan da Natiq demiş “əjdahaymış”. Elə yanıqlı müşayiət eləmişdi ki, dinləyənləri ağlatmışdı. Bülbülün oxumağını çox bəyənmişdi Sumbat. O gündən sonra bir neçə dəfə toylarda görüşmüşdülər, Sumbat onu toylara aparmışdı. Hər dəfə də üzünü ağartmışdı. Bir dəfə hətta Sumbat onun alnından öpüb – Səsini qoru, saxla! Saxla ki, o da səni saxlasın.-demişdi...
Qapının ağzında, kürəyini divara sykəyib oturmuşdu, qapının taxtalarının arasından həyət və ev görsənirdi. İndi bu sürücünün Sumbat olduğunu anlamışdı. Sumbat da onu tanımışdı deyəsən. Amma tanıdığını biruzə vermirdi. İçəridən həzin mahnı səsi gəlirdi, kimsə maqnitofonu qoşmuşdu. Sumbat eyvanda yerə atlayıb bayaq gəldiyi yük maşınına yaxınlaşdı, qapısını açıb içəridə bir az eşələndikdən sonra əlində bir maqnitofon kaseti evə tərəf getdi. Maqnitofonun səsi bir anlıq kəsildi, sonra başlayan musiqini eşidəndə Bülbül qulaqlarına inanmadı. Arif Babayevin məlahətli səsi gəlirdi. Bir az da səsini qaldırmışdılar və Sumbat evdən çıxıb eyvandakı stola yaxınlaşdı. Hirsindən fınxıran polkovnikin bir andaca sanki hirsi soyudu. Əli ilə hamının sakit olmasını işarə eləyib astaca stula oturdu. Sanki balaca bir şıqqıltının belə bu melodiyanı korlamasını istəmirdi. Mahnı qutarınca heç kimin cıqqırı çıxmadı. Polkovnikin muğamdan xoşu gəldiyini bilirmiş Sumbat. Mahnı qurtaran kimi polkovnikə yaxınlaşıb qulağına nə isə pıçıldadı. Polkovnik tez yanındakı əsgəri yaxına çağırıb nə isə tapşırdı. Əsgər və Sumbat pilləkənləri düşüb əsirlərin saxlandığı tövləyə yaxınlaşdı. Qapıda duran əsgərə ermənicə nəsə dedi, qapının qıfılını açdılar. Əvvəlcə gözü qaranlıqda heç nə seçmədi, bir anlıq duruxandan sonra kürəyini daşa söykəyib oturmuş Bülbülü gözü aldı.Yaxınlaşıb yavaşca dedi:
-Ara Bülbül, sənin nə işin var burda. Səni kim basıb müharibəyə. Tanıdın məni? Sumbatam da mən. Klarnetçalan Sumbat.
Bülbül heç nə demədi, sadəcə donuq baxışlarla süzdü Sumbatı.
-Qulaq as, gör nə deyirəm. Bu rus polkovnik muğam dəlisidi. Sənin yaxşı səsin olduğunu ona demişəm. Gəl sən məni eşit, bir-iki ağız oxuyarsan hər gün, canını qutararsan. Bura sənin yerin deyil. Səni öz evimdə saxlayaram, heç nədən korluq çəkməzsən. Hə, nə deyirsən, razısan???
-...
-Yaxşı bir az filkirləş, cavab verərsən. Yenə gələcəm.
Qapı şaqqıltı ilə örtüldü, arxadan qıfılı bağladılar.
***
Bülbül polkovnikə bir şərt qoymuşdu, oxumağı xoşuna gəlsə yoldaşlarını buraxacaqdılar. Polkovnik də öz şərtini demişdi, Bülbül dayanmadan oxuyacaqdı, xoşuna gəlsə hər yarım saatdan bir əsirlərdən birini azad edəcəkdi. Əks halda hamısını güllələyəcəkdi.
Bülbül oxumuşdu, Sumbat da müşayiət eləmişdi. Bir neçə saatdan sonra Bülbülün səsi batmışdı, lakin oxumağını dayandırmamışdı, onun oxumağı bağırmağa, xırıldamağa,ulamağa çevrilmişdi, amma dayanmamışdı, hamını ovsunlamışdı sanki, öz cılız boyu ilə əzmkarlığı bir-birinə tərs mütənasib olan bu oğlan polkovniki heyrətə gətirmişdi…
Bülbülün oxumaqdan səsi batanda da onu gülləynən vurmaq istəyən əsgərə qəzəblənmişdi, onu kənara itələmişdi...
Hər yarım saatdan bir əsirlərdən birini buraxmışdı, iki nəfər qalmışdılar...
… Artıq Bülbülün səsi çıxmırdı, nə qədər çalışsa da xırıltıdan başqa bir səs gəlmirdi. Elə bu zaman yük maşınının üstünə düşən minaatan mərmisi necə partladısa partlayışın dalğası onu dərədən üzüaşağı atdı...
İndicə həyatlarını qutardığı əsgər yoldaşları onu, qəlpələrdən bədəni parça-parça olmuş bu qəhrəmanı iki kilometr sürünə-sürünə çiyinlərində aparmışdılar...
İki ay yarım hospitalda qalmışdı, həkimlər onun sağalmağına ümüd etməsələrdə, sağalmışdı...
Sağalsada, heç vaxt danışa bilməyəcəkdi, dili batmışdı...
Evlərinə getmişdi, mərmi düşmüş evdən bir qalaq daş yığını qaldığını, atasının da bu daş yığınını altında qaldığını söyləmişdilər ona, bircə anası sağ qalmışdı...
Həyətında iki qiymətli şeyini itirmişdi...
Anasının yanında, qohumlarıgildə qalmışdı bir müddət...
Sonra İmişli rayonunda çadır şəhərciyində məskunlaşmışdılar...
Onu tanıyan musiqiçi yoldaşları hər toya gedəndə onu da özləri ilə aparır, yığılan pula onu da şərik edirdilər. Səsi çıxmasa belə, oxumasa belə hər kəs onu Bülbül deyə çağırırdı...
“Tütün” Səmədin oğlunun toyundan gələndə anasının elə yatağındaca keçindiyini görmüşdü. Arvadın ürəyi partlamışdı...
Səhəri gün Bülbülü yaşadıqları çadırın içində asılı vəziyətdə tapmışdılar, özünü asmışdı, cibində bir parça kağız vardı...
“Səsimi ermənilər, anamı allah əlimdən aldı. Bundan sonra bu çürük bədəndəki canı neyləyirəm ki...”
Kənan Elxanoğlu.