"Alef" | Xorxe Luuis Borxes

"Alef" | Xorxe Luuis Borxes

Sevgilim Estela Kantoya ithaf edirəm
        (X. L. Borxes)

“Aman tanrım, mən qoz qabığına qapanıb, özümü hüdudsuz dünyanın hökmdarı sanardım…”
Hamlet, II, 2

“Onlarsa bizə öyrətmək istəyirlər ki, əbədiyyət donmuş bu günümüzdür. Məktəblərdə (indicə donmuşluğu) Nunc-stans termini ilə ifadə edirlər. Həm məktəblilərin özləri üçün, həm də digərləri üçün çox da aydın olmayan bu terminin əvəzinə, dünyanın hüdudsuzluğunu Hic-stans (burada donmuş) sözüylə ifadə etsəydilər, daha anlaşıqlı olardı.”
Leviafan IV, 46

Beatirs Viterbo ölən gün, qızmar fevral səhəriydi. Xeyli müddət canıyla əlləşmişdi, bir an belə duyğusallığa qapılmazdı, qorxuya yenməzdi, səhhətindən gileylənməzdi. Həmən gün Konstitusiya meydanında, metal reklam lövhələrdə yüngül siqaretlərin yeni reklamını gördüm. Kədərləndim. Bu bezməyən, usanmayan, yorulmaq nədir bilməyən geniş dünyanın Beatris Viterbo ilə vidalaşdığını və bu dəyişikliyin sonsuz sırada yalnız birinci olduğunu anladım.

Dünya dəyişəcək, mənsə dəyişməyəcəm, barəmdə kədərli şöhrət düşkünü olduğumu düşünəcəklər. Bilirəm, mənim bihudə sədaqətim Beatris Viterbonu qıcıqlandırırdı. İndi bu qadın öldüyündən, onun xatirəsinə ümidsiz-filansız, əzilib-büzülmədən həsr edə bilərəm özümü. Otuz apreldə Beatrisin doğum günü olduğunu xatırladım. Düşündüm, belə bir gündə onun atasının və əmisi oğlu Karlos Arxentino Danerinin Qaraya küçəsindəki evinə baş çəkmək yaxşı olardı və yəqin elə belə də lazımdır.

Yenə də balaca qonaq otağının alatoranlığında gözləyəcəm onu, yenə də saysız-hesabsız fotolarını bütün xırdalıqlarınadək öyrənəcəm. Beatris Viterbonun çevrəyə alınmış rəngli fotosu, Beatris 1921-ci il karnavalında olarkən, üzünə də maska taxıb, Beatris xristian dini ayinlərinə qatılarkən, Beatris öz toy günündə Roberto Aleksandri ilə birlikdə, Beatris boşandıqdan sonra çox keçmədən at klubunda səhər yeməyi yeyərkən, Beatris Kilmes şəhərində Deliya San-Marko Porsel və Karlos Arxentino ilə birlikdə, Beatris ona Vileqas Aedo tərəfindən hədiyyə edilmiş pekines cinsindən olan itlə birlikdə, Beatris düz obyektivə gözlərini zilləyərkən, əlinin ovcuyla çənəsinə dayaq verərkən… Əvvəlki zamanlarda olduğu kimi gəlişimə bəraət qazandırmaqçün ucuzvari kitablar bağışlamağa gərək duymayacam, o kitabların səhifələrini əvvəlcədən kəsməli olduğumu anlamışdım, belə etməsəydim, üstündən bir neçə ay ötdükdən sonra hədiyyə etdiyim kitabın səhifələrini başqa birisinin cırıqladığını gümanlayardım.

Beatris Viterbo 1929-cu ildə öldü, o vaxtdan ta bu günə kimi, bir dəfə də olsun 30 apreli unutmadım, onun əzizlərinə vaxtaşırı baş çəkirdim. Adətən səkkizə on beş dəqiqə işləmiş gəlirdim, iyirmi dəqiqə otururdum. İllər ötdükcə daha gec gəlirdim və zamanımın daha çox hissəsini onlarda keçirirdim. 1933-cü ildə bayırda elə yağış başladı, ucundan tut, göyə çıx, buna görə də məni qonaq çağırdılar. Əlbəttə bu təklifə etinasız yanaşmadım. 1934-cü ildə saat səkkizdən sonra gəldim əlimdə tort Santa-Fedən və şam yeməyinə qalmağım da öz yerində. Bax, bu cürə kədərli və məhəbət üzgünlüklərinə bürünmüş Beatrisin il dönümlərində mən Karlos Arxentino Danerinin tədricən daha gizli etiraflarını dinləyirdim.

Beatris hündürboy, kövrək qadın idi, kürəyi azacıq donqar idi. Yerişində nəsə bir məlahətli köntöylük vardı. Karlos Arxentino qırmızı yanaq, kök, saçları çallaşmış, üzünün zərif cizgilərində daim bir təbəssüm duyulan cənab idi. Bu cənab şəhərin cənubunda, yoxsul bir kitabxanada balaca bir vəzifə tuturdu. Hökmlüydü, amma işgüzar deyildi, elə buna görə də həm axşamlar, həm bayramlar evdən çıxmamağına sevinirdi. İki nəsildən keçmiş Karlos “s” hərfini hələ də italyanlar kimi tələffüz edirdi, danışarkən italyanlara xas əl-qolunu tərpətmək şakəri də qalmışdı. Ağlına batmış cürəbəcürə anlaşılmazlıqları üyüdüb tökürdü. Məzmunsuz bənzətmələrlə, mənasız şübhələrlə yuxuya verirdi. Beatrisdə olduğu kimi, Karlosun da iri əllərində nazik barmaqlar vardı. Bir neçə ay Pol Forun poeziyasına qapılmışdı, bu şairin balladalarından daha çox, şöhrət barəsində ideyalarının vurğunuydu. Karlos Arxentino ibarəylə təkrarlayırdı: “Pol For fransız şairlərinin kralıdır, onu tənqid etməyi heç ağlının ucundan da keçirmə, sənin atdığın oxlardan ən zəhərlisi belə, bu dahi şairə toxunmayacaq”.

1941-ci ilin otuz aprelində qonaq gedərkən, tortla yanaşı bir butulka konyak da götürdüm. Karlos Arxentino gətirdiyim tortun dadına baxdı, dedi pis deyil və bir neçə qədəh konyakdan sonra, müasir insanın müdafiəsi şərəfinə elə də anlaşılmayan hərarətlə nitq irad elədi:

– Mən müasir insanı şəhərin gözətçi qülləsi saydığım kabinetində, telefonların, teleqraf aparatlarının, fonoqrafların, radiotelefonların, kinoaparatların, layihələrin, lüğətlərin, cədvəllərin, prospektlərin, bülletenlərin əhatəsində görürəm. Bütün bunlarla təchiz olunmuş insanın səyahət etməsinə gərək yoxdur, bizim XX əsr, Məhəmməd və dağ barəsində ibrətamiz hekayəni dəyişib, bütün dağlar indi özləri müasir Məhəmmədə yaxınlaşırlar.

Karlosun ibarəli tövründən, yöndəmsiz fikirlərindən, yazıçılıq barədə düşüncələrə daldım, soruşdum, niyə bu dediklərini yazmaq fikrində deyil. Elə gözlədiyim cavabı da aldım, Karlos artıq bu barədə yazmağa başladığını dedi. Bütün bu və başqa fikirləri “Başlanğıc Mahnı”da, “Müqəddimə Mahnısı”nda və ya sadəcə “Proloq Mahnı” poemasında yer alıbdır, bu poema üzərində Karlos uzun illərdir çalışır, özü də reklamsız-filansız, qulaqbatırıcı cırıltısız, əllərini daima iki əsaya dayayaraq, bu əsalardan birinin adı əmək, digərinin adı tənhalıqdır. Karlos əvvəlcə təxəyyülünün qapılarını taybatay açır, sonra isə biri-biriylə cilalayır. Poeması “Yer Kürəsi” adlanır, bu ad bizim planetimizi nə az, nə də çox təsvir edir. Bu planetdə əlbəttə heç bir çatışmazlıq, haşiyəyə çıxma, təhqir-filan yoxdur.

Karlosdan xahiş etdim öz poemasından bir parçanı mənimçün oxusun. Karlos yazı masasının yeşiyini çıxardı, üzərində “Xuan Krisostomo Lafinurun Kitabxanası” ştampı olan vərəq yığınını çıxardı, özündən müştəbeh səslə ucadan oxudu:

Xalqlar və ölkələr gördüm Yunanlar kimi,
Zəhmətlərə qatlaşdım, beləcə günlərim keçdi,
Çirkab nədir, tanıdım, ənbər nədir, tanıdım,
Gördüyüm işləri də bəzəyib-düzəmədən
necə varsa eləcə qələmə aldım,
adları da dəyişmədən
Səyahətimi yazdım amma…
Otağımda gerçəkləşən səyahətimi…

– Bu bənd bütün anlamlarda maraqlıdır, – Karlos dedi. – Şeirimin ilk misrası professorun, akademikin, ellinistin etimadını qazanmalıdır, eybi yox, qoy cəmiyyətin böyük bir kəsimini əhatələyən başdansovdu eruditlərdə rəğbət doğurmasın. Şeirimin ikinci misrası Homerdən Hesioda keçiddir (tikilən binanın fasadında didaktika poeziyasının atası şərəfinə sətirlər arasında qiymət verilir), öz tarixini Yazmadan, yəni sadalama, toplama və ya üst-üstə qalamadan götürən qəbul edilmə cəhdi olmadan. Digər dörd misra ya barokko, ya dekadans üslubundan gəlmədir, ya da formanın təmiz və fədəkar kultundan, bilmirəm hardan gəlmədir, iki əkiz misradan ibarətdir. Son iki misra, ikidillidir, məzəli hecanın sərbəst oyununu duyanlar tərəfindən dəstəklənməyimə kömək edəcək. Səkkiz misrada otuz əsri əhatələyən, ədəbi məzmunlu üç allüziya elmini xırdaçılıq etmədən toplamağa yardım edən qafiyəpərdazlıqdan-zaddan, nə bilim, dünyagörüşündən-filandan danışmaq fikrində deyiləm. Şeirimin birinci misrası “Odisseya”ya eyhamdır, ikinci misrası “Zəhmət və günlər”ə eyhamdır, digər misralar isə heç vaxt bitməyəcək vecsizliyə eyhamdır, bu vecsizliyə görə küçə musiqiçisinin asudə vaxtlarına borcluyuq. Kim də bilməsə, mən yaxşı bilirəm ki, müasir incəsənət gülüşün balzamı sayılan zarafata ehtiyac duyur. Heç bir tərəddüdsüz-filansız deyərdim ki, bax burda Karlo Qoldoninin əsl yeridir!

Karlos şeirinin digər bəndlərini də mənə oxudu, oxuduqlarını özü də bəyənirdi. Şeirində diqqət çəkən elə bir bənd yox idi, hətta bu şeirləri əvvəlkilərdən pis təsir bağışlamadı mənə. Çalışqanlığının, iddiasızlığının özünü büruzə verdiyi şeirlərində tapdığı üstünlüklər isə, ikinci dərəcəli məhsul idi. Mən anladım ki, şairin zəhməti əsasən poeziyanın özünə yox, öz poeziyasının üstünlüyünü sübut edən dəlillərin ixtirasına yönəlir. Əlbəttə, yazdığı bu şeirlər yaradılışı Karlosun gözlərində başqa cürə göstərirdi, başqalarının gözlərindəsə yox. Karlosun şifahi nitqi qeyri-adiliyi ilə seçilirdi, əlbəttə, poemasında bu fərqlilik itirdi, şer sənətində acizliyi isə ona maneçilik törədirdi.

Xatırlamağına xatırlayıram, amma yalnız satirik şeirlərini, bu şeirlərində Karlos axmaq şairləri amansızcasına qamçılayırdı:

Dilçi alimlərdən bəziləri
boş-boş çərənləyərlər,
Kor edər bəziləri,
Bəziləri də saxta şeirlərini guppuldadarlar,
Amma hamısı əbəs yerə tutuzdurarlar
sifətinə donuzların,
Unudublar, ən vacibi gözəllikdir!

Karlosun dediyinə görə, bir sürü amansız və nüfuzlu düşmən qazanacağından ehtiyatlanaraq, bu poemanın nəşrindən çəkindi.

On beş min şeirdən ibarət “Poliolbion” poemasını görmək, həyatımda yalnız bir dəfə mənə nəsib oldu. Maykl Dreyton bu topoqrafik epopeyasında İngiltərənin heyvanat aləmini, bitki aləmini, hidroqrafiyasını, oroqrafiyasını, hərbi və monastır tarixini əks etdirmişdi. Mən bu yaradılışın möhtəşəmliyinə əminəm, mövcud sərhədlər daha az darıxdırıcıdır, nəinki Karlos Arxentinonun sərhədsiz eyniköklü düşüncələri. Karlos öz şeirləri ilə bütün dünyanı qucaqlamaq istəyirdi. 1941-ci ildə Kvinslend ştatının bir neçə hektarı, Ob çayının yüz kilometrinə qədəri, şimali Verakrusun qaz anbarı, Konsepsonun əsas ticarət evləri, Marian Kambaseres de Alvearın Belqranoda On Birinci sentyabr küçəsindəki evi, Brayton yaxınlığındakı bir çimərlikdə türk hamamları… Karlos mənə poemanın avstraliya zonasından, yazılması zəhmət tələb edən passajını oxudu, bu uzun formasız İskəndəriyyə şeirlərində heç girişin nisbi də olsa canlılığı yox idi. Bir bəndini deyim:

Yadda saxla, küt dirəkdən sağ tərəfə
(O, yol göstərəcək sənə, yerli səyyah deyilsənsə)
Bir skelet darıxır orda, ağımtıl-səma rəngində
Küzə salınır qoyunlar mələşərək bir yerlərdə
Sənin qəbristanlığındır, eheeey-eheeey!

– Burada iki cəsarətli xətt var, – Karlos zəfərlə qışqırdı, – artıq sənin deyingənliyini eşidirəm, amma inan mənə, bu sətirlərə labüd qələbə bəraət qazandırır. Götürək elə “küt” epitetini. Bu epitet ötəri də olsa çoban və əməkçi nəğmələrinə xas labüd üzüntünü sərrastlıqla ifşa edir. Həmən üzüntünü nə “Georgiklər” (“Əkinçilər haqqında poema” e.ə. 36-29), nə də bizim dəfnə budaqlarından başına tac qoyduğumuz “Don Sequndo” heç zaman bu cürə ifşa etməyə cürət etməmişdi. Götürək elə ikinci misranı. Bu misrada enerjili prozaik ifadə olan “skelet” sözündən vasvası adam dəhşətlə qaçacaq, ancaq həmən adamı hər cürə təriflərin fövqündə dayanan cəsarətli tənqidçi tapacaq. Özü də bu bənd çox ağırdır. Bəndin ikinci yarasında oxucuyla maraqlı söhbət başlayır. Biz insanın canlı marağını qarşılamağa gedirik. İnsan dodağına sual qonur, cavab da özünü çox gözlətmir, anındaca cavab verilir. Bəs mənim bu “ağımtıl-səma” tapıntım barədə nə deyə bilərsən? Bu mənzərəli neoligizm avstraliya mənzərəsinin ən vacib elementi sayılan səmanı obrazlaşdırır. Səmasız rənglər tutqunlaşardı, oxucu özündən asılı olmadan kitabı qapayar, sağalmaz yaralara mübtəla olmuş qəlbinin dərinliklərində batardı.

Karlosla gecəyarısı vidalaşdım. İki həftə sonra Karlos ömründə ilk dəfə mənə zəng vurdu. “Saat dörddə görüşməyi, proqressiv işbazlar Dzunino və Dzunqrinin onun evinin yaxınlığında açdıqları qonşu salon-barda süd içməyi təklif etdi. Özü də dedi buranın şirniyyatları ilə tanışlıq mənə faydalı olacaq. Müqavimət göstərə müasir bilmədiyimdən razılaşdım. Masanı tapmaq asan məsələ olmadı. Qüsursuz-filansız “salon-bar” elə əvvəlcədən düşündüyüm kimi rahat deyildi. Karlos Arxentino bir sifət aldı, gəl görəsən, güya işıqlandırmanın hansısa gözəlliklərinə aşiq olubmuş (əlbəttə, axı bu işıqlandırmanı əvvəl görmüşdü) və mənə soyuq tərzdə dedi:

– İstəsən də, istəməsən də etiraf etməyə məcbursan ki, bu salon-bar Floresin ən gözəl barlarıyla rəqabət aparmağa qadirdi.

Sonra Karlos ikinci kərə poemasından daha dörd-beş səhifə mənimçün oxudu. Sözlərin üzərində yalançı bəzək-düzək işləri aparılmışdı: “göy” sözünün əvəzinə indi “göyümtül”, “mavi” sözləri dururdu. “Süd” sözü Karlos üçün elə də yaxşı səslənmirdi, yun yuyulması prosesinin qarşısıalınmaz təsvirində Karlos “südlü”, “südləyən”, “süd verən” sözlərini üstün tutdu… Hirs-hikkəylə tənqidçiləri danladı, bir az yumşaldıqdan sonra, tənqidçiləri o adamlarla müqayisə etdi ki, “o adamlar nə qiymətli metallara malikdirlər, nə buxar mətbuatları var, nə yayma dəzgahları, nə pərçimləmə üçün sulfat turşuları var, amma o adamlar başqa kimlərəsə xəzinənin yerini göstərə bilərlər”.

Sonra Karlos müqəddiməyə mübtəlalığı pislədi, dedi, bu mübtəlalılığı İstedadlar Knyazı “Don Kixot”la bağlı kəskin müqəddiməsində lağa qoyurdu. Bunla belə, Karlos yeni yaradılışının parlaq müqəddimədən başlamalı olduğunu gümanlayırdı, cəngavər lələyi ilə imzalanmış, mərd adamlar barəsində yazılmış müqəddimələr təki. Karlos əlavə etdi ki, öz poemasının ilk mahnılarını dərc etməyə hazırlaşır. Elə bunu dediyində, nəyə görə zəng edib, məni görüşə çağırdığını anladım. Məndən xahiş etmək istəyirdi ki, onun pedant cəfəngiyyatına müqəddimə yazım! Əbəs yerə qorxmurdum! Karlos Arxentino paxıl heyranlıqla dedi ki, hər yerdə nüfuz qazanmış ədəbiyyatçı Alvaro Melyan Lafinuru mötəbər adlandırmaqla səhvə yol verməyəcək, əgər mən əl çalsam, bu o demək olacaqdı ki, Alvaro poemaya müqəddimə yazmağa razılıq verir. Karlos bu işdə bağışlanılmaz uğursuzluqdan qaçmaq üçün, iki mübahisəsiz məziyyətə istinad etməli olduğunu dedi. Formanın və elmi dəqiqliyin mükəmməlliyi, çünki bu məcazi sözlər, fiqurlar və cürəbəcürə gözəlliklər gülüstanlığında elə bir detal yoxdur ki, dərinliklərinə qədər araşdırılmasın. Onu da əlavə etdi ki, Alvaro bütün əyləncələrdə Beatrisi tək qoymayıb, həmişə yanında olub.

Mən uzunçuluq etmədən Karlosla razılaşdım. Dediyim sözlərin həqiqətə bənzəməsi üçün, Alvaroyla bazar ertəsi yox, cümə axşamı təvazökar şam yeməyində danışacağımı dedim, Yazıçılar Klubunun yığıncaqları adətən bu cürə şam yeməklərində qurtarır. (Düzü, şam yeməyi-filan olmur, amma yığıncaqların cümə axşamı günləri olması faktı Karlos Arxentino Daneri tərəfindən qəzetlər vasitəsilə yoxlanıla bilərdi, bu da dediklərimin doğruluğuna şübhə yeri qoymazdı.) Dərin düşüncələrə qapılıb, Karlosun nələri dediyini anlayıbmışam kimi dedim ki, Alvaroyla müqəddimədən danışmazdan əvvəl, poemanın orijinal planını izah etmək istərdim.

Biz Karlosla vidalaşdıq. Bernarde de İriqoyen küçəsinə buruldum, iki yolum qalmışdı: a) Alvaroyla danışım, deyim ki, Beatrisin əmisi oğlu Karlos Arxentino poema yazıbdır, özü də bu poemasını deyəsən kakofoniyanın və xaosun hüdudsuzluğunadək genişləndiribdir. b) Alvaroyla danışmamaq. Və mən süst xasiyyətim sayəsində ikinci variantı seçdim.

Cümə günü səhər tezdən telefonun zənginə oyandım. Bu aparatdan, bir zamanlar Beatrisin əbədi susmuş səsi eşidilirdi, deyirdim birdən bu aparat Karlos Arxentino Danerinin hirsli-hikkəli danlaqlarıyla alçalar, buna görə də qəzəblənirdim. Xoşbəxtlikdən heç-zad olmadı. Sadəcə bu adama qarşı məndə barışmaz ədavət yarandı, Alvaroyla danışmağı tapşırıb, mənisə unudub.

Telefon məni qorxutmağına ara verdi, ancaq oktyabrın axırlarında Karlos Arxentino qəflətən yenə zəng vurdu. Çox həyəcanlıydı, səsini handan-hana tanıdım. Qəlbi qubarlanmışdı, qəzəbiylə kədəri biri-birinə qarışmışdı, dili dolaşa-dolaşa xəbər verdi ki, bəs bu harınlamış Dzunino və Dzunqri özlərinin eybəcər şirniyyat mağazalarını genişləndirmək üçün onun evini başına uçurtmağa hazırlaşırlar.

– Mənim əcdadlarımın evini, mənim hörmətli evimi, Qaraya küçəsindəki qədimi evimi uçurtmağa hazırlaşırlar! – Karlos elə hey təkrarlayırdı, yanıb-qovrulduğundan, dediyi sözləri musiqili səslənirdi. Karlosu anlamaq, dərdinə şərik olmaq mənə çətin deyildi. Qırx yaşdan sonra istənilən bir dəyişiklik zamanın bezikdirici qaçışının simvoludur. Özü də söhbət o evdən gedirdi ki, bu ev Beatrislə saysız-hesabsız düyünlərlə bağlayır məni. Bu incə məqamları başa salmaq istəyirdim, həmsöhbətim Karlos məni dinləmirdi. Dedi, əgər Dzunino və Dzunqri absurd fikirlərindən geri dönməsələr, onun vəkili doktor Dzunni evi uçurdanları dəyən zərərə görə yüz min peso ödəməyə məcbur edəcək.

Dzunni barəsində əvvəllər eşitmişdim, bu ad məndə təəssüratlar oyatdı, bu vəkilin Kasaresdə və Bakuaridəki ofislərinin mötəbər reputasiyası dillərə düşübdür. Karlosdan soruşdum ki, Dzunni sizin işinizə baxmağı öhdəsinə götürdümü. Karlos dedi, bu məsələylə bağlı Dzunniylə axşam danışacaq. Bir az yerində duruxub qaldı, həmişə çox intim nələrsə danışarkən çıxardığı ahəngli səsiylə dedi ki, poemanı bitirmək üçün bu ev ona çox lazımdır, çünki zirzəmi künclərindən birində Alef yerləşir. Karlos mənə izah elədi ki, Alef – məkanın nöqtələrindən biridir, bütün digər nöqtələr bu məkanın nöqtəsində yığılıbdır.

– Alef zirzəmidə qonaq otağının altında yerləşirdi, – Karlos Arxentino yanıb-qovrulduğundan bəlağətlə danışırdı. – Alef mənimdir, Alef mənimdir, uşaqlığımda açdım onu, məktəbə getməmişdən əvvəl. Zirzəmiyə enən pillələr dikinədir, xalam və dayım bu pilləkənlə zirzəmiyə enməyi qadağan etmişdilər mənə, amma kimsə dedi ki, zirzəmidə bütöv bir dünya var. Söhbətin sandıqdan getdiyini bildim, ancaq zirzəmidə bütöv bir dünyanın olmasını o zamanlar hərfi anlamda qavramışdım. Gizlincə zirzəmiyə enərkən, pilləkəndən yumalanıb düşdüm, gözlərimi açdıqda isə Alefi gördüm.

– Alef? – mən soruşdum.

– Hə. Alefdə yer kürəsinin bütün əraziləri biri-birinə qarışmadan mövcuddur və yer kürəsinin istənilən bir nöqtəsini Alefdən görmək mümkündür. Mən heç kəsə öz açılışımdan danışmadım. Amma vaxtaşırı zirzəmiyə enirdim. Əlbəttə o zamanlar uşaq olduğumdan anlamırdım, bu imtiyazın mənə tanınmasının səbəbi oydu ki, böyüyəndə poema yazım! Yox, Dzunino və Dzunqri mənim evimi uçurda bilməyəcəklər, mümkün deyil bu! Doktor Dzunni qanunlara əsaslanıb sübut edəcək ki, mənim Alefim “müsadirəedilməzdir”.

Mən Karlosu sağlam düşünməyə çağırmaq istəyirdim:

– Bəlkə zirzəmidə çox qaranlıqdır?

– Hə, müqavimət göstərən ağıla həqiqətin daxil olması çətindir. Əgər Alefdə yer kürəsinin bütün əraziləri mövcuddursa, demək, orada fənərlər də var, lampalar da var, işığın bütün mənbələri var. Demək qaranlıq da ola bilməz.

– Elə bu dəyqə Alefə baxmağa gəlirəm. Orada gözlə məni.

Mən dəstəyi asdım, Karlosa macal vermədim sözünü bitirsin. Elə bircə faktı bilmək kifayətdir ki, əvvəllər heç ağlının ucundan da keçirtmədiyin bir sıra təsdiqedici vəziyyətlərlə üzləşəsən. Karlos Arxentinonun dəli olmasını niyə əvvəldən anlaya bilmədiyimə təəccüb qaldım.

Adı dilimdən düşməyən Beatris elə qadın idi ki, amansızcasına sağlam düşüncəliydi. Onda unutqanlıq tutulmaları, adamayovuşmazlıq, nifrətlər, hətta qəddarlıqlar da tapırdılar. Ola bilsin, bu qəddarlıqlar hansısa patologiyalarla izah oluna bilərdi. Karlos Arxentinonun dəliliyi isə məni hirsli-hikkəli məmnunluqla bürüyürdü. Ürəyimizin dərinliklərində həmişə bir-birimizə nifrət edirdik.

Qaraya küçəsində qulluqçu məndən bir az gözləməyimi rica etdi. Karlos ağa, yəqin adəti üzrə zirzəmidə əyləşib, şəkillər çəkir. İndi lazımsız əşyaya çevrilmiş pianonun üstündəki gülsüz güldanın yanında (daha çox zaman xaricində, nəinki anaxronik) Beatrisin böyük portreti gülümsünürdü. Di gəl, gülümsəyişlərindən razılıq sezilmirdi.

Bizi bir kimsə də görmədi. Həyəcanla portretə yaxınlaşıb dedim:

– Beatris, Beatris Yelena, Beatris Yelena Viterbo, əzizim Beatris, həmişəlik itirdiyim Beatris, bu, mənəm, Borxes.

Bir az keçmişdi, Karlos gəlib çıxdı. Mənimlə quru-quru danışmasından anladım ki, Alefi itirməkdən başqa heç zad haqqında düşünmür.

– Bir qədəh bu saxta konyakdan başına çək, bundan sonra zirzəmiyə enə bilərsən. Unutma, Borxes, həmişə üfiqi vəziyyətdə, kürəyi üstə uzanmaq lazımdır. Həmçinin qaranlıq olmalıdır, qımıldanmaq olmaz, gözlərin uyğunlaşmasına zaman lazımdır. Borxes, sən daş döşəməyə uzanacaqsan və pilləkənin on doqquzuncu pilləsinə baxacaqsan. Mən pilləkənlə qalxıb, zirzəminin qapağını bağlayacam və sən tək-tənha qalacaqsan. Ola bilsin, siçovul-filan səni qorxuza bilər, fikir vermə, olan şeydir! Bir neçə dəqiqə sonra Alefi görəcəksən. Kimyaçıların və kabbalistlərin mikrokosmu, bizim lap çoxdankı bədnam dostumuzdur, azlıqda çoxluğu əldə etmək. Elə yemək otağına gəlmişdik ki, Karlos əlavə etdi:

– Əgər Alefi görə bilməsən, onda sənin bu qabiliyyətsizliyin qətiyyən mənim boynuma yazılmayacaq… Pilləkənlə zirzəmiyə en, tezliklə Beatrislə onun bütün cildlərində söhbətləşə biləcəksən.

Mən cəld pilləkənlə zirzəmiyə endim, artıq Karlosun çərənləmələrindən ürəyim bulanırdı. Zirzəminin ölçüsü pilləkəndən çox da enli olmadığından, daha çox quyunu xatırladırdı. Mən boş yerə gözlərimi yoraraq Karlos Arxentinonun dediyi sandıqçanı axtarmalı oldum. Bir küncdə butulka yeşiklər və parusin kisələr vardı. Karlos kisəni götürüb bükdü və daş döşəmənin üzərinə qoydu.

– Bekara balışdır, – Karlos izah etdi, – əgər balışı bircə santimetr hündür eləsəm, heç-zad görməyib, pərt olacaqsan. Hə, uzan görək, yaxşıca rahatlan və on doqquz pillə say.

Mən Karlosun qəribə tapşırıqlarını yerinə yetirdim, Karlos yuxarı qalxıb, ehtiyatla qapağı bağladı, nazik çatlağın olmasına baxmayaraq, qaranlığa bürünmüşdü zirzəmi. İndi düşdüyüm vəziyyətin necə qorxulu olmasını sonralar dərk etdim – mən konyak içdikdən sonra, dəliyə izn verdim ki, məni zirzəmidə bağlayıb getsin. Karlos möcüzəni görə bilməyəcəyimdən qorxurdu. Ona dəli deməyimi eşitmək istəmədiyindən, öz sayıqlamasına bəraət qazandırmaq istəyirdi. Həkətsiz qaldığımdan bir az ürəyim bulandı. Gözlərimi qapadım, sonra açdım. Və Alefi gördüm.

İndi mən danışdığım hekayənin əvvəlcədən gümanlamadığım məqamına yaxınlaşıram və bir yazıçı kimi acizliyimi etiraf edirəm. Hər bir dil özünün simvollar əlifbasını təmsil edir, bu simvollardan istifadə etmək, həmsöhbətlə ortaq keçmişin olmasını tələb edir. Bəs mən başqalarına Alefi necə təsvir edim? Axı Alefin hüdudsuzluğu anlaşılmazdır, elə mənim ürkək ağlım üçün də anlaşılmazdır. Mistiklər belə məqamlarda emblemlərdən yararlanır. Məsələn, farslar, allahı ifadə etmək üçün bir quş barəsində danışır, həmən bu quş necəsə bütün quşları birdən yeyir. Alanus de İnsulis tanrını təsvir etmək üçün dairədən yararlanır, bu dairənin mərkəzi hər yerdədir, çevrəsi isə heç yerdədir. İezekiil tanrını təsvir etmək üçün dörd sifəti olan mələk barəsində danışır, bu sifətlərin hamısı eyni anda həm Şərqə, həm Qərbə, həm Şimala, həm də Cənuba səslənir. Çox da anlaşılmayan bu analogiyaları əbəs yerə misal gətirmirəm, bütün bu analogiyaların bu və ya digər dərəcədə Alefə aiddiyyatı var. Bəlkə də Tanrılar mənə mərhəmət edərlər və bir vaxt hansısa yolla tanrının ümumi obrazını yaradaram, amma o zamanadək mənim təsvirlərimdə anlaşılmazlıqlar, uydurmalar qaçılmazdır. Əsas problem sonsuz çoxluqların hesablanmasıdır. Bu möhtəşəm anda mən milyonlarla hadisələr gördüm, sevinc bəxş edən gözlər, dəhşətə gətirən gözlər, gördüklərimdə məni ən çox təəccübləndirən, bu gözlərin hamısının bir yerdən törəməsiydi, biri-birilərinə toxunmayan bu gözlər şəffaf deyildilər. Gördüklərim eyni anda baş verirdi, mənim təsvirimdə isə bütün bunlar ardıcıllığa qovuşacaqlar. Dilin qanunudur bu.

Pilləkənin yuxarı səthinin alt hissəsində, sağ tərəfdən, gözqamaşdırıcı parlaqlığı olan kiçik kürəcik gördüm. Əvvəl mənə elə gəlirdi, bu kürəcik fırlanır, handan-hana anladım ki, hərəkət illüziyasının səbəbi kürəcikdəki ağlasığmaz, heyranedici səhnələrdən doğur. Alefin diametri iki-üç santimetr idi, amma bu Alefdə bütün kainat vardı, heç kainat kiçildilməmişdi də. Hər bir predmet (məsələn, şüşə güzgü) predmetlərin sonsuz çoxluğundan ibarət idi, çünki mən onu kaniantın bütün nöqtələrindən aydın görürdüm.

Əhalinin sahilboyu sıx məskunlaşdığı dənizləri görürdüm, səhər günəşinin ilk şəfəqlərini və gün batımını görürdüm, Amerika sakinlərinin izdihamını görürdüm, qara ehramın içində gümüşü toru görürdüm, dağıdılmış labirinti görürdüm, bu, London idi, güzgü kimi mənə baxan sonsuz sayda gözləri görürdüm, planetimizin bütün güzgülərini görürdüm, bu güzgülərdən heç birisi məni əks etdirmirdi, Soler küçəsində həyətin arxasında otuz il əvvəl Fray Bentosda bir evin dəhlizində gördüyüm elə həmin daş lövhələri görürdüm, üzüm tənəklərini görürdüm, ağappaq qarları görürdüm, mədən filizlərini görürdüm, suyun buxarlanmasını görürdüm, qabarıq ekvatorial səhraları, bu səhraların hər bir qum zərrəsini görürdüm, heç zaman unuda bilməyəcəyim qadın görürdüm İnvernessdə, qalın saçlarını, qürurlu bədənini, döş xərçəngi görürdüm, səki üzərində quraq torpaq üzərində dairə görürdüm, bu dairənin yerində bir zamanlar ağac vardı, Adroq şəhəri yaxınlığında ev görürdüm, Faylmon Qolland tərəfindən hazırlanmış, ilk ingilis tərcüməsi Pliniyin nüsxəsini görürdüm, hər səhifədə eyni anda bütün hərfləri görürdüm, uşaq olarkən təəccüblənirdim, axı nəyə görə hərflər, kitablar bağlanarkən, biri-birinə qarışmırlar axşamlar və itmirlər, gecəni görürdüm, elə həmən gün də günəşin qürubunu görürdüm Karetaroda, bu şəhər üzərində sanki bir Benqal qızılgülünün rəngi gülümsəyirdi, boş yataq otağımı görürdüm, Alkmarda bir elmi kabinetdə iki güzgü arasında qlobus görürdüm, bu qlobusu güzgülər əks etdirirdilər, dan yeri ağararkən Xəzər dənizinin sahillərində uzun saçlı atların qaçışmasını görürdüm, əllərin sümüklərini görürdüm, döyüşdən sonra sağ-salamat qalmışların göndərdikləri açıqcaları görürdüm, Mirsapurun vitrinində ispan oyun kartlarını görürdüm, qış bağında ayıdöşəyi bitkisinin əyi-üyrü kölgələrini görürdüm, pələnglər görürdüm, damarlarda axan qanları görürdüm, dəniz tufanlarını və orduları görürdüm, bütün qarışqaları görürdüm, nə qədər qarışqalar varmış dünyada, fars üstürlabını görürdüm, yazı masasının yeşiyində Beatrisin bədənimi titrədən xəttini, Karlos Arxentinoya ünvanlanmış ədəbsiz, ağlasığmaz, öldürücü dəqiq məktublarını görürdüm, Çakaritadakı müqəddəs abidəni görürdüm, qəlbimi məst edən Beatris Viterbonun bədəninin dəhşətli qalıqlarını görürdüm, damarlarımda dövran edən tünd qırmızı qanımı görürdüm, sevgidə qovuşmalar görürdüm, ölümlər, itimlər görürdüm, nələr, ah, nələr görürdüm, Alefi görürdüm, istənilən nöqtədən Alefdə yer kürəsini görürdüm, yer kürəsində yenə Alefi görürdüm, Alefdə isə yenə də yer kürəsini, öz simamı və öz daxilimi görürdüm, sənin simanı görürdüm. Sonra başım hərləndi və mən ağladım, çünki gözlərim ancaq güman edə biləcəyim sirli nəsnəni görürdü, Alefin adına insanlar yiyələndilər, amma bir kimsə indiyədək Alefi görməmişdi, bu anlaşılmaz kainatı görməmişdi.

Mən sonsuz sitayiş, sonsuz mərhəmət duydum.

– Borxes, burnunu hara gəldi soxsan, matın-mutun quruyacaq, – nifrət oyadan şən səs dedi. – Nə qədər başını işlətsən də, bu cürə möcüzənin əvəzini heç zaman qaytara bilməzsən mənə. Yaxşı rəsədxanadır, eləmi, Borxes?

Karlos Arxentinonun çəkmələri ən yuxarı pillədə dururdu. Qəflətən bir az işıqlı oldu, mən ağır-ağır yuxarı qalxdım və dodaqaltı mızıldandım:

– Hə, hə, çox gözəldir, çox!

Laqeyd-laqeyd münasibət bildirməyimə özüm də təəccüb qaldım.

Karlos Arxentino həyəcanla məndən söz almağa çalışırdı:

– Hər şeyi yaxşı gördün? Hansı rəngdəydi?

Bir göz qırpımında mən yerin planını qurdum. Həlimliklə, təəssüfümü gizlətmədən, belə əsəbiləşmiş kimi də demək olar, başımı əyərək Karlos Arxentinoya onun zirzəmisindəki sığınacağa görə təşəkkür etdim və paytaxtın zərərli havasını tərk etmək üçün evin sökülməsindən istifadə etməyi israrla ona məsləhət gördüm, bu hava heç kimə, inanın heç kimə rəhm etmir! Söhbəti Alefdən yayındırdım, Karlos Axentinonu qucaqlayıb vidalaşarkən, təkrar-təkrar dedim ki, kənd həyatı və dinclik iki ən gözəl həkimdir.

Həm küçədə, həm Konstitusiya meydanının pilləkənləriylə enərkən, həm də metroda qarşılaşdığım bütün simalar mənə tanış gəlirdi. Mən qorxdum. Qorxdum ki, bu adamlardan daha heç birisi məni təəccübləndirməyəcək, qorxdum ki, gördüklərimi lap əvvəldən görmüşəmmiş kimi bir duyğu məni heç zaman tərk etməyəcək. Xoşbəxtlikdən bir neçə yuxusuz gecədən sonra unutqanlıq bu qorxumun öhdəsindən gəldi.

1943-cü il, 1-i martın postskriptumu. Qaraya küçəsindəki evin uçurdulmasından yarım il sonra “Prokrust” nəşriyyatı, Karlosun yazdığı möhtəşəm poemanın uzunluğundan çəkinməyib, “argentina fraqmentləri” seçməsində çapa buraxdı. Bundan sonra nələrin olmasını demək artıqdır: Karlos Arxentino Daneri ədəbiyyat üzrə ikinci Milli Mükafata layiq görüldü. Birinci mükafatı doktor Aitə vermişdilər. Üçüncünü, doktor Mario Bonfantiyə verdilər. İnanmaq müşküldür, ancaq mənim “Kələkbazın Xəritəsi” əsərim heç bir mükafata layiq görülmədi. Kütlük və paxıllıq bir daha qələbə çaldı! Çoxdandır Karlos Danerini görmürəm, qəzetlər yazırlar ki, yaxın zamanlarda Karlos daha bir kitabıyla oxucularını sevindirəcək. Onun uğurlu qələmi (bu qələmə Alef mane olmur artıq) Asavedo Diasın mənzum şeirinin əvəzi kimi qəbul edildi.

İki qeydimi də sizinlə bölüşmək istərdim: bir qeydim Alefin mahiyyətinə toxunur, digəri isə, onun adıdır. Sonuncuya gəldikdə, bildiyiniz kimi, Alef müqəddəs dilin əlifbasında birinci hərfdir. Bu hərfin danışdığım hekayədəki kürəciyə tətbiq olunması, belə görünür, təsadüf deyil. Kabbalada bu hərf En-sof mənasını verir. En-sof hüdudsuz təmiz ilahiliyi bildirir. İnsan cildində olduğu da deyilir, bununla səmaya və yerə işarə edir və sübut edir ki, aşağı dünya yuxarı dünyanın güzgüsü və ya xəritəsidir. Çoxluqlar Nəzəriyyəsində Alef bütövün hər hansı hissədən böyük olmadığı sonsuz çoxluqların simvoludur. Elə bilmək istərdim ki, görəsən Karlos Arxentino bu adı, yəni Alef adını özü seçibmi, yoxsa Alefin sayəsində açılmış saysız-hesabsız mətnlərdən birində bütün nöqtələrin biri-birinə yaxınlaşdığı başqa bir nöqtənin adı kimi oxuyub. Bəlkə də dediklərim inanılmaz təsir bağışlayacaq, amma mən güman edirəm ki, başqa bir Alef də mövcuddur və ya bir zamanlar mövcud olubdur, Qaraya küçəsindəki Alef isə saxtadır.

Bununla bağlı sübutlarımı deyim. Kapitan Berton 1867-ci ildə Braziliyada Britaniya konsulunun vəzifələrini icra edirdi. 1942-ci ilin iyulunda Pedro Enrikes Urenya adlı filoloq Santus şəhərinin kitabxanasında Kapitan Bertonun əlyazmasını tapdı, bu əlyazmada güzgü təsvir edilirdi, bu güzgünün də sahibini Şərqdə İsgəndər Zülqərneyn və ya Böyük Aleksandr adlandırırlar. Bu güzgüdə bütün kainat əks edilirdi. Berton əcaib-qəraib uyğunluqlardan danışırdı, Tariq İbn Ziyadın ələ keçirdiyi sarayda tapdığı Key Xosrovun yeddiqat güzgüsündən (“Min bir Gecə”, 272), Lukian Samosatlının ayda gördüyü güzgüdən (“Həqiqi Tarix”, 1, 26), Yupiterin sehrli nizəsindən danışırdı Berton, bu sehrli nizə barədə Marsian Kapellanın birinci kitabı “Satirikon”da bəhs olunur, Merlinin universal güzgüsündən danışırdı, “yumru, batıq, güzgülü dünyaya bənzər” (“Pərilər Kraliçası”, III, 2, 19), və bu maraqlı sözləri əlavə edirdi: “Ancaq bütün sadalanan güzgülər (özü də mövcud olmayan) yalnız və yalnız optik cihazlardır”.

Qahirədəki Amra məscidini ziyarət edən dindarlara isə, olduğu kimi aydındır ki, kainat məscidin mərkəzi həyətini haşiyələyən sütunlardan birinin daxilindədir… Əlbəttə, bu kainatı görmək heç kəsə müyəssər deyil, amma kim qulağını sütuna dayayarsa, deyilənə görə, kainatın mübhəm hərəkət uğultusunu eşitməyə başlayar… Məscid VII əsrdə tikilib, sütunlar isə islamaqədərki dinlərin məbədlərindən götürülübdür, bu barədə İbn Xəldun yazırdı: “Köçərilər tərəfindən qurulmuş dövlət, hər cürə tikinti işlərinin aparılması üçün əcnəbilərin axınına möhtacdır”.

Daşın daxilində belə Alef mövcuddurmu? Bütün gördüklərimdə Alefi də görürdümmü? Bizim yaddaşımız unutmayla yonulur, elə mən özüm də bu eroziyanın qaçılmaz təsirindəyəm, illər ötdükcə Beatrisin cizgilərini təhrif edib, itirirəm.

Tərcümə: Ramil Rahiboğlu
Mənbə: ann.az/az/e-kitab-xorxe-luis-borxes-alef-hekay%C9%99/

Yazıçı haqqında: Məşhur Argentinalı yazıçı, esseist, şair və tərcüməçi Xorxe Luis Borxes 24 avqust 1899-cu ildə Buenos-Ayresdə doğulub. Sehrli gerçəklik (Magic realism) axımının öncüllərindəndir. Şöhrətə aparan yolu sürrealist hekayələr yazmaqdan keçib. Məşhur “Uydurmalar” və “Alef” kitabları labirintlər, güzgülər, heyvanlar, kitabxanalar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir.
Top