Yaradıcı şəxslər düşüncə tərzinə, hadisələrə baxış prizmasına görə adi insanlardan fərqlənir. Yaradıcı düşüncənin formalaşmasının təməlində şəxsiyyətin estetik zövqü, sənəti qavrama qabiliyyəti dayanır.
Bütün bunlar birlikdə sənətə gözəllik və zənginlik bəxş edir. Hər hansı bir incəsənət məhsulunun istehsalından əvvəlki mərhələlərə nəzər salsaq obraz və düşüncələrin formalaşmasının ən fundamental, prioritet mərhələ olduğunu görərik. Bütün gözəlliklər ilk addımlarını düşüncələrdən başlayır.
Yaradıcılıq məhsulu bir növ körpə uşaq kimidir. Müəllifdə yaranmış doğru ideya əsərin doğulmasına xidmət edir və doğulan əsəri əbədiləşdirir. Hər ideya və düşüncə də keyfiyyətli incəsənət məhsulunu yaratmaz. Müəllifin şəxsiyyət və xarakteri, təcrübəsi, dünyagörüşü mütləq özünü müəyyən çərçivələrdə büruzə verir. Bununla da qarşı tərəf üçün (oxucu, tamaşaçı, dinləciyi) yaradıcı insanın intellekt səviyyəsini təyin etmək bir qədər asanlaşır.
Sağlam düşüncəli və gözəlliklərə dəyər verən hər bir yaradıcı insanın əsərləri də azad ideyaları özündə əks etdirəcək. Şəxsiyyətinin dərinliklərində özünü tapa bilməyən, ruhu zəncirlənmiş, gözəllik anlayışını inkar edən müəllifin əsərləri isə zəif olacaq. Ola bilsin ki, çoxluq bunu hökm kimi qəbul etsin. Amma yaradıcılıq prosesini ciddi şəkildə analiz etsək hər birimiz bu qənaətə gələ bilərik. Necə deyərlər, sənətçi əsərləri ilə həm də ruhunu bizə təqdim edir, əsərlər müəllifin daxili aləminin aynasıdır.
Estetizmin incəsənətdə hakimiyyəti
Gözəllik qanunları, estetik dəyərlər keyfiyyətli sənət əsərinin yaranması üçün müəllifə geniş imkanlar yaradır. İdeyalarını estetik düşüncələrdə yoğuran yaradıcı insanın əsərləri də gözəl və zövqlü olur. Çünki müəllifin əsərdə hədəfi gözəllikdir. Estetikanın hakimiyyəti altında olan bu insanlar həqiqətən də sənətkar sayıla bilər.
Sənətkarın ömrü boyu ehtiyacı olduğu yeganə varlıq estetizmdir. Əgər o bundan məhrumdursa, demək onun yaradıcılığında da axsamalara rast gəlinəcək. Lakin estetik düşüncələrə sahib olan hər bir sənətkar daima onun zəruriliyini yaradıcılığında hiss edəcək və bundan yararlanacaq.
Yeganə Cansail
Mənbə: «Mədəniyyət» qəzeti