Bir sual | Necati Tosuner

Bir sual | Necati Tosuner

Bilmirəm, bilmirəm, necə deyim… Bilmirəm. Balaca əli ovucumda əsas yola çıxırıq, gedirik. Nə yaxşı ki, yağış yoxdu.
Soruşur:
— Almaniyada tramvay var?
— Çoxdu, həm də üç arabalı...
Sevinir.
— Elə şey olar ki, olmasın? Sevimə dedim inanmadı, inanmır.
— Sevim kimdi?
— Rəfiqəmdi, inadkardı. Mən “var” deyirəm, o “yox” deyir elə.
— Sənə bir şəkil göndərərəm ona göstərərsən. İnanar.
— Yenə inanmaz.

Gəlib yanıma sığındı. Jaketimin sökülmüş sapı ilə oynamağa başladı. Uşaq gözlərini bir sis bürümüşdü. Saçlarını oxşadım. Jaketin sökülmüş sapı, pencəyin düymələri-artıq böyümüş sayılırdı, dəsmal olan cibimə əlini salıb “burda nə vaaar?” soruşmurdu — qol saatımın qayışı və sonra bığlarım uzun müddət onun başını qatmağa kifayət etmədi.

  — Dayı, atam nə zaman gələcək? — dedi.
Ürəyimdə qan dondu. Anasıyla baxışdıq. Hıçqırtısını tuta bilmədi. Nə deyəydim?
— Öldü deyimmi?
Divara, divardakı boşluğa baxıb dayandım. Başını sinəmə söykədim, çənəsini oxşadım.
Deyir:
— Bu dərd məni öldürəcək, bilirəm.
Dedim:
— Xilas olacaqsan… Xilas olacaqsan...
Şam kimi əriyir.
— Gedib orda ölsəydim.
— Xilas olcaqsan. Bu gün daha yaxşısan. Həkim də deyib axı...
— Məni burda basdırmayın- deyir. — Məni burda basdırmayın... 

Divarda deyəcək bir söz yazmırdı.
— Bunu sənə bayırda başa salım, olar?- dedim.
— Atamdanmı danışacaqsan?
Niyə danışmıram, gülüm… necə deyim, çiçəyim?
— Yaxşı, anan səni geyindirsin.
— Mən özüm geyinərəm.
İçəri otağa qaçdı.
— Artıq ağlama – anasına dedim. — Ağlamaqla geri gələn deyil.
— Nə deyəcəksən ona?
— Hələ bilmirəm.
İçəridə bir qışqırtı qopdu.
Balacası gəlir:
— Mən də getmək istəyirəm.
— Bacınla diş həkiminə gedirik – dedim.- Ay qız, dişini göstər görüm.
Göstərdi. Süd dişlərindən biri düşüb deyə balaca yalana inanır. Üç yaşı var. Asanlıqla aldanır. Hələ bir dəfə də diş həkiminin kreslosunda oturmayıb. Amma yenə də qorxur diş həkimindən.
Anası dedi:
— Gec gəlməyin.
— Həkimdə işimiz bitən kimi gələcəyik.

Sakit-sakit yanımda yeriyir. Artıq məktəbə də gedir. əlifbanı öyrənib. Hələ çox şey öyrənəcək.
— Dayı, Sevim deyir ki...
Tez deyirəm:
— Gəl, yol boş ikən qarşı tərəf keçək.
Məktəbdə dostları qıza deyiblər: ”Sənin atan ölüb.” Məktəbdən qayıdan kimi soruşdu. — Onların hamısı yalançıdı — dedim. Nə deyəydim?...
— Sən nə edirsən?
— Nə edim? İki uşaqdı… hardan çıxartdı ki, bu Almaniyanı?
— Əlimizdən nə gəlir? Nə etmək olar? Öyrəşəcəksən. Öyrəşməlisən.
Soruşur:
— Dayı, hara gedirik?
— Diş həkiminə.
-Nəəə?
Bunu da anasından öyrənib.
— Yox, yox – deyirəm.
Bununla belə yenə qayğılanır.
— Gör hava necə qəşəngdi. Gəzirik, pisdi, bəyəm?
Dayanacağı keçib gedirik. Yol uzansa bəlkə bir şey uydurub  deyərəm. Gəzirik. Dördyolda dayanırıq.
— Uşaq parkına gedəkmi? – deyirəm.
-Bağlıdı – deyir.
— Eybi yoxdu.
-Yelləncəkləri yığışdırıblar.
-Heyf, yellənərdik?

-Baban yadındadı? Yoxsa babanı yadından çıxarmısan?
— Yadımdadı, unutmamışam – deyir.
Gülür.
— Stolun üstünə çıxmışdım, stolun ayağı qırıldı. Yerə yıxıldım.
Bir az susur.
— Qorxdum, amma heç hirslənmədi.
İkimiz də susuruq.
Onunla söhbət etmək üçün yaxşı bir yer seçmədim. Yarpaqsız ağaclar, sönük yaz günəşi və bomboş bir uşaq parkı. Hər şeydə bir az kədər… hər şeyi indi ona danışacam, başa salacam hər şeyi. Bəlkə də bundan sonra uşaq parklarını heç sevməyəcək.
— Bir az daha böyümüş olacaq.

Evə qayıdanda o xoşladığın çubuq şokoladlardan yenə alıımmı?
— Alarıq – deyir.
— Murada da alarıq?
— Alarıq, imkan verməz yoxsa.
Böyüyüb.

— Bilirsən, qabaqlar Murad yox idi. Düzdü? Qabaq qardaşın yox idi, sonra Murad oldu. Həmişə belədi. Baban vardı, düzdü? Sonra baban yox oldu. Həmişə belədi. İnsanlar əvvəllər olmadıqları halda ortaya çıxdıqları kimi bir gün yenə də yox olarlar. İtlər də o cürdür, pişiklər də… Yadındadı, Xədicə xanımın sarı bir pişiyi var idi, nə oldu?
— Öldü.
— Hə, öldü. Həmişə belə olur. Pişiklər də ölür, insanlar da… hər kəs...
Boğuluram.
Ağlamır.
Qolumu boynuna salıram.
-Bax belədi. İndi de görüm Sevim nə dedi sənə?
— Dedi atam ölüb.
Dayanıram.
— Anam dedi ki, Sevim yalan deyir, gələcək.
— Sevim düz deyib – deyirəm. — Anan qorxub sənə deməyə. Sənin üzülməyini istəmir.
— İnsan öləndən sonra bir daha gəlmir ki?
— Gəlməz. Biz də öləndə ora gedəcəyik.
— Hara?
— Bilmirəm. Heç kəs bilmir hara… İnsanlar hardan gəlirlərsə yenə ora qayıdırlar...
Dayanıram.
— Evimizə gedək? – deyirəm.
Ağlamağa başlayır.

Top