Balaca şəhərlərdə adamların biri-birinə qoşduğu ləqəblər adətən sadəliyi ilə seçilirlər: Göbək Haim, Qoğal İekel, Çərənçi Sarra, Ördək Gitl və s. Amma müəllim işləməyə gəldiyim balaca bir Polşa şəhərində Fatalist ləqəbli adam haqqında eşitdiyimdən, əlbəttə, dərhal bu barədə maraqlandım, sual ünvanladım, bu cürə ləqəb belə balaca şəhərdə kimin ağlına gəlib və bu ləqəbə layiq olmaq üçün nələri etmək lazım idi? İrvit dilindən dərs keçdiyim Sionist Gənclər Təşkilatının katibi bunları dedi:
-Bu qəribə ləqəbin sahibi yerlilərdən deyildi. Haradasa Kurlandiyada doğulmuşdu. 1916-cı ildə Polşaya gələrək, yerli qəzetlərdən birində alman dilindən dərs deməsiylə bağlı elan vermişdi. O zamanlar Polşa Avstriya tərəfindən işğal olunduğundan, alman dilini bilmək hər kəs üçün vacib idi. Sonra Fatalist ləqəbli, əsl adı Benyamin Şvars olan bu adamın çoxlu tələbələri ortaya çıxdı.
Elə bu yerdə Katib pəncərəyə işarə edib, ucadan dedi:
— Adını çək, qulağını bur, budur, gəlir!
Bu balacaboy adamın burma bığları, qara saçları, başında yumru şlyapası, əlində portfeli vardı.
Avstriyalılar getdikdən sonra, alman dilinə maraq öləziyir, Benyamin Şvarsa arxivdə çalışmaq təklif edilir. Səliqəli xətti olan bu adam Polşa dilinə yaxşı yiyələndi, hətta kasıblar üçün vəkiləbənzər birisi oldu. Katibin dediyinə görə, Benyamin Şvars sanki səmadan enmişdi. O zamanlar subay idi. Bu gənclərin öz klubları vardı və savadlı adamın gəlişi onların toplaşması üçün bir bəhanə oldu. Benyaminin şərəfinə sual-cavab axşamı təşkil etdilər. Üstündə suallar yazılmış kağızları qutuya qoyurdular və Benyamin də həmən bu qutudan kağızları çıxarıb, suallara cavab verirdi. Qızlardan biri qismətə inanıb-inanmasıyla bağlı Benyamini suala çəkdi, Benyamin isə sualı bir neçə cümləylə cavablamaq əvəzinə, düz bir saat danışdı. Danışdığı sözlərdən belə çıxdı ki, Allaha inanmır, amma alın yazısına inanır. Bütün hadisələrin necə və nə cür olacağı xırda təfərrüatlarına kimi əvvəlcədən müəyyənləşdirilib. Əgər kimsə şam yeməyinə soğan yeyibsə, bunun baş vermə səbəbi odur ki, həmən adam elə ya belə şam yeməyinə soğan yeməliydi. Belə olacağı milyon il əvvəldən qərara alınıb. Əgər kimsə küçədə gedərkən, büdrəyib yıxılırsa, demək bu onun qismətindəymiş. Benyamin Şvars fatalist olduğunu bildirdi. Biz tərəflərə gəlməsi də təsadüfi deyil, halbuki ilk baxışda təsadüfi gəlməsi kimi bir təəssürat da oyana bilər.
Benyamin Şvars uzun-uzadı danışdı, danışdığı mövzu onu dinləyələrin marağına səbəb olduğundan, qızğın müzakirə başladı.
— Demək, təsadüf anlayışı ümumiyyətlə mövcud deyil? – ondan soruşdular.
— Yox, mövcud deyil. – o, cavab verdi.
— Yaxşı, əgər məsələ sənin dediyin kimidirsə, onda işləməyin, təhsil almağın nə mənası qalır? Müəyyən ixtisasa yiyələnmək, uşaq tərbiyə etmək, Sionist Hərəkatında iştirak etmək, yəhudi vətənimizi təbliğ etmək nəyə lazımdır?
— Tale kitabında nələr yazılıbsa, o da olmalıdır, – Benyamin Şvars cavab verdi. – Əgər mağaza açmaq və müflis olmaq kiminsə qismətindədirsə, belə də olacaq. İnsanın cəhdləri, nələrəsə qatlanmağı əvvəlcədən müəyyəndir. Yəni, sərbəst seçim azadlığı sadəcə və sadəcə illüziyadır.
Gecə yarısı dağılışdılar. Ta o zamandan Benyamini fatalist adlandırdılar. Bu balaca şəhərin lüğətinə yeni bir söz əlavə olundu. Bizdə hamı fatalist sözünün nə anlam daşıdığını bilir. Hətta Sinaqoq xidmətçisi və əlillər evinin gözətçisi də.
Biz qismət barədə söhbətlərin tezliklə bitəcəyini və yerini real problemlərə verəcəyini düşünürdük. Çünki Benyamin özü də demişdi ki, bu hadisəni məntiqi cəhətdən dərk etmək mümkün deyil. Qismətə inanmaq da olar, inanmamaq da. Fəqət nəyəsə görə bizim gənclər bu sualı ürəklərinə çox yaxın tutdular. Elə olurdu, biz Fələstinlə bağlı hüquqlara həsr edilmiş və ya təhsillə bağlı yığıncaq keçirirdik, di gəl, bu mövzularda söhbət etmək əvəzinə, hamı fatalizmi müzakirəyə çıxarırdı. Bu bir yana qalsın, yerli kitabxana Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının idiş dilinə tərcüməsini tapdı, bu romanda fatalist Peçorindən bəhs olunurdu. Hamı bu romanı oxudu, bu romanı oxuyanlardan elələri də tapıldı ki, qisməti sınağa çəkmək fikrinə düşdü. Rus Ruletkası oynamaq istəyənlər də az deyildi, amma xoşbəxtlikdən, heç kim revolver tapa bilmədi.
İndi qulaq asın. Bizim gənclərin yığıncağında Heyele Mins adlı bir qız vardı. Varlı ailənin gözəl-göyçək və ağıllı bu qızı, bizim hərəkatımızın fəalı idi. Atası şəhərdə ən böyük parça mağazasının sahibi idi. Bütün gənc oğlanlar bu qızdan çox xoşlanırdılar. Di gəl, Heyele hamıda nəsə bir səhv tuturdu. Hazırcavab qız idi, almanların sözü olmasın: schlagfertig (dilindən zəhər tökülürdü – tərc.). Söz ehtiyatı çox olduğundan, bu qız istənilən birisini bitirərdi. Fatalist gəldiyi gündən bu qıza vuruldu. Utancaq olmadığından, günlərin bir günü həmən bu qıza yaxınlaşıb bəyan etdi:
— Heyele, sizin qismətinizdə mənə ərə gəlmək yazılıb, qaçılmazlığı nədən təxirə salaq?
Benyamin bu sözləri ucadan dediyindən, hamıda gülüş doğurdu, hamı qəhqəhə çəkdi, Heyele cavab verdi:
— Mənim qismətimə yazılıb ki, sizə eşşək və həyasız deyim. Bu sözlərimə görə inciməyin, xətrinizə dəyməsin, axı bu sözləri demək mənim qismətimdədir, sizə bu sözləri deyəcəyim səmavi kitablarda hələ neçə-neçə milyon il əvvəldən yazılıb.
Vaxt ötdü, vədə yetişdi, Heyele cavan bir oğlanla nişanlandı, Xrebuşevadan. Bu oğlan yəhudi sosial-demokrat işçi partiyası “Paoley Sion”un sədri idi. Toyu təxirə saldılar, çünki adaxlısının bacısı da nişanlanmışdı və adətə görə, əvvəlcə onun toyu olmalıydı. Uşaqlar Fatalisti cırnatmağa başladılar, Fatalist isə dedi:
— Əgər Heyelenin qismətində mənimlə olmaq varsa, belə də olacaq.
Heyele isə Benyaminin bu sözlərini belə cavabladı:
— Mənim qismətimə Ozer Rubinşteynə ərə getmək yazılıb. Bax, mənim qismətimə ən uyğun gələn variant budur.
Bir qış axşamı yenə qismət barədə mübahisə qızışdı və Heyele dedi:
— Cənab Şvars, daha doğrusu, cənab Fatalist, əgər dediyinizin düzgünlüyünə şübhə etmirsinizsə, üstünüzdə revolver olsaydı, rus ruletkası oynayardınızmı, sizə bundan daha təhlükəli bir oyun təklif edirəm.
Elə buradaca onu deyim ki, o zamanlar dəmir yolu biz tərəflərdən iki mil aralıdaydı, Varşava-Lvov qatarı isə dayanmadan uçurdu. Heyele Fatalistə təklif etdi ki, qatar bu relslər üzərindən keçməmişdən bir neçə saniyə əvvəl, relslərin üstünə uzansın.
Heyele dedi:
— Əgər sağ qalmaq qismətinizdədirsə, onda belə də olacaq, buna görə də nədənsə qorxmağa gərək yoxdur. Yox əgər qismətə inanmırsınızsa, onda əlbəttə…
Biz hamımız qəhqəhə çəkib güldük, arxayın idik ki, Fatalist necəsə bu söhbəti hərləyib-fırladacaq, bir təhər vəziyyətdən çıxacaq. Relslər üzərində uzanmaq intihara bərabər idi. Ancaq Fatalist dedi:
— Yaxşı, bu nəsə rus ruletkasına bənzər bir oyundur, oyunda isə digər iştirakçı da riskə getməlidir. Mən relsə uzanacam, siz də söz verməlisiniz ki, əgər sağ qalsam, Rubenşteynlə nişanınızı ləğv edib, mənə ərə gələcəksiniz.
Otağa ölü sükut çökdü.
Heyelenin bənizi solğunlaşdı və cavab verdi:
— Yaxşı, mən razı.
— And için, – Fatalist dedi və Heyele əlini Benyaminə uzadıb dedi:
— Anam vəbadan ölüb, onun xatirəsinə and içirəm, əgər siz sözünüzün üstündə dursanız, mən də sözümün üstündə duracam. And içirəm!
Elə bu məqamda Heyele bizə tərəf çevrilib dedi:
— Siz şahidsiniz, əgər sözümü tutmasam, üzümə tüpürə bilərsiniz.
Qısa deyəcəm. Həmən axşam şərtləşdik. Qatar biz tərəflərdən günorta saat ikidə keçməliydi. Qatarın keçməsindən yarım saat əvəl görüşməyi qərarlaşdırdıq, qoy Fatalist sübut etsin ki, qismətə inanması, bu barədə danışması, boşboğazlıq deyil. Bu işi sirr saxlamağa hamı söz verdi. Çünki bu barədə xəbər kiminsə qulağına çatsaydı, böyük səs-küy yarana bilərdi.
O gecə gözlərimə yuxu getmədi və mənə məlum olduğu qədəriylə heç kim yata bilmədi o gecə. Hamı nəyəsə görə əmin idi ki, Fatalist son anda geri çəkiləcək. Əgər geri çəkilməzsə, onu zorla yoldan döndərəcəyimizlə bağlı aramızda razılığa gəldik. Bunu zarafat-filan saymırdıq, hiss edirdik, bu iş heç zarafatlıq deyil. Hətta elə indi də bunu xatırlayanda, tüklərim biz-biz durur.
Ertəsi günün səhəri boş yerə oyanmadıq. O qədər əsəbi vəziyyətdə idim, heç səhər yeməyi yadıma düşmədi. Bəlkə də Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanını oxumasaydıq, heç belə olmazdı. Şəhər ətrafında görüşdük. Qatara cəmi altı nəfər yaxınlaşdı, Heyele Mins və onun üç rəfiqəsi. Şaxtalı hava vardı. Fatalistin əynində, yadımda qaldığı qədəriylə, yüngül gödəkcə, başında isə kepka vardı.
Mən soruşdum:
— Şvars, necə yatdın?
Fatalist cavab verdi:
— Həmişə necə yatırdım, eləcə.
Həqiqətən də Benyaminin simasından heç-zad anlamaq olmurdu, hansı hisslər keçirir, baş açmaq olmurdu, amma Heyelenin bənizi solğunlaşmışdı, sanki elə indicə yatalaq xəstəliyinə yoluxmuşdu. Heyelenə yaxınlaşıb dedim:
— Bu adamı ölümə yolladığını dərk edirsənmi?
Heyele isə cavab verdi:
— Mən heç kimi, heç yerə göndərmirəm. Fikrindən daşınmağa hələ vaxtı var.
Ömrümün axırına kimi o günü unudammaram. Elə bizim dəstəmizə daxil olanlar da unutmazlar. Xatırlayıram, dəmir yoluna tərəf irəliləyərkən elə hey qar yağırdı. Axır, gəlib çatdıq. Dedim bəlkə qar yağdığına görə qatar gəlməz, amma deyəsən relsləri kimsə təmizləmişdi. Bir saat tez gəldik, özü də inanın mənə, həmən saat, bilmirəm nələrisə duyduğumdandır, ya nədəndirsə, o saat ən uzun zaman kəsiyi idi mənim həyatımda.
Qatarın gəlməsini güman etdiyimiz on-on beş dəqiqədən sonra Heyele dedi:
— Şvars, düşündüm və anladım ki, mənə görə həyatınızı itirməyinizi istəmirəm. Xahiş edirəm, gəlin bu mərci unudaq getsin.
Fatalist Heyeleyə baxıb dedi:
— Demək, fikrinizdən daşındınız. Bu Xrubeşuvlu oğlan sizə bu qədərmi lazımdır?
Heyele cavab verdi:
— Oğlanın bu məsələyə dəxli yoxdu. Sizin ananız var, istəmirəm, ananız mənə görə oğlunu itirsin.
Heyele bu sözləri çətinliklə tələffüz etdi. Qorxusundan tir-tir əsirdi. Fatalist dedi:
— Əgər sözünüzün üstündə duracaqsınızsa, mən də duracam. Ancaq bir şərtlə, məndən kənara çəkilin. Məni qırağa dartmağa cəhd etsəniz, oyun bitəcək.
Sonra Fatalist bizə müraciət etdi:
— Hamı iyirmi addım kənara çəkilsin!
Sanki bizi hipnoz etmişdi, dediyi kimi də etdik, hamımız geri çəkildik. Fatalist qışqırdı:
— Əgər kimsə məni qırağa çəkməyə çalışsa, onda onun paltosundan yapışacam, həmən adam mənim taleyimi bölüşməli olacaq!
Məsələnin ciddiləşdiyini anladıq. Axı tez-tez şahidi oluruq ki, boğulanı xilas etməyə çalışan, elə boğulanla birlikdə boğulur.
Elə geri çəkilirdik ki, relslər uğuldadı, lokomotivin fiti qulağımızı döyəclədi. Hamımız bir səslə çığırdıq:
— Şvars, etmə bunu! Özünə gəl!
Fatalist isə sözlərimizi vecə almadan relslər üzərinə sərildi. O zamanlar bu hələ birxətli dəmir yolu idi. Heyelenin bir rəfiqəsinin ürəyi getdi. Hamı qatarın bir neçə saniyə sonra Fatalisti iki hissəyə parçalayacağına əmin idi. Bu bir neçə saniyəlik anlarda nələri yaşadığımı sözlə ifadə etmək gücündə deyiləm. Dəhşətdən ruhum bədənimdə donmuşdu. Elə bu məqamda qorxunc qıjırtı səsləri eşidildi, qulağımızı gurultu səsləri çalxaladı, qatar Fatalistdən təxminən bir addım aralıda dayandı. Maşinist və ocaqçı lokomotivdən çıxdılar, nəyi var Fatalistə söyüş söyüb, onu qırağa sürüdülər. Bir çox sərnişinlər də çıxdılar, görsünlər nə baş veribdi. Bizim uşaqlardan bəziləri həbs olunmaqdan qorxduqlarından, qaçdılar. Ara qarışdı. Mən getmədiyimdən, baş verən hər nə varsa görürdüm. Heyele mənə sarı qaçdı, qucaqladı məni, hönkürtüylə ağladı. Heç buna hönkürtü də demək olmaz, nəsə heyvan ulaşmasına bənzər səslər çıxarırdı…
Bir siqaret verin… Bu barədə danışmaq ağırdı. Nəfəsim kəsilir. Üzrlü sayın…
Mən katibə siqaret uzatdım və barmaqları arasına aldığı siqaretin necə əsməsinə diqqət kəsildim. Katib ağır-ağır dedi:
— Bax, hekayə, demək olar, belədir.
— Ərə getdi ona? – mən soruşdum.
— Artıq dörd uşaqları var.
— Nə deyim, demək, maşinist vaxtında saxladı, – mən dedim.
— Qatar bir addımlığındaydı.
— İndi siz də qismətə inanırsınız?
— Yox, mən heç zaman bu cürə hərəkət etməzdim, hətta əgər məni qızıla tutsaydılar da…
— Yenə də fatalistdir?
— Əlbəttə.
— Bəs etdiyi hərəkəti təkrarlaya bilərmi?
Katib gülümsədi:
— Bəlkə də, amma Heyeleyə görə yox yəqin.
Tərcümə: Ramil Rahiboğlu
Mənbə:
http://ann.az/
Yazıçı haqqında: İsaak Başevis Zinger yəhudi əsilli Amerika yazıçısıdır. 1978-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. İdiş dilində yazıb. Knut Hamsun, Tomas Mann, Erix Maria Remark və digər məşhur yazıçıların əsərlərini idiş dilinə tərcümə edib. “Şoşa”, “Düşmənlər. Sevginin Tarixi” romanları yazıçıya böyük şöhrət gətirib.