Ev xoşumuza gəlirdi. O, geniş, lakin köhnəydi. Bu ev əcdadlarımızın, ata babamızın, anamızın, atamızın və uşaqlığımızın yadigarı idi.
Biz İrene ilə təklikdə yaşamağa alışmışdıq və əlbəttə, bu, ağılsızlıq idi, çünki evimizdə səkkiz adama yetəcək qədər yer vardı.
Yuxudan saat 8-də oyanırdıq, yır-yığış edirdik, saat 11-ə mən ocaq başına, mətbəxə gedirdim və yalnız iki-üç otağı bacımın öhdəsinə buraxırdım. Düz günorta çağı biz nahar edirdik və boşqabları yumaqdan sonra özgə işimiz-gücümüz qalmırdı.
Süfrə başında böyük, sakit evə öz gücümüzlə, yəni kimsənin köməyi olmadan köçəcəyimiz haqqında düşünməyi xoşlayırdıq.
Bəzən bizə elə gəlirdi ki, məhz bu evin ucbatından tənha qalmışıq.
İrene heç bir səbəb olmadan iki adaxlısından vaz keçmişdi, mənim Mariya Esterim isə nişana qədər vəfat etdi.
Yaşımız qırxa yaxınlaşırdı və inanırdıq ki, — hər birimiz özlüyündə, — bu evdə məskunlaşmış bacı və qardaşın sakit, sadə birliyi ilə nəsil tükənməlidir. Bizə elə gəlirdi ki, nə vaxtsa burada öləcəyik; soyuq münasibətdə olduğumuz qohumlar evimizi ələ keçirəcək, daş və torpaqdan istifadə etmək üçün onu dağıdacaqlar. “Bəlkə də, — deyə düşünürdük, — nə qədər ki, gec deyil, özümüz bu evi yerlə-yeksan edək?!”
İrene dünyaya gəldiyi gündən bir adamı belə incitməyib. Səhər yır-yığışından sonra o, oturar və öz yataq otağında gecəyədək hörməylə məşğul olurdu. Heç bilmirəm, niyə o bu qədər hörürdü. Mənə elə gəlir ki, qadınlar bir iş görməmək üçün hörməni bəhanə kimi istifadə edirlər. Qadınlar, amma İrene yox; o, lazım olan nə varsa hörmüşdü; qış üçün mənə – corab, özünə – kofta. Əgər nəsə xoşuna gəlmirdisə, o, yenicə hördüyü sviteri sökür və mən səbətdəki yunun əvvəlki şəklinə necə düşməsinə saatlarla tamaşa etməyi xoşlayırdım.
Şənbə günləri mən şəhərə, mərkəzə gedirdim, yun dalınca; bacım mənə etibar edirdi, mən rəngləri yaxşı seçirdim. Evdən çıxışım zamanı mən kitabxanaya baş çəkir və həmişə əbəs yerə Fransadan yeni bir nəşrin alınıb-alınmadığını soruşurdum. 1939-cu ildən bəri bizə, Argentinaya dəyərli nəsə gəlib çıxmırdı. Lakin mən əslində, ev, ev və bacım haqqında danışmaq istəyirdim, çünki özüm heç nəylə maraq çəkmirəm.
Düzü bilmirəm, hörmə olmasaydı, İrenenin axırı nə olardı. Kitab mütaliə etmək olar, lakin puloveri yenidən toxumaq – yox, bu artıq bədbəxtlikdir.
Bir dəfə necə oldusa, qış libaslarının saxlandığı kamodun aşağı yeşiyində üstünə naftalin səpilmiş və dükandakı kimi səliqəylə qatlanmış çoxlu ağ, yaşıl, yasəməni ləçəklər tapdım. Mən bu qədər ləçəyin nəyə lazım olduğunu da soruşmağa cəsarət etmədim. Axı ehtiyaclı deyildik, hər ay kənddən pul gəlirdi və varidatımız artırdı. Görünür, hörmə sadəcə, bacımın xoşuna gəlirdi və o, həqiqətən gözəl toxuyurdu – mən saatlarla oturub onun gümüşü kirpilərə oxşar əllərinə, millərin çevik səyrişməsinə və döşəmədə, səbətdəki sap yumağına tamaşa edə bilərdim. Gözəl mənzərə idi.
Otaqların yerlərini heç vaxt unutmaram. Yemək otağı, qobelenli zal, kitabxana və üç böyük yataq otağı evin digər hissəsindəydi və pəncərələr Rodriges Penya küçəsinə açılırdı; ora yol bizi palıd ağacından olan qapı ilə ayıran dəhlizdən keçirdi; burada, bizdə isə mətbəx, hamam otağı, öz otaqlarımız və qonaq otağı vardı və həm bizə, həm dəhlizə və kiçik tamburdan majolikalı ön otağa keçmək olardı.
Bu ön otağa girirsən, qapını açırsan və holla çıxırsan, oradan isə həm öz otağına, yəni bu tərəfə, dəhlizlə keçdikdə isə evin uzaq hissəsinə, bizdən palıd ağaclı qapıyla ayrılmış hissəyə düşmüş olursan. Əgər bu qapının yanından sola dönərsənsə, dar keçiddə, mətbəx və hamam otağında peyda olursan.
Palıd qapı açıq olduqda görürdün ki, ev çox böyükdür, onu, qapını örtdükdə isə sən indiki dar mənzildəsən.
Buz İrene ilə burada, qapıyadək olan hissədə yaşayırdıq və o biri hissəyə yalnız yır-yığış, yəni təmizlik işləri üçün keçirdik.
Heyrət! Toz mebelə yapışqan kimi yapışırdı.
Buenos-Ayres – təmiz şəhərdir, lakin bunun üçün şəhər sakinlərinə minnətdar olmaq gərəkdir. Havada toz qaynaşır, torpaq qurudur və külək əsən kimi toz konsolun – divar çıxıntısının mərmərinə və naxışlı süfrələrə yatır. Tozu silib qurtarmaq mümkün deyil, süpürgəni nəyə çəkdinsə, toz qalxır, kreslo və royalı bürüyür.
Mən hər zaman bunu xatırlayacağam, çünki bütün bunlar çox bəsitdir. İrene otağında hörür, saat səkkizi tamamdır və mən mate (acı dad verən tonikli içki – tərc.) içmək istədim. Dəhlizlə yarıaçıq qapıyadək getdim və mətbəxə dönərkən kitabxanada, yaxud yemək otağında səs-küy eşitdim. Küt səs, qeyri-müəyyən, sanki orada söhbətləşirdilər, ya da kreslolar xalçanın üzərinə yıxılırdı. Və bu an, yaxud azca sonra dəhlizin o biri başından səs eşidildi. Mən tələsik qapını çırpdım, hətta vücudumla dirəyib sıxdım. Xoşbəxtlikdən açar yeri bu üzdən idi, əminlik üçün qapını rəzə ilə də bağladım. Sonra mətbəxə getdim, mate bişirdim, matedən bacıma da gətirib dedim:
— Qapını bağlamalı oldum. O biri hissənin otaqlarını zəbt ediblər.
O, toxumanı saxladı və mənə ciddi, yorğun baxışlarla baxdı.
— Sən əminsən?
Mən başımla təsdiqlədim.
O:
— Hə, noolar, — dedi, yenə də milləri oyadaraq əlavə etdi, — biz burda yaşayarıq.
Mən astaca mateni süzdüm, İrene hörməyə yenidən başlamaq üçün azca ləngidi. Xatırlayıram ki, o, sarı jileti götürdü, bu jilet çox xoşuma gəlirdi.
İlk günlər çox çətin idi – qapının arxasında çox şeylər qalmışdı: mənim fransızca kitablarım, bacımın salfetləri və isti ev başmaqları. Mən ardıcdan olan tənbəki çubuğum üçün darıxırdım, bacım isə ola bilsin ki, köhnə şərab şüşələri üçün.
İşimizin adı hansısa yeşiyi aramaq idi və lazımi əşyaları tapmadıqda deyinib qəmgin halda bir-birimizə baxırdıq.
— Yox, burda deyil.
Doğrudur, bəzi şeylərdən qurtulmuşduq. Təmizlik işləri indi asan olmuşdu, saat onda başlayıb saat on birə işimizi qurtarırdıq. İrene mənimlə mətbəxə gedirdi. Biz fikirləşdik və qərara gəldik ki, hələlik günorta yeməyini mən hazırlayaram, o, axşama soyuq qəlyanaltı hazırlayar. Axı axşam üstü ocaq başında durmağa heç həvəs olmur. İndi isə İrenenin masasında qəlyanaltı süfrəsi açırdıq. Bacıma əsas iş – hörmə üçün də xeyli vaxtı qalırdı. Mən o qədər də sevincli deyildim, kitablara görə, amma bacımın kefini pozmamaq üçün atamın marka kolleksiyasını səliqə-sahmana salmağa başladım və bir təhər vaxtı öldürürdüm.
Biz daha çox bacımın otağında otururduq. Ora çox rahat idi və hərdən o danışırdı.
— Bax necə hörmədir. Lap üçrəngli yoncaya oxşayır.
Mən isə ona kağız kvadratı göstərirdim və o, əcnəbi markaya tamaşa edirdi. Kefimiz yaxşıydı, tədricən biz lazımsız fikirlərdən azad olurduq. Onlarsız da yaşamaq olar. Yazmaq üçüm mövzu yox idi. Əgər son olay olmasaydı.
Bir dəfə axşam yatmazdan öncə içmək istədim və mən dedim ki, mətbəxə gedirəm. Kandarı keçərkən mən ya mətbəxdə, ya da hamam otağında səs-küy eşitdim. Bacım səsi duyub yanıma gəldi. Biz birgə qulaq asmağa başladıq. Səs, şübhəsiz, qapının arxasından yox, dəhlizdən gəlirdi, ya mətbəxdən, ya da hamam otağından. Küt səslər daha da güclənirdi.
Mən qapını çırpdım.
Ön otaqda sakitlik idi.
Bacım:
— Evin bu hissəsini də zəbt etdilər, — dedi. Yun sap döşəmədə sürünür, qapının altına gedirdi. Yumağın orada, qapının arxasında olduğunu görən İrene laqeydliklə hörməni əlindən yerə buraxdı.
Mən axmaqcasına:
— Sən heç nəyi özünlə götürmədin? – deyə soruşdum.
— Heç nə.
Biz olanımızla evdən çıxdıq. Yadıma düşdü ki, şkafımda on beş min peso pulum vardı. Lakin onları götürmək gec idi. Saat burada, qolumdaydı və mən görürdüm ki, saat on birdir. Mən bacımı bağrıma basdım, — deyəsən, o ağlayırdı — və biz evdən çıxdıq. Mən kədərlənmişdim; qapını möhkəm bağladım və açarı nova atdım. “Çətin ki, — deyə düşündüm, — hansısa biçarə günün bu vaxtında oğruluq etmək fikrinə düşsün, həm də ev artıq zəbt olunub”.
Ruscadan çevirdi:
Əziz Rzazadə