Tet-a-tet | Rey Bredberi

Tet-a-tet | Rey Bredberi

Rey BredberiBir yay axşamı dostum Sidlə əl-ələ verib sahil boyunca uzanan taxta döşəmənin üzəriylə Ouşn Parkına gedərkən, sahilə çırpılan dalğaların yaxınlığında, düz qarşımızda skamyalardan birinin üzərində tanış bir mənzərə gördük. 
— Bax, — dedim — və qulaq as.
Biz dayandıq və qulaq asdıq. Yaşlı yəhudi cütlük – kişiyə yetmiş yaş, qadına isə altmış beş verərdim. Eyni vaxtda dodaqları, əlləri tərpənirdi, hər ikisi danışır, heç biri dinləmirdi.

— Mən sənə neçə dəfə demişəm?! – kişi dedi.
— Sən nə demisən ki? – qadın dedi. — Heç nə deməmisən.
— Mən sənə hər şeyi demişəm, – kişi dedi, — mən sənə həmişə nəsə deyirəm. Heç olmasa, bir dəfə fikir versən, görərsən ki, hətta çox vacib bir şey deyirəm...
— Fikir verin buna, nə isə çox vacib söz deyir! — qadın dedi və gözlərini süzdürdü.— Siyahını ver!
— Keçək toy məsələsinə ... 
— Yenə də toy?! 
— Niyə də yox? Nə qədər vurnuxursan, yenə də zərərdəsən.
— Kim idi vurnuxan belə?
— Mən sənə göstərə bilərəm…
— Göstərmək, yox, bir daha nələr… — Qulaqlarını yumaraq – Bax, mən eşitmirəm! — dedi. 
Et cetera, et cetera.
— Diktofonum olsaydı… — dedim.
— Nəyə lazımdır ki, — Sid cavab verdi.
— Eşitdiklərimizin hamısını mən özüm də təkrarlaya bilərəm. Gecənin ortasında məni oyadarsan, hamısını deyərəm.

Biz yolumuza davam etdik. 

— Artıq uzun illərdir ki, onlar hər axşam bu skamyada otururlar. 
— İnanıram, — Sid dedi. — Necə də gülməlidirlər.
— Mənimsə bu mənzərədən lap kefim pozuldu. 
— Kefin pozuldu? Özünə gəl! Bu, hazır komik cütlükdən başqa bir şey deyil. Mən onlarla ikigünlük anqajement (müəyyən sayda tamaşa vermək üçün müqavilə ilə artist çağırma – tərc.) təşkil edəcəm. 
— Heç olmasa, bir az da olsa sənə təsir etmədi?
— Yaxşı görüm. Onlar, bəlkə də, əlli ildir evlidirlər. Dır-dır hələ toydan əvvəl başlayıb, bal ayından sonra isə artıq kəsilməyib.
— Amma onlar axı heç bir-birlərini dinləmirlər də!
— Nə olsun ki? Əsas odur ki, əvvəl dinləməmək kişinin növbəsidir, sonra qadının. Əgər onlardan heç olmasa biri qulaq assa idi, bütün mexanizm dayanardı. Freyd də onların əlindən zülm çəkərdi.
— Niyə? 
— Onlarda hər şey üzdədir. Narahat olmağa dəyməz, müzakirəlik heç nə yoxdur. Yəqin, yatağa da söyüşə-söyüşə girirlər və iki dəqiqədən sonra xoşbəxt təbəssümlə yuxuya gedirlər.

— Sən doğurdan belə fikirləşirsən?
— Mənim dayımla arvadı eynilə belə idilər. Yaxşı yığılmış təhqir buketi uzun ömür vəd edir. 
— Nə qədər uzun yaşadılar? 
— Fanni xala və Esa dayı? Səksən və səksən doqquz. 
— Bax bu başqa məsələ. 
— Hə də, belə, ancaq sözlərdən, daha doğrusu, söyüşdən ibarət pəhrizlə, belə olar da. Yəhudi badmintonu: kişi atır, qadın vurur, sonra qadın atır, kişi geri qaytarır, heç kim udmur, amma heç kim də uduzmur.
— Heç vaxt bu barədə belə fikirləşməmişəm. 
— Fikirləş, — Sid dedi. – İndisə hələlik bir-bir. 

Belə gözəl yay axşamında biz çevrilib geri qayıtdıq. 

— Daha bir şey! – qoca dedi.
— Daha yüz şey! 
— Kim sayır ki? — kişi dedi .
— Bura bax. Mən öz siyahımı hara qoymuşam. 
— Siyahı-miyahı, kimin nə işinə qalıb? 
— Mənim. Sənin işinə qalmayıb, mənim qalıb. Mumla!
— Yox, imkan ver, sözümü deyim!
— Onun sözü qurtaran deyil, — Sid dilləndi və biz yanlarından keçib getdik, möhtəşəm deyişmə də geridə qaldı, kəsildi.

Üçüncü gecə Sid zəng vurub dedi:

— Diktofon tapmışam.
— Necə yəni? 
— Sən də yazıçı, mən də. Gedək, söz mədənini qazaq. 
— Elə də həvəsində deyiləm, — dedim.
— Tərpən, — Sid dedi.

Getdik gəzməyə. Yenə də çox gözəl, mülayim Kaliforniya axşamı idi; elə bir axşam ki, adətən biz bu barədə Şərqdə sahil boyunca yaşayan qohumlarımıza danışmırıq ki, birdən inanıb, qonaq gəlmək fikrinə düşərlər. 

— Qulaq asmayacam, — kişi dedi.
— Səsini kəs və qulaq as, — qadın dedi. 
— Heç nə deməsən də olar, — gözümü açmadan dedim. – Hələ də davam edirlər. 

Eyni cütlük. Eyni söhbət. Beş dollarlıq radio kimi yenə də efirdədir. Uduzan yoxdur yenə də. Sən doğurdan da diktofondan istifadə edəcəksən? 

— Kəşf ediblərsə, deməli, istifadə etmək lazımdır. 
Yavaş-yavaş onlara yaxınlaşdıqca, diktofonu işə saldı.
— Onun adı necə idi? Hə, İsaak.
— Heç də elə deyil.
— Dəqiq, İsaak.
— Aron!
— Yox axı, mən böyük qardaş Aronu demirəm.
— Kiçik olan!
— Yaxşı bəs bunu deyən kimdir?
— Sən. Çox pis.
— Yenə də həqarət.
— Düz söz acı olur. Sən heç vaxt həqiqəti qəbul edə bilmirsən.
— Məni yaralayan elə sənin “həqiqət”lərindir . 
— Bu dəqiqə sosis olsaydı, imtina eləməzdim,-- Sid dedi və biz onların balaca qutumuzdakı səsləri ilə birgə yanlarından keçib getdik. 

Hər gün belə davam edirdi, Amma bir gün bu baş verdi. Bir, iki, üç və son. 

Gözlənilmədən bir-birinin ardınca iki gecə skamya boş qaldı. Üçüncü axşam balaca bir mağazanın qapısında dayanıb skamyanı göstərərək ordakılarla danışmağa başladım. Hə, əlbəttə, mənə dedilər. Roza və El. El və Roza. Hə, dübbədüz, soyadları da Şteyndir. Necə ola bilər axı, El və Roza Şteyn neçə ildir ki, gəlib həmin skamyada otururlar, bir axşam da olsa, buraxmayıblar. Heyf, Elin yeri görünəcək. Bitdi artıq. Çərşənbə axşamə öldü.

Skamya, indi elə boş görünür ki, hə, neyləmək olar. 

Heç vaxt tanımadığım, amma eyni zamanda tanıdığım bu iki insana görə hiss etdiyim kədərdən mütəəssir olub, bacardığımı elədim, — dedim. Kiçicik sinaqoqda ondan da kiçik məzarlığın adını öyrəndim və bir axşamüstü özümə də aydın olmayan və qaranlıq qalan səbəblərdən dolayı ora getmək qərarına gəldim. Özümü Los-Ancelesin mərkəzində yerləşən sinaqoqun qapısına boylanan çoxdankı on ikiyaşlı Qoy kimi hiss edirdim. Mənə onda bu şlyapalı kişilər, rəqslər və nəğmələrin iştirakçılarının nə hiss etmələri maraqlı idi. Məzarlıqda elə gözlədiyimi də tapdım. Qoca qadın onun adının yazıldığı məzar daşının yanında oturmuşdu. Elə hey danışırdı, daşa toxunaraq, daşla danışırdı. 
— Bəs o?
— Əlbəttə. Başqa cür ola da bilməz. O eşitmirdi. 

Mən gözlədim, qulaq asdım və gözümü yumub uzaqlaşdım. 

Skamyanın yanından keçəndə günəş artıq batmışdı, gecəyə doğru duman çəkilirdi. Skamya hələ də boş idi və bunu görmək çox kədərli idi. Bəs indi neyləyək? Sidə zəng elədim.

— Qulaq as, sənin diktofonun və həmin kasetlər qalır? — soruşdum.

Bu yayın son axşamlarından birində həmişəki kimi Sidlə birgə sahil boyunca gəzirdik, əla kəsmikli piroq və hisə verilmiş əti ilə tanınan mağazaların yanından keçirdik, hətta bir dəfə bunlardan birindən nəsə alıb, skamyaların yerləşdiyi okeana tərəf də çıxmışdıq. Hər şey yaxşı idi, danışırdıq, birdən Sid dedi:

— Bilirsən, mənə həmişə maraqlı olub:
— Onun bir həftədən bəri boş qalan skamyaya baxdığını görüb dedim: “Orda maraqlı nə var ki?” Bax, — Sid əlimə toxunaraq dedi. – Yadındadır, həmin yaşlı qadın?
— Hə?
— O yenə də burdadır! Mən də fikirləşirdim ki, yəqin xəstələnib, ya da nəsə olub, o isə elə burdadır ki, burdadır. 
— Bilirəm, — deyib gülümsədim.
— Nə vaxtdan? Özü də həmin skamyada. İndicə işə düşmüş motor kimi yenə də çərənləyir. 
— Hə, — dedim və biz bir az da ona yaxınlaşdıq. 
— Axı, — Sid çox sakit dedi, — orda axı heç kim yoxdur. O öz-özünə danışır.
— Demək olar ki, — dedim. Biz lap yaxına gəldik. – Qulaq as.
— Allah xətrinə, bezdirmə məni. Ancaq söz-söhbət, bu mənə lazımdır? – Yaşlı qadın irəli, skamyanın boş tərəfinə doğru əyilərək deyirdi, gözləri yanır, üzü əyilmiş, dodaqları isə davamlı hərəkətdə idi. – Bu davalar mənə lazımdır? Onsuz da öz problemlərim bəs edir. Qulaq as mənə, gör mən nə deyirəm, danışmalı biri varsa, o da mənəm!

Və bunun ardınca

— Çox qəribədir — cavab gəldi. 
— Eşit, deyir mənə! – kənardan bir səs qışqırdı. 
– Mən sənə qulaq asmalıyam? Niyə, axı? 
— Səs! – Sid qışqırdı. Sonra pıçıldadı: 
— Bu onun səsidir. Amma axı o ölüb!
— Hə, — dedim.
— Bir dənə də şey, — yaşlı qadın dedi. – Sən yediyinə fikir verməlisən. Yoxsa bir də gördün ki! 
— Danışmağa nə var ki! — Kişinin səsi etiraz edirdi.
— De görüm!

Yüngül bir şıqqıltı gəldi. Sidin gözləri aşağı zilləndi. O da bu dəqiqə mənim gördüklərimi görürdü: ondan müvəqqəti götürdüyüm balaca diktofonu yaşlı qadın ovcunda sıxmışdı.

— Daha bir şey, — yaşlı qadın dedi.
Şıq, — səs gəldi.
— Nəyə görə axı? – kişinin səsi eşidildi... Şıq.
— Mənim siyahım burayacandır! –qadın qışqırdı.
Görəsən həqiqəti desəm, onun reaksiyası necə olacaq. Elə bu vaxt Sid mənə tərəf çöndü.

— Sən? – o dedi.
— Mən, — etiraf elədim.
— Necə? – o dedi.
— Axşamlar onlar burda olarkən yazdığımız bütün kasetlər məndə idi, -dedim. Mən ordan kişinin danışıqlarını kəsdim, sonra isə qadının arada onun üstünə qışqıra bilməsi üçün əlavə boş lent yapışdırdım . 

Bəzi yerlərdə o cavab gözləmədən qışqırır. Amma, əgər qadın qışqırmaq istəsə, onda söndürüb, qışqırıb, sonra yenidəndavam edə bilər.
— Hardan ağlına gəldi belə eləmək ?
— Onu qəbirstanlıqda gördüm, — dedim. –.Qadının cansız mərmər parçası ilə necə danışıdığını görmək dözülməz idi, heç kim cavab vermirdi. Sənin bütün kasetlərinin-- bütün davaları, qışqırıqları- üzünü köçürdüm və bir dəfə axşama yaxın gəldim
qəbirstanlığa, o doğurdan da orda idi, yenə də orda oturmuşdu və həmişə oturardı da və bir gün elə orda da acından ölərdi.

Heç kim cavab vermirdi. Amma kimsə mütləq cavab verməlidir axı, hətta, əgər sən eşitmirsən və ya sənə elə gəlir ki, eşitmirsən və mən belə məzara yaxınlaşıb diktofonu qoşub ona uzatdım. Qadın isə daşın yanında oturmuşdu, onun(kişinin) qışqırmağını gözlədim və getdim. Geri dönmədim. Qadının ona cavab olaraq qışqırıb-
qışqırmayacağını gözləmədim. Qadın və kişi, kişi və qadın, zil səs, bəm səs, bəm və zil: Mən sadəcə getdim. Dünən axşam isə qadın yenidən burda skamyada oturmuşdu .Kəsmikli tort yeyirdi. Mənə elə gəlir ki, o yaşayacaq. Əaladır ki, hə ?

Sid qulaq verdi. Qoca yenə də şikayətlənirdi:
— Nəyə görə mən?Kimsə mənə deyə bilər! Di, mən gözlüyürəm. Di? – Buna baxın, ağıllı çıxıb mənə, — qadın cavab verdi.
Belə gözəl yay axşamında biz Sidlə astaca uzaqlaşdıq.Qadının zil, kişinin isə bəm səsi geridə qaldı. Sid əlimdən tutdu.
— Sən Qoy olsan da, — o dedi, — səndən yaxşı yəhudi çıxardı. Yaxşı, nə qulluq eliyim?
— Qaxac edilmiş ətlə buterbrod necədir? – dedim.

Tərcümə: S. İnanna
Top