Bədii dilimizin sürətli inkişafı ilə əlaqədar olaraq dilçilərimiz bu məsələyə aid bir neçə məqalə yazmışlar. Bunlardan R. Rüstəmovun “Uşaqlar üçün yazılmış əsərlərin dili haqqında” (“İnqilab və mədəniyyət” jurnalı, 4-cü sayı, 1952) A. Həsənovun “Dil haqqında Stalin təlimi və müasir bədii dilimiz” (“İnqilab və mədəniyyət” jurnalı, 8-ci sayı, 1951) R. Kazımovanın “Stalin yoldaşın “Marksizm və dilçilik məsələləri” əsəri və müasir Azərbaycan ədəbi dilimiz haqqında” (İ. V. Stalinin dilçiliyə dair əsərləri və Azərbaycan dilçiliyinin məsələləri”, Azərb. E. A nəşri, 1952) və həmin müəllifin “Azərbaycan sovet nəsrində bədii dil və stil məsələləri” (“Azərbaycan” jurnalı, 6-cı sayı, 1953) adlı məqalələrini göstərmək olar. Bu məqalələrdə bədii dilimizin daha da yaxşılaşması üçün əhəmiyyətli cəhətlər çoxdur. Lakin yuxarıda adları çəkilən məqalələrdən özünün elmiliyi, məzmunluluğu ilə fərqlənən birinci məqalə istisna olunmaqla, qalan yazılarda bəzi müvəffəqiyyətli cəhətlərlə yanaşı bir sıra səhvlərə yol verilmiş, bədii dilimizin bəzi məsələləri dolaşdırılmışdır. Bu məqalələrdə nəzərə çarpan əsas səhv müəlliflərin yazıçı dili ilə surətin dilini qarışdırmalarından ibarətdir.
Bu nöqsan A. Həsənovun məqaləsində daha qabarıq nəzərə çarpır. Müəllif obrazlardan – Kəyanın dilindəki “işləmişikmiş” sözünü qrammatik cəhətdən nöqsan sayır. A. Həsənovun fikrincə, Kəyan mütləq “işləmişmişik” deməli idi. Məsələyə bu cür yanaşan yoldaşlar yazıçının hər fərdi öz dilində danışdırmaq hüququnu məhdudlaşdırmaq istəyirlər. Məqalələrdə bədii dilin leksikasına aid qeydlərə də müəlliflər düzgün olmayan nəticələr çıxarmışlar. Məsələn, R. Kazımova iddia edir ki, “asiman” əvəzinə Azərbaycan dilinin lüğət fondunda (əsas lüğət fondunda demək lazım idi –A. A) olan göy sözünü, təəhhüd əvəzinə öhdəlik sözünü işlətmək olar.
Əslində isə xalq və mətbuat nə təəhhüd, nə də öhdəlik sözünü deyil, öhdəlilik sözünü işlədir. Digər tərəfdən, müəllif dilimizdə çoxdan bəri vətəndaşlıq hüququ qazanmış asiman sözünü bədii dilimizdən çıxarmağı məsləhət görməkdə düzgün təşəbbüs göstərmir və bədii dilimizdə son dərəcə əhəmiyyətli olan sinonimlərin əleyhinə çıxır. Əslində isə “Göy, göy rəngə boyanmışdı. Ulduzlar sanki göyə deyil, göy məxmərin üstünə səpilmiş almas parçaları idi” ifadəsindən “səma göy rəngə boyanmışdı. Ulduzlar sanki asimana deyil, göy məxmərin üstünə səpələnmiş almas parçaları idi” ifadəsi daha yaxşı və daha poetikdir. Leksika məsələlərinə daha dərindən yanaşmasına baxmayaraq, A. Həsənov da öz məqaləsində bəzi nöqsanlara yol vermişdir. Müəllif şair Rəsul Rzanın “Lenin” poemasında işlənən “yarımay” (hilal), “poladlaşmaq” (möhkəmləşmək), “əməldaş”(əməl yoldaşı), “dan atmaq” (dan sökülmək) sözlərini bədii dilimiz üçün əhəmiyyətli sözlər kimi qeyd edir. Halbuki Həsənovun göstərdiyi sözlər dilimizdə qarşılığı olduğundan tamamilə artıq və süni sözlərdir. Bədii əsərdə süni sözlər yaratmağın ədəbi dilimizin inkişafı üçün heç bir əhəmiyyəti yoxdur. Bir də unutmamaq lazımdır ki, bədii əsərin dilinə qiymət verərkən bədii yaradıcılığın əhəmiyyətini başa düşmək üçün zəruri olan bədii zövqə malik olmaq, dil hadisələrini quru mülahizələrlə deyil, poetik həssaslıqla izah etmək ən vacib məsələlərdən biridir.
R. Məhərrəmovanın “Azərbaycan sovet nəsrində bədii dil və stil məsələləri” adlı məqaləsində də leksika məsələsi çox səthi işıqlandırılmışdır. Müəlllif S. Rəhimovun “Şamo” romanında işlətdiyi “qayıtmaqlıq, dönməklik, toxtatlıq” kimi sözləri yazıçının özünün düzəltdiyi süni sözlər hesab edir. Halbuki bu sözləri S. Rəhimov özü düzəltməmişdir. Həmin sözlərə biz C. Məmmədquluzadənin hələ 1897-ci ildə yazdığı “Danabaş kəndinin əvvalatları” adlı əsərində rast gəlirik.
Ümumiyyətlə, istər dilçiliyimizdə, istərsə də ədəbiyyatşünaslığımızda bədii dil və stil məsələlərinə aid sanballı məqalələr çox az yazılmışdır. Bu məsələlərin həlli dilçilərimizin təxirəsalınmaz vəzifələrindəndir.
Müəllif: Ağamusa Axundov “Ədəbiyyat qəzeti”
9 oktyabr 1954-cü il