Müşahidə | Virciniya Vulf

Müşahidə | Virciniya Vulf

Virciniya Vulfİçəridə istidən və adam əlindən durmaq mümkün olmayanda, belə bir gecədə rütubətdən nəm olmaq təhlükəsinin olmadığını görəndə, Çin çıraqları sehrli meşənin dərinliklərində qırmızı və yaşıl meyvəyələrə bənzəyəndə, cənab Bertram Priçhard missis Latamla bağçaya çıxdı. 

Açıq hava və evdən kənarda olma hissi hündürboy, yaraşıqlı, daha çox astagəl təəssüratı yaradan bir xanım olan Saşa Latamı çaşqınlığa salmışdı. Onun zəhmi elə ağır idi ki, hər hansı bir yığıncaq zamanı o, söz demək istəyəndə, insanlar onu nöqsanlı və ya kobud kimi qəbul etmirdilər. Amma iş belə gətirmişdi ki, o, evdən kənarda belə güvəniləcək, dayanmadan söhbət edə bildiyi Bertramla idi və bu onu şad edirdi. Bertramın dedikləri yazıya alınsaydı, inanılmaz bir şeyə bənzəyərdi, çünki onun hər dediyi söz nəinki öz-özlüyündə boş və mənasız idi, üstəlik onun cümlələri arasında da heç bir əlaqə yox idi. 

Həqiqətən də, biri əlinə qələm alıb onun hər sözünü yazsaydı (onun bir gecə ərzində söylədikləri bir kitab qədər olardı), heç şübhəsiz ki, yazılanları oxuyan bir adam yazığın əqli cəhətdən inkişaf etmədiyini düşünərdi. Amma bu belə deyildi, çünki cənab Priçhard hörmətli bir mülki məmur və Batın ortaqlarından idi. Ən qəribəsi isə o idi ki, o, demək olar ki, hamı tərəfindən dəyişməz olaraq bəyənilirdi. Onun səsində və intonasiyasında xüsusi bir nəsnə, fikirlərinin absurdluğunda bir möhtəşəmlik, onun yumru, xoş qəhvəyi sifətindən və qar quşuna bənzəyən bədənindən saçan şüa, əksər vaxtı onun dediklərinə müxaliflik yaradan gözəgörünməz və mənəvi nə isə, sanki mövcud olan və çiçəklənən, özünü onun sözlərindən ayrı, müstəqil hiss etdirən bir çalar var idi səsində. O, Devonşirdəki səyahətindən, yeməkxanalar və yerli xanımlar, Eddi və Freddidən, inəklərdən və gecə səyahətlərindən, krem və ulduzlardan, qitənin dəmiryolu xətlərindən, soyuqlamadan, yenə də soyuqlamadan, sətəlcəm və revmatizmdən, bir də Kitsdən danışdıqca, Saşa Latanın ağlından başqa şeylər keçəcəkdi. 

O, Bertram haqqında abstrakt şəkildə mövcudluğu müsbət olan bir insan kimi düşünürdü, onun dediklərindən fərqli bir maska daşıdığını aşkar edirdi və bu, əlbəttə ki, əsl Bertram Priçhard idi, baxmayaraq ki, bunu heç kəs sübut edə bilməzdi. Kim sübut edə bilərdi ki, o, sadiq bir dost və çox xoşagələn biridir və bu yerdə Saşa Latan həmişəki kimi Bertram Priçhardla söhbət edə-edə onun varlığını belə unutdu və tamamilə başqa bir şey haqqında düşünməyə başladı. 

Bu onun düşündüyü gecə idi, onun vücudunu hansısa yolla özünə gətirən, səmaya baxmağa vadar edən. Birdən-birə onun burnuna kəndin, ulduzların altındakı tarlaların qaşqabaqlı sükutunun ətri gəldi, amma burada – Vestminsterdə, missis Dalloveyin evinin arxa bağçasında kənddə doğulmuş və böyümüş bir gözəli, ola bilsin, öz təzadlığı ilə həyəcanlandıran bunlar idi: havadakı saman qoxusu və adamla dolu olan arxadakı ev. O, Bertramın yanında bir maral kimi gəzirdi, dizlərini azacıq büküb, özünü yelpiklə sərinləyərək, əzəmətlə, sükut içində, bütün hissləri tüğyan edərək, havanı içinə çəkərək, o, sanki bir vəhşi, lakin özünü mükəmməl şəkildə idarə edə bilən, gecədən həzz alan bir məxluq idi. 

O düşündü ki, bu, ən böyük möcüzə, insanlığın əldə etdiyi ən böyük nailiyyətdir. Bu, söyüd ağaclarının olmasında və söyüd çubuqlarından düzəldilmiş qayığın bataqlıqda üzməsindədir. O, həm də qurumuş, iri, əla tikilmiş ev və onun içərisindəki dəyərli, səs-küylü insanlar, onların bir araya gəlməsi, bir-birini atması, dünyaya baxışlarını bölüşməsi, bir-birini həvəsləndirməsi haqqında düşündü. Və Klarissa Dallovey evini bu gecənin boşluğunda açıq etmişdi, bataqlığın da üzərini daşlarla döşətdirmişdi, Saşa ilə Bertram da bağın sonuna gəlib çatanda (əslində bağ həddindən artıq kiçik idi) skamyaya əyləşdilər və Saşa evə heyranlıqla, şövqlə baxdı, onun içindən sanki qızılı bir qığılcım keçdi, göz yaşlarına səbəb oldu və damlalar dərin təşəkkür içində süzüldü. Utancaq və kiməsə qəfil təqdim olunan zaman tamamilə sadə bir şey deyə bilməyəcək qədər bacarıqsız olmasına baxmayaraq, o, başqa adamlara qarşı daxilində səmimi bir valehlik hissini bəsləyirdi. Onların yerində olmaq ecazkar olardı, amma o, özü olmağa məhkum idi, ona görə də sadəcə bağda skamyada əyləşib özünün xaric olunduğu bu insan cəmiyyətini sakit bir şövqlə alqışlamaqdan başqa əlindən bir şey gəlmirdi. Onları vəsf edən şeir misraları dodaqlarına qondu, onlar valehedici və gözəl idi, bu misralarda gecə və bataqlıqlara qalib gəlmiş cəsarətli xilas olanlar, təhlükələrlə birlikdə yola çıxan macəra həvəskarları yollarına davam edirdilər. 
Talenin hansısa qərəzi nəticəsində Saşa Latan həmin adamlara qoşula bilmirdi, ancaq o, kənarda oturub onları vəsf edə bilirdi, Bertram isə onun yanında əyləşib danışmağa davam edirdi, səyahət zamanı gah adi bir köməkçi, gah da yelkən açan, fit çalan matros olmasından. Bunları düşünərkən ağaclardan birinin budağı onun evin adamlarına olan heyranlığına boyandı, ondan qızılı damcılar axdı, bir qoruyucu tikiliyə bənzədi. Bu, möhtəşəm, şadlıq edən insanl toplusunun, üzərində bayraq dalağalanan yelkən dirəyinin bir hissəsi idi. Orada divara söykədilmiş bir çəllək də vardı, Saşa ona da bir məna yüklədi. 

Qəflətən fiziki cəhətdən rahatsız olan Bertram ətrafı nəzərdən keçirmək istədi, o, üst-üstə qalaqlanmış taxtaların üstünə çıxaraq bağın divarından boylandı. Saşa da oraya nəzər yetirdi. O, bir vedrə, bəlkə də, bir çəkmə gördü. Görüntü bir göz qırpımında yoxa çıxdı. Onlar yenə də Londonda idilər, nəhəng, laqeyd, simasız bir dünyada, avtobuslar, sevgi əlaqələri, əxlaqsız yuvaların qarşısındakı işıqlar, əsnəyən polislər...

Marağını qane etdikdən və köpüklənən söhbət fontanına bir saniyəlik fasilə verdikdən sonra Bertram cənab və xanım Kimsəni iki stul gətirərək onlarla oturmağa dəvət etdi. Onlar yenidən əyləşib yenə də eyni evə, eyni ağaca, eyni çəlləyə baxdılar, amma Saşa divardan boylandığı və vedrənin görüntüsünü gördüyü üçün, ya da daha çox Londonun etinasız mövcudluğunu davam etdirməsi üzündən artıq dünyasını qızılı buluda bürüyə bilmirdi. Bertram danışırdı və kimlərsə − Saşa onların soyadlarının Vallas, yoxsa Friman olduğunu dəqiq xatırlamırdı – ona cavab verirdilər, lakin onların dedikləri bütün sözlər qızılı dumandan keçib maraqsız aydınlığa düşürdülər. O, kraliça Annanın qurumuş, iri evinə baxırdı, Saşa var gücü ilə çalışdı ki, məktəb illərində Torni adası haqqında öyrəndiklərini, söyüd çübuqlarından düzəldilmiş qayıqlardakı adamları, dəniz ilbizləri, çöl ördəkləri və dumanları xatırlasın, amma bunlar ona dülgər, çirkab suları və bu qonaqlığın birləşməsi – gecə libasları geyinmiş insanlardan başqa heç bir şey kimi göründü. 

Sonra o öz-özünə sual etdi ki, hansı görüntü daha realdır. O, vedrəni və evin bir hissəsinin işıqlanmış, digərinin qaranlıq olduğunu görə bilirdi. 

O, bu sualı özünün utancaq şəkildə başqa insanların müdrikliyi və gücündən yaratdığı bir kimsədən soruşdu. Cavab adətən təsadüfi olurdu, məsələn, onun spanieli quyruğunu bulayırdı. 

İndi də ağac, öz qızılı görünüşü və möhtəşəmliyindən azad olunmuş şəkildə ətrafda olan yeganə bataqlıq ağacına dönmüşdü və sanki Saşaya bir cavab verirdi. O, onu tez-tez görüb, onun budaqları arasındakı qızarmış buludları da, parçalanmış, qeyri-hamar gümüşü qığılcımlar yağdıran ayı da. Lakin cavab nə idi? Bu, ruh idi – cütü olmayan, dul bir quş, Saşa daxilində çırpınan və azad olmağa çalışan bir məfhumun varlığından xəbərdar idi və onu elə həmin andaca ruhu adlandırmışdı, bu quş indi ağacın üzərinə özünəqapanmış şəkildə qonmuşdu. Lakin Bertram birdən əlini bütün həyatı boyu tanıdığı Saşanın qoluna həmişəki kimi dostcasına keçirdi və xatırlatdı ki, onlar öz vəzifələrini yerinə yetirmirlər, ona görə də içəri qayıtmalıdırlar. 

Bu an arxa küçələrin birindən, ya da hansısa bir fahişəxanadan dəhşətli, anlaşılmaz, hansı cinsə məxsus olduğu anlaşılmayan bir səs gəldi, bir fəryad, bir qışqırtı. Və dul quş qorxub yerindən tərpəndi, uçarkən getdikcə böyüyən dairələr cızmağa başladı və (ruhu adlandırdığı həmin varlıq) üstünə atılmış daşdan qorxub səmaya şığıyan qarğa qədər uzaq oldu. 


İngiliscədən tərcümə: Svetlana Quliyeva
Top