Ümumiyyətlə, incəsənətdə kiməsə nəyisə sübut etmək qəliz məsələdir.
Üstün tutma – incəsənətdə əsl qiymətləndirmə şkalası məhz budur.
Məncə, bunu “həyatımdakı növbəti hadisə” ideal şəkildə əks etdirir. Belə bir bəstəkar var – Keyc. Onun fortepiano üçün yazlmış bir pyesi var, adı da “İntizar”. Bu, belə ifa olunur: pianoçu səhnəyə çıxır, fortepianonun arxasında əyləşir, amma klavişlərə toxunmur, əlində isə saniyəölçən cihaz olur, o, bu şəkildə düz üç dəqiqə qırx dörd saniyə oturur. Sonra ayağa qalxıb baş əyir və pərdə arxasına keçir. Bax belə bir pyes. Belə bir musiqi. Konservatoriyada oxuduğum gənc vaxtlarımda şəhərimizə bir dəfə məşhur bir pianoçu gəlmişdi, mən də qrup yoldaşım Arseni Plotkinlə konsertə getdim. Konsertin təxminən ortalarında Şopenin noktürnü ilə Hindemitin pyesi arasında Keycin “İntizar”ı elan olunur. Piaoçu səhnəyə çıxıb alətin arxasında oturur… Hələ də oturur… Bir dəqiqə keçir, iki dəqiqə keçir, üçüncü dəqiqədə tamaşaçılar anlayırlar ki, anlaşılmazlıq baş verməyib, pianoçu notları unutmayıb, ağlını da itirməyib, sadəcə, bu, belə bir musiqidir. Həmin Arseni mənim dizimə vurub, vəcdə gəlmiş halda pıçıldayır: “Paşka Yeqorov bu parçanı bundan yaxşı çalırdı ha!”
Ona görə də, incəsənətdə, əsasən də ədəbiyyatda siz “Paşka Yeqorovun” sizdən yaxşı “ifa” etmədiyini heç kəsə sübut edə bilməyəcəksiniz.
İsraildə Lenski adlı bir nəfər yaşayır. Bu hələ karnavalın başlanması demək deyil, gülməli bir şey yoxdur hələ ki. Adi yəhudi soyadıdır, bizdə Puşkinlərə də rast gəlmək olur.
Bir dəfə Sovetlərin dövründə həmin bu Lenski sovet tanklarının Praqaya daxil olmasına etiraz əlaməti olaraq Riqadakı Azadlıq meydanında qırmızı bayrağı yandırmışdı. Təbii ki, onu tutdular, mühakimə etdilər, cəza kəsdilər, o da həmin müddəti əvvəldən axıracan çəkdi.
Sonra da demokratik respublika olan İsrailə − tarixi vətəninə köçdü. O, elə düşünürdü ki, burada qorxunc kommunistik yuxunu unudacaq.
Amma həmin vaxtı İsraildə hakim partiya Fəhlə partiyası idi, onların vaxtında da, məlum olduğu kimi, tribunanın bir tərəfindən milli ağ-mavi rəngli bayraq, digər tərəfində isə qırmızı asılırdı.
Daha nə deyək. Lenski qırmızı bayrağı Tel-Avivdəki İsrail Çarları meydanında yandırdı. Onu tutdular, mühakimə etdilər, cəza kəsdilər (ədalət naminə demək lazımdır ki, bu dəfə cəza müddəti daha az idi), o, cəzasını çəkib azadlığa buraxıldı… İsrail azadlığına isə təmiz dissident olaraq çıxdı.
Xüsusi “teriritoriyalarda” yaşayır, ekstremist təşkilatlara üzv olur, üstündə silah gəzdirir, hökumətə qarşı yönəlmiş bütün nümayişlərdə, mitinqlərdə iştirak edirdi (hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq). Bütün tətillərə baş qoşurdu, istər Ben-Qurion hava limanı işçilərinin tətili olsun, istərsə də uşaq bağçaları işçilərinin. Bir sözlə, “islahedilməz qanunpozan” karnaval geyimi bədəninə hopmuş bir adam.
Qeyd etmək lazımdırmı ki, israil polisi və milli təhlükəsizlik orqanları istənilən cinayətkar hadisəsində ömürlük dissident olan Lenskiyə gətirib çıxaracaq ipi dartmağa alışmışdılar?
Budur, qonşum bu yaxınlarda katibə işlədiyi Qüds polis məntəqəsində baş vermiş bir səhnəciyi mənə danışıb.
İştirak edənlər:
Tələbə − təxminən iyirmi yaşlı gənc bir oğlan, ziyalı bir Leninqradlı ailədən. Ölkəyə on altı yaşında gətirildiyindən, rus mədəniyyəti ilə müəyyən qədər yüklənmiş biri.
Polis zabiti, təxminən qırx beş yaşında yəmən yəhudisi, ölkəyə uşaq vaxtı gətirilib. İstənilən halda, heç bir şəkildə rus mədəniyyəti ilə yüklənməyib.
Onların arasında aşağıdakı dialoq baş verir.
Polis:
− Sən Lenski haqqında eşitmisən?
Tələbə:
− Hə… əlbəttə.
Polis:
− Kimdən?
Tələbə ironiya ilə qaşlarını qaldırır, katibəyə tərəfə baxır, nəhayət, dillənir:
− Necə yəni, kimdən? Puşkindən.
Polis cəld qarşısındakı kağızda nə isə yazır.
− Bəs indi harada olduğunu bilirsən?
− Necə yəni harada olduğunu? – tələbə ehtiyala soruşur, − axı onu, adı nə idi… öldürüblər...
− Necə yəni, öldürüblər?! – polis çığırır. – Kim öldürüb?!
O, yerindən qalxıb dəhşətli bir həyəcan içində otaqda gəzişir. Ola bilsin, onu əsəbiləşdirən odur ki, bir burnufırtıqlı uşağın Lenskinin ölümündən xəbəri var, amma onun bir polis zabiti olaraq bundan xəbəri yoxdur. O, tələbənin qarşısında dayanıb sualını təkrarlayır:
− Kim öldürüb?
Puşkin romanının dəlisov həvaskarı ilə olan bu qəribə söhbətin yanlış tərəfə yönəldiyini hiss edən tələbə yerində qurcalanır və sakitcə deyir:
− Necə deyim… o da… Oneqin də...
Polis masasına tərəf cumub bu ifadəni də qeyd edir.
Və yalnız o, ölüm cinayətinin dəqiq vaxtını soruşduqdan, cavan oğlan isə ağlında hesab aparıb, ölümün təxminən on doqquzuncu əsrin birinci yarısında baş verdiyini dedikdən sonra… Qoqolun səhnələrindəki kimi final baş verir – donmuş fiqurlar və təəccübdən bərəlmiş gözlərlə...
Deyirlər, xaricdə yerlisini görən israilli sevindiyindən onun boynuna atılıb qucaqlayır. Bilmirəm. Məncə, israillilər xaricdə − xüsusi bir janr, xüsusi bir döyüş mənzərəsidir. Onlar hər zaman və hər yerdə bağırır. Hər yerdə asanlıqla ayırd olunurlar – küçə, mağaza, muzey, kafe, vağzal və hava limanlarında. İtalyanlar da xaricdə olarkən özlərini çox sərbəst aparırlar. Amma belə deyək də, italyanlar vecimə deyil, onların əvəzinə utanmaq fikrim yoxdur. Və haradasa Amsterdam tərəfdə Rembrant meydanında arxa tərəfdə sevinc dolu bir səslə ivritcə qışqıran birinin: “Ofir, Ofir, bu məzəli əşyaya bir bax, indi öləcəm gülməkdən!” sözlərini eşidəndə mən dişlərimi qıcayıb ərimə deyirəm: “Axı bunlar niyə hər yerdə bağırırlar?!” Ərim sakitcə cavab verir ki, yəhudilər neçə-neçə əsrlər boyu o qədər səslərini qısaraq danışıblar ki, indi də bağırmaqdan doya bilmirlər.
Mən xaricdəki israillilərdən eynilə tramvayda qonşusu ilə idiş dilində danışan nənəmdən utandığım kimi utanıram. Onun ətəyindən dartıb fısıldayırdım: “Nənə! Rusca danış!” Yeri gəlmişkən, insan həmişə etdiyinin əvəzini alır, mən də aldım. İsrailə gəldikdən sonra mənim beş yaşlı qızım tələb etdi ki, onu bağçaya apararkən rusca danışmayım.
“Yaxşısı budur ki, sakit durasan, qoy elə bilsinlər ki, lalsan.”
İki ildən sonra mənim kitabımın ivrit dilinə tərcüməsi çıxanda o, bir nüxsə götürüb məktəbə apardı. Boynuma alım ki, qəlbimin saflığından elə düşündüm ki, qızım mənimlə fəxr edir ki, anası yazıçıdır...
“Yox, əşşi, – qızım şadyanalıqla dedi. – Onlara göstərəcəyəm ki, sən də adamsan.”
Ruscadan tərcümə: Svetlana Quliyeva