Payızın gəlişini müjdələyən sərin havalı, avqust günlərinin birində yağış küçələri yuyurdu. Havaların necə olacağını heç kimin kəsdirə bilmədiyi mövsümdə kəkliklərin ovlanması qanunla qadağan olunduğundan, nəsə ovlamaq üçün əlac qalırdı yalnız şimala Bristol boğazına getməyə, oralarda hoppanıb-düşəyən piyli qırmızı maralların arxasıyca bəs deyincə yüyürməyə. Xanım Blemlinin təşkil elədiyi əyləncə gecəsinə gəlmiş qonaqlar şimala Bristol boğazına getmək fikrində deyildilər, buna görə də xanım Blemlinin masaya düzdüyü çay dəstgahının başına yığışmışdılar. Mövsümün ölgünlüyünə və bayağılığına baxmayaraq, qonaq gəlmiş adamlarda pianola səsinin vahiməsindən, qumar oynamaq arzularının boğulmasından doğan üzücü hövsələsizliyin izi-tozu da yox idi. Bütün qonaqların gərgin büruzəvi baxışları əmmalı cənaba, Kornelius Eppinə yönəlmişdi. Bu cənab digər qonaqlardan şübhəli ad-sanıyla fərqlənirdi. Qonaqlardan kimsə dedi, bu cənab istedadlıdır, ev sahibəsindən dəvət alıbdır, əyləncə gecəsində, ola bilsin, onun istedadına ehtiyac duyulsun.
Həmin gün çay içənədək xanım Blemli bu cənabın istedadının nədənliyini kəsdirə bilmirdi. Əlbəttə, əgər istedadı vardısa. Kornelius Eppinin nə hazırcavablığı, nə kroket üzrə çempionluğu, nə hipnoz bacarığı, nə də həvəskar aktyorluq nişanələri vardı. Xarici görünüşü də bir yandan macal vermirdi ki, bu adamın əqli çatışmazlığını qadınlar görməzdən gəlsinlər. Cənab Eppin öz səviyyəsinə enmişdi, Kornelius adı isə, xaç suyuna salma mərasimindəki aşkar yalana bənzəyirdi. Qəflətən həmən bu cənab dünyada heç kimin edə bilmədiyi kəşfindən danışdı, barıt ixtirası, mətbəəçiliklə bağlı ixtiralar, buxar qatarının ixtirası bu cənabın dediklərinin yanında heç-zad oldu. Son onilliklərdə elm bir çox kəşflərə imza atmışdı, lakin belə bir kəşf elmi nailiyyətlər sahəsindən daha çox, yəqin möcüzələr sahəsinə aid olmalıydı.
— Güya heyvanlara insan nitqinin incəliklərini öyrətməyinizə, bunun üsullarını tapdığınıza, əziz Tobermorinin də sizin ilk uğurlu şagirdiniz olmasına hansı sadəlövh inanar?! – cənab Uilyam soruşdu.
— Bu problem üzərində on yeddi ildir işləməyimə baxmayaraq, yalnız son səkkiz-doqquz ayda uğur qazandım. Minlərlə heyvan üzərində təcrübə apardım, son zamanlar isə təcrübəmi yalnız pişiklər üzərində aparıram. Bu ecazkar pişiklər bizim sivilizasiya tərəfindən hədsiz assimilyasiyaya uğradıqlarından, yüksək səviyyədə inkişaf etmiş yırtıcı instinktlərini qoruyub saxlayıblar. Həm biz insanlar arasında, həm də pişiklər arasında yüksək intellektə malik varlıqlar var, lap elə milyard insanların arasından tək-tük fərqlənənlər kimi. Tobermori ilə bir həftə əvvəl tanış olduğum anlarda, fövqəladə intellektə malik pişiklə əlaqəyə girdiyimi anladım. Son təcrübələrimdə çox uğurlar əldə etdim, Tobermori adlandırdığınız pişiklə isə məqsədimə yetdim, – Cənab Eppin iddialı nitqini bitirdi, amma bu nitqində zəfər notunu boğmağa çalışdı. Heç kim də demədi “boş söhbətdir”, halbuki cənab Eppinin dodaqlarının tərpənməsindən inamsızlıq sezilirdi.
Uzun fasilədən sonra xanım Resker soruşdu:
— Siz demək istəyirsiniz, Tobermoriyə istənilən təkhecalı sözləri anlamağı və diliylə ifadə etməyi öyrətmisiniz?
Möcüzə yaradan cənab Eppin təmkinlə cavab verdi:
— Əzizim xanım Risker, sizin dediyiniz xırdaçılıqları balaca uşaqlara, vəhşilərə və ağıldankəm böyüklərə öyrədirlər. Yüksək intellektə malik heyvanları öyrədərkən, belə yaramaz üsullardan yararlanmağa gərək yoxdur. Tobermori doğma dilimizdə tam dəqiqliklə danışdığından, dediyi sözlərdə heç bir əyər-əksiklik ola bilməz .
Cənab Klovis özünü saxlaya bilməyib, tənə ilə dedi:
— Cənab Eppin, bu çərən-pərən sözlərinizlə, kimə kələk gəlirsiniz?!
Cənab Uilyam da Cənab Eppinin sözlərinə şəkk gətirdi, fəqət nəzakətli davrandı.
Xanım Blemli təklif etdi:
— Bu qədər mübahisə edincə, elə pişiyi çağırıb, özündən soruşmaq yaxşı olmazmı?
Cənab Uilfrid heyvanı axtarmağa çıxdı, qonaqlar isə əyləncə gecələri üçün adi hal olan bir fokusun şahidi olacaqlarını süstlüklə gözlədilər.
Bir dəqiqə keçdi, cənab Uilfrid qonaq otağına qayıtdı. Gündən qaralmış bənizi solğunlaşmış, gözləri heyrətdən bərələ qalmışdı.
— Aman Tanrım, Cənab Eppin yalan demir!
Kresloya çöküb, tövşüyə-tövşüyə sözlərinə davam etdi:
— Mən Tobermorini siqaret çəkilən otaqda mürgülədiyini gördüm. Çay içməyə dəvət etdim. Tobermori pişiklərə xas tərzdə qıyılmış gözlərini mənə yönəltdi. Dedim: “Gedək Tobi, qonaqları gözlətmə” və aman Tanrım, Tobermori sözləri uzada-uzada mənə dəhşətli təbii səslə cavab verdi. Dedi, yaxşıca istirahət edəndən sonra gələcək! Qorxudan yerimdə dingildədim!
Əvvəl-əvvəl cənab Eppinin dediklərini qonaqlar heç veclərinə də almırdılar. Amma cənab Uilfredin həyəcanla dedikləri, hamıda ani bir inam yaratdı. Aləm bir-birinə dəydi, həyəcandan araya hay-küy düşdü, bir gurultu qopdu gəl görəsən. Qonaqlar arasında əyləşmiş alim isə heç bir söz demədən öz misilsiz kəşfinin bəhrəsindən həzz alırdı.
Bu qarmaqarışlıq içində otağa Tobermori daxil oldu. Yumşaq-yumşaq addımlayıb, ətrafın seyrinə daldı. Çay dəstgahının ətrafında əyləşmiş adamlara yaxınlaşdı. Otağa xəcalət sükutu çökdü. Ev pişiyinə münasibətdə dişləmə qabiliyyəti hamı tərəfdən tanınmış sabitliyi pozan ünsür ortaya çıxdı.
— Tobermori, süd içmək istəyirsiniz?, – xanım Blemli bir qədər gərgin səslə soruşdu.
— Versəniz, pis olmaz, – pişik laqeyd-laqeyd cavab verdi. Bu səsdən hamının canına vicvicə düşdü. Xanım Blemlinin əlləri boşaldığından, nəlbəkiyə süzdüyü südün bir qismi qırağa töküldü.
— Bir az qırağa dağıtdım, – xanım Blemli üzrxahlıq edirmiş kimi dedi.
— Qırağa dağıtmağınız bir yana qalsın, özü də mən bu süddən içmirəm, – Tobermori etiraz etdi.
Araya ölü sükut çökdü, xanım Resker Tobermorinin qılığına girirmiş kimi soruşdu:
— Özgə dildə danışmaq çətin deyilmi sizə?
Tobermori xanım Reskerə qıyğacı baxıb, gözlərini boşluğa zillədi. Belə görünürdü, zəhlətökən suallardan usanıb.
Xanım Mevis Pellinqton tərəddüdlə soruşdu:
— İnsan ağlı barədə nə düşünürsünüz?
Tobermori sualı soyuq tərzdə cavabladı:
— Siz hamının əvəzindən sual verə bilməzsiniz, konkret olaraq kimin ağlı barədə?
Mevis Pellinqton pəsdən gülərək dedi:
— Məsələn, mənim ağlım barədə.
Tobermori karıxıb-eləmədən, yüksək səslə cavab verdi:
— Siz məni lap çətin vəziyyətdə qoyursunuz, sizi bu əyləncə gecəsinin qonaqları siyahısına daxil edərkən, cənab Uilfrid etiraz edərək dedi ki, siz onun tanışları arasında ən başdanxarab qadınsınız, kəmağıllara qayğıyla yanaşmaqla qonaqpərvərlik arasında yerlə-göy qədər fərq var. Xanım Blemli cavab verdi ki, sizin dəvət olunmağınızın səbəbi elə əqli çatışmazlığınızdır, çünki o belə düşünür ki, onun köhnə maşınını ancaq sizin kimi başdanxarab birisi ala bilər. O dey, bax həmən maşını deyirəm, adını da qoyublar “Sizifin Paxıllığı”, daldan itələməsən yüksəkliyə qalxmır. Əgər bu gün səhər Xanım Blemli sizə deməsəydi ki, göstərdiyi maşın elə təpəliklər üçün nəzərdə tutulub və sizin Devonşiredəki malikanənizə tam uyğundur, yəqin bu gün heç buralarda olmazdınız.
Mayor Barfild söhbətin məcrasını dəyişməyə çalışdı.
— Tövlədəki tısbağa rəngli pişiklə mazaqlaşmaq keçmir könlünüzdən?
Bütün qonaqlar elə bu dəmdə Mayor Barfildin belə sual verməklə başından böyük qələt etməsini anladılar.
Tobermori sayğısızlıq göstərərək, Mayor Barfildi üstdən-aşağı süzüb cavab verdi:
— Camaatın içində durub belə sual verməyin heç yeri deyil. Özü də bu evə gəlişinizdən bəri sizin davranışlarınıza baxıram, məndə belə təəssürat oyanır ki, əgər mən də sizin şəxsi işlərinizdən danışsam yəqin, sizin də heç xoşunuza gəlməz.
Tobermorinin həm sözləri, həm hərəkətləri hamını vahiməyə salmışdı.
— Bəlkə gedib baxasınız aşbaz sizin yeməyinizi hazırlayıb, ya yox?, – xanım Blemli Tobermorinin yemək vaxtına hələ az iki saat qaldığını unudubmuş kimi tez-tələsik soruşdu.
— Təşəkkür edirəm, – Tobermori cavab verdi, – çay içəndən dərhal sonra yemək, səhhətimə zərər verər, mənsə həzmsizlikdən ölmək istəməzdim.
— Deməzsənmi pişiklərin doqquz taleyi var, – cənab Uilfred ürəyində dedi.
— Bəlkə də, – Tobermori cavab verdi, – amma yalnız bir qaraciyəri var.
— Adeliada! – xanım Kornett dedi, – bəlkə pişiyə deyəsən xidmətçilərin otağına keçib bizim barəmizdə qeybət eləsin?
Hamı əndişələnmişdi. Tauers malikanəsində yataq otaqlarının əksər pəncərələrinin qarşısından dekorativ sürahibəndlər keçirdi və hamı da dəhşətlə təsəvvüründə canlandırırdı ki, bu sürahibəndlərin üstü Tobermori üçün gecəbəgündüz sevimli gəzinti yeridir, üstünə sərilib göydə uçuşan göyərçinlərin seyrinə dalır, bu da azmış kimi nələri edirdi bu sürahibəndlərin üstündə, bir allah bilirdi. Əgər Tobermori əvvəlki səmimi tərzində xatirələrə qapılardısa, bunun faydası daha çox olardı, nəinki qarışıqlıq salmaq. Vaxtının bir xeyli hissəsini ayaqyolu güzgüsünün qarşısında keçirən xanım Kornett avara kimi tanınırdı, ancaq dəqiqliyi sevən birisi olduğundan, özünü lap mayor kimi narahat hiss edirdi. Qəzəblə duyğulu poeziya nümunələri yaradan və qüsursuz həyat tərzi sürən Xanım Skreyvenin qıcıqlandığı sezilirdi. Əgər siz şəxsi həyatınızda səliqəli və saf niyyətli birisisinizsə, bunu hamının bilməsini istəyirsiniz kimi bir nəticə çıxarmağa lüzum yoxdur. Berti van Tan hələ on yeddi yaşında əxlaqi cəhətdən pozulduğundan, pis olmaq cəhdindən çoxdan imtina etmişdi, qardeniya gülünün solğun ağ çalarlısını əldə etdi, amma səhvə yol vermədi, hamının kilsə vaizi kimi tanıdığı, səs-küylü hadisələri başqa adamların dilindən eşidə biləcəyi fikrindən təşvişə qapılan gənc centlmen Odo Finsber kimi iti addımlarla otaqdan qaçdı. Klovis səbrli olduğundan, həlim görkəmini qoruyub saxlaya bilirdi. Pişiyin susması müqabilində sürətli poçt agentliyi “Eksçeync və Mart”a rüşvət kimi oyuncaq siçanlar qutusu göndərməyin nə qədər zaman tələb edəcəyinin hesabını aparırdı beynində.
Hətta indiki kimi xoşrəftar anlarında belə, xanım Aqnes Resker uzun müddət arxa planda qalmasına dözə bilməzdi.
— Görəsən niyə bura gəldim axı? – dramatik tərzdə soruşdu.
Tobermori dərhal bu əlverişli vəziyyətdən istifadə etdi.
— Dünən xanım Kornetə kroket oynamaq üçün nəzərdə tutulmuş çəmənlikdə dediklərinizdən çıxış etsək, siz yeməyə gəlmisiniz. Siz Blemli ailəsini qonaq-qaralı adamlar arasında ən maraqsızı adlandırdınız, onu da dediniz ki, Blemli ailəsi birinci dərəcəli aşbazı işə götürməklə çox ağıllı iş görübdür. Yoxsa bir qonağı ikinci dəfə öz evlərində görməzdilər.
— Bu sözlərdə heç bir həqiqət payı yoxdur! Mən xanım Kornetə müraciət edirəm…, – Aqnes karıxmış halda qışqırdı.
— Xanım Kornet bundan sonra sizin dediklərinizi Berti van Tana çatdırdı, – Tobermori fikrinə davam edirdi, – və əlavə etdi ki, bu qadın ac marşların sanki müntəzəm iştirakçısıdır. Bir boşqab yeməkdən ötrü hara desən gedər, Berti Van isə dedi ki….
Hadisələrin inkişafına bununla da nöqtə qoyuldu. Tobermori gözlərinin ucuyla keşiş evində yaşayan zırpı sarı Tomun obrazını gördü, keşiş kolların arasıyla evin tövləsinə yol açırdı. Bir göz qırpımında Tobermori açıq fransız pəncərəsində yoxa çıxdı.
Parlaq zəkalı şagirdini itirən Kornelius Eppin, özünü acı danlaqlar, acı tənələr, acı suallar, hürkümüş yalvarışlar qasırğasıyla mühasirəyə alınmış vəziyyətdə gördü. Belə vəziyyətin yaranmasının məsuliyyəti onun üzərinə düşdüyündən, qarşısını da yalnız özü ala bilərdi. Yoxsa işlər daha pis məcraya yönələrdi. Görəsən Tobermori özünün bu təhlükəli biliklərini başqa pişiklərə çatdıra bilərmi? Cavab veriləsi ən vacib sual buydu. Özü bu sualı belə cavabladı ki, Tobermori aldığı təhsili cinsi əlaqədə olduğu tövlədə yaşayan dişi pişiyə çatdıra bilər, ancaq bu maarifləndirmənin geniş vüsət alacağına inanmaq müşküldür.
— Tobermori, ola bilsin, çox qiymətli, sevimli pişikdir. Ancaq mən əminəm, Adeliada, siz də dediklərimlə şərik olarsınız yəqin, Tobermori və tövlədəki dişi pişik vaxt itirilmədən məhv edilməlidirlər.
— Yəqin elə düşünmürsünüz ki, son on beş dəqiqədə mən həzz alıram, deyilmi? – xanım Blemli kədərli-kədərli dedi. – Mən də, ərim də Tobermorini çox istəyirik – daha doğrusu, istəyirdik, ta bu dəhşətli qabiliyyət ona implantasiya olunana qədər. Amma indi, əlbəttə, yeganə görməli olduğumuz iş, bu pişiyi öldürməkdir.
— Həmişə ona verdiyimiz yemək qalıqlarının içinə strixnin zəhəri qoymaq olar, – cənab Uilfred dedi, – tövlədəki pişiyi isə gedib öz əllərimlə boğaram. Faytonçu çox məyus olacaq öz sevimli pişiyini itirdiyindən, amma mən ona deyəcəm ki, hər iki pişikdə çox yoluxucu qaşınma növü aşkarlanıb, qorxuruq, bu xəstəlik ov itlərinin damına yayılsın.
— Bəs mənim böyük kəşfim! – cənab Eppin heyrətlənərək etiraz etdi, – bu qədər elmi axtarışlardan, bu qədər elmi təcrübələrdən sonra…
— Gedib fermada tam nəzarət altında olan xırdabuynuzlular üzərində təcrübələr apara bilərsiniz, – xanım Kornett dedi, – ya da zooparkdakı fillər üzərində. Deyilənə görə fillər çox ağıllıdırlar, müsbət keyfiyyətləri də var, xəlvətcə bizim otağımıza girməyəcəklər, kresloların altına sərilib uzanmayacaqlar, bir çox müsbət keyfiyyətlərini sadalamaq olar.
Vəcdə gələn Cəbrayıl Mələk İsanın zühur edəcəyini xəbər verərkən və sonradan haqsızlıqla kənara çəkildiyini, zühurun isə müəyyən müddətə təxirə düşdüyünü anlayarkən daha az pərt olmuşdu, nəinki özünün möcüzəvi nailiyyətinin belə qarşılanmasından dilxor olan Kornelius Eppin. İctimai rəy Korneluis Eppinin əleyhinə işləyirdi, çünki əgər əvvəldən bu məsələylə bağlı ümumi səsvermənin keçirilməsi yoluyla hamıynan məsləhətləşsəydi, onda güclü azlıq yəqin elə Eppinin özünə zəhər verməyin lehinə səs verərdi.
Qatarların uğursuz cədvəli, hadisələrin nəylə nəticələnəcəyinə şahid olmağı əsəblə arzulamaqları, qonaqların əyləncə gecəsindən kütləvi gedişinin qarşısını aldı. Cənab Uilfred həm tövlə pişiyi ilə, həm də faytonçuyla üzücü bir vaxt keçirdi. Aqnes Resker nümayişkaranə şəkildə bir tikə çörəyi düşməniymiş kimi dişləməklə kifayətləndi. Mevis Pellinqton yemək zamanı hökm sürən intiqamçı sükuta dözümlüydü. Xanım Blemli isə digər qonaqlarla söhbətləşsə də, diqqətinin qapıda olması açıq-aşkar sezilirdi. Qayğı ilə hazırlanmış balıq tikələri boşqabda hazır vəziyyətdəydi, şirnilər və kəskin qəlyanaltılar isə öz yollarıyla gedirdilər, Tobermori nə nahar otağında, nə də mətbəxdə gözə dəyirdi.
Məzar naharı siqaret çəkilən otaqdakı bədbəxt hadisəylə müqayisədə bizim üçün sevinc demək idi. Yemək və içki baş verən qarmaqarışıqlığı pərdələyir, qonaqların başını qatırdı. Əsəblərin gərildiyi belə məqamlarda qumar oynamaq kimi həvəslər öləziyirdi. Odo Finsberi soyuqqanlı auditoriyaya “Melisanda meşədə”nin kədərli interpretasiyasını təqdim etdikdə isə, heç bir söz demədən musiqidən çəkinirdilər. Saat on birdə xidmətçilər yatmağa gedərkən, elan etdilər ki, anbardakı elə də böyük olmayan pəncərə Tobermorinin qeyri-rəsmi istifadəsi üçün həmişəki kimi açıq saxlanılıb. Qonaqlar üst-üstə qalaqlanmış jurnalları təkrar-təkrar oxuyurdular, tədricən “Badmintonun Kitabxanası”na, cildlənmiş “Pança”ya keçirdilər. Xanım Blemli vaxtaşırı anbara gedir, hər dəfə də hiyləsiz-filansız depressiya görkəmində qayıdırdı, bununla da sorğu-sualların qarşısını alırdı.
Saat ikidə cənab Klovis sükutu pozdu.
— Tobermori bu gün gəlməyəcək. Yəqin indi yerli qəzetlərdən birinin ofisində öz xatirələrinin ilk buraxılışını diqtə edir. Xanım, nəydi onun adı, filankəsova bəhmankəsdir, nədir, qəzetin bu buraxılışında olmaz yəqin. Çox güman həmən xanım ertəsi günün hadisəsinə çevriləcək.
Hamının sevinməsinə misilsiz töhfə verən Klovis yatmağa getdi. Ara verməklə hamı tək-tək, cüt-cüt dağılışmağa başladılar.
Səhər erkəndən çay verən xidmətçilər hamısı eyni suala elə eyni də cavab verirdilər. Tobermori qayıtmadı.
Səhər yeməyi nahar yeməyindən də pis oldu, ancaq nahar yeməyinə qədər məsələ həllini tapdı. Tobermorinin cəsədi kollardan gətirildi, elə indicə bağban tapdı. Boynundakı dişləmlərdən, caynaqlarına ilişib qalmış sarı rəngli tüklərdən bilmək olurdu ki, keşişin evindəki Tomla qeyri-bərabər döyüş şəraitində həlak olubdur.
Günorta qonaqların əksəriyyəti Tauersi tərk etdilər, qəlyanaltıdan sonra isə xanım Blemli özünü ələ alıb, yer üzündə bənzəri olmayan sevimli pişiyinin öldürülməsinə etiraz əlaməti olaraq keşişə iyrənc bir məktub yazdı.
Eppinin yeganə uğurlu şagirdi idi Tobermori, davamçılarının olması qismətində deyilmiş. Bir neçə həftə ötdü, Drezden heyvanat bağının əvvəllər heç bir qıcıqlanma nümayiş etdirməyən fili azadlığa qovuşub, bir ingilisi öldürdü, yəqin mərhum ingilis ona sataşırmış. Qurbanın soyadını qəzetlərdə müxtəlif cürə hallandırdılar, bir qəzet yazdı Oppin, biri yazdı Eppelin, amma onun adı Korneliusa daha uyğun gəlirdi.
— Əgər Kornelius yazıq heyvanda alman feillərinin təsriflənməyən formalarının deyilişini sınaqdan keçiribsə, – Klovis dedi, – onda ölməyə layiq idi.
Tərcümə: Ramil Rahiboğlu
Mənbə:
ann.az
Yazıçı haqqında: Hektor Hyu Manro (Hector Hugh Munro) ingilis yazıçısı və jurnalistidir. Birmada zabit ailəsində doğulub. Dünyanın bir çox ölkələrində müxbir kimi fəaliyyət göstərib. “Saki” təxəllüsü farsca “məclisdə şərab paylayan” mənasını verir. Bu təxəllüsü Ömər Xəyyam poeziyasından götürdüyü güman olunur. Qısa satirik hekayələri ilə şöhrət qazanıb. Birinci dünya mübaribəsində alman snayperi tərəfindən qətlə yetirilib.