Söz Adamının nağılı | Xulio Kortasar

Söz Adamının nağılı | Xulio Kortasar

Xulio KortasarBiri vardı, biri yoxdu, söz və çağırışlar satan bir Söz Adamı vardı. İşləri yaxşı gedirdi, amma ondan inadla söz satın almaq istəyən və hər zaman sözün qiymətini öldürməyə çalışan alverçilər çoxuydu. Adam həmişə güzəştə gedirdi və buna görə də küçə alverçilərinə istənilən oxşamalar, varlı qadınlara cürbəcür ahu-zarlar, eləcə də fərmanlar, şüarlar, başlıqlar və hər cür saxta hallar üçün tələb olunan lazımi sözləri tapıb satırdı. 
Nəhayət, Söz Adamı fikirləşdi ki, artıq vaxtı çatıb və o, balaca diktatorun – əyan-əşrəfindən heç nəylə fərqlənməyən yerli hakimin qəbuluna yazıldı. Balaca diktator onu generalları, nazirləri, katibləri və qəhvə fincanlarının əhatəsində qəbul etdi. 
Söz Adamı: 
– Son sözlərinizi satmaq üçün yanınıza gəlmişəm, – dedi. – Onlar çox vacib sözlərdir, lakin hakimiyyətdən getmək vaxtı yetişdikdə o sözlərdə heç bir məna tapmayacaqsınız. Son anda tarixin gedişini göz önündə canlandırmaq üçün sizə mütləq gözəl çıxış etmək lazımdır.
– Onun dediklərini tərcümə edin, – deyə balaca diktator tərcüməçisinə əmr etdi.
– O, bizim dildə danışır, zati-aliləri.
– Bizim dildə? Bəs niyə mən heç nə anlamadım?

Söz Adamı:
– Siz hər şeyi çox gözəl anladınız, – dedi. – Təkrar edirəm, mən sizin son sözlərinizi satmağa gəlmişəm. 
Balaca diktator bu halda necə lazımdırsa, dizlərinin titrəyişini unutmağa çalışaraq yerindən qalxdı və Söz Adamını həbs etməyi əmr etdi və onu, adətən, oxşar hökumətlərdə olan xüsusi məhbəslərdən birinə atmağı əmr etdi. 
Qollarını burub onu apararkən, Söz Adamı:
– Heyf, – dedi, – axı, vaxtınız bitdikdə siz doğrudan da son sözlərinizi demək istəyəcəksiniz və tarixin gedişini göz önündə canlandırmaq üçün bu sözləri deməlisiniz. Mən sizə məhz demək istədiyinizi satmaq istəyirdim və burda heç bir kələk yoxdur. Amma siz alverə getmirsiniz və əvvəlcədən bu sözləri əzbərləmək istəmirsiniz, onlar dilinizin ucunda olduqda isə bu sözləri əsla deyə bilməyəcəksiniz. 
– Əgər bu sözlər məhz demək istədiklərimdirsə, mən niyə onları deyə bilməyəcəyəm? – deyə balaca diktator başqa bir qəhvə fincanına doğru addım ataraq soruşdu. 
– Çünki qorxu sizə güc gələcək, – deyə Söz Adamı qəmli halda dedi, – kəndiri boğazınıza keçirdikdə, əyninizdə bircə can köynəyini saxladıqda, dəhşət və soyuq tərdən dişləriniz şaqqıldayacaq və siz bu sözləri dilinizə gətirə bilməyəcəksiniz. Aralarında bu cənablardan da kiminsə olacağı cəllad və köməkçiləri nəzakət xətrinə bir-iki dəqiqə gözləyəcək, amma hıçqırıqlı və əfv yalvarışlı diləyinizi eşitmək onları bezdirəcək və onlar sizi asacaqlar. 

Hiddətlənmiş köməkçilər, xüsusən də generallar balaca diktatoru əhatəyə aldı və ondan Söz Adamını dərhal güllələməyi xahiş etdilər. Lakin sifəti ölü kimi ağappaq ağarmış balaca diktator onları özündən kənara itələdi və son sözlərini almaq üçün Söz Adamıyla tənhalığa çəkildi.
Bu arada təhqir olunduğunu düşünən generallar və katiblər qiyam hazırladı və ertəsi gün balaca diktatoru köşkündə üzüm yeyən yerdə yaxaladılar. Son sözünü deyə bilməsin deyə onu yerindəcə güllələdilər. Sonra hökumət sarayından yoxa çıxmış Söz Adamı axtarmağa başladılar və onu bazarda söz alverçiləri və qəzetçilərə çağırışlar satan yerdə tutdular. Həbsxana furqonuna atılan Söz Adamını qalaya gətirib ona işgəncə verdilər. Ondan balaca diktatorun son sözlərini öyrənmək istədilər. O, heç nə demədi və buna görə təpiklər altında öldü.

Küçə alverçiləri isə Söz Adamından aldıqları sözləri hər künc-bucaqda yaydılar. Bu sözlərdən biri sonralar generallar və nazirlərin devrilməsi üçün çevriliş çağırışı oldu. Devrilənlərdən bəzisi ölümqabağı özü-özünə xəcalətlə etiraf etdi ki, doğrudur, çağırışlar satış predmeti ola bilər, amma onların pulla alındığını düşünmək absurddur. 
Onların hamısı – balaca diktator, Söz Adamı, generallar və katiblər – torpağın altında çürüdü, lakin çağırışlar küçədə hələ də səslənməkdədir.


Ruscadan tərcümə etdi: Əziz Rzazadə
Top