"Gəlin, yoxsa pələng?" | Frenk Riçard Stokton

"Gəlin, yoxsa pələng?" | Frenk Riçard Stokton

Çox qədim zamanlarda yarı barbar bir hökmdar yaşardı. Bu hökmdarın düşüncələri uzaq qonşu latınların mədəniyyətindən bəhrələnmişdisə də, əvvəlki tək sərhədsizliyi, əcayibliyi, qarşısıalınmazlığı ilə fərqlənirdi. Necə deyərlər, barbarlığına layiq hərəkətlər edirdi. Bu hökmdar digər hökmdarlardan azğın xəyallara qapılmasıyla, könlünə düşəndə dəyişkən təxəyyül oyunlarını gerçəkləşdirmək kimi inadkar hökmranlığıyla fərqlənirdi. Bununla bahəm, etdiyi hərəkətləri təhlil etməyə meylli olduğundan, özünü inandırmağa müvəffəq olduqda, düşündüyü işi sona çatdırmaqda heç nə mane ola bilməzdi ona. Əgər ailəsində və dövlət sistemində hər şey müəyyənləşdirdiyi yolla gedərdisə, mərhəmətli və mehriban olardı. Müəyyən maneələrlə üzləşdikdə, planetlərindən bəziləri orbitlərindən sapdıqda isə, daha da həlimləşərdi. Axı əyintiləri aradan qaldırmaqdan yaman xoşlanırdı.

Hökmdarın barbarlığını azacıq pərdələyən meydanda insan və heyvan yenilməzliyinin nümayişi rəiyyətin ürəyinə mərhəmət toxumları səpirdi. Fəqət elə həmin meydanda hökmdarın azğın barbar təfəkkürü özünü göstərirdi. Meydan son nəfəslərini dərən qladiatorların diləklərini dinləmək, ah-nalələrini xalqa eşitdirmək, dini inanclar və ac çənələr arasında münaqişənin qaçılmaz həllini təftiş etməyə imkan tanımaq üçün yox, xalqın əqli enerjisini artırmaqda faydalı olduğu üçün tikilmişdi. Cərgələrin, sirli zirzəmilərin, görünməz dəhlizlərin dövrələdiyi böyük amfiteatr ədalətin aləti kimi xidmət edirdi. Cinayət cəzalandırılır, yaxşılıq edən qərəzsiz hadisənin hökmüylə mükafatlandırılır, ədalət zəfər çalırdı.

Əgər hansısa adam hökmdarın marağını doğuran cinayətdə ittiham olunurdusa, onda təyin edilən gündə müttəhimin taleyinin hökmdar meydanında həll olunacağıyla bağlı ümumxalq elanı verilirdi. Meydanın quruluşu uzaq-uzaq məmləkətlərdən götürülmüşdüsə də, hansı məqsədlər üçün istifadə olunacağı, təyinatının nədən ibarət olacağı təpədən-dırnağa hökmdar olan, heç bir adət-ənənəni öz fantaziyalarından yüksəkdə tutmayan, mənimsədiyi insan düşüncələrinin və əməllərinin müxtəlifliyi sayəsində barbar idealizminə məhsuldarlıq qatan adamın beynində peyda olmuşdu.

Xalq cərgələrdə oturur, saray məmurları ilə dövrəyə alınmış hökmdar iltifat göstərib taxtına əyləşir, əlinin işarəsiylə aşağıda qapı açılır, müttəhim meydana çıxır, qarşısında durmuş eyni quruluşlu iki qapıya baxırdı. Bu qapılardan birini açmaq, müttəhimin həm hüququ, həm də borcuydu. İstədiyi qapını aça bilərdi, bunun üçün nə kiminsə xeyir-duasına, nə də məsləhətlərinə ehtiyac vardı. Əgər seçdiyi qapıdan ac-yalavac bir pələng çıxardısa, müttəhimi cəza olaraq tikə-tikə parçalardı. Taleyi beləcə sona çatan müttəhimin şərəfinə əcəl zəngi zingildəyər, muzdla tutulmuş dildeyənlər ağılar səsləndirər, çoxsaylı tamaşaçılar başlarını sallayıb evlərinə dağılışar, ürəklərdə məyusluq, kədər, qəm… Axı belə gözəl bir gəncin qismətinə qovrulmaqdan dəhşətli nə ola bilərdi?!

Yox əgər müttəhim digər bir qapını açardısa, hökmdar tərəfindən seçilmiş, həm yaşına, həm cəmiyyətdəki mövqeyinə görə müttəhimə ən uyğun gələn qadın çıxardı və həmən bu qadınla da günahsızlığın mükafatı olaraq, müttəhimi dərhal evləndirərdilər. Müttəhimin başqa sevgilisinin və ya ailəli olmasının məsələyə aidiyyatı yox idi. Bu cürə xırda-mırda işlər hökmdarın möhtəşəm mükafatlandırma və ya cəza mərasiminə mane ola bilməzdi. Pələngin müttəhimi parçalaması hadisəsində olduğu kimi, nikah mərasimi də anındaca meydanda baş tuturdu. Hökmdarın taxtı-tacında daha bir qapı açılırdı, bu qapıdan isə xorun və qızıl buynuzlarla ifa olunan nikah musiqisinin sədaları altında rəqs edən rəqqasların müşayiəti ilə kahin çıxırdı. Həm kahin, həm də rəqqaslar xoşbəxt toy mərasiminin baş tutduğu tərəfə irəliləyir, zənglər zingildəyir, şad-xürrəm xalq, “Ura! Ura! Ura!” qışqırır, bəraət almış müttəhim isə gəlini evə aparırdı, qarşıda gedən uşaqlar onların ayaqlarına gül-çiçək dəstələri atırdılar.

Hökmdar tərəfindən ədalətin yaradılmasının yarıbarbar üsulu beləydi. Bu cürə ədalətdə nəsə bir qüsur tapmaq mümkün deyildi. Cinayətkar hansı qapıdan gəlinin çıxacağı, hansı qapını açan kimi parçalanacağı, yaxud evlənəcəyi barədə heç bir təsəvvürə malik olmadığından, ağlına gələn qapını açırdı. Bəzən pələng gah bir qapıdan, gah da o biri qapıdan çıxırdı. Bu tribunalın qərarları ədalətli olmaqla yanaşı, həm də qəti idi. Əgər müttəhim özünü günahkar sayardısa, yerindəcə cəzalandırılardı. Yox əgər günahsız sayardısa, yerindəcə mükafatlandırılardı, istər bunu bəyənsin, istərsə də bəyənməsin. Hökmdar meydanında çıxarılmış qərarlardan qaçmaq mümkün deyildi.

Bu qaydalar böyük uğur qazanmışdı. Xalq böyük məhkəmə günlərində yığılarkən, bilmirdi, dəhşətli qan tökülməsinə kədərlənəcək, yoxsa “vur-çatlasın” toya sevinəcək. Nəyin necə olacağını bilməyən xalqın mərasimə marağı daha da artırdı. Bu mərasim avam xalq üçün əyləncəli məşğuliyyət idi. Cəmiyyətin düşünən kəsimləri isə qurulmuş mərasimi ədalətsizlikdə, haqsızlıqda ittiham edə bilməzdi, çünki müttəhimin “ölüm, ya olum”u öz əlindəydi.

Yarı barbar hökmdarın gül kimi incə və təravətli qızı vardı. Hökmdarın fantaziyasının hüdudsuz genişliyi qızına da sirayət etdiyindən, o da dəliqanlı və hökmlüydü, hökmdarın özü kimi. Qızını dünyada hamıdan çox istəyirdi. Saray məmurları arasında bir cavan oğlan da vardı, qanında-iliyində şücaət vardı, aşağı təbəqədən olması hökmdar qızına vurulmuş ənənəvi romantik qəhrəmanlarla bir cərgəyə qoyurdu onu. Hakimi-mütləq hökmdarın qızı sevgilisindən tamamən razıydı. Çünki saray məmuru olan sevgilisi gözəlliyi və cəsarətiylə hamını üstələyirdi dövlətdə. Atasından keçmiş, qanına işləmiş barbarlığın sayəsində müstəsna dərəcədə şiddətli və güclüydü sevgisi. Beləcə neçə aylar xoşbəxt yaşadılar, ta o vaxta qədər ki, bu barədə xəbər gəlib hökmdarın qulağına çatdı. Hökmdar məsələylə bağlı atacağı addımda tərəddüd etmədi. Cavan oğlanı dərhal zindana saldılar. Onun hökmdar meydanında sınağa çəkilməsi günü təyin olundu. Bu, əlbəttə, xüsusi hadisə sayıldığından, hökmdar da bütün xalq kimi hadisələrin gedişatını, nəylə nəticələnəcəyini bilməkdə maraqlıydı. Belə bir hadisə indiyədək olmamışdı. Ta qədimlərdən heç bir şəxs hökmdar qızını sevməyə cürət etməzdi. Çox sonralar adi hadisəyə çevriləcək bu sevgilər, o zamanlar çox təəccübləndiriciydi.

Ən vəhşi amansız heyvanı tapmaq üçün hökmdarın sərəncamında olan bütün qəfəslər yoxlanıldı, meydana çıxa biləcək ən zalım heyvanı seçmək lazım idi. Çox gözəllər səlahiyyətli hakimlərin müayinəsinə məruz qaldılar, əgər tale qəsdinə durmasa, ləyaqətli bir gəlin qisməti olacaqdı gənc oğlanın. Onun nahaqdan ittiham edilməməsindən xəbərdar idi xalq. Fəqət nə gənc oğlan, nə hökmdar qızı, inkar etmirdilər sevgilərini. Hökmdar böyük həzz və məmnunluq aldığı məhkəmənin gedişinə təsir göstərməyi heç ağlından keçirmirdi. Axı elə ya belə, onsuz da oğlandan qurtulacaqdılar. Hökmdar isə onun qızını sevməyi özünə rəva görən oğlanın cinayət törədib-törətmədiyini müəyyənləşdirəcək hadisələrin gedişini izləməkdən böyük həzz alacaqdı.

Gözlənilən gün yetişdi. Böyük cərgələr ağzınacan insanlarla doluydu, həm yerlilərlə, həm də uzaqdan gəlmişlərlə. Meydana daxil ola bilməyən camaat divarların ətrafında toplaşmışdılar. Hökmdar və saray məmurları qorxunc bənzərliyilə adamı vahiməyə gətirən həmən iki qapının əks tərəfində yerlərini tutdular.

Mərasimin keçirilməsi üçün bütün hazırlıqlar bitmişdi. İşarə verdilər. Hökmdarın taxt-tacının qarşısında qapı açıldı, meydana hökmdar qızının sevgilisi çıxdı. Bu boylu-buxunlu, gözəllik saçan, açıqsaçlı oğlanı heyranlıqla, həyəcanla, böyük uğultuyla qarşıladı xalq. Tamaşaçıların çoxusu onların arasında belə gözəl cavan oğlanın yaşamasından bixəbər idilər. Hökmdar qızının onu sevməsi təəccüblü deyildi! Belə bir gəncin meydana çıxması dəhşətliydi!

Meydan boyu irəliləyən gənc bir adət olaraq hökmdara baş əydi. Fəqət hökmdar haqda düşünmədi. Baxışlarını hökmdarın sağında əyləşmiş qıza yerikləmişdi. Əgər atası kimi qızı da təbiəti etibariylə yarıbarbar olmasaydı, yəqin gəlməzdi. Fəqət bu qədər maraqlandığı hadisəni ehtiraslı isti ürəyindən ötüşdürə bilməzdi. Bir neçə gün əvvəl hökmdar meydanında sevdiyi gənc oğlanın taleyinin həll olunacağıyla bağlı qərar çıxdığında, hökmdar qızının gecəsi-gündüzü olmadı, elə hey bu möhtəşəm günün atəşiylə yanıb-qovruldu, bu hadisə çox nəsnələrlə bağlayırdı onu. Hökmdar qızı böyük hakimiyyətə, böyük təsir imkanlarına, güclü iradəyə malik olduğundan, indiyədək heç kimin nail ola bilmədiyinə nail oldu, qapıların sirrini açdı. Bu qapılardan hansının arxasında pələngin, hansının arxasında gəlinin gözlədiyini bilirdi hökmdar qızı. Dərilərlə bərk-bərk pərdələnmiş qapıların arasından heç bir səs, heç bir küy eşidilə bilməzdi. Fəqət iradəsinin gücü sayəsində hökmdar qızı bu qapıların sirrini açdığından, nəinki qapılardan hansının arxasında meydana çıxmağa hazır, utandığından çöhrəsi qızarıb pörtmüş gəlinin olmasını bilirdi, hətta həmin gəlinin kimliyini də bilirdi. Müttəhim bəraət alacağı təqdirdə gözəllər gözəli biriylə evlənəcəkdi. Əvvəllər hökmdar qızı vaxtaşırı onları söhbətləşərkən gördüyündən, sevgilisinə zillənən baxışların cavabsız qalmadığını gümanlayırdı. Buna görə də saysız-hesabsız əcdadlarından varis qalmış vəhşi qanıyla hökmdar qızı səssiz qapı arxasında titrəyib-qızaran qıza nifrət edirdi.

Sevgilisi arxaya dönüb, ucu-bucağı görünməyən həyəcanlı sifətlər okeanında bütün tamaşaçılardan ən solğun bənizlisi hökmdar qızına baxdığında, baxışları toqquşdu. Gənc oğlan, könülləri bir-birinə qovuşan sevgililərdə olduğu kimi, hansı qapı arxasında pələngin, hansı qapı arxasında isə gəlinin olduğunu hökmdar qızının bildiyini anladı. Axı onun xasiyyətinə bələd idi. Bütün tamaşaçıların, hətta hökmdarın da sirri-xuda saydığını, hökmdar qızının açacağına əmin idi. Belə də oldu.

Elə bu dəmdə gənc oğlanın səbirsiz baxışları soraqladı: “Hansı qapı?” Hökmdar qızı bir anlıq sevgilisinin bu sualı var səsiylə səsləndirməsini xəyalında canlandırdı. Sual bir anlıq olduğundan, cavab özünü çox gözlədə bilməzdi.

Hökmdar qızı sağ əlini balışla örtülmüş baryerin üstünə qoymuşdu. Sezilməz tərzdə əlini sağa sürüşdürdü. Bunu yalnız sevgilisi gördü. Bütün tamaşaçıların baxışları meydandakı hökmdar qızının sevgilisinə yönəlmişdi.

Oğlan çevrildi. Qarşısında iki qapı vardı. İti addımlarla irəliyə yeridi. Ürəklər dayandı, nəfəslər kəsildi, baxışlar acgözlüklə hökmdar qızının sevgilisinə zilləndi. Heç bir tərəddüdsüz-filansız sağ qapıya yaxınlaşdı. Qapını açdı. Bax, hekayənin mahiyyəti də elə bundadır: bayıra çıxan pələng oldu, yoxsa gəlin?

İnsan qəlbinin öyrənilməsini tələb edən, bizi ehtirasların dolambac labirintlərində çalxalayacaq bu sual üzərində düşündükcə, cavab vermək, labirintdən çıxmaq müşkülləşir. Əziz oxucu, düşün bu barədə. Özünü həmən gənc oğlanın yerinə qoy. Amma düşünəndə elə düşün ki, sanki hansı qapını seçmək səndən asılı deyil, qəlbi ümidsizlik közərtisiylə, qısqanclığ alovuyla alışan yarıbarbar hökmdar qızından asılıdı. Hökmdar qızı sevgilisini itirdi. Bəs kim sahib çıxdı sevgilisinə?

Hökmdar qızı həm ayıq olduğunda, həm yuxularında vaxtaşırı səksənir, əllərini ovcuna alıb düşünürdü ki, sevgilisi indi qapını açacaq və qapı arxasında rəhmsiz pələng dişləri onu gözləyir!

Fəqət hökmdar qızı sevgilisini daha çox digər qapıda görürdü! Dişlərini qıcırdadırdı, saçlarını yolurdu, kədərli xəyallarında görürdü, sevgilisi gəlinin qapısını açır, heyranlıqdan qarşısında əriyir! Buna görə də hökmdar qızının qəlbi qubarlanırdı, görürdü, sevgilisi yanaqları qızaran, gözləri qazandığı zəfərdən par-par parlayan həmən qadının görüşünə çıxır! Görürdü, sevgilisi geri qaytarılmış həyatın sevinciylə alışıb-yanır, eşidirdi, xalqın sevinc dolu hay-küyünü, azğınlaşmış zənglərin xoşbəxtlik zingiltisini, kahinlərin musiqi dəstəsinin müşayiəti ilə yaxınlaşdığını, düz gözlərinin qarşısında onların ər-arvad elan olunmasını görürdü və bu cütlüyün camaatın qulaqbatırıcı səs-küylərinin sədaları altında çıxıb getdiklərini, fəryadını batıran hay-küyü görürdü!

Ölsünmü bilmirdi, qalsınmı bilmirdi, bəlkə ölüb, yarıbarbar axirət həyatında gözləsin onu?

Di gəl, dəhşətli pələng, fəryadlar, qanlar!..

Sevgilisinə cavab vermək üçün, ona bircəcik an kifayət etdi, fəqət qərarını xeyli əvvəldən, gecə-gündüz əzablı düşüncələr burulğanında dolandıqdan sonra vermişdi. Sevgilisi tərəfindən ona hansı qapını açmaq barədə sual ünvanlanacağını bildiyindən, cavabının necə olacağına qərar verdi, heç bir tərəddüdsüz-filansız əlini sağa hərəkət etdirdi. Bu qərar barədə sual ünvanlamaq çətindir və bu suala yalnız mənim cavab verə biləcəyimi iddia etmirəm. Ona görə də bu sualı cavablamağı sizə həvalə edirəm: meydana gəlin çıxdı, yoxsa pələng?

Tərcümə: Ramil Rahiboğlu
Mənbə: http://ann.az/
Yazıçı haqqında: Frenk Riçard Stokton (Frank Richard Stockton) yumorist ingilis yazıçısıdır. 1834-cü ildə Filodelfiyada doğulub. Fentezi janrında yazdığı ironik tərzdə əsərləri ilə məşhurdur. 1882-ci ildə çap olunmuş “Gəlin, yoxsa pələng?” tragikomik hekayəsi yazıçıya böyük şöhrət gətirmişdi.

Top