Samir Sarı "X Günü" romanından parça. "Hansı millət daha yaxşıdır?"

Samir Sarı "X Günü" romanından parça. "Hansı millət daha yaxşıdır?"

Son mövzularla bağlı bugün belə bir material tapdım. Samir Sarının «X Günü» kitabından bu hissəni kayzençilərə təqdim edirəm. Ümid edirəm ki, nə demək istədiyim düzgün anlaşılar. Aşağıdakı parçanın daha yaxşı anlaşılması üçün isə, zaman-zaman mötərizədə izahlar verəcəm. Bəzi xüsusi çatdırmaq istədiyim fikirləri isə qara şriftlə verəcəm.

 

Bəzən elə olur ki, adam sözün düzünü deyəndə ətrafdakılar deyirlər ki, əsl vətənpərvər adam elə söz danışmamalıdır. Guya ki, həqiqət və əsl patriotizm bir-birinə zidd olanda ikincinin trəfində durmaq və birincini boğmaq gərəkdir. Elə adamlar da var ki, vətənini, millətini hamıdan çox sevirlər, amma həqiqəti deməkdən də çəkinmir, utanmır, qorxmurlar.

Abış kişinin oğlu Qaraşla bir palatada yatan erməni Qrişa (hər ikisi Rusiyaya iş dalınca gedənlərdi) belələrindən idi. Ömrünün 57 ilini Azəristanda (Azərbaycan nəzərdə tutulur) yaşamış bu kişi doğulduğu torpağı sevsə də, erməni oğlu erməni olaraq öz millətinə də bağlı adam idi. Düzdür, Gəncədən Gümrüyə köçəndən sonra o, öz millətinin içində baş çıxara bilməmişdi, hər yerdə aşağılanmışdı, amma bu onun öz millətinə sevgisini o qədər də sarsıtmamışdı. Qrişa bu haqda palata yoldaşına, özü demişkən eloğlusuna danışırdı ki, sadəcə, onu Gümrüdə “azar”, yəni “azerbaydjanskie armyane” adlandırılması narahat edirmiş, amma artıq buna da vərdiş eləyib. Sonradan Moskvaya, oğlunun yanına köçən Qrişa yalan-gerçək gəncəli dostları ilə ermənilərin arasında fərq qoymadığını, onlara eyni gözlə baxdığını deyirdi. Bununla belə, Qrişa kişi səmimi şəkildə etiraf və iddia edirdi ki, onun millətində ağıl var, nə də Qaraşın millətində. O bu sözləri zarafata salıb deyirdi, amma fikirlərində möhkəm idi.

Bu barədə yenə söhbət düşəndə Qaraş soruşdu:

-         Qrişa kişi, — o ha istəyirdi “Qrişa dayı” desin, alınmırdı, – niyə elə deyirsən? Ermənilərin ağılsızlığı nədə oldu, azərilərinki nədədir?

Qrişa başının altındakı yastığı azca dikəldib söhbətə başladı:

-         Bax, Qaraş, özün fikirləş. Kirovabadın (Gəncə) yarısında, lap olsun üçdə birində ermənilər bəy kefində yaşayırdılar? Yaşayırdılar. Bakıda kirayə ev verənlərin 90%-i ermənilər idi? Ermənilər idi. Hər nazirlikdə, idarə və müəssisələrdə ermənilər ən yaxşı vəzifələri tuturdular? Tuturdular. Restoran, pavilyon işlədirdilər? İşlədirdilər. Ayaqqabı sexlərinin hamısına baxırdılar? Baxırdılar. Ves Bakı əllərindəydi. Eləmi?

Qaraş atası Abışdan eşitdiyi bu həqiqətləri təsdiqlədi. Qrişa davam etdi:

-         İndi ermənilərin nəyi var? Heç nəyi. Bakı da əllərindən çıxıf, Gəncə də, Sumqayit da. əvəzində nə qazanıflar? Guya ki, Qarabağı. Qarabağ nədi ki? Quru torpax. Ha otur üstündə, ya da o başa, bu başa tank sür, nə olajax? Amma onlar ağıllı olsaydılar, bugün Bakının da yiyəsiydilər, o biri şəhərlərin də. Düz demirəm?

Qaraş: — Düz deyirsən, Qrişa kişi, — dedi: — düz deyirsən.

Qrişa bir az da həvəsləndi:

-         İndiyəcən Bakıda qalsaydılar, heç bilirsənmi ermənilər harda olardılar. Ən azı baş naziriniz və ya onun bir müavini erməni olardı. Bakıda mənzilpaylama işinə mütləq erməni baxajaxdı. Ən yaxşı restoranlar, yeyib-içmək və sair yerləri ermənilərin əlində olajaxdı. Neftinizi xarici dövlətlərə satan iki adamın biri erməni olmasaydı, onda daha nə erməniydi. Xəzərin qara kürüsünü bu saat da dünyaya ermənilər çıxardır, gör o vaxt nələr eləyəjəydilər. Qohum olmaq, kirvəlik də öz yerində. Ona görə deyirəm ki, ermənilər ağılsızlıq elədilər, bir qotur Stepanakertdən ötrü o boyda Azəristanı əldən çıxartdılar. Hələ bu biri məsələni də axıracan həll etmiyiflər.

Qaraş Qrişa kişinin səmimi etirafını dinləyəndən sonra söhbətin iddia hissəsinə keçdi və ağsaqqaldan azərilərin ağılsızlığının nədən ibarət olduğunu soruşdu. Ancaq Qrişa kişi diplomatlıq keyfiyyəti nümayiş etdirərək cavab verməkdən boyun qaçırdı, dedi ki, bu barədə deyə bilməz, hər millət öz plyus-minusunu özü bilməlidir, başqaları deyəndə qərəzli təsir bağışlayar.

Qaraş əl çəkmədi. Çünki ona çox maraqlıydı ki, kənardan onun gözəl millətinin hansı xasiyyətləri başqalarının gözünə xor görünür.

Axırda Qrişa kişi yumşaldı və dedi:

-         Yaxşı, Qaraş, deyirəm, amma sən deyəssən, elə döylü.

Qaraş: — Demərəm, de, – deyə söz verdi.

Qrişa pis başladı (Qaraş bunu ondan heç gözləmirdi), dedi ki, azərilər qıya-fıya gedəndirlər, gicin biri onları aparır bir uçuruma salır, sonra başqa bir gic düşür qabağa, bu dəfə gətirib xalqı başqa bir zibilin içinə yıxır, sonra məlum olur ki, o da gicdir, azərilər düşüb müdrik şəxs axtarırlar, tapırlar, amma yenədə axırda aydın olur ki. O da başdanxarabdır. Beləcə, Qrişanın dediyinə görə, “azərilər gijələ-gilələ qalırlar ortalıqda”.

Qaraş: — Tutaq ki, burası belədir, — deyə razılaşdı: -Sonra?

Qrişa Qaraşın millətinin yekə-yekə basıb-bağlaması, yalançı qonaqpərvərliyi, hiyləgərliyə, dələduzluğa meyilli olması barədə proqram xarakterli çıxış elədi.

Bu yerdə Qaraş dözmədi:

-         Elə döyül...

Qrişa qəti dedi: — Elədir. əvvəl bəlkə də elə deyildi, mənim burda gördüyüm azərilər elədir. Moskvada atmadığınız adam, soymadığınız cib, silkələmədiyiniz qadın qalmayıb.

Bu yerdə Qaraş yenə “elə döyül” deyə sözə başladı və Yer üzündəki azəriləri dünyanın bir nömrəli yaxşı, insaflı, əməli-saleh, mərd, kişi milləti adlandırdı. Qaraş sözünü “millətimin pisinə də qurban, yaxşısına da” şüarı ilə patriotik ruhda bitirərkən Qrişa gülümsəyə-gülümsəyə dedi ki, bax görürsən, xətrinə dəyməsin, bunun özü də başdanxaraflıxdı, millətinin pisinə niyə qurban olmalısan, pis elə pisdir, pisin əlindən pislikdən başqa bir şey gəlməz.

Qaraş yenə patriotik ruhda çıxış etmək istərkən, Qrişa dedi ki, o başdanxarablıqdan bizdə də var.

Sonra söhbət Quliyevin (Heydər Əliyev nəzərdə tutulur) üstünə gələndə qrişa sensasion açıqlama verdi:

-         Heç bilirsən, o niyə bir elə ağıllıdı?

-         Niyə ağıllıdı? – Qaraş versiyalar üzərində düşünmədən soruşdu.

-         Ona görə ki, bir tərəfi bizdəndir, — deyə Qrişa qürurla dilləndi və şəhadət barmağını sinəsinə vurdu. Elə çıxırdı ki, onların hətta yaxın qan qohumluğu var.

Qaraş razılaşmadı:

-         Ola bilməz. Dünyasında ola bilməz. Arxivlər var.

-         Kimdədir o arxivlər? Guya bizdə arxiv yoxdur? Saa daskanalnı deyirəm, rəhbərinin polukovkadır.

Qaraş da ona əks-arqumenti dilə gətirdi:

-         Bizdə bir siyasətçi var ki, iki dəfə prezidentliyə namizəd də olub, o deyir ki, sizin prezident Kuçeryan polukovkadır, atası azəridir. Adını da deyir kişinin.

Qaraşın gözlədiyinin əksinə olaraq Qrişa höcət etmədi:

-         Ola bilər. Zapadlo-zad döyül ki. Ortalıqda bir elə arke xoban məsələsi olub, deyirsən ortalıqda produkt olmuyuf? Dünən sizə Yaşanın əhvalatını danışdım ha, bax, həmin haqq-hesabın axırı bilirsən nə təhər oldu? Rozanın bir qızı oldu? İndi kim qaranti verə bilər ki, axçinin atası Mişaydı, yoxsa yaşaydı. (Bu bir az uzun söhbətdi, izah edəbilməyəcəm, elə vacib də deyil)

Qaraş maraqlandı:

-         Qaraç kişi, kim bilməsə də, sən bilərsən, əsl ata hansıydı?

-         Hardan bilə bilərəm, — dedi Qrişa kişi, — əkəndə yanlarında deyildi ha. Vapşe-to gərək əlli-əlliyə götürək.

-         Artur İsakoviç Mamedovun (həkim — özünün dediyi kimi 25% rus, 25% azərbaycanlı, 25% erməni, 25% yəhudi) gəlməsiylə söhbət və gülüşmə sona yetdisə də, bir qədərdən sonra xəstələr “millət davası”na onu da çəkdilər, soruşdular ki, hansı millət yaxşıdır. Bu suala cavab olaraq Artur İsakoviç nəsə elmi və anlaşılmaz bir cavab verdi. Onun sözlərindən  əvvəlcə belə çıxdı ki, hər millətin yaxşısı da, pisi də var və əsas insana qiymət verməkdir. Sonra o bir qədər qəliz danışdı və eynən belə dedi:

-         Bu kontekstdə konseptual fikir demək üçün öncə hər iki etnosun  aktiv stadial formalaşması, istərsə də passiv staqnasiya periodlarına konsentrasiya etmək lazımdır. Eyni geopolik regionda populyasiya edən, eyni formasiyalardan keçib gələn etnik qrupların mentaliteti və rasionalistik səviyyələri çox zaman identik olur.

Sözünə bu kimi sözlərlə davam edən doktor qeyd etdi ki, ona görə də hazırda konfrontasiyada olan etnoslar barədə subyektiv rəy deməkdən çəkinir, çünki bu tanış stereotipdə ola bilər.

Qrişa və Qaraş bu və daha sonra dilinə gətirdiyi “tendensioz”, “evolyusiya”, “praqmatizm”, “transformasiya”, və sair bu kimi qeyri-tanış sözlərdən ibarət olan cümlələrindən dəqiq bir şey başa düşməsələr də, bu qərara gəldilər ki, sözügedən etnosların heç biri bir şey deyil.

Düzdür, ömrünü xoban və sezonlarda keçirən Qrişa kişi də, elə şəhər uşağı olan Qaraş da rus dilini qəşəng bilirdilər, amma doktorun danışdığı dil nəsə başqa şey idi. Qrişa ürəyində fikirləşdi ki, deyəsən Artur-can nənəsinin dilində, yəni idişcə (bir qisim yəhudinin danışıq dili) danışır.

Beləcə qarşı yatan tərəflər ”hansı millət yaxşıdır?" sualına cavab tapa bilmədilər.

Top