Özümü çox vacib varlıq hesab edirəm. Ən azı ona görə ki, siz mənim hesabıma minillər əvvəlindən xəbərdar ola bilirsiz. Mən olmasam fikirlərinizi sizin səsiniz yetməyən yerlərə çatdırmağınız mümkün olmayacaq. Mən elə bir əhəmiyyətli varlığam ki, bütün qanunlardan, qaydalardan, məxfi sənədlərdən xəbərdaram. Dövlət işlərinin hamısını bilirəm. Hətta insanların şəxsi həyatlarından da xəbərim var.
Mən bəzilərinin gündəliyi, bəzilərinin ürəyindəkiləri çatdırdğı vasitəyəm. Mən, bəzən düşünülüb, lakin deyilməyə cürət edilməyən fikirlərəm. Mən sizin beyninizəm, düşündüklərinizəm. Mən hekayələr, esselər, məqalələr, məktublaram. Hətta romanlar, epopeyalar da mənəm.
Hə, indi gördüz ki, mən nə qədər əhəmiyyətliyəm. Amma məndən öz miskin fəaliyyətləri üçün istifadə edənlər də var. Mən, yüzlərlə, bəlkə minlərlə və bəlkə də daha artıq müharibənin səbəbkarıyam. Mən olmasam hökmdarların mənasız yazışmaları olmazdı, mən olmasam həmin hökmdarlar bir-birini hədələyə bilməzdilər. Mən olmasam xəritələr olmazdı. Dünya hissələrə bölünməzdi. Mən dünyanın ölkələrə bölünməsinə səbəb olmuşam. Mən ölkələrin bölgələrə parçalanmasına səbəb olmuşam. Ən dəhşətlisi mən, bəzən bir ölkənin iki yerə bölünməsinə səbəb olmuşam. Mən adi kağız parçalarını dəyərləndirən bir varlığam. Və mən həmin adi, bir-birindən hazırlanma materialına görə fərqlənməyən kağız parçalarını da ayrı-seçkiliyə məruz qoymuşam. Mən həm də metalları dəyərləndimişəm, eyni metalın bir hissəsini, digər hisəsindən dəyərli edən də mənəm. Və mən… Cəmiyyətdə insanlar arasında əlaqə və uçurum yaradan mən, bütün döyüşlərə, müharibələrə səbəb olduğum kimi, qırğınlara da, daha doğrusu qırğın sayının daha çox olmasına da səbəbkaram.
Bəli, mən olmasam, sizin elminiz inkişaf edə bilməzdi, siz riyaziyyat, fizika, kimya və bu kimi vacib elmlərsiz qalardız. Mən olmasam bugün sizin barıtınız da olmazdı, sizin atom silahlarınız da olmazdı, kimyəvi silahlar hazırlaya bilməzdiz. Mən olmasam, siz tarixinizi bilməzdiz, hansı millətlərin sizlə düşmən olduğunu, hansıların sizə dost olduğunu bilməzdiz, hansı dözlətlərin sizlə müharibə etdiyini, nə zaman nə qədər millətinizin qırıldığını bilmzədiz.
Bəli, mən sizə kimliyinizi tanıtmışam. Amma kaş belə olmayaydı. Mən sizə tarixinizi gətirdim ki, özünüzü, ata-babanızı tanıyasız, sizsə millətçi olduz, qohumunuzun-qonşunuzun, sizlə eyni irqdən olanların və nə vaxtsa kimlərsə tərəfindən qırılanların intiqamını almağa çalışdız. Mən sizə elm verdim ki, həyatınız rahatlaşsın, yaşamağınız üçün daha yaxşı vasitələr hazırlaya biləsiz, sizsə, silahlar, atom bombaları hazırladız və başladız dünyaya sahib olmağa cəhd etməyə.
Əmin olun ki, mən bütün bunları sizə çatdırarkən yalnız xoş niyyətə sahib olmuşam və indi səbəbkar olduğum bu iyrənclikləri görüncə özüm-özümdən utanıram. Bəli utanıram. İstəməyərək, öz iradəm olmadan səbəb olmuş olsam belə utanıram. Sizdən bir xahişim var. Məni daha çox vicdan əzabı çəkməyə düçar etməyin. Məndən yalnız gözəl, xoş hissləri ifadə etmək üçün, yalnız yaxşı əməllərinizdə, xeyirxah işlərinizdə istifadə edin. Məndən çoxlu-çoxlu sülh müqavilələri hazırlayın, sevdiyiniz insanlara xoş sözlərinizi çatdırmaq üçün, cəmiyyətə, insanlara xeyirli olacaq qanunlar hazırlayarkən istifadə edin. Məndən həbs qərarları hazırlanarkən yox, əfv fərmanları üçün istifadə edin. İnanın ki, siz bir-bir birinizi söyərkən, hansısa silahı hazırlamaq üçün hesablamalar apararkən, müharibə taktikası hazırlayarkən, hərbi dərsliklər yazarkən, hansısa qanunu sərtləşdirərkən, nifrət dolu, pafoslu bəyanatlar yayarkən mənim hər bir hərfim, rəqəmim, hər bir vergülüm, nöqtəm ağrıyır.