Akademik Polkovnikin kabinetinə daxil olanda gördü Batalyon Komandiri də içəridədi, qauptvaxtın qurutduğu dalağı sancdı. Farağat dayanıb hərbi salam verdi:
— Cənab Polkovnik, sıravi əsgər...
Polkovnik qalxdı ayağa:
— Azad!- yaxınlaşdı Akademikə və sonra döndü Batalyon Komandirinə; — Bu Akademikdi, aspirantdı, nədi, deyirsən yenə əmrlərə tabe olmur, yenə əsgərləri yoldan çıxarır?
— Bəli, yoldaş Polkovnik!
Polkovnik zəhmli baxışlarıyla Akademiki başdan ayağa süzdü, amma hiss elədi ki, bu sıravi əsgər başqaları kimi onun zəhmli baxışlarından çəkinmədi, ona görə səsinin gur yerinə salıb dedi:
— Bura bax, Akademik, eşitdiyimə görə özün də nizamnaməni əzbər bilirsən, hüquqşünassan. Əmrə tabe olmamağın, əsgərlər arasında xoşa gəlməyən şeylər haqqında təbliğat aparmağın cəzasını da yəqin ki, yaxşı bilirsən?!
— Yoldaş Polkovnikg
— Sənə hələ söz verməmişəm. Bu qulaqlarını aç, — istədi başqa əsgərlərin qulağından tutduğu kimi Akademikin də qulağından tutsun, amma Akademikin qırımını görüb, əlini geri çəkdi: — yaxşı eşit. Mən sənin yaşına və təhsilinə hörmət elədim. Səni səngərə soxmadım, posta göndərmədim, saldım tikinti batalyonuna. Bəs bu yaxşılığa sənin cavabın nə oldu? Yuxarılara şikayət yazmaqdan yorulmadın. İndi də tikintidə qiyam qaldırırsan. İndi biz səninlə neyləyək?
Akademik əvvəlcə istehza ilə Batalyon Komandirinə baxdı, sonra yenidən farağat vəziyyəti alıb dedi:
— Güllələyin, qurtarıb getsin!
Elə bil Polkovniki ilan çaldı, necə çığırdısa Batalyon Komandiri qorxdu:
— Qauptvaxta! Beş gün!
***
Akademikin yenidən qauptvaxta salındığını eşidən tağım yoldaşlarından kimisi dilxor oldu, kimisi ona qahmar çıxdı, kimisi də əsəbləşdi:
— Nə istəyir ey bu?! Başını sal aşağı, əsgərliyin çək də!
— Beş-altı kitab oxuyub, elə bilir hamıdan ağıllıdı. Ora-bura şikayət yazır, əziyyətini biz çəkirik.
— Səfehin biri səfeh. Sənə deyirlər tik- tik də, nə borcuna kazarma tikirsən, yoxsa villa.
Başqa birisi qahmar çıxdı:
— Ə, yekə kişisiz, arvad kimi qeybət eləməyin. Kişinin oğlu bizim kimi qoyun deyil də. Deyir mən bura Vətənə qulluq eləməyə gəlmişəm, çobanlıq eləməyə, nökərçilik eləməyə yox. Sən, mən arvad kimi qorxub susuruq, amma o qorxmur, bizim də haqqımızı qoruyur.
Qeybət eləyənlərdən:
— Biz əsgərik, komandirlərin əmrlərinə sözsüz əməl etməliyik. Əmr müzakirə edilmir.
— Bəlkə komandir əmr elədi ki, təpənə bir güllə vur, vuracaqsan?
— Yox!
— Bəs deyirdin əmr müzakirə edilmir?!
— Baxır əmrə də.
— Onda otur yerində, danışma.
— Ə, səsinizi kəsin, çavuş gəlir.
***
Akademikə həmişə qahmar çıxan Ağsaqqal gəldi Qərargah Rəisinin kabinetinə.
— Yoldaş Polkovnik, müraciət etmək olar?
— Buyur.
— Yoldaş Polkovnik, Batalyon Komandirinin fitvasıyla Akademiki yenə qauptvaxta saldılar. Siz əsgərlərin atası sayılırsız, kömək edin.
— Əsgər, hamınız bilirsiz ki, mən də Akademikin xətrini çox istəyirəm, amma bu dəfə kömək edə bilməyəcəm. Çünki cəzanı məndən vəzifəcə böyük şəxs verib. Çalışaram Polkovniklə danışım. Akademik də dilinə yiyəlik eləmir. Day mən də yorulmuşam onu müdafiə etməkdən, gücüm çatmır. Buranın yiyəsi mən deyiləm ey, Komandirdi. Mən olsaydım indi burda yox, o dağların başındaydıq! — deyib əli ilə düşmən əlində olan bir gülləlik məsafədə doğulduğu dağları göstərdi.
***
İtlər əvvəlcə izi tutub sevinclə hürüşə-hürüşə meşənin içindən keçən kiçik dağ çayına çatanda səslərini kəsdilər və vurnuxmağa başladılar. Çayın kənarında ora-bura sümsünüb nə qədər iyləsələr də istədikləri qoxunu tapa bilməyib zingildədilər.
Üzüyuxarı inandırıcı görünmürdü, cəbhə xətti idi.
İzi tapmaq üçün üzü çay aşağı axtarmağa başladılar və yenidən at izlərinə rast gəldilər. İtlər axtardıqlarını tapdıqlarından atılıb-düşdülər və hürüşə-hürüşə irəli cumdular, polislər də itlərin ardınca. Bu iz onları meşədən bir yamaca çıxartdı. Bura örüş yeri idi, xeyli qoyun-quzu, mal-qara otlayırdı. Bir qədər aralıda isə bir neçə at cidarlanmışdı. İtlər hürə-hürə atlardan birinin üstünə cumdu. İtlərin qəfil hücumundan hürküb canını qurtarmaq istəyən at fınxıra-fınxıra qoşa təpik ataraq özünü qorumağa çalışırdı.
Bir az aralıda dirədöymə oynayan uşaqlar itlərin hürüşməsinə dayandılar, meşədən çıxan polislər itləri sakitləşdirməyə çalışırdılar. Uşaqlar maraqla götürüldülər polislərə tərəf.
Nəhayət, polislər itləri sakitləşdirdilər. Əməliyyat Müvəkkili onları əhatəyə alan uşaqlardan soruşdu:
— Hə igidlər, bu Qırat kimindir?
Onüç-ondörd yaşlı bir uşaq irəli çıxdı:
— O Qırat deyil, görmürsən Bozatdı.
Əməliyyat Müvəkkili gülümsədi və uşağın başını sığalladı:
— Olsun Bozat! Bəs onda Qaçaq Nəbi hansınızdı?
Uşaq hazırcavab imiş:
— Mənəm, amma Qaçaq Nəbi deyiləm, elə Nəbiyəm.
— Yaxşı, Qaçaq Nəbi olma, Qoçaq Nəbi ol. De görüm, bu atla bu gün kimsə harasa gedib?
— Xeyr, obaşdandan burda cidarlıdı.
Əməliyyat Müvəkkili üzünü digər uşaqlara tutdu:
— Bəlkə sizlər görmüsüz, kimsə iki-üç saat əvvəl bu ata minib, harasa gedib?
Uşaqlar bir ağızdan:
— Görməmişik, onda biz aşağıda futbol oynayırdıq.
Əməliyyat Müvəkkili at sahibi olan uşağa dedi:
— Yaxşı, Qoçaq Nəbi, atın cidarını aç gedək sizə.
Uşaq əyilib atın ayaqlarındakı cidarı açmaq istərkən təəccübləndi və qalxdı ayağa:
— Əmi, kimsə bu atı minib.
— Nəyə görə deyirsən.
— Bax! — deyə uşaq atın ayağındakı cidarı göstərdi.
Əməliyyat Müvəkkili atın cidarına baxıb soruşdu:
— Nə var ki?
— Səhər-səhər özüm cidarlamışam. Biz belə at cidarlamırıq. Görmürsüz bu cidar deyil, heç belə at cidarlayarlar, görmürsüz ayaqların qoşa bağlayıblar?! — dedi, sonra kəndiri açdıg
Əməliyyat Müvəkkilinin özü kəndli balası olsa da belə şeyləri bilmirdi, təəccüblə başını yellədi və sonra uşağı qaldırıb qoydu atın belinə:
— Yaxşı, getdik sizə, — dedi və radioəlaqə ilə Rəislə əlaqə saxladı; — Rəis, atı tapmışıq. Meşənin ətəyindəki kənddəyik. Maşın göndərin, gedirəm atın sahibigilə.
Uşaq atı bir darvazanın ağzında saxladı:
— Əmi, evimiz budu. — deyib hoppanıb atdan düşdü, darvazanı açıb qışqıra-qışqıra atasını çağırdı: — Ata, ay ata, səni polislər istəyir.
Evdən ortayaşlı bir kişi çıxdı və həyətdə polis işçilərini görəndə duruxdu, gah oğluna, gah polislərə, gah da həyətə doluşan kənd uşaqlarına baxıb, qorxa-qorxa da soruşdu:
— Nə isə olub?
Əməliyyat Müvəkkili ev sahibinin bu qəfil gələn qonaqlardan qorxduğunu görüb onu sakitləşdirdi:
— Qorxmayın, heç nə olmayıb, bir-iki sualımız var.
Ev sahibi onları evə dəvət elədi:
— Qalxın evə, buyurun.
— Sağ olun, elə həyətdə oturarıq.
Ev sahibi qonaqlarla bir-bir görüşdü:
— Xoş gəlmisiz. Xətrinizə dəyməsin. Sizi görəndə bir az qorxdum, dedim görən nə isə olub. Sonra oğluna üz tutdu, — Qaç anana denən çay hazırlasın. Sən Allah, siz də buyurun, buyurun oturun, — deyə həyətdəki ağacın altına qoyulmuş stola dəvət etdi.
Gələnlər keçib əyləşdilər, polislərdən biri həyətə doluşmuş uşaqları bayıra çıxartdı. Qoçaq Nəbi yüyürə-yüyürə gəlib stolun üstə süfrə saldı.
Əməliyyat Müvəkkili:
— Siz bu gün atınızla harasa getmisinizmi?
Ev sahibi:
— Xeyr. Səhər tezdən uşaq qoyun-quzunu örüşə çıxaranda minib gedir, axşam gedib gətirir. Mən atı adətən meşədən odun gətirməyə gedəndə minirəm, ya da yuxarı dağ kəndlərinə xeyir-şərə gedəndə.
— Bu gün harda olmusuz?
Ev sahibi çaşqın-çaşqın polislərə baxdı:
— Bəlkə deyəsiz nə baş verib?
Bu vaxt ev sahibəsi gəlib süfrəyə stəkan-nəlbəki düzdü, mürəbbə qoydu, uşağın əlindəki çayniki alıb çay süzmək istədi, amma Əməliyyat Müvəkkili dedi:
— Sağ olun, bacı, qoyun qalsın. Özümüz süzərik.
Ev sahibəsi bir söz demədən çayniki stolun üstə qoyub getdi.
Amma ev sahibi qoymadı çayı Əməliyyat Müvəkkili süzsün, özü süzdü, qonaqlara mürəbbə də çəkdi.
Əməliyyat Müvəkkili:
— Demədiz harda olmusuz?
— Kənddə yas düşüb. Səhər-səhər ora dəyib sonra getmişəm şəhərə bazarlığa. Bir də xəstəxanada bir qohum yatır, ona dəyib qayıtmışam. İndi də hazırlaşırdım yenidən yasa getməyə, — sonra soruşdu, — Rəis, nə hadisə baş verib, bir deyin görüm məndən nəyə görəsə şübhələnirsiz?
— Xeyr, sadəcə olaraq müəyyən bir məsələni aydınlaşdırmaq istəyirik.
— Bilmək olar, nə hadisə baş verib?
— Adam öldürüblər.
— Mən öldürmüşəm? — deyə ev sahibi yenə qorxa-qorxa soruşdu.
Əməliyyat Müvəkkili onu sakitləşdirdi:
— Sakit olun. Hələ ki heç kim sizdən şübhələnmir. Məsələ ondadır ki, hadisə baş verən yerdə sizin atınızın izləri tapılıb.
Stəkan az qaldı ev sahibinin əlindən düşsün, qənd qaldı boğazında, çeçədi. Xeyli öskürdü, yenidən bir qurtum çay içib birtəhər özünə gəldi:
— Mənə inanın, müəllim adamam. Necə insan olduğumu, hətta qonşu kəndlər də bilir. Soruşa bilərsiz, heç toyuq başı da kəsməmişəm.
— Müəllim, dedim ki, heç kim sizdən şübhələnmir. Amma məsələni aydınlaşdırmaq üçün idarəyə getməliyik. Ziyalı adamsız, bilirsiz ki, bu vacibdi.
— Əməliyyat Müvəkkili sonra soruşdu, — Tüfənginiz var?
Ev sahibi əvvəl duruxdu, sonra dedi:
— Bir təklüləm var. Sözün düzü sənədi yoxdu, atamdan qalıb.
— Eybi yox, atanızın sənədi olubsa, qanunsuz sayılmır. Xahiş edirəm, gətirin.
Ev sahibi bir söz demədən qalxdı evə, əlində tüfəng qayıtdı və silahı polislərə təhvil verdi.
***
Kriminalist dindirmə protokolunu tamamladı:
— Müəllim, buyurun, oxuyun və bu yerlərə qol çəkin.
Amma at sahibi oxumadı, göstərilən yerlərə qol çəkdi. Kriminalist protokolu alıb qarşısındakı qovluğa qoydu və dedi:
— İndi gedə bilərsiz, silahınızı isə həftə sonu gəlib apararsız.
— Yəni mən azadam?
— Bəli, bəli! Sizin bu cinayətlə heç bir əlaqəniz yoxdu. Atınızı minən adamı isə mütləq tapacağıq. Siz isə təzə bir şey bilsəniz xahiş edirəm bizə məlumat verin.
At sahibi sağollaşıb otaqdan çıxandan sonra Kriminalist telefonu götürdü:
— Cənab prokuror, at sahibinin bu cinayətlə heç bir əlaqəsi yoxdu. Alibiləri düz çıxdı.
— Bəs at?
— Araşdırırıq. Hər kimdirsə həmin kəndlə bağlı adamdı!
***
Akademikin üz-gözü tez-tez qonağı olduğu bu dar, havasız, cəhənnəm kimi isti qauptvaxta öyrəşsə də, özü bu qədər haqsızlığa öyrəşə bilmirdi, dizlərini qucaqlayıb oturmuşdu, özü-özünə danışırdı:
— Məni sındıra bilməyəcəksiz. Döysəniz də, söysəniz də, həftədə bir dəfə bura salsanız da sındıra bilməyəcəksiz. Siz bu əsgərliyi bizim burnumuzdan gətirsəniz də, mən də yediyiniz-içdiyinizi sizin burnunuzdan gətirəcəm. Məni nə qədər şərləyib həbsxanaya salsanız da xeyri yoxdu. Məni o biri uşaqlar kimi intihara məcbur edə bilməyəcəksiz. Özümü öldürənəcən, sizi ataram. Mənə kərpic kəsdirə bilməyəcəksiz, qoyun otarda, tualet tikdirə bilməyəcəksiz. Mən bura Vətəni qorumağa gəlmişəm, nökərçilik etməyə yox. Nə məni sındıra biləcəksiz, nə də qoymayacam başqalarını sındırasız.
Könlündən siqaret keçdi, qalxıb qapını döydü. Qarovulda dayanmış əsgər:
— Akademik, qapını sındırma.
— Siqaretin var?
— Var, amma verə bilmərəm, qanun yol vermir.
— Sevinirəm ki, qanuna əməl edən əsgərimiz var.
— Yaxşı, zarafat edirəm, ala. — deyə növbətçi əsgər qapının nəfəsliyindən içəri siqaretlə alışqan atdı.
Akademik siqareti yandırıb, acı tüstünü uşaqlıqdan həsrət qaldığı Dəli dağın havası kimi çəkdi ciyərlərinə, alışqanı nəfəslikdən geri qaytardı:
— Sağ ol!
— Bunu da al, — deyə əsgər içəri bir bükülü uzatdı.
— Bu nədi?
— Kotletdi, ağsaqqallar göndərib. Bir az tez ye. Gəlib tutsalar dədəmi belimə şəlləyərlər. Bilirsən də sən qara siyahıdasan. Qara siyahıda olanlara kömək edənləri də o siyahıya salırlar.
— O siyahıya düşməkdən qorxursan, bəs niyə kömək edirsən?
— Bəs kişilik?! Akademik, sənin hesabına yenə bizi minəcəklər.
— Mənim hesabıma niyə?
— Yazdığın şikayətə görə hissəyə yenə komissiya gəlib. Komissiyanı yola salmaq lazımdı, ya yox?!
— Əsgərin səsi yavaşıdı, — Ehtiyatlı ol, gələn var.
Gələn Batalyon Komandiri idi:
— Aç qapını.
Əsgər qapını açdı, Batalyon Komandiri keçdi içəri:
— Qalx! Farağat!
Akademik qalxıb farağat dayandı. Batalyon Komandiri əlini qoydu onun çiyninə:
— Hə, Akademik, indi biz səninlə neyləyək?
Akademik həmişəki soyuqqanlıqla:
— Dedim də! Güllələyin, yoldaş komandir!
— Axı sən nə istəyirsən?
— Mən Vətənə qulluq etmək istəyirəm, yoldaş komandir!
— Elə də, qolundan tutan var?!
— Qolumdan yox, ruhumdan tutmusuz, yoldaş komandir!
Batalyon Komandiri əsəbləşdi:
— Bura bax, Akademik, kişi kimi danışaq. Başını sal aşağı, bu yazışmanı saxla, boş-boş danışıb uşaqları yoldan çıxartma. Mən də Polkovniklə danışaram, tikinti batalyonu istəmirsən, səni keçirərik qərargaha, kef edərsən. Amma kişi kimi söz ver ki, bir daha heç yerə heç bir ərizə yazmayacaqsan.
Akademik cavab vermədi, nifrət dolu baxışlarını zillədi Batalyon Komandirinə. Batalyon Komandiri bu nifrət dolu baxışlardan qaçmaq istədi:
— Akademik, biz qorillalar kimi baxış savaşı eləmirik ki, gözlərini mənə zilləmisən. Söz verirsən ki, bir daha heç hara ərizə yazmayacaqsan?
Akademik farağat vəziyyətini pozmadı:
— Yoldaş komandir, siz də söz verirsiz ki, bir də hərbi hissədə qanunları pozmayacaqsız?
Batalyon Komandiri:
— Day özündən küs! — dedi hirslə bayıra çıxdı və çıxanda da qapını necə çırpdısa, qapı az qala çərçivəsindən qopsun.
Batalyon Komandiri gedəndən sonra növbətçi əsgər dedi:
— Akademik, vallah sən qurd ürəyi yemisən.
Akademik:
— Bilirsən dostum, mən doğrudan qurd ürəyi yemişəm. Atam ovçudu. Biz iki qardaşıq. Atam nə qədər qurd vururdusa ürəyini şişə çəkib bizə yedizdirərdi. Anam sayırmış, indiyədək altmış dörd qurd ürəyi yemişik. Böyük qardaşım elə qurda oxşayır. İstəyirsən inan, istəyirsən yox.