II hissə
Qan iyinə çaqqallar qaçıb gəlmişdi və meyidin ətrafında fırlanırdılar. Hələ qoxusu çəkilməmiş barıtın qorxusundan meyidə toxunmurdular. Barıtın qoxusu çəkildikcə çaqqallar ürkək-ürkək cəsədi didişdirməyə başladılar. Və əgər şəhərdən qayıdan içi əsgərlərlə dolu maşın gəlib çıxmasaydı, yolun ortasında qalmış cəsədi çaqqallar parça-parça edəcəkdi. Maşın dayandı, amma deyəsən çaqqallar çox həyasız idilər, qorxub qaçmadılar. Zabit çaqqalları qorxutmaq üçün havaya bir-iki əl atəş açdı. Çaqqallar da vaqqıldaya-vaqqıldaya öz dillərində Zabitə söyə-söyə götürüldülər. Zabit yolun ortasındakı meyidi görəndə yerindəcə dondu, sonra yavaş- yavaş meyidə yaxınlaşdı, əvvəl-əvvəl elə bildi Komandirin sürücüsüdü, amma kiteldəki ulduzları görəndə…
Əsgərlər də maşından töküldülər, amma Zabit əsgərləri meyidə yaxınlaşmağa qoymadı, əmr elədi:
-Yaxın gəlməyin! Heç nəyə də toxunmayın!
Sonra Zabit təcili hərbi hissəyə telefon açdı:
— Komandiri vurublar!
Bu xəbər təkcə hərbi hissədə deyil, şəhərdə də bomba kimi partladı. Yarım saat keçməmiş şəhərin bütün rəhbərliyi hadisə yerində idi.
Yemək-içmək məclisindən yarımçıq qalxmağa məcbur olmuş Şəhər Meri dilxor-dilxor dedi:
— Hamımız zibilə düşdük, günümüzü göy əskiyə bükəcəklər!
Prokuror heç nə olmamış kimi soyuqqanlıqla:
— Niyə? Biz öldürmüşük?!
Mer:
— Elə danışırsan, elə bil adicə bir adam öldürüblər. Hamımızın başı ağrıyacaq.
Prokuror Zabitə göstəriş verdi:
— Heç kəsi əraziyə buraxmayın. Əsgərləri dağıt meşəyə, qabaqlarına kim çıxsa şapparlayıb gətirsinlər bura! — sonra üzünü maddım-maddım meyidə baxan Polis Rəisinə tutdu: — Sən niyə atıla-atıla gəlmisən? Hanı sənin itin.
Rəis:
— Yoldadı, indi çatır.
Meyidi incələyən Kriminalist elə bil zərgər idi, brilyantın xalis olub-olmadığını öyrənmək istəyirdi, neçənci dəfə idi ki, əlindəki lupa ilə güllə dəyən yerlərə baxırdı. Başını qaldırıb əsgərlərin meşəyə dağıldığını görəndə soruşdu:
— Bunlara kim əmr verdi?
Prokuror:
— Mən! Qoy meşədə kim qabaqlarına çıxsa tutub gətirsinlər.
Kriminalist başını buladı:
— Cənab Prokuror, əvvəla ölümün üstündən bir saat, bəlkə də daha çox vaxt keçib. Hansı axmaq bu vaxta qədər oturub gözləyər ki, gəlib onu tutsunlar. Bəs onda iti neyləyirsiz? Kimin izin götürəcək? Əsgərlərin?! — sonra üzünü Zabitə tutdu; — Çağır əsgərləri geri.
Zabit bilmədi kimin əmrini yerinə yetirsin, gah Kriminalistə, gah da Prokurora baxdı.
Prokuror Zabitə:
— Yaxşı, əsgərlərini geri çağır,- dedi, sonra Kriminalistdən soruşdu; — Nə öyrənə bildin?
Kriminalist:
— Ov tüfəngi ilə vurublar, özü də təklülə olub: — meyidin yaxınlığında tapıb kiçik salafan torbaya qoyduğu dəmir gilizi göstərdi;- Gilizi çıxarıb atıb, tüfəngi təzədən doldurub. O biri giliz yoxdu, deməli silahda qalıb. Birinci güllə çiyninə dəyib. Öldürücü olmasa da vaxtında yardım edilməsə qanaxmadan yəqin ki, öləcəkdi. İyirmi-iyirmi beş metrdən, təxminən, — əlilə yoğun gövdəli bir palıd ağacını göstərdi;- bax o ağacın arxasından atıblar. İkinci gülləni isə kişiliyinə vurublar, özü də dayayıb atıblar. Bu güllədən dərhal sonra keçinib.
Prokuror:
— Pahatonnan, gör harasından vurublar ey, adamın orasına təpik dəyəndə az qalır nəfəsi kəsilsin, ondakı güllə ola — dedi və meyidə yaxınlaşıb diqqətlə güllə dəyən yerə baxdı, dağım-dağım olmuşdu.
Mer Kriminalistdən soruşdu:
— Dedin harasından vurublar?
— Kişiliyindən.
Mer əlini-əlinə vurdu:
— Sən öl, namus məsələsidi. Rəhmətliyin oğlun nə vaxt axtarırdın, saunada tapırdın.
Prokuror ətrafdakılara göz vurub Merə dedi:
— Ehtiyatlı ol, sən də saunaya yaman tez-tez gedirsən ha.
Mer Prokurora gözünü ağartdı:
— Zarafat vaxtı deyil!
Sürücü Prokurora yaxınlaşdı:
— Şef, sizi yuxarıdan istəyirlər, — dedi və telefonu ona uzatdı.
Prokuror telefonu alıb ətrafdakılara:
— Başladı! — dedi və bir kənara çəkildi.- Eşidirəm.
Telefondakı adam:
— Sizinlə general danışacaq.
On-on beş saniyə keçməmiş telefondan Generalın səsi eşidildi:
— Salam!
— Salam, cənab General.
— Hardasan?
— Hadisə yerində.
— Nə baş verib orda?
Prokuror çevrilib bir daha meyidə tərəf baxdı:
— Hərbi hissənin Komandirini atıblar. Kriminalist işləyir. Mer də burdadı, Polis Rəisi də. Korpus komandiri də yoldadı. İşləyirik.
— Bunu bil, bu cinayətin açılmasına başınla cavabdehsən. Xətrini çox istəyirəm, yerində olan kadrsan. Amma bu cinayətin üstünü açmasan, məndən incimə. Mən də yuxarıların qarşısında başımla cavabdehəm. Başa düşdün də! Nə kömək lazımdı edəcəm. Kriminalistin təcrübəlidi?
— Bəli. Kriminalistimizdən bəlkə də ölkədə yoxdu. Bu günədək elə bir cinayət olmayıb ki, aça bilməsin.
— Ona de, əgər bu cinayətin üstünü açsa, səni mərkəzə gətirdəcəm, onu da sənin yerində oturdacam. Allah köməyiniz olsun! Di sağ ol!
-Sağ olun, cənab General!
Prokuror telefonu qapatdı, döndü Merin yanına.
Mer başı ilə göyə işarə elədi:
— Yuxarıdandı?
Prokuror:
— Hə,- dedi, sonra üzünü tutdu Kriminalistə; — Yuxarıdan zəng eləmişdilər. Dedilər ki, əgər bu cinayəti açsan, səni mənim yerimə qoyacaqlar.
Kriminalist işindən ayrılmadan:
— Cənab Prokuror, Allah sağlığınıza qismət eləsin, mənim sizin yerinizdə gözüm yoxdu. Öz yerim də pis deyil, buna dəyməsinlər, Əzrayılın balası mənə lazım deyil.
Prokuror:
— Dostum, sən bu işi aç, ən böyük hədiyyəni məndən alacaqsan. Qorxma, məni çıxarmayacaqlar ey, işi açsan, məni də yuxarı aparacaqlar.
Mer:
— Qəribə adamlarsız ey, meyid qalıb ortalıqda, vəzifə bazarlığı edirsiz.
Prokuror:
— Neyləyək, hərənin çörəyi bir şeydən çıxır, bizimki də meyiddən.
Nəhayət Kriminalist işini tamamladı:
— Cənab Prokuror, meyidi götürə bilərlər. Meyid yarılandan, bir də ballistik ekspertizadan sonra əsas rəyə gələ biləcəyik, -bıçaqla qazıb torpaqdan çıxardığı gülləni də kiçik bir salafan torbaya qoydu və verdi ekspertə; — O biri güllə bədənində qalıb.
Bayaqdan heç bir söhbətə qarışmayan, kənarda dayanıb siqareti siqaretə calayan Qərargah Rəisi, sanki ona da güllə dəymişdi, nəhayət dilləndi:
— O gərək çoxdan yerini dəyişib başqa hissəyə gedəydi. Mən bilirdim bunun axırı yaxşı olmayacaq. Yüz dəfə özünə də demişdim. Eşitmədi. Bu da sonu.
Prokuror:
— Düz deyirsən. Yeddi-səkkiz ayda üç çepe, bu da dördüncü.
Qərargah Rəisi:
— Hələ ikinci hadisədən sonra, dedim ki, yerini dəyiş. Yuxarıya dedim də, yazdım da. Amma töhməti mən aldım. Əslində çepe çox olub, gizlətmişik, özümüz yoluna qoymuşuq. Hərbi hissə deyil ha, dəlixanadı. Biri özünü asır, biri özünü atır, biri avtomatı posta tullayıb qaçır, biri əsgər yoldaşlarını güllələyir. — sonra tərs-tərs Prokurora baxdı; — Sizlərin də sayeyi-mərhəmətinizdən heç kim də cəzalandırılmır.
***
Polkovnik:
— O Akademik yenə nə qələt eləyib?
Batalyon Komandiri:
— Əsgərlərə yenə mühazirə oxuyurdu. Keçən dəfə yeməklə bağlı az qala qiyam qaldırmışdı. Guya evlərində bütün günü plov yeyirmiş itoğlu. Öyrənmişəm, bir həsirdilər, bir məmmədnəsir. Kolbasa yeməkdən bağırsaqları qurumuş bir aspirant gəlib qarnı isti yemək görüb qudurub. On gün qauptvaxta qalmaq görünür ona azlıq eləyib. Deyir ki, biz bura kimlərəsə villa tikməyə gəlməmişik, fəhlə deyilik. Səsinə səs verənlər də getdikcə çoxalır. Mən qauptvaxta salıram, Qərargah Rəisi çıxarır.
Polkovnik:
— Elə ona dil verib yoldan çıxaran Qərargah Rəisidi. Eybi yox, onun ulduzunun birini qopartdırıb dalına yapışdırtmasam mən də, mən deyiləm. Yerimə göz dikib, boynunun dalın görər. Sən belə elə, qauptvaxtdan sonra o Akademikdi, professordu, nədi bas sonuncu posta. Mən deməyənədək də dəyişmə. Qoy ağlı başına gəlsin. Yaxşı bunlar öz yerində, tikintidə vəziyyət necədi? Vaxtım yoxdu deyə bir həftədi dəyə bilməmişəm.
-Normal gedir, yoldaş Komandir, üç-dörd aya başa çatar. Bir də yoldaş Komandir, fabrik tikdirən dostumuz iyirmi-otuz əsgər istəyir, nə deyirsiz, göndərim?
Polkovnik qalxdı ayağa:
— Əlli işimizə yarayır, bir on-on beş nəfər göndər. Özün də o Akademiki gözdən qoyma. Yenə ora-bura yazsa səni cəzalandıracam.