Poçt qutusunda paket. Göndərənin ünvanı isə belədir-Amerika dini təşkilatı. Paketi çıxarıb əlimdə fırladıram və başa düşə bilmirəm ki, onlar mənim ünvanımı haradan götürüblər, bu paketin mənə nə aidiyyatı var. Paketi açdım, içində bir kitab vardı.
Rus dilində İncil idi, kiçik formada idi, yəqin ki, cib üçün nəzərdə tutulmuşdu. Allah kəlamını yayanların ünvanımı və soyadımı zarafatcıl dostumdan alıb təsadüf nəticəsində məni tapdıqlarını qət etdim, buna baxmayaraq İncili vərəqlədim. Və titul vərəqində Con adıyla imzalanmış aşağıdakı yazını görüb təəccübləndim: “Əzizim Edvarda, bizim görüşümüz barədə xatirə, əkiz tayından gələcəyə ümidlərlə.”
Bundan sonra dərhal onu xatırladım. Mənim oxşarım. Müqəddəs Con. O, məni öz dininə döndərəcəyini vəd etmişdi, budur, indi sözünün üstündə durur. Unutmamışdım. İnadcıl Con ata. Dostum bizim görüşümüzü Nyu-Yorkda təşkil eləmişdi. “Səni maraqlı bir adamla tanış eləmək istəyirəm,- Stiv dedi və sual dolu nəzərlərini üzümə zillədi. Aydındır ki, mənim reaksiyamı öncədən bildiyindən tez də əlavə elədi:-Qorxma, bu darıxdırıcı olmayacaq. İnan. Bazar günü bizə gəl, o da gələcək. Sonra birlikdə çıxıb nahar edərik.” Mən insanları sevmirəm. Yəni kütləvi insanları xoşlamıram və hesab edirəm ki, kütləvi kişi kütləvi qadından daha betərdir. Heç olmasa kütləvi qadını əlləmək və eşmək olar. Lakin əvvəla, Stivin zövqünə inanıram, o, məni pis tanımır, bilir ki, normal adamlar mənimçün darıxdırıcıdırlar, əgər dəvət edirsə, deməli, mənə tünd, istiotlanmış şəxsiyyət hazırlanıb. İkincisi, əgər bu nüsxə maraqsız olsa belə, ilk kitabımın çapına və bu kitabın redaktoru olduğuna görə mən Stivə borcluyam. Çıxılmaz vəziyyət yaransa, bir neçə saat itirəcəyəm. Nə etmək olar Avqust ayında bazar günü Stivin Sent-Markda yerləşən mənzilinə düz vaxtında yetişdim. Düzdür, gecikməyə çalışsam da, birinci mən gəldim. Aşağıdakı mənzilin qapısında avtomatik qıfıl ara vermədən zəng çalırdı. Yəqin ki, sakin Nyu-Yorkun qaynar istisindən canını qurtarıb uik-endə gəlmişdi və necə olmuşdusa, qapının düyməsi basılı qalmışdı, ya da qapının mexanizmi korlanmışdı. Stivi yataqdan təzəcə qalxmış vəziyyətdə gördüm. Biz nə barədəsə danışdıq, amma nə mən onun qonağı haqqında soruşdum, nə də o öz qonağının kimliyi haqqında məlumat vermədi. Nəhayət, qapının zəngi çalındı və Stiv:-“Buyur, bu da Con!”-deyərək hədsiz maraqla mənə baxdı. İçəriyə mənim kimi eynəkli və elə mənim boyumda bir şəxs daxil oldu. Biz qısa tanışlıqdan sonra masa arxasına keçdik. Çaxır içirdik. Con da bir qədəh götürdü. Stiv və Con bir neçə kəlmə danışdılar. Stiv nəyisə gözləyərək elə hey mənə baxırdı. Nəhayət, o məndən soruşdu: “Edvard, sənə elə gəlmirmi ki, səninlə Con bir-birinizə yaman oxşayırsınız?” Mən adama diqqətlə baxdım. Yox, o tamamilə başqa adam idi, onun sifəti mənə tanış deyildi. Yalnız özümü cəmlədikdən sonra böyük çətinliklə də olsa onun sifətində öz sifətimin cizgilərini tapdım. Burun, dodaqlar, əzələlərin quruluşu, saç stili eyniydi. 50-ci illərin sonu, Elvis Presli dövrünün adi saç düzümü. Onun da eynəyi mənim eynəyim kimiydi- qara rəngdə, plastik sağanaqlı. Ola bilsin ki, biz eyni idik, amma mənə müxtəlif cür görünürdü. Stiv onu mənə göstərib “sənin oxşarındır” deyənədək onu tanımırdım. İş burasındadır ki, mən özümü başqa cür təsəvvür edirdim, özümü başqa cür görmək istəyirdim. Onun sifəti heç xoşuma gəlmədi. Əgər mən qadın olsaydım, onun sifətinə maraq göstərməzdim. Onun üzündə nəsə pis və maraqsız bir şey vardı. Bu müşahidə məni pərt etdi. Məgər mənim sifətim də beləydi? Hər şeydən əvvəl o sağlam idi, üzü də sağlam idi. Məncə, onda ruhanilikdən əsər-əlamət yox idi. Gözlər demək olar ki, nəzərə çarpmırdı, nəzərə çarpan eynək idi. Onun sifəti daha çox maraqsız “square” insanın üzü kimiydi. Belə sifət biznesmenlərdə, yaxud, keyfiyyətsiz geyim mağazasının müdirində ola bilərdi. Sifətinə baxanda bilmək olurdu ki, Con o qədər də böyük adam deyil. Yalnız bir qədər sonra nahar etmək üçün getdiyimiz restoranda mənə məlum oldu ki, Condakı sifət təkcə onun sifəti deyil, həm də yazıçı Eduard Limonovun sifətinin surətidir. Bu sadə kəşf məni çox heyrətləndirdi. Stolun arxasında öz oxşarımla oturub qırmızı çaxır içə-içə birdən dəhşətlə özüm haqqında düşünməyə, insanların məni necə gördüyünə yenidən baxmağa məcbur oldum. “Doğrudanmı mən bu qədər xoşagəlməz və eybəcərəm?!-deyə fikirləşdim,- Bu nazik, qansız dodaqlar, dik burun, balaca çənə və anamdan irsən keçmiş çənəaltı qırışlar... Bəli, bunlar nəinki kişi gözəlliyinin etalonu deyil, əksinə, qədim, alababat kişi etalonudur.” Mən düz otuz yeddi il bu sifətlə yerdə gəzmişəm. İkinci boşqabı yeyəndə mənə isti tər gəldi, kondisioner avqust istisini içəri buraxmasa da dəqiqəbaşı salfetlə alnımın tərini silməli olurdum. “Eybəcər! Ruhsuz!” –Cona baxaraq fikirləşirdim. Sifətimiz yarımprofildən lap eybəcər görünürdü. Yanımızda Stiv oturmuşdu, yaraşıqsız və alçaqboylu olmasına baxmayaraq Jan Jeneyə oxşayırdı. Onun üzü kifir olsa da maraqlıydı. Mən öz üzümü Stivin üzüylə dəyişərdim. Deserti yedikcə kefim əməllicə pozulurdu. Buna səbəb həm də o idi ki, Con xristianlığa laqeyd olduğumu bilib darvinizmin yalan olduğunu söyləyib dünyanın yaranması və daha başqa şeylər haqqında danışaraq məni düz yola yönəltmək istəyirdi. Mənim üçün “Cezüs friks” qədər xoşagəlməz adamlar yoxdur. Onun nitqindən riyakarlığın və əvvəllər mənim üçün çətin olan Nyu-Yorkun qış günlərində isinmək və vaxtımı keçirməkdən ötrü arabir baş çəkdiyim xristian kitabxanalarının qoxusu gəlirdi. Nəhayət, onun xristian mühazirəsinə etiraz edəndə o, mənə incil göndərəcəyini deyib susdu. Mən “çox sağ ol, lazım deyil,” cavabını verdikdə o, tələsmədən dedi ki, ildə heç olmasa iki dəfə İncili vərəqləsəm, mənim üçün faydalı və gərəkli olar. Çiyinlərimi çəkdim. Bütün bunlardan artıq bezmişdim. Təkcə o xoşuma gəldi ki, Con ata Stivlə mənim etirazıma məhəl qoymayıb hesabı özü verdi. Keşişin xarakterində deyəsən, işıqlı cəhətlər qalmışdı. Məlum oldu ki, o, peşəkar ruhanidir, Vaşinqtonda moizələr oxuyur və D. S imzasıyla radioda çıxış edir. “Niyə də olmasın?-fikirləşdim,-sakit Con ata. Görəsən yazıçı Limonov da bu qədər sakit və tox görünür?” Onu da düşünürdüm ki, görəsən mənim üzümdə hamıdan gizli saxladığım ehtirasım, günahım oxunurmu, bilinirmi ki, mən yenicə başlayan sadistəm? Buradaca oxucuya demək lazımdır ki, dərhal yazıçı Limonovu önlüyü al qana bulaşmış halda əlində kəlbətin Nyu-Yorkun qaranlıq binalarında öz qurbanına işgəncə verən adam kimi təsəvvür etməsinlər. Mən seksual oyunda yalnız oxucu kimi vəziyyətə hakim olmağı nəzərdə tuturam. Şallaqla bir-iki dəfə ordan, burdan şappıldatmaq, dəri qandal, vəssalam. Onun üzünə baxıb fikirləşdim ki, bizim üzümüzdə şərəfli sadistlər cərgəsinə qoşulmağımızı nişan verən heç bir əlamət sezilmir. Xeyir, biz ser Stefan kimi deyilik. Mən karıxdığımı hiss etdim. Sifətlərimizin oxşarlığı günahlarımızın da eyni olduğuna dəlalət eləmir. Stivin mənzilinə qayıtdıq və müqəddəs Conun fotoaparatını götürərək yenə də Sent-Mark küçəsinə gəldik. Şəkil çəkməkdə naşı olan Stiv bizim bir neçə şəklimizi çəkdi. Sən demə, Con ata kitablarımdan birini oxuyubmuş, ona görə mənimlə maraqlanır, fotoşəklimi yadigar saxlamaq istəyirdi. Stiv şəkil çəkməyi bacarmadığından bu iş bir xeyli uzandı. Fotoseansın sonunda Stiv getdi, onun yanına məşuqu gəlməliydi və mən Con atayla tək qalmalı oldum. Soruşdum ki, o hansı tərəfə gedir? Cavab verdi ki, bu gün onun heç bir işi yoxdur və o, Qrinviç Vilec küçəsi boyu gəzişmək istəyir. Mənim də heç bir işim yox idi, ancaq qətiyyən onunla bir yerdə olmaq istəmirdim. Biz mənasız şeylər haqqında danışaraq gəzişirdik. O dedi: “kitabdan məlum olur ki, Nyu-Yorku yaxşı tanıyırsınız, yəqin xırda döngələrə də yaxşı bələdsiniz, mənə qeyri-adi nəsə göstərmək istəməzdinizmi?” Ona dedim ki, düzdür, mən bu şəhəri yaxşı tanıyıram, amma məndə şəhərə qarşı heç bir maraq qalmayıb, ona görə də nəsə göstərməyə həvəsim yoxdur. O şeir yazmağından danışdı. “38 yaşıma qədər bir neçə şeir yaza bilmişəm” dedi. Mən ona Kavafinin bütün ömrü boyu balaca bir kitab yazmasına baxmayaraq, yeni dövrün nəhəng şairlərindən biri hesab edilməsini xatırladaraq təsəlli verdim. Con ata təbəssümlə dedi: “Axı mən Kavafi deyiləm.” Rastımıza çıxan birinci dayanacaqda ondan canımı qurtara bilərdim, lakin nədənsə şəhərin qurtaracağına tərəf getməyə başladım. İsti olduğundan əynimdəki köynəyi çıxardım və qurşaqdan yuxarı çılpaq halda müqəddəs ata ilə birgə addımladım. O, dedi ki, mənim gözəl bədənim var. Onun bu sözləri diqqətimi çəkdi. Sözlərindən kübarlıq duyulurdu. Bir də nəsə... Stiv homoseksualist idi. Conun da homoseksualist olmasında qəribə heç bir şey görmürdüm. Lakin müqəddəs Con? Maraqlıydı. Pensilvaniya küçəsində ondan ayrılıb Kolombus küçəsinə, evində yaşadığım dostumgilə getməyə hazırlaşırdım. Amma getmədim və biz şeir barədə danışmağa başladıq. Mən bir neçə şeirimi ona oxudum, Con bəyənmədi. Mən ona baxa-baxa fikirləşirdim ki, Allahın keşişi homoseksualistdir? Qərara gəldim ki, nəyin bahasına olursa-olsun, onu etiraf etməyə məcbur edəcəyəm. 59-cu küçəyə çatanda ona təklif etdim ki, bəlkə nəsə içək? Pivə, pivə içək! Ömrüm boyu kasıb yaşadığıma görə həmişə ucuz əyləncələrə üstünlük verirəm. Marketdən ucuz pivə alaraq skamyalardan birində oturmaq istədim, lakin açıq mağaza tapa bilmədik. Con ata bara getməyimizi təklif etdi və dedi ki, narahat olmayım, hesabı özü ödəyəcək. Ok. Nəhayət, biz Linkoln mərkəzi ilə üzbəüz Brodveydə, camaatın sıx olduğu, işgüzar homoseksualistlərin son bir neçə ildə tikdirdikləri barlardan birində oturduq. Xoşagələn, şimpanzeyə bənzəyən ofisiant oğlan bizə yaxınlaşıb Con atayla məni qardaşa oxşatdı. Biz bir-birimizin üzünə baxaraq gülümsədik və onun gümanını təsdiqlədik. Beləcə, qardaş olduq, qardaşlar “Ginnes” pivəsi sifariş etdilər. Gecə saat birdə üçüncü “Ginnes”i sifariş edəndə biz hələ də poeziyadan danışırdıq. Birdən onun gözünün içinə baxaraq dedim: “Con ata, üzr istəyirəm, bəlkə də ədəbsiz sual verirəm, istəsəniz cavab verməyə bilərsiniz. Siz homoseksualist deyilsiniz?” Tanrı xidmətçisi tövrünü pozmadan mənə baxdı və sakit halda, məyuscasına dedi: “Hə. Amma sizdən xahiş edirəm, bunu heç kimə deməyin, yaxşı? Mən aktiv seksualist olduğum üçün bundan xəcalət çəkmirəm. Amma həmkarlarım bu barədə məhdud düşüncəyə malikdirlər. Ona görə də onların bu sirri bilməsini istəmirəm. Bu, mənim karyerama zərbə vurar. Sizə qəribə görünə bilər, mən həqiqətən də möhkəm dindaram.” Con ata bir qədər susdu. Mən də dinmirdim, nə deyə bilərdim? O, davam etdi: “Əzizim, mən həm də pedofiləm... Yəni ancaq oğlan uşaqları ilə yatıram.Yəqin ki, siz bilərsiniz, belə bir vulqar deyim var: “toyuq deşiyi”. Bax onlarla...- yenə susdu. Biz yenə “Ginnes” içdik. Mən ona təsəlli verə bilərdim, lakin bu, axmaqlıq olardı. Gözlədim ki, söhbətinə davam etsin. Hiss edirdim ki, mənimlə söhbət ona çox lazımdır. Mən roman-etirafın müəllifiydim. Con ata yenə də danışdı. “Yəqin ki, kənardan baxana bu, iyrənc görünür. Qəddar və yırtıcının yoldan çıxardığı uşaqlar. Ancaq mənə inanırsınızsa, bu heç də belə deyil...-Con ağzının suyunu uddu.-Əgər səhv etmirəmsə, indiyədək dörd yüzədək azyaşlı sevgilim olub. Onlardan ən çox onun başını tovlamışam. Qalanları bilərəkdən pula görə veriblər.Satılıblar. Siz elə fikirləşirsiniz ki, onların hamısı homoseksualistdir? Onların yarısı böyüyəndən sonra homoseksualist olmadı. Onların çoxuyla indi də məktublaşıram. Bəzilərinin hətta arvad-uşağı var. Onlar ərlərinin, atalarının bu əməlindən heç vaxt xəbər tutmayacaqlar. Cəmiyyət belə şeyləri möhkəm qoruyur. Hər şey açıqlansa dəhşət olar.” Con ata bir müddət susdu və yenə davam etdi: “Mən oğlan sevgililərimə indiyədək pul və hədiyyə göndərirəm. Hətta illərlə görmədiklərimə də.”O, məni təəccübləndirdi. Bu ki, sayıqlamadır. “Onların çoxu kasıb uşaqlardır.- Con ata dedi.- Mən sizə Viktoru göstərərəm.”-birdən o, gülümsəyərək əlini cibinə saldı, portmanatından bir yeniyetmənin polaroid fotoşəklini mənə uzatdı. “Gözəl oğlandır”- yazıçı Limonov təriflədi. –“Çox,- Con nəzakətlə təsdiqlədi, -onun atası fəhlədir. Onlar heç vaxt bilmədilər ki, mən uşaqla hansı münasibətdəyəm. Anası indiyədək mənə minnətdarlıq məktubları yazır. Mən həqiqətən onu küçədən yığışdırdım və adam elədim.”- Con günahkarcasına gülümsəyir. “Keçən ilə qədər onun universitetdə təhsil haqlarını ödəyirdim. –Con ah çəkdi.- İndi onun nişanlısı var. Təəssüf ki, o məni heç vaxt sevmədi. O, məndən utanırdı.” Mən Cona tərəfkeşlik eləmək istəyirəm. Adətən, sevənlər insanabənzər gözəl əclaflardır. Con isə mən idim, mənim oxşarım. Şəklini əlimdə tutduğum oğlana qarşı məndə nifrət hissi oyandı. “Yaraşıqlı fərsiz!”-mən qəzəblə fikirləşdim. Biz Conla çirkin olsaq da geniş qəlbliyik. Con Viktoru tərifləyib göylərə qaldırır, onun bədəni haqqında nəzakətlə danışır, mənim isə bütün təsəvvürlərim alt-üst olur. Con mənim nəzərimdə birdən-birə vurulmuş xəyalpərvərə çevrilir. Onun qarasaçlı Viktorusa insafsızcasına hədiyyə qoparan əclaf kimi qarşımda dayanır. Çünki əsl insan, lap on yaşı olsa belə, kiminlə istəsə, yataqda kef çəkə bilər, lakin öz bədənini satmamaq şərtilə... Qancıq Viktor... Mən oxşarımla həmrəy oluram. İndi o, xoşuma gəlir. Hər halda onun faciəsi var, sirri var, əzab mənbəyi var. “Mən iki həyat yaşayıram,- o, ah çəkərək deyir,- və bundan dəhşətli dərəcədə yoruluram. Radioda psevdonimlə çıxış edirəm. Allah eləməsin, kimsə məni tanıyar, qiyamət qopar! Vaşinqtona köçəndən bu şəhərdə məhəbbət əlaqələri qurmağı özümə qadağan eləmişəm. Bu iş üçün Nyu-Yorka gəlirəm, burda məni heç kim tanımır. Mən sizdən fərqli olaraq, özümü cazibədar saymıram, buna görə də məhəbbəti pulla alıram. Sevişməyə görə pul verirəm.” “Görəsən o niyə belə düşünür ki, mən özümü cazibədar hesab edirəm?” deyə fikirləşdim. –Mən də sevgini alıram,-gülümsəyərək deyirəm,- mənim partnyorlarım yatağa əksər hallarda ona görə girirlər ki, mən yazıçıyam. Mən məhəbbəti psixoloji valyuta ilə alıram. Con ata, əgər mən yazıçı Edvard yox, sadəcə Edvard olsaydım, onda mənim yatağım səhra kimi boş olardı.” O, məni anlayır, gülümsünür və biz dərindən nəfəs çəkirik. “Sizin fiquranız mənimkindən yaxşıdır, əzələlisiniz, qarnınız da yoxdur.”- o, paxıllıqla deyir. Biz “Ginnes”imizi içirik. Artıq gecə saat ikidir və kafe yavaş-yavaş boşalır. Ofisiantlar stulları çevirib stolların üstünə yığırlar. Con ata pivələrin pulunu verir. “Mənimlə getmək istəyirsiniz?”-birdən o, soruşur. Müqəddəs ata sərxoş idi, lakin bu pis deyildi, ondakı keşiş ciddiliyindən əsər-əlamət qalmamışdı. “Mənimlə birlikdə “Sennik”ə getmək istəyirsiniz?”- o, davam edir. Və aydınlaşır.- “Bu, səkkizinci avenyuda olan bardır, oğlanları orda tapıram, əliaçığam, səxavətliyəm, onlar mənim yatağıma həvəslə gəlirlər... Sonra biz otelə, mənim nömrəmə gedərik.” Onun səsində intim qətiyyətsizlik hiss olunurdu. Bu sözdə çox məna ola bilərdi. Bir, yaxud iki oğlan götürüb otelə getmək- bu bir variant. İkinci variant: mən onunla otelə gedirəm və orada sekslə məşğul oluruq... Lakin ikinci variantın ehtimalı azdır. O, pedofildir, mən isə saç-saqqalı ağarmış qoca kişiyəm. Bəlkə xuliqanlıq etmək istəyir? Onun üzünə güzgüyə baxdığım kimi baxıram. Öz sifətimdə olan insanla sevişmək? Mən getmədim. Biz bir-birimizin əlini sıxıb ayrıldıq. Gecə gözəl Viktor yuxuma girdi, o, beysbol ağacıyla Con atanın başına vururdu. Con ata çılpaq idi və onun cinsi orqanı mənimki idi. Tərcümə etdi: Kənan HACI
“Hə, -mən razılaşıram,-ancaq üzümüz...”
“Düzdür, bir də eynəyimiz...”-Con ata təsdiqləyir.
“Mən çox içirəm. Bu, ədəbiyyatçıların peşə xəstəliyidir.”-mən deyirəm.