Ölüm və qız | Rey Bredberi

Ölüm və qız | Rey Bredberi

Uzaq-uzaq diyarlarda, meşələrin, dağların o üzündə bir qarı yaşayırdı. Düz doxsan il bağlı qapılar arxasında ömür sürmüşdü. Heç kimə qapı açmamışdı - nə əsən küləyə, nə yağan yağışa, nə sırtıq sərçələrə, nə də ki, bicbala oğlanlara. Qapısının dirəyini taqqıldadan hər kəs ondan bu sözləri eşitmişdi;
- Cəhənnəm ol, ölüm!
-Mən ölüm deyiləm! - qapı döyən qışqırmışdı.
Qarı isə cavabında demişdi:
- Yox, mən səni yaxşı tanıyıram. Ölümsən, amma qıza çevrilmisən. Yanağındakı çillərin altından qabarmış sümüklərini görürəm!
Və yaxud bir başqası qapını astaca döyürdü:
- Görürəm, səni yaxşı görürəm. Ölüm, - qarı bağırırdı. - sən daşyonana çevrilmisən! Qapını üç yerdən bağlamışam, iki cəftəylə bərkitmişəm. Yapışqanlı kağızla bütün dəlmə-deşiyi tutmuşam. Açar yerlərinə parça tıxamışam, sobaya gələn borunu toz-torpaqla doldurmuşam, pəncərələri hörümçək toru görünməz edib. Naqilləri isə kəsmişəm. Hamısını. Bilirsən niyə? Ona görə ki, sən bura elektrik cərəyanı ilə gəlməyəsən. Telefonum da yoxdur ki, gecənin yarısı məni oyadıb ölüm saatının yetişdiyini elan edəsən. Qulaqlarıma pambıq tıxamışam: nə qədər danışsan da, eşidən deyiləm. Hə, belə-belə işlər. Fındıqburun. İtil cəhənnəmə, ölüm!

Qəsəbənin sakinləri gözlərini açandan onu belə görmüşdülər. Uzaq diyarların sakinləri daima ondan danışır, bu söhbətləri dinləyən uşaqlar gecələr oğrunca qarının damına dırmaşır, kirəmitin birini bir balaca qaldırır və qarının iniltilərini dinləyirdilər: «Cəhənnəm ol buradan, sən, qara paltarlı, ağarmış və bozarmış sifətli, ölüm! Rədd ol!» Ətrafdakılar deyirdilər ki, bu qarı əbədiyaşardır. Doğrudan da ölüm qarının evinə haradan girəcəkdi ki? Hətta evində ömür sürən bütün qoca mikroblar belə çoxdan məhv olub getmişdilər. Təzə mikroblar isə (əgər qəzetlərin yazdığına inansaq) hər ay təzə ad altında bir ölkədə dolaşır, ha baş vururdularsa, qarının evini dövrələmiş tütün yarpaqlarından, dağ çayırından, vəhşi sarmaşıqlardan keçib içəri düşə bilmirdilər.
- O, hamının başını yeyəcək, - yanından dəmiryolu keçən qonşu şəhərin sakinləri belə deyirdilər.
- Mən onların hamısının ölümünü görəcəyəm, - qarı belə deyə-deyə qaranlıqda korlar üçün məxsusi hazırlanmış kartları ilə pasyans açırdı.

Belə-belə işlər.
İllər ötürdü. Artıq heç kəs, nə qız, nə oğlan, nə yol ötən avara, nə də sadə yol yolçusu onun qapısını döymürdü. İldə iki dəfə ərzaq dükanının xidmətçisi, yetmiş yaşlarında qoca qarının qapısı önünə ağzıbağlı parıldayan dəmir qutularda üstü şir və qırmızı şeytan rəsmləri ilə bəzədilmiş bağlamalar qoyub gedirdi. Bağlamalarda quş yemindən tutmuş qaymaqlı biskvitə qədər, nə desən, tapılardı. Elə vaxt olurdu ki, qapı önünə qoyulmuş bağlamalara bir həftə əl dəyilmir, onları günəşdən günəş vururdu, aydan ay. Bütün mikroblar məhv olurdu. Və gözəl sabahların birində bağlamalar yoxa çıxırdı.
Qarı bütün ömrü uzunu gözləyirdi. Qulaqları səsdə idi. Bir gözü oyaq olurdu.

Günlərin bir günündə (bu, təxminən ömrünün doxsan birinci ili, avqustun yeddinci gününə təsadüf edirdi) meşədən günəşdən qaralmış bir oğlan çıxdı. Qarının evinin önündə dayandı. Əynindəki kostyum qışda damdan tökülüb torpağın üstünə ələnən qar kimi ağappaq idi. Özü də avtomobillə deyil, piyada gəlmişdi. Üzündə zərrəcə yol yorğunluğu hiss edilmirdi. Fərasətli və təmiz görkəmi var idi. O, əsaya söykənməmişdi, qürurlu idi, günəşin başını döyəcəyindən qorxmurdu. Üstündə ona mane olacaq heç bir şey yox idi. Daha doğrusu, içində açıq-yaşılımtıl maye olan balaca şüşə qabdan başda əlində bir şey yox idi. Şüşəyə diqqətlə baxırdı. Buna baxmayaraq, qarının evinin önündə olduğunu o saat hiss etdi. Başını qaldırdı. Qapıya toxunmadı. Astaca evin həndəvərində dolaşdı. İstədi ki, qarı onun burada olduğunu hiss etsin. Sonra nəzərləri rentgen şüaları kimi divarı dəlib keçdi. Baxışları qarı ilə qarşılaşdı:
- Ah! - Qupquru buğda peçenye soran qarı diksindi. - Sənsən! Bilirəm, yaxşı bilirəm, bu gün kimin qiyafəsinə girmisən!
- Kimin?
- Yetişmiş yemiş dilimi kimi çəhrayısifət bir gəncin. Amma sənin kölgən yoxdur. Niyə? Nədən ötrü?
- İnsanlar kölgələrdən qorxur. Ona görə də onu meşənin kənarında qoyub gəldim.
- Mən baxmıram, amma hər şeyi görürəm.
- O, - oğlan heyranlıqla dedi, - sizin belə bacarığınız da var...
- Mənim səni qapımın o üzündə saxlamaq bacarığım var!
- Sizin öhdənizdən gəlmək mənə su içmək qədər asandır, - oğlan öz-özünə pıçıldadı.
- Uduzarsan. And içirəm ki, uduzarsan.
- Mən uduzmağı sevmirəm. Nə deyirəm ki... Sadəcə, bu şüşəni qapının önünə qoyuram.
O, evin divarlarının o üzündə qarının qəlbinin necə döyündüyünü eşidirdi:
- Dayan, içində nə var onun? Mən bilməliyəm ki, qapının önünə qoyulan nədir?
- Yaxşı, - oğlan dedi.
- De, tez elə…
- Bu şüşə qabda, - oğlan pıçıldadı, - sizin on səkkiz yaşınızın tamam olduğu birinci gün və birinci gecə var!
- N-e-cə?!
- Eşitdiyiniz kimi.
- Gün və gecə... On səkkiz yaşım olduğu gün və gecə?
- Bəli, bəli.…
- Bu şüşə qabda?
Oğlan qabı yuxarı qaldırdı. Gənc qadının bədəni kimi xoş girintili və çıxıntılı idi. Şüşə qab bərq vurdu, yaşıl-qırmızımtıl alov diliminə bənzədi. Pələngin gözlərinin içindəki köz kimi işıldadı. Gah işıq saçdı, gah narahat-narahat alovlandı.
- İnanmıram, - qarı qışqırdı.
- Onu bura qoyub gedəcəyəm. Mənsiz şüşədəki cövhərdən bir çay qaşığı için. Görərsiniz, nə baş verəcək.
- Bu zəhərdir?
- Yox.
- Ananın canına and iç.
- Anam yoxdur.
- Bəs nəyə and içə bilərsən?
- Öz canıma.
-Onu içən kimi ayaqlarımı uzadıb gəbərəcəyəm. Sənə bu lazımdır, hə! Sən bunu istəyirsən?
- Əksinə, bunu içib diriləcəksiniz.
- Mən ki, ölməmişəm.
Gənc gülümsədi:
- Doğrudanmı?
- Dayan! Qoy öz-özümdən soruşum. Ey, sən ölmüsən? Ölmüsən? Ümumiyyətlə, sən yaşayırdınmı?
- On səkkiz yaşınızın tamam olduğu gün və gecə... Düşünün.
- Eh, bu çox-çox əvvəllər olub! - qarı əsdi. Tabut qapağı kimi bərk-bərk bağlanmış pəncərənin önündə siçan kimi tərpəndi.
- İçin, için, qorxmayın. Cəmi bircə qurtum alın. O günü geri qaytarın.
Oğlan yenidən şüşə qabı başının üstünə qaldırdı. Belə etdi ki, yaşılımtıl cövhər günəşin şüaları altında bərq vursun. Baxana elə gəlsin ki, o, yamyaşıl günəş kimi sakit və qaynardır, mavi-yaşılımtıl dəniz kimi astaca qabarır və çəkilir:
- Bu sizin ən gözəl ilinizin ən gözəl günü idi.
- Ən gözəl ilimin, - Qarı dodaqaltı mızıldandı.
- Bu ildə siz alma kimi parıldayırdınız. Həyatın şərbətini içmək üçün ən münasib vaxt idi. Bircə qurtum, yalnız o zaman siz onun şahanə dadını duyacaqsınız. Bəlkə dadına baxasınız?!
Oğlan şüşə tutduğu əlini getdikcə daha yuxarı qaldırır və daha irəli gətirirdi. Qəfildən şüşə qab sanki bir teleskop oldu. Ona hansı tərəfdən baxırsan bax, artıq xatirələrdə qalmış illər canlanırdı göz önündə. Ətraf yaşıl və sarıdır. Günəşli bir günorta çağı kimi. Oğlan şüşəni silkələdi. İsti, ağ işıq kəpənək kimi qanadlanıb havaya qalxdı. Pəncərəyə qondu. Çərçivədə səssiz royalın dillərində çalınan musiqiyə bənzər bir melodiya səsləndi. Yuxularından toxunmuş kimi yüngül, odlu qanadlar şəfəqlərə ayrıldılar. Pəncərə çərçivəsinin heç nə sızmayan deşiklərindən keçib otağa doluşdular. Havadan asıldılar. Qaranlıqda parçalanmış bədən üzvləri kimi işıldadılar.
- Tutun, tuta bilirsinizsə, tutun.
Bax bu dodaqlar, bu burun, bu gözlər. Görünüb yox olurdular. Heç izləri də qalmırdı. Yalnız maraq qalırdı. Onların oyatdığı inanılmaz maraq. İstədiyi anı yaxalamış oğlan süsəni havada tutmaqda davam edirdi. Odlu kəpənək qanadları kimi dilimlənən sarı yaşılımtıl işıq nəinki yaxşıca tıxanmış pəncərə çərçivələri arasından evə, hətta qarının ondan da möhkəm tıxanmış ürəyinə yol tapırdı. Oğlan onun necə tez-tez nəfəs aldığını eşidirdi. Qarı çalışırdı qəlbindəki qorxunu öldürsün, vəhşi hisslərini içində boğsun.
- Yox, yox, aldada bilməzsən! - elə kal səslə bağırırdı ki, sanki üstünə şığıyan dalğadan xilas olmağa çalışır, boğulur, suyun altında çabalayır, əl-qol atır, həyatla vidalaşmaq istəmir. - Hər dəfə yeni qiyafədə dönürsən. Hər dəfə yeni maska taxırsan. Anlaya bilmirəm. Çoxdan tanıdığım səslə danışırsan. Kimin səsidir bu? Kimin olur-olsun, nə fərqi var ki. Dizimin üstündə açdığım kartlar da sənin kim olduğunu deyirlər mənə.
- Əvvəl-axır, gəncliyimizin düz iyirmi dörd saatı.
- Məni yoldan çıxardırsan...
- Elə deyil...
- Elədir. Elə. Çıxan kimi məni tutub soyuq və qaranlıq yerə aparacaqsan. Üstümə taxta yorğan sərəcəksən. Çünki illərlə səni gicbəsər yerinə qoymuşam. Bu ildən o ilə atmışam, ləngitmişəm. Onların heyfini çıxacaqsan məndən. Amma yox. Əbəs çalışırsan.
- Xanım qız, siz çıxsanız, yalnız və yalnız gözəl əlinizi öpəcəyəm. Bundan başqa heç nə...
- Mənə belə demə. Aldada bilməzsən. Onlar hamısı arxada qalıb!
- Arxada niyə?! İstəsəniz, bircə anın içində, hamısını qaytararsınız.
- Bir anın içində, - Qarı pıçıldadı.
- Çoxdan meşəni gəzməmisiniz?
- Bilmirəm. Xatırlamaq istəmirəm. Qoca başımda hər şey alt-üstdür.
- Xanım qız, - oğlan dedi, - bayırda əsrarəngiz yay günüdür. Ağacların altı yamyaşıl məbədə bənzəyir. Qızılı arılar xalça toxuyan kimi o çiçəkdən bu çiçəyə qonur. Gözəl naxışlar salırlar. Qoca palıdın koğuşundan kəhrəba rəngli bal axır. Ayaqyalın gəzin çəmənləri. Dizəcən çöl nanəsinə batın. Çəmən çiçəklərini seyr edin. Baxın talaya. Yaxşı baxın! Sanki rəngarəng kəpənəklərdən ibarət bulud enib ora. Ağacların altında hava sərin və təmizdir. Dərin quyunun bumbuz suyu kimi. Xətrin istəyir, iç doyunca. Yay günü. Həmişəcavan yay günü.
- Mən isə qocayam və qoca olaraq qalacağam.
- Əgər məni dinləsəniz, qalmazsınız. Çox maraqlı bir sövdələşmə təklif edirəm. Ən doğru yolu budur... Biz bir yerdə şənlənərik: siz, mən və günəşli avqust günü.
- Bu nə sazişdir? Mənim öhdəmə nə düşür?
- Bu dəqiqədən başlayaraq iyirmi dörd saat xoşbəxt və qayğısız həyat. Meşəyə qaçıb giləmeyvə dərəcəyik. Bal yalayacaq, şəhərə gedib hörümçək toru qədər zərif və ağappaq yay paltarı alacaq və qatara əyləşəcəyik.
- Qatara?!
- Qatarla bir saatlıq məsafədə yerləşən böyük şəhərə yollanacaq, çatan kimi nahar edəcək və bütün gecəni fasiləsiz rəqs edəcəyik. Sizə iki cüt ayaqqabı alarıq. O qədər rəqsə bir cüt davam gətirməz.
- Ah, mənim qoca sümüklərim... Mən yerimdən çətin tərpənərəm.
- Gəzmək nədir?! Siz qaçacaqsınız. Uçacaqsınız. Rəqs edəcək, sanki səma boyu süzəcəksiniz. Biz göydə axan ulduza tamaşa edəcək, günəşin qürubunu izləyəcəyik. Səhərə yaxın gölün sahilində dolaşacaq, günəş üfüqdə görünən kimi heç kimin ömrü boyu yemədiyi ləzzətli səhər yeməyi yeyəcəyik. Günortayadək narın qumun üzərində kef edəcək, axşamüstü böyük bir konfet qutusu alıb yenidən qatara əyləşəcək, bələdçi komposterinin uçuşan göy, yaşıl, narıncı konffettilərinin müşayiətiylə yeni evlənənlər kimi heç kəsə məhəl qoymadan xoşbəxtlik qanadlarında uça-uça küknar ətriylə dolu meşəyə girəcək və sizin evə yaxınlaşacayıq...
Sükut.
- Vəssalam, - qarı mızıldandı. - Amma hələ heç nə başlanmayıb.
Sonra soruşdu:
- Yaxşı bütün bunlar sənin nəyinə lazımdır? Məqsədin nədir?
Gənc xeyirxah təbəssümlə gülümsündü:
- Xanım qız, sizinlə yatmaq istəyirəm.
Qarının boğazı tıxandı. Qəhərləndi:
- Ömrümdə bircə dəfə də olsun heç kimlə yatmamışam.
- Belə de... Qarımış qızsınız!
- Bununla fəxr edirəm!
Gənc təəssüflə başını buladı:
- Nə deməli, doğru imiş. Siz sözün əsl mənasında, qarımış qızsınız.
Sonra dinşədi. Evdən səs gəlmədi.
Sakitcə, sanki kimsə illərlə açılmamış gizli su kranını burub açdı, ondan damcı-damcı su süzülməyə başladı. Qarı ağlayırdı.
- Niyə ağlayırsınız?
- Bilmirəm, - o hıçqırdı.
Bir azdan qarı susdu. Oğlan onun sakitləşmək üçün kresloda yelləndiyini hiss etdi.
- Yazıq qarı, - deyə pıçıldadı.
- Mənə «qarı» demə!
- Yaxşı, - dedi. - Klarinda.
- Mənim adımı haradan öyrəndin? Onu heç kəs bilmir axı!
- Klarinda, niyə sən o vaxt bu evdə gizləndin? O zaman... Uzun illər bundan öncə...
- Bilmirəm. Yadımdan çıxıb... Nə bilim. Bəlkə də, qorxudan.
- Nədən qorxurdun axı?
-Qəribəydi. Həyatımın əvvəlində yaşamaqdan qorxurdum, sonra - ölümdən. Həmişə nədənsə qorxmuşam. Amma sən mənə düzünü de... Mənim o iyirmi dörd saatım nə qədər davam edəcək... Göl kənarında gəzintidən sonra qatarla geri dönüb meşə yolu ilə evimə gəldiyimizdən sonra, sən istədiyini edəndən...
Gənc onu tələsdirmirdi, sözünü kəsmir, fikrini qarışdırmırdı.
- ..... mənimlə yatandan sonra? - qarı pıçıldadı.
- On milyon il, - deyə gənc qarının sualını cavablandırdı.
- O, - qarı güclə eşidiləcək səslə dedi. - Doğrudanmı, bu qədər çəkəcək?!
Oğlan razılıqla başını tərpətdi.
- Çoxdur, cavan oğlan. Bu necə sazişdir? Sən mənə iyirmi dörd saat gənclik verirsən, mən sənə on milyon qiymətli illərimi.
- Unutma. Mən də öz qiymətli illərimi sənə həsr edəcəm. Səni heç vaxt tərk etməyəcəm.
- Mənimlə yan-yana uzanıb qalacaqsan.
- Bəs necə?!
- Eh cavan, cavan. Nədənsə, səsin mənə çox tanış gəlir.
- Mənə diqqətlə bax.
Açar deşiyinə tıxanmış tıxac çıxarıldı. Həmin deşikdən ona göz zilləndi. Gənc tarladakı günəbaxanlara və onların göydəki sahibinə baxıb gülümsündü.
- Qəribədir, mən koram. Amma görürəm. İnana bilmirəm.- qarı ağladı. - Doğrudanmı, qapının önündəki Uilli Uinçesterdir?!
Gənc dillənmədi:
- Uilli sənə iyirmi birdən artıq yaş vermək olmaz. Aradan isə yetmiş il keçib. Heç dəyişməmisən.
Gənc həyat cövhəri ilə dolu şüşəni astanaya bir qədər də yaxın qoydu. Özü keçib kənarda dayandı.
- Bacararsan?! - Qarının dili topuq çaldı. - Məni də özün kimi cavan edə bilərsən?
Oğlan razılıqla başını tərpətdi:
- Eh, Uilli, Uilli. Doğrudanmı, bu sənsən?! Qarı gözləyirdi. Gəncin xoşbəxt və gümrah görkəminə, günəşin şəfəqləri altında parıldayan saçlarına və yanaqlarına həsədlə baxırdı.
Daha bir dəqiqə ötdü:
- Hə, nə qərara gəldin? - cavan dedi.
- Dayan! - qarı deyindi. - Qoy düşünüm!
Oğlan hiss edirdi ki, qarı tələm-tələsik yaddaşından bütün olub-ötənləri keçirir. Dargözlü ələkdən qum ələnən kimi ələyir. Amma yada salınası bir şey yoxdur - hər şey toza və külə bürünüb. Xatirələri ucsuz-bucaqsız səhra kimidir. Heç bir yaşıllıq nəzərə çarpmır», - deyə oğlan düşündü.
Oğlanın ağlından bu fikirlər ötən kimi qarı diksindi:
- Qəribədir, - nəhayət, o donquldandı. -indicə mənə elə gəldi ki, iyirmi dörd saat gəncliyə hər şeyi qurban vermək olar. Bu həm də çox xeyirxah işdir.
- Hə, Klarinda, - gənc dilləndi. - Bundan doğru seçim ola bilməz.
Kilidlər tərpəndi, cəftələr cırıldadı və qapı taybatay açıldı. Damarları çıxmış qupquru əl göründü, şüşəni götürüb geri çəkildi.
Bir dəqiqə ötdü.
Sonra pulemyot atəşi kimi surətli ayaq səsləri eşidildi. Arxa tərəfdən olan girişin də qapıları sürətlə açıldı. Pəncərələrin çərçivələri qopub otun üstünə düşdü. Sonra pəncərə şüşələri çilikləndi. Pəncərələrdən bayıra toz püskürdü.
Nəhayət, geniş açılmış giriş qapısından boş şüşə qab bayıra atıldı, daşa dəyib parça-parça oldu.

Və budur, eyvanda o gəzişir. Quş kimi iti və yüngül. Günəş şəfəqlərini onun üstünə sərib. Elə bil qara pərdələrin arxasından uçub səhnəyə qonmuş bir mələkdir. Sonra həmin o mələksimalı qız pilləkənlərlə endi, oğlanın əlindən tutdu.
Təsadüfən yol ötən bir oğlan bu səhnəni gördü. Elə təəccüblə baxdı ki, gözləri az qaldı hədəqəsindən çıxa. Eləcə bərəlmiş gözləri ilə də onları tərk etdi.
- Nəyə görə mənə elə baxırdı? - qız soruşdu.
- Çox, çox, lap çox gözəlsən.
- Güzgüyə baxmaq istəyirəm.
- Yox, yox, lazım deyil.
- Şəhərdə hamının xoşuna gələcəyəm? Bəlkə, bu mənə elə gəlir? Mənimlə zarafat etmirsən ki?
- Sən gözəllik mücəssəməsisən.
- Deməli, mən qəşəngəm. Özüm bilirəm. Bu gecə hamı mənimlə rəqs etmək istəyəcək. Kişilər bir-bir məni rəqsə dəvət edəcəklər.
- Hamı bir nəfər kimi.
Cığırda vızıldayan arıların və xışıldayan yarpaqların əhatəsində dayandı, gəncin yay günəşi kimi gözəl sifətinə baxıb soruşdu:
- Uilli, mən istəyirəm ki, sən həmişə belə mehriban olasan. Hər şey bitəndən, biz bura dönəndən sonra da.
Oğlan onun gözlərinə baxdı, barmaqlarını yanaqlarına toxundurdu.
- Hə, - dedi, məhəbbətlə sığalladı, - hə.
- İnanıram. Mən sənə inanıram, Uilli.
Və onlar cığırla qaçıb gözdən itdilər. Toz isə havadan asılmışdı. Qapılar, pəncərələr taybatay qalmışdı. Günəş asanlıqla içəri girə bilər, quşlar orada yuvalarını qurar, bala çıxarardılar. Yay güllərinin ləçəkləri isə yaz yağışı kimi otaqlara və hələ də boş olan yatağa səpələnərdi. Və yüngül yay küləyi geniş və maneəsiz otaqları məxsusi ruhla doldurardı. İlkin və başlanğıcın tərtəmiz ruhu ilə. Başlanğıcın və başlanğıcdan sonrakı ilk saatın ruhu ilə. O zamanın ki həyat adi bir iynə ucu boyda cismin yaranışından başlayır. Nə zaman ki, ətrafda yalnız sakitlik və sahman var, qocalıq haqqında söhbət ola bilməz.
Meşənin lap dərinliyindən vəhşi dovşanların ürək döyüntüsünü xatırladan ayaq səsləri gəlirdi. Lap uzaqda qatar fit verirdi. O qatar şəhərə çatmağa tələsirdi...

Rus dilindən çevirdi: Sevinc Nuruqızı

Top