Mən heç indi də geyimimə fikir verən deyiləm, əvvəllər isə daha pis geyinirdim. İttifaqda mən elə pis geyinirdim, hətta bundan ötrü məni məzəmmətləyirdilər. Xatırlayıram, Puşkin qoruğunun direktoru mənə dedi:
Tərcümə etdi: Aslan Quliyev
- Yoldaş Dövlətov, siz öz şalvarınızla bu yerlərin bayram ab-havasını korlayırsınız…
İşlədiyim redaksiyalarda da tez-tez məndən narazı qalırdılar. Xatirimdədir, bir qəzetin redaktoru şikayətləndi:
- Siz bizi sadəcə gözdən salırsınız. Biz sizə etimad göstərmişik. Sizi general Filonenkonun dəfninə nümayəndə göndərmişik. Siz isə mənə məlum olduğu kimi ora pencəksiz gedibsiniz.
- Mən gödəkçə geymişdim.
- Sizin əyninizdə hansısa köhnə bir cübbə olub.
- Bu cübbə deyil, xarici kurtkadır. Həm də yeri gəlmişkən, Lejenin hədiyyəsidir.
- «Leje» nə deməkdir? – redaktor qaşlarını çatdı.
- Leje görkəmli fransız rəssamıdır. Kommunist partiyasının üzvüdür.
- Çətin ki, – redaktor dedi və birdən qəzəbləndi, – bəsdir! Əbədi bəhanələrdir! Heç nəyin adamlarda olduğu kimi deyil! Zəhmət çəkib mötəbər qəzetin işçisinə yaraşan şəkildə geyinəcəksiniz!
Onda mən dedim:
- Qoy redaksiya mənim üçün pencək alsın. Kostyum alsa daha yaxşı olar. Qalstuku isə, neynək, özüm alaram…
Redaktor hiyləgərlik eləyirdi. Mənim nə geyinməyimin onun üçün qətiyyən fərqi yox idi. İş bunda deyildi. Sadəcə hər şey aydın oldu.
Redaksiyada ən sağlam mən idim. Həm də ən iri. Beləliklə rəhbərlik məni inandırırdı ki, ən mötəbər mənəm. Ya da məsul katib Mintsanın ifadə elədiyi kimi – «daha çox təmsil olunan».
Əyər hansısa məşhur adam ölürdüsə, redaksiyadan dəfnə nümayəndə kimi məni göndərirdilər. Axı tabutu daşımaq hər adamın gücü çatan iş deyil. Mənsə bununla ruh yüksəkliyi ilə məşğul olurdum. Ona görə yox ki, dəfndə iştirak eləməyi sevirdim, ona görə ki, qəzet işinə nifrət eləyirdim…
- Bu sırtıqlıqdır, – redaktor dedi.
- Qətiyyən elə deyil, – deyirəm, – qanuni tələbdir. Məsələn, dəmiryolçulara xüsusi paltar verirlər. Qarovulsulara kürk verirlər, dalğıclara da skafandr. Qoy redaksiya da mənə xüsusi paltar alsın. Dəfn mərasimləri üçün kostyum…
Bizim redaktor xeyirxah adamdı. Yüksək əmək haqqı alanda özünə xeyirxahlıq kimi sərvəti rəva görə bilərsən. Hə, onda zaman da nisbətən liberal idi.
- Gəl güzəştli qərar qəbul eləyək. – O dedi. – Siz yeni ilə kimi üç sosial mənalı material hazırlayırsınız. İçtimai-siyasi mövzuda üç geniş məqalə. Onda redaksiya sizi sadə bir kostyumla mükafatlandırar.
- Sadə nə deməkdir? Yən ucuz?
- Ucuz yox, qara. Təntənəli hadisələr üçün.
- Okey, – deyirəm, – bu söhbəti yadımızda saxlayaq…
Bir həftədən sonra redaksiyaya gəlirəm. Məni təbliğat şöbəsinin müdiri Bezuqlov çağırır. Bir mərətəbə aşağı düşürəm. Bezuqlov eyni zamanda iki telefonla danışır.
- Belarus yaramır. Belarus itə tökdür. Mənə özbək ver, ən pis halda da eston… Yox, gözlə, deyəsən eston var… Moldavan isə şübhəlidir… Nə?… Fəhlə olmaz, proletar kifayət qədərdir… İntilligent olsun, ya da xidmət adamlarından. Ən yaxşısı hərbçidir. Hansısa starşina… Ümumiyyətlə, hərəkət elə!
Bezuqlov digər telofonu qaldırdı.
- Alyo… təcili özbək lazımdır. Həm də hər cürəsi, lap elə tüfeylisi… Çalış, əzizim, ömürümün sonuna kimi unutmaram…
Mən salam verib soruşuram:
- Bu nə beynəlmiləlçilikdir?
- Konstitusiya gününə az qalıb, – Bezuqlov deyir, – bax biz də on beş oçerk verməyi qərara almışıq. Müttəfiq respublikaların sayı qədər. Müxtəlif xalqların nümayəndələrini əhatə eləmək istəyirik.
Bezuqlov siqaret çıxartdı və davam elədi:
- Deyək ki, ruslarla problem yoxdu. Ukraynalılar da kifayət qədərdir. Gürcünü tibb akademiyasında tapıblar. Azərbaycanlını ət kombinatında. Hətta moldavan da tapıblar, komsomol komitəsinin təlimatçısıdır. Özbəklərin, qırğızların, türkmənlərin isə qıtlığıdır. Mən özbəyi hardan tapım?
- Özbəkistandan, – mən dedim.
- Sən necə də ağıllısan! Məlum işdir ki, Özbəkistandan. Amma bizim ona vaxtımız yoxdur. Heç onu da demirəm ki, ezamiyyə fondu çoxdan xərclənib… Qısası, əlli manat qazanmaq istəyirsən?
- İstəyirəm.
- Mən belə də düşünürdüm… Mənim üçün özbək tap, əlli manat yazaram. Ziyan kimi əlavə eləyərəm…
- Mənim tatar tanışım var.
Bezuqlov hirsləndi:
- Tatar mənim nəyimə lazımdır? Mənim öz məhəlləmdə də tatarlar yaşayırlar. Bunun nə faydası? Axı bu müttəfiq respublika deyil… Qısası, mənə özbək tap. Qırğızı və türkməni mən artıq ştatdan kənarlar arasında bölmüşəm. Tacik deyəsən Saşka Şevelyevin varıdır. Qazaxı Samalyov axtarır və sair. Özbək lazımdır. Bunu öhdənə götürürsən?
- Yaxşı, – deyirəm, – amma mən sənə xəbərdarlıq eləyirəm. Oçerk sosial mənalı olacaq. Geniş içtimai-siyasi mövzuda.
- İçibsən? – Bezuqlov soruşdu.
- Yox. Sənin təklifin var?
- Nə danışırsan, – Bezuqlov əllərini oynadır, – qəti olmaz. Mən yalnız axşamlar içirəm… Gündüzlər isə saat birdən tez olmayaraq…
Bezuqlovu mən çoxdan tanıyıram, başqalarından fərqli adamdır. Sverdlovskidəndir.
Bezuqlova müraciət eləyirəm:
- Mən Sverdlovskidə, sənin qohumlarıngildə gecələyə bilərəmmi?
- Təbii ki, – Bezuqlov qışqırdı,- əlbəttə! Nə qədər istəsən! Buna yalnız sevinəcəklər. Onların nəhəng mənzilləri var. Atam müxbir üzvdür, anam isə əməkdar mədəniyyət xadimi. Səni ev fəsəlisinə qonaq eləyəcəklər… Yalnız bir şərtim var, tanış olduğumuzu dilinə də gətirmə. Yoxsa hər şeyi korlarsan. Axı mən on dörd yaşımdan ailənin üz qarasıyam!..
- Yaxşı, – deyirəm, – sənin üçün özbək taparam.
Mən hərəkətə keçdim. Qeyd kitabçamı vərəqlədim. Otuza yaxın tanışıma zəng elədim. Nəhayət bir şeypur çalan tanışım mənə məlumat verdi:
- Bizdə bir trambon çalan var, Vəliev. Özbəkdir.
- Çox gözəl, – deyirəm, – onun telefon nömrəsini mənə ver.
- Yaz.
Mən yazdım.
- O sənin xoşuna gələcək, – dostum deyir. – Mədəni kişidir, çox oxuyub, zarafat sevir. Təzəlikcə azadlığa çıxıb.
- Azadlığa çıxıb nə deməkdir?
- Vaxtı qurtarıb, onu da azad eləyiblər.
- Oğru olub? – soruşuram.
- Oğru niyə olur? – dostum incidi. – Kişi zorlama üstə yatıb…
Telefonun dəstəyini yerinə qoydum. Elə bu an da Bezuqlov zəng elədi:
- Bəxtin gətirdi, – qışqırır, – özbək tapıblar. Mişuk tapıb onu… Harda? Hə, Kuzneçnıy bazarında. Adı nədir…. Xoxlomo satırmış.
- Yəqin paxlava demək istəyirsən?
- Hə, olsun paxlava, fərqi nəymiş… Xırda sahibkardırsa, bu lap yaxşı. İndi buna səssizcə həvəsləndirirlər. Həyətyanı torpaq sahəsi, şəxsi bostan və ilaxır…
Mən soruşuram:
- Sən paxlavanın bostanda bitdiyinə əminsənmi?
- Mən paxlavanın harda bitdiyini bilmirəm. Heç bilmək də istəmirəm. Amma şəhər komitəsinin axırıncı təlimatını yaxşı bilirəm… Qısası, özbəklə hər şey qaydasıncadır…
- Təəssüf, – deyirəm, – mənim elə indicə əla bir namizədim tapılmışdı. Mədəni, təhsilli özbək. Orkestrin solistidir. Təzəlikcə qastroldan qayıdıb.
- Gecdir. Onun gələcək üçün qoru. Mişuk artıq məqaləni gətirib. Səninçünsə yeni tapşırıq var. Səmərələşdiriciər günü yaxınlaşır. Məşhur Levşanın nəslindən olan rus müasir rus ustası tapmalısan. İngilis birəsini nallayan həmən Levşanın və bu mövzuda material hazırlamalısan.
- Sosial mənalı?
- Hə, neynək.
- Yaxşı, – deyirəm, – çalışaram…
Mən əlləri qızıl olan birisi haqda eşitmişdim. Mənə onun haqqında kinoxronikada işləyən böyük qardaşı danışmışdı. Qoca Leninqrad ətrafında, Yelizarovskidə, şəxsi evində yaşayırdı. Onu tapmaq düşündüyümdən də asan oldu. İlk rastlaşdığım adam mənə yolu göstərdi.
Qocanı Yevgeni Eduardoviç deyə çağırırdılar. O qədim maşınları təmir eləyirdi. Onlarla qədim modeli həyata qaytarmışdı. Yeri gəlmişkən o bəlkə də ilk rus sürücüsü olmuşdu. Sükan arxasında 1912- ci ildə oturmuşdu. Bir müddət Rodzyankonun şəxsi sürücüsü olmuşdu. Sonra Trotskini, Kaqanoviçi, Andreevi gəzdirmişdi. İlk rus sürücülük məktəbinə rəhbərlik eləmişdi. Müharibəni zirehli texnikanın komandiri kimi başa vurmuşdu. Xeyli dövlət təltiflərinə layiq görülmüşdü. Təbii ki, həbsdə yatmışdı. Qoca yaşında qədim avtomobillərin təmiri ilə məşğul olmağa başlamışdı.
Mən Yelizarovskidə iki gün qaldım. Qeydlərim maraqlı detallarla dolu idi. Səbirsizliklə işə başlamağa can atırdım.
Redaksiyaya gəlirəm. Bezuqlovun ezamiyyədə oduğunu öyrənirəm. Axı o mənə ezamiyyə fondunun xərcləndiyini demişdi.
Eybi yox. Məsul katib Bore Mintsun yanına gedirəm. Öz planlarım haqda danışıram. Daha effektli təfərrüatlar haqda məlumat verirəm.
Mints deyir:
- Familyası nədir?
Mən Yevgeni Eduardoviçin vizit vərəqəsini çıxardıram.
- Xolidey, – cavab verirəm.
Mintsin gözləri bərəlir:
- Xolidey? Rus ustası- Xolidey? Levşanın nəslindən olan- Xolidey? Sən zarafat eləyirsən?.. Biz onun mənşəyi haqda nə bilirik? Belə familiya onda hardandır?
- Səncə Mints yaxşıdır?.. Heç hələ mənşəyin adını tutmuram…
- Pisdir, – Mints razılaşdı, – mübahisəyə dəyməz, pisdir. Amma Mints xüsusi şəxsdir. Mints haqqında səmərəşdiricilər günü munasibəti ilə oçerk yazmırlar. Mints qəhrəman deyildir. Mints haqqında yazmırlar…
(Mən onda düşünürdüm, eh, and içmə!)
- Şəxsən mən ingilislərin əleyhinə deyiləm, - əlavə eləyir.
- Əlbəttə, – deyirəm…
Mənim birdən ürəyim bulandı. Nə baş verirdi? Heç şey çap üçün deyildi. Ətrafdakı heç nə çap üçün yaramırdı. Başa düşə bilmirəm, sovet jurnalistləri mövzuları hardan çırpışdırırlar!.. Bütün başladığım işlərin həyata keçməsi mümkün deyildi. Mənim bütün danışıqlarım telefon üçün deyildi. Bütün tanışlıqlarım şübhəliydi…
Məsul katib deyir.
- Qəhrəman ana haqda yaz. Adi, sadə qəhrəman ana tap. Həm də familyası nomal olsun. İki yüz əlli sətir yaz. Belə material həmişə keçir. Qəhraman ana, uduşlu latereya kimi bir şeydir…
Mən neyləyə bilərdim? Hər halda ştatda olan jurnalistdim.
Yenə də dostlarıma zəng eləyirəm. Tanışım deyir:
- Bizim dalandar qadının bir sürü uşağı var. Son dərəcə nadincdilər.
- Bunun əhəmiyyəti yoxdur.
- Elə isə gəl.
Həmən ünvana gedirəm.
Dalandar qadını Lidiya Vasilyevna Brıkina deyə çağırırlar. Bu sənə mister Xolidey deyil! Onun mənzili məndə qorxulu təəssürat oyatdı. Laxlayan stol, bir neçə cırıq döşək, adamı boğan ağır qoxu. Hər tərəfdə cır-cındır içində olan pinti uşaqlar dolaşırlar. Ən balacası taxta beşikdən qışqırır. On dörd yaşlı qız tutqun halda barmağı ilə pəncərə şüşəsində şəkil çəkir.
Mən gəlişimin məqsədini izah elədim. Lidiya Vasilyevna canlandı:
- Yaz, oğlan, yaz… Doğrusu mən də çalışaram. Xalqa öz it həyatım haqda nə varsa hamısını danışaram.
Mən soruşdum:
- Məyər dövlət sizə kömək eləmir?
- Kömək eləyir. Həm də necə kömək eləyir. Bir ay ərzində bizə qırx manat verirlər. Hə, bir də ordenlər, medallar. Bax, pəncərənin qabağında bir banka var. Onları naringiyəmi dəyişim, dörd medala bir naringi.
- Bəs əriniz? – soruşuram.
- Hansı? Mənim bir rota ərim var. Axırıncısı «Solntsedarom»un arxasınca getdi, getdi bir də qayıtmadı. Bir il bundan əvvəl…
Neyləyə bilərdim? Bu qadın haqqında nə yaza bilərdim?
Görünüş üçün oturdum və çıxıb getdim. Növbəti dəfə gəlməyə söz verdim.
Zəng eləməyə bir kimsə yox idi. Hamı zəhləmi tökürdü. Fikirləşirdim, növbəti dəfə işdən çıxımmı? Gedim yük daşıyan işləyimmi?
Bu zaman arvadım deyir:
- Üzbəüz dalanda bir intiligent qadın yaşayır. Səhərlər uşaqlarla gəzintiyə çıxır. Azından on uşağı var… Bir öyrən… Familyasını unutmuşam, deyəsən «Şa»…
- Şvarts?
- Eh, yox, Şapavalova… Ya da Şapoşnikova… Familyasını və telefonunu evlər idarəsindən öyrənmək olar.
Evlər idarəsinə getdim. Rəis Mixeyevlə söhbət elədim. O üzü gülər, xeyirxah adamdı. Şikayətlənirdi:
- Bilmirəm… Onunla şəxsən söhbət eləyin. Onu Şaporina Qalina Viktorovna deyə çağırırlar. İyirmi üçüncü mənzil. Hə, bax, o uşaqlarla gəzir. Yalnız məni qarışdırmayın. Bunun mənə dəxli yoxdur…
Mən bağa yollandım. Qalina Viktorovna qəşəng, görkəmli qadın idi. Sovet kinolarında belələrini xalq iclasçıları kimi göstərilir.
Mən salamlaşdım və işin nə yerdə olduğunu izah elədim. Qadın dərhal da təşvişə düşdü. Eynən bizim evlər müdiri kimi danışdı:
- Nə məsələdir? Nə olub? Siz nəyə görə məhz mənə müraciət eləyirsiniz?
Bütün bunlar məni təngə gətirməyə başladı. Avtoqələmimi gizlətdim və deyirəm:
- Nə baş verir? Nəyə görə belə qorxdunuz? Danışmaq istəmirsinizsə, gedərəm. Mən xuliqan deyiləm…
- Məhz xuliqanlar mənim üçün qorxulu deyillər, – qadın cavab verdi.
Sonra da əlavə elədi:
- Mənə elə gəlir siz intilligent adamsınız. Mən sizin ananızı da, atanızı da tanıyıram. Elə zənn eləyirəm sizə etibar eləmək olar. İşin nə yerdə olduğunu danışaram. Xuliqanlardan mən doğrudan da qorxmuram. Mən milisdən qorxuram.
- Onda məndən niyə qorxursunuz? – deyirəm. – Mən ki, milisioner deyiləm.
- Amma siz jurnalistsiniz. Mənim vəziyyətimdə isə özünü reklam elətdirmək axmaqlıqdan başqa bir şey deyil. Əlbəttə mən qəhrəman ana deyiləm. Bu uşaqlar da mənim deyillər. Mən pansiona oxşar bir şey yaratmışam. Uşaqlara musiqi, fransız dili öyrədir, onlara şeir oxuyuram. Dövlət bağçalarında uşaqlar xəstələnirlər, məndə isə heç vaxt. Haqq da olduqca az alıram. Amma siz başa düşürsünüz də, əyər milislər bunu bilsələr nə olar? Axı pansion əslində şəxsidir…
- Başa düşürəm, – mən dedim.
- Buna görə də mənim mövcudluğumu unudun.
- Yaxşı, – deyirəm.
Mən hətta redaksiyaya da zəng eləmədim. Düşündüm ki, əyər lazım gələrsə məndə yaradıcılıq durğunluğu olduğunu deyərəm. Onsuz da dekabr ayı üçün qonarar simvolik olacaq. On altı manat. Burda kostyumdan söhbət gedə bilməzdi. Təki işdən azad eləməsinlər…
Bununla belə mən redaksiyadan kostyum aldım. Sadə, iki tərəfdən düymələnən kostyum. Əyər səhv eləmirəmsə şərqi Almaniyanın istehsalıydı. Məsələ belə oldu.
Mən öz makinaçımızın yanında oturmuşdum. Sarı saçlı gözəl Manyunya Xlopina elə hey təkrar eləyirdi:
- Hə, sən məni restorana dəvət elə! Mən restorana getmək istəyirəm, sənsə məni dəvət eləmirsən.
Mənsə həvəssiz halda özümə haqq qazandırırdım.
- Axı mən səninlə yaşamıram.
- Əbəs yerə. Biz birlikdə radioya qulaq asardıq. Bilirsən, mənim sevimli verilişim «Səxavətli torpaq»dır. Bəs səninki?
- Mənimki, «Başqa planetdə həyat varmı?»
- Çətin ki, – Xlopina ah çəkdi, – burda da həyat mənasızdır…
Bu an sirli naməlum adam təşrif gətirdi. Hələ gündüz mən bu adamı görmüşdüm. O şıq kostyumda idi, qalstuk vurmuşdu. Bığları nazik bakenbardlarına kimi uzanırdı.
Qabağa qaçıb deyim ki, naməlum adam casus imiş. Sadəcə biz bunu müəyyən edə bilməmişdik.
Biz onun Pribaltikadan olduğunu qərara aldıq. Bütün şıq geyinən kişilərin bizdə nəyə görəsə latış olduğu güman edilirdi. Naməlum adam rus dilində güclə hiss olunan ləhcə ilə danışırdı.
O özünü etinasız və hətta bir az təcavüzkarcasına aparırdı. İki dəfə əlini redaktorun kürəyinə vurdu. Partkomu şahmat oynamağa dilə tutdu. Məsul katib Mintsin otağında texniki vəsaiti bir xeyli vərəqlədi.
Burda mövzudan bir qədər uzaqlaşmaq istəyirəm. Mən əminəm ki, az qala bütün casuslar düzgün hərəkət eləmirlər. Onlar nəyə görəsə maskalanırlar, hiyləgərlik eləyirlər, özlərini sadə sovet adamı kimi göstərirlər. Onların hərəkətlərinin gizliliyi özü şübhəlidir. Onlar özlərini daha sadə aparmalıdılar. Birincisi, bacardıqları qədər qəşəng geyinməlidilər. Bu onlara qarşı hörmət yaradacaq. Bundan əlavə qərb ləhcəsini gizlətmək lazım deyil. Bu da rəğbət oyadır. Ən başlıcası maksimum saymazyana hərəkət eləməkdir.
Deyək ki, casusu qitələr arası yeni raket maraqlandırır. O teatrda məşhur kostruktorla görüşür. Onu restorana dəvət eləyir.
Bu konstruktora pul təklif eləmək axmaqlıqdır. Onun pulu bəs qədərdir. Ona ideoloji təsir eləmək də mənasız işdir. O bunu sizsiz də bilir.
Tamam başqa cür hərəkət eləmək lazımdır. İçmək lazımdır. Konstruktorun çiynini qucaqlayırsan və onun dizinə bir-ikisini şappıldadıb deyirsən:
- Qoca, necəsən? Deyirlər nəsə yeni şey kəşf eləyibsən? Mənim üçün salvetkada bir-iki formula cız hələ. Sadəcə maraq xatirinə…
Vəssəlam. Casus hesab eləyə bilər ki, raket onun cibindədir…
Naməlum adam bütün günü redaksiyada oldu. Ona öyrəşdik. Bircə bir qədər heyrətlə baxışırdıq.
Onun adı Artur idi.
Xülasə, Artur makinaçıların otağına girir və deyir:
- Bağışlayın, mən elə bildim bura ayaqyoludur.
- Gedək. – Mən dedim. -Yolumuz eynidir.
Ayaqyolunda casus qorxmuş halda bizim redaksiya dəsmalımıza baxıb, cib dəsmalını çıxartdı.
Biz söhbət elədik, bufetə düşməyi qərara aldıq. Ordan arvadıma zəng elədim və «Qafqaz»a getdik.
Məlum oldu ki, hər ikimiz Folkneri, Britteni və otuzuncu illərin rəssamlığını sevirik. Artur düşüncəli və savadlı adam idi. Məsələn, o dedi:
- Pikassonun rəsm əsərləri yalnız dramdır, Rene Maqrittanın yaradıcıdlığı isə fəlakətli tamaşa…
Mən maraqlandım:
- Sən qərbdə olubsan?
- Əlbəttə.
- Orda çoxmu yaşayıbsan?
- Çox. Qırx üç il. Lap dəqiqi, keçən ikinci günə kimi.
- Mən elə bildim siz Latviyadansınız.
- Mən şvedəm. Latviya ilə yanaşıyıq. Rusiya haqda kitab yazmaq istəyirəm.
Gecədən xeyli keçmiş «Avropa» otelinin yanında ayrıldıq. Sabah görüşməyi şərtləşdik.
Səhərisi məni redaktorun yanına dəvət elədilər. Kabinetdə əlli yaşlarında olan naməlum kişi əyləşmişdi. Arıq, daz birisiydi, qulaqlarının üstündə ala halqa var idi. Mən düşünürdüm, o şlyapasını çıxartmadan saçını daraya bilərmi?
Kişi redaktorun kreslosunda əyləşmişdi. Kabinetin sahibi isə müştərilər üçün olan stulda yerini rahatlamışdı. Mən də divanın küncündə oturdum.
- Tanış olun, – redaktor dedi, – dövlət təhlükəsizlik komitəsinin nümayəndəsi, mayor Çilyayev.
Mən nəzakətlə azca qalxdım. Mayor gülümsəmədən baş əydi. Görünür ətraf aləmin mükəmməl olmaması onu sıxırdı.
Redaktorun özünü aparmasında canı yananlıq, eyni zamanda da bədxahlıq hiss eləyirdim. «Nə oldu? Oyunun qurtardı? İndi də işin içindən öz başına çıx. Axı mən sən axmağa xəbərdarlıq eləmişdim…»
Mayor danışdı, sərt səsi yorğun görkəmi ilə uyuşmurdu.
- Artur Tornstremi tanıyırsınızmı?
- Hə, – cavab verirəm, – dünən tanış olmuşuq.
- O sizə provakasiya məqsədi ilə hansısa sual verdimi?
- Deyəsən yox. O ümumiyyətlə mənə sual vermədi. Mən nəsə xatırlamıram.
- Birini də?
- Məncə, birini də.
- Tanışlığınız nədən başladı? Daha dəqiqi, harda və necə tanış oldunuz?
- Mən makinaçıların yanında oturmuşdum. O daxil oldu və soruşdu…
- Ah, soruşdu? Demək, hər halda soruşub?! Əyər sirr deyilsə nə soruşdu?
- O soruşdu, burda ayaqyolu hardadır?
Mayor bu cümləni yazdı və əlavə elədi:
- Sizə diqqətli olmağı məsləhət görürəm…
Sonrakı söhbətimiz mənə tamam mənasız göründü. Çilyayevi hər şey maraqlandırırdı. Biz nə yemişik? Nə içmişik? Hansı rəssamlar haqda söhbət eləmişik? O hətta maraqlandı, şved tez-tezmi ayaqyoluya gedirdi…
Mayor bütün detalları xatırlamağımı təkid eləyirdi. Şved alkoqoldan sui-istifadə eləmirdi ki? Qadınlara baxırdımı? Gizlin homoseksualistə oxşayırdımı?
Mən təfərrüatı ilə və vicdanla cavab verdim. Gizlədiləsi bir şey yox idi.
Mayor fasilə verdi. Stoldan azacıq yuxarı qalxdı. Sonra səsini yüngülcə qaldırdı:
- Biz sizin qəsdən görüşmədiyinizə ümid eləyirik. Baxmayaraq ki, siz olduqca yüngül fikirli adamsınız. Sizin haqqınızdakı məlumatımız daha çox təzadlıdır. Daha dəqiqi, məişət anlaşılmazlığı, sərxoşluq, şübhəli lətifələr…
Mən soruşmaq istədim ki, burda təzadlı olan nədir? Ancaq özümü saxladım. Xüsusən ona görə ki, mayor olduqca qalın bir qovluq çıxartdı. Cildində iri hərflərlə mənim familyam yazılmışdı.
Gözlərimi çəkmədən bu qovluğa baxırdım. Mən deyək ki, donuzun qastronomun ət şöbəsində keçirə biləcəyi hisslərə bənzər hisslər keçirirdim.
Mayor davam elədi:
- Biz sizdin tam səmimiyyət gözləyirik. Sizin köməyinizə güvənirik. Ümid eləyirəm bünün necə ciddi tapşırıq olduğunu başa düşdünüz?.. Başlıcası isə, unutmayın, bizə hər şey məlumdur. Bizə hər şey əvvəlcədən məlumdur. Bilmərrə hər şey…
Burda mən Mişa Barışnıkov barəsində soruşmaq istədim. Doğrudanmı əvvəlcədən Mişanın Ştatlarda qalacağı məlumdu?!
Bu zaman mayor soruşdu:
- Siz şvedlə necə razılaşıbsınız? Bu gün görüşəcəksiniz?
- Deyəsən, – deyirəm, – görüşməliyik. O mənimlə arvadımı Kirov teatrına dəvət elyib. Ona zəng eləyib üzr istəyərəm, xstələndiyimi deyərəm.
- Qətiyyən, – mayor azacıq yerindən qalxdı, – gedin. Yubanmadan gedin. Hər şeyi xırdalığına qədər xatırlayın. Biz sabah səhər tezdən sizə zəng eləyəcəyik.
Mən düşünürdüm, elə bircə bu çatmırdı!
- Bacarmaram, – deyirəm, – obyektiv səbəbləri var.
- Nəymiş?
- Mənim kostyumum yoxdur. Teatr üçün uyğun gələn paltarın olmalıdır. Orda, yeri gəlmişkən, əcnəbilər də olurlar.
- Nəyə görə sizin kostyumunuz yoxdur? – mayor soruşdu. – Bu nə cəfəngiyyatdır? Axı siz mötəbər qəzetin işçisisiniz.
- Az qazanıram, – mən cavab verdim.
Burda redaktor söhbətə müdaxilə elədi:
- Mən sizə kiçik bir sirr açmaq istəyirəm. Məlum olduğu kimi yeni il şənlikləri yaxınlaşır. Yoldaş Dövlətovu qiymətli hədiyyə ilə mükafatlandırmağı qərara almışıq. Yarım saatdan sonra o mühasibatlığa gedə bilər. Sonra da Frunze univermağına. Orda özü üçünü yüz iyirmi manat dəyərində uyğun kostyum seçə bilər.
- Mənim ölçülərim standart deyil, – deyirəm.
- Boş şeydir, – redaktor dedi, – mən univermağın direktoruna zəng eləyərəm…
Beləcə mən iki tərəfdən düymələnən xarici kostyumun sahibi oldum. Əyər səhv eləmirəmsə şərqi Almaniya istehsalıydı. Mən onu beş dəfə geydim. Bir dəfə şvedlə teatra gedəndə, dörd dəfə də dəfnlərə nümayəndə kimi göndəriləndə…
Mənim şvedimi isə bir həftədən sonra İttifaqdan çıxartdılar. O mühafizəkar jurnalist idi. Sağ qanadın maraqlarını ifadə eləyirdi.
Altı il rus dilini öyrənmişdi. Kitab yazmaq istəyirdi. Və onu qovdular.
Ümid eləyirəm ki, mənim iştirakım olmadan. Mənim mayora danışdıqlarım tamami ilə ziyansız şeylərdi.
Hətta mən Artura xəbərdarlıq elədim ki, onu izləyirlər. Daha doğrusu, ona divarların da qulağı olması haqda işarə vurdum…
Şved başa düşmədi. Qısası, mənlik burda bir iş yoxdur.
Ən qəribəsi isə budur ki, tanış dissident Şamkoviç onda məni KQB ilə əməkdaşlıq eləməkdə günahlandırdı.