Allaha məktub | Yusif İzəddin İsa

Allaha məktub | Yusif İzəddin İsa

O bilmirdi, “Zeynəb” adını ona kim qoyub. Nə vaxtsa ata-anasının, qohum-əqrabasının olduğunu heç düşünməmişdi də. Hətta dünyaya gəldiyindən neçə il ötdüyünü belə bilmirdi. Kaş o hər şeyi xatırlayaydı, çünki bir neçə gündən sonra onun yeddi yaşı tamam olacaqdı!
Hər zaman o, özü haqqında düşünəndə, yaxud küçə boyunca piyada gedəndə günləri, başına gəlmiş hadisələri yadına salardı. Səbəbini bilmədiyi göz yaşları ona heç cürə kömək edə bilməzdi.
Qış gecəsidir. Həmişəki kimi o, Xanım Zeynəb ziyarətgahındadır*. Əyninə rəngi çoxdan solmuş nimdaş, nazik köynək geyinmişdir. Demək olar ki, çılpaqdı. Üzünün rəngi solğun və çox arıq idi.
Bir kök kişi yanından ötüb keçirdi. Ona tərəf qaçıb xahiş etdi ki, yemək almaq üçün ona üç millim** versin. Amma kişi onu söydü. Bu anda yolun o biri səkisi ilə gedən bir qadını görüb dərhal ona tərəf yüyürdü. Lakin o da fikir vermədən yoluna davam etdi. Hiss etdi ki, yorulub. Ziyarətgahın yaxınlığındakı həmişəki yerinə yatmaq üçün qayıtmaq qərarına gəldi. Ac qarınla yuxuya getmək onu narahat etmirdi. Ona görə ki, yeməyini müntəzəm vaxtında yemirdi. Yemək almaq üçün kifayyət edəcək qədər pul toplaması isə bəxtdən aslı idi.
Həmişəki yerinə qayıdarkən yolda bir qadını görüb pul üçün əllərini ona açdı. Qadın nəzər salıb, qayğıkeşcəsinə onu sorğu-suala tutmağa başladı:

-    Səninlə yaşayan valideyinlərin var?
-    Xeyir, mənim nə anam, nə də atam var.
-    Nə üçün dilənirsən?
-    Yemək üçün.
-    Niyə bir evdə bu vatadək qulluqçu işləmirsən?
-    Elə evləri tanımıram. Bunu mənə deyən də olmayıb.
-    Yaxşı,  əgər səndən mənim evimə gəlməyi, orada işləməyi xahiş etsəm razılaşarsamı?Əvəzində də qarnını doyurarsan.

Zeynəbin üzündə sanki sevinc parladı və fərəhdolu səslə: “Hə, razıyam!” – dedi.
Qadınla Zeynəb bir neçə küçə piyada gedərək qadının çoxmərtəbəli, naxışlı binada olan mənzilinə çatdılar. Onlar liftlə yuxarı qalxıb mənzilə daxil oldular.
Hə, – qadın dedi, – bu bizim evimizdir və sən gərək biz oyanmamışdan əvvəl səhər erkəndən oyanıb onu təmizləyəsən. Sahibə qızın şam yeməyi üçün qurumuş bir parça çörəyi stolun üstünə tulladı. Qız mətbəxdə təkcə oturaraq onu götürüb yedi.
-    Mən harada yatacam?- o, sahibəsindən soruşdu.
-    Harada yatacaqsan ki. Burada, mətbəxdə.

Yatmaq vaxtı gələndə o, mətbəxin küncünə qısılıb üstüaçıq yuxuya getdi. Səhər erkəndən, sahibəsi yataqdan durmamışdan əvvəl Zeynəb yuxudan oyanıb pəncərələri və döşəməni təmizləməyi qurtardı. Sahibə yuxudan duranda qızın təmizlədiyi yerlərə diqqətlə nəzər salıb, sonra Zeynəbi stulların altını və pəncərələrin şüşələrini lazımınca təmizləmədiyinə görə danladı. Həmin gün Zeynəb qadını razı salanadək işlədi.
Bir gün sahibəsi Zeynəbi baqqal Əbdül Qadirdən pendir və zeytun almağa göndərmişdi. Qız qayıdanda sahibəsi aldığı şeyləri yoxlayandan sonra qıza tərs-tərs baxmağa başladı:
- Zeytunlar həmişə o qiymətə aldığımızdan azdır. Qayıdarkən ondan heç yemisən? – deyə qadın qəzəblə soruşdu.

Zeynəb inandırmağa çalışdı ki, ondan bir dənə də yeməyib. Lakin qadın inanmadı. O, qızın qollarından yapışıb köynəyini cırdı və əlindəki ağac ilə onun zərif bədəninə zərbələr endirdi. Sonra otağın bir küncünə itələyib onu yerə yıxdı və otağı tərk etdi.
“Nə üçün o məni döyür? Axı o zeytunlara əlmi də vurmamışam. Axı heç nəyə toxunmamışam. Xanım Zeynəb ziyarətgahında bir parça çörək üçün diləndiyim günlərdə buradakından daha xoşbəxt idim.”

Zeynəb əvvəlki yerinə qayıtmaq üçün götür-qoy edirdi, amma bir şey onu saxladı. Bu sahibənin balaca oğlu idi. Bu balaca uşağa olan bağlılığı onu əvvəlki yerinə qayıtmaq fikrindən daşındırdı.
Bu hadisədən bir neçə gün sonra sahibə ilə əri kinoya gedirdilər. Sahibəsi Zeynəbə bərk-bərk tapşırdı ki, uşaqdan muğayat olsun və uşaq yuxuya gedənədək onunla oynasın. Zeynəb uşağı yatağına qoyub yanında oturdu. Sahibəsinin gəlişini uzun müddət gözlədi. Artıq gecədən xeyli keçmişdi. Zeynəb başını biixtiyar yatağın kənarına söykəyib dərin yuxuya getdi.

Sahibəsi ilə əri geri qayıdanda, əri qapını açarla açan kimi qadın dərhal oğlunun otağına getdi. İçəri daxil olanda gördü ki, Zeynəb yatıb. Ayaqqabısı ilə ona bərk təpik vurdu. Zərbədən Zeynəb diksinərək səksəkəli oyandı. O, mürgülü halda ayağa qalxıb, ağlaya-ağlaya mətbəxin küncündəki yerinə çəkildi. Başını boxçasına söykədi və bükülü vəziyyətdə yatdı. Sahibəsi onlar gəlməmişdən əvvəl yatdığına görə, Zeynəbə adətən yemək üçün tulladığı bir parça quru çörəyi həmin gecə vermədi.

Zeynəb sahibəsinin zəhlətökən tapşırıqlarından, zərbələrindən və sillələrindən əziyyət çəkirdi. Sahibəsinin işgəncələri o yerə çatdı ki, bir gün o, qızın bədəninə qızdırılmış dəmir çubuqla dağ basdı.  Zeynəb qadının əllərindən sıçrayıb evdən qaçdı. Sürətlə pilləkənləri aşağı düşərkən yolda eyni blokda qulluqçu işləyən Məbrukə ilə rastlaşdı. Zeynəbin hönkür-hönkür ağladığını görən Məbrukə ona nə olduğunu soruşdu. Zeynəb başına gələnləri danışandan sonra Məbrukə dedi:
- İndiki belədi, niyə atana məktub yazıb göndərmisən ki, səni gəlib belə adamların əlindən qurtarsın?

Zəynəb həmin sualı cavabsız qoyub için-için ağladı.
- Onsuz da məni gecə-gündüz işlədən belə adamlardan mən də bezmişəm. Ona görə atama məktub yazacam, gəlsin məni aparsın.- deyə Məbrukə dedi.
- Sənə məktubu kim yazacaq, bacı?
- Baqqal Əbdül Qadir. O, yaxşı qəlbli insandır.

Zeynəb başını aşağı əyib bir anlığa sükuta daldı. Onlar ayrıldılar. Hər iki qız öz yolu ilə getdi.
- Axı kimə məktub yazım? Nə atam, nə anam, nə də qohumlarım var. Mən o adamlara qulluq edirəm, əvəzində isə quru çörəkdən başqa heç nə istəmirəm.

Fikirləşdi ki, belə xəsis adamlardan qurtulmaq üçün mütləq kiməsə məktub yazmalıdır.
- Mən tanıdığım xidmətçilərin əksəriyyəti onlarla ədalətsiz rəftar olunanda qohumlarına məktub yazdırmaq üçün Əbdül Qadirin yanına qaçırlar. Amma mənim heç kimim yoxdur.

Çaşqınlıq, iztirab və kədər içində fikirlər onu alıb apardı.
-Niyə mən Allaha məktub yazmıram? Xanım Zeynəb ziyarətgahında ibadət etməyə gələnlərin əksəriyyətindən onun adını çəkmələrini çox eşitmişəm. Namaz vaxtlarında müəzzin məscid minarəsindən onun adını ucadan çağırır. Öyrənmişəm ki, o zavvalıların pənahıdır, heç vaxt ədalətsizlik etmir və zülm edənləri sevmir. Əgər ona məktub yazıb adamların atdıqları qutuya atsam, məktub ona yetişər.

Baqqal Əddül Qadirin dükanına gedib, dükanın qapısında durdu. Əvvəl baqqala, sonra da yerə baxdı. Dükanın girəcəyində yerə tökülmüş düyü dənələrini barmaqlarının ucu ilə yığmağa başladı.
-    Ey, çirkli barmaqlarını düyüdən çək! Nə istəyirsən? – deyə dükançı ona qışqırdı.

Zeynəb çömbəlib, başını əlləri arasına alaraq hönkür-hönkür ağladı. Qızın bu halından təəccüblənən baqqal onun yanına gəldi.
-    Ay uşaq, sənə nə olub axı? Niyə ağlayırsan? Yoxsa sahibən səni döyüb? – o, soruşdu.
-    Məni həm döydü, həm də yandırdı.

O, baqqala bədəninin bəzi hissələrində olan yanıq izlərini göstərdi. Bu dəhşətli mənzərədən Əbdül Qadirin əti ürpəşdi.
- İndi sən nə istəyirsən? Sənə bir köməyim dəyər? – deyə baqqal dilləndi.
- Mən məktub yazdırmaq istəyirəm, əmican!
- Kimə? Atana?
- Mənim atam yoxdur…
- Yaxşı, onda anana yazarıq.
- Mənim anam da yoxdur.
- Bəs qohumların?

Qız cavab vermədi.
-    İndiki belədir, onda mən məktubu kimə yazım?

Zeynəb susdu. Baqqal sualı bir neçə dəfə təkrar edəndən sonra ona kədərli nəzərlərlə baxıb, mütərəddid cavab verdi:
-    Allaha.

Bu əsnada nəsə almaq istəyən bir kişi dükana daxil oldu. Əbdul Qadir onunla məşğul olub qurtarandan sonra, Zeynəbin yanına qayıtdı.
-    Sən nəisə deyirdin? Mən məktubu kimə yazacaqdım?
-    Allaha!

Əbdül Qadirin çöhrəsində təbəssüm peyda oldu.
-    Yaxşı, məktub yazılandan sonra onu göndərmək üçün haraya gedəcəksən?
-    Poçt qutusuna.

Bir göz qırpımında Zeynəb diz çökərək baqqalın ayaqlarından öpüb yalvardı ki, onun əvəzinə Allaha məktub yazsın; bu dünyada ona edilən zülmlərdən Allaha şikayyət etsin və ondan xahiş etsin ki, Zeynəbi tez yanına aparsın.
- Mən Allahdan başqa heç kimi tanımıram. Axı məni o yaratmışdır. Nə olar, əmi, mənim əvəzimə Allaha məktub yaz!

Balaca qızın acınacaqlı taleyinə Əbdül Qadir göz yaşlarını saxlaya bilmədi. Fikirləşdi ki, əgər bu zavvalı qızın xahişini rədd etsə, onda onun qaranlıq həyatının ümid qığılcımını da söndürə bilər. Siyirməni çəkib kağız-qələm çıxartdı.
-    Mən sənin üçün Allaha məktub yazacam. Yaxşı, ona nə demək istəyirsən?
-   Yaz və ona denən ki, Zeynəb kimsəsizdir, köməksizdir! Məni yanına aparsın. Bəs məni o yaratmayıb?

Əbdül Qadir özünü məktub yazan kimi göstərdi, sonra zərf çıxartdı. Məktubu zərfə qoyub bağladı və Zeynəbə verdi. Zeynəb ehtiyyatla məktubu iki əli ilə tarım tutdu. Amma marka yapışdırmaq lazım olduğunu heç ağlına da gəlmədi. Çünki belə şeyləri bilmirdi. Davamsız addımlarla yırğalana-yırğalana poçt qutusuna tərəf qaçdı. Çalışdı ki, məktubu içəri saldın, lakin əlləri poçt qutusunun ağzına çatmadı. Məktubu yoldan ötən birinə verib qutuya saldırmaq üçün kiminsə kəlməsini gözlədi. Bir nəfər məktubu Zeynəbdən alıb zərfə baxmadan onu qutuya saldı.

Heç vaxt həyatında əvvəllər duymadığı sevinc hissini birinci dəfə idi ki, indi hiss edirdi. Çünki başqa qulluqçuların öz dərdlərini bölmək üçün qohumlarına məktub göndərdikləri kimi, artıq onun da məktub göndərmək üçün kimisə var idi!
- Məktub Allaha çatacaqmı? Görəsən, o bu gün gedəcək? İndi mən hara gedim? Xanım Zeynəb məscidinə gedim? Yox, yaxşısı budur, poçt qutusunun altında oturub cavab gözləyim.

Torpağın üstündə oturub başını dizlərinə söykədi. Gözləməkdən darıxıb başını qaldıranda ağasını qarşısında gördü. Qorxudan qarabasmış adam kimi bədəni titrədi və cəld ayağa qalxdı. Sahibəsinin əri qolundan yapışıb, möhkəm çəkərək ona evə dönməyi əmr etdi. Mənzilin qapısından girənədək kişi, Zeynəbin qolundan buraxmadı.
Sahibəsi onu gicəlləndirici sillə ilə qarşıladı. Sonra qız zarıyanadək döydü. Axşam düşdü. Hər kəs öz yatağına, Zeynəb də mətbəxin küncündəki quru döşəmənin üstünə getdi.
Səhər sahibə yuxudan durub onu səslədi. Lakin cavab verən olmadı. Fikirləşdiki, yəqin Zeynəb qaçlb. Cəld özünü mətbəxə yetirdi. Mətbəxin küncündə bükülü uzandığını gördü. Daşa dönmüş ayağından onu oyatmaq üçün təpiklə vurdu. Lakin Zeynəb oyanmadı və o, bir də oyanmayacaq…

*Xanım Zeynəb, Həzrəti Əli ibni Əbu Talibin qızıdır, Məhəmməd peyğəmbərin qız nəvəsidir. Qahirədə ziyarətgahdır.
** Millim ən kiçik dəyərli Misir puludur. Misir paundunun mində birinə bərabərdir
(1948)

Mənbə: Youssef  Ezeddin  Eassa. A selection of short stories. Cairo. 2002.
Dilimizə çevirdi: Elmar Vüqarlı
Top