Mən odunçuyam.
Adımı bilməsəniz də olar.
Doğulduğum və tezliklə öləcəyim koma meşənin kənarında yerləşir. Meşə, deyilənə görə, dənizəcən uzanır və bu dəniz bütün qurunu əhatə edir və onun sularında mənim komama bənzər neçə-neçə ağac koma üzür. Deyilən yalandır, ya doğrudur, bilmirəm, çünki hər halda bunu görmək özümə də qismət olmayıb; meşənin o biri üzünü də görə bilməmişəm.
Uşaq olarkən böyük qardaşım mənə and içdirib ki, onunla birgə bu meşəni sonuncu ağacınadək qırıb çatacağıq.
Qardaşım artıq ölüb, mənimsə ağlımda başqa bir şey var: bir şeyi axtarıram və onu tapmayınca yorulmaq bilməyəcəm.
Günəşin batdığı o tərəfdə bir çay axır; mənim balığı əllə tutmaq bacarığım var.
Meşədə canavarlar dolaşır. Amma canavarlar məni qorxutmur; baltam məni bircə dəfə də darda qoymayıb.
Yaşımı bilmirəm. Bircə onu bilirəm ki, sinnim çoxdur. Gözlərim güclə görür.
Azmaqdan qorxaraq artıq getmədiyim kənddə məni xəsis deyirlər, amma özünüz deyin, odunçu qazancı elə çoxdur ki, hələ pul da yığa bilsin...
Komamın qapısının ağzını daşla bağlayıram ki, külək qarı içəri vurmasın.
Bir axşam ağır yeriş səsi eşitdim, sonra qapının döyüldüyünü.
Qapını açıram, tanımadığım bir qərib içəri girir. Qoca bir kişiydi, ucaboy, dama-dama bürüncəkli. Çapıq üzünü ikiyə bölmüşdü. İllər elə bil qəddini bükməmiş, əksinə, güc-qüvvət vermişdi, amma fikir verdim ki, əsasız heç gəzə bilmir.
Bir-iki kəlmə danışdıq, nə haqda, – bilmirəm. Sonra o dedi:
– Öz evim yoxdur, harda gəldi gecələyirəm. Bütün Saksoniyanı gəzib dolaşmışam.
Bu yerin adı dünyaya gəldiyim gündən qulağımda sırğadır: el arasında indi İngiltərə adlandırılan Saksoniya haqqında atam mənə uşaqlıqda çox danışmışdı.
Evdə yeməyə ancaq çörəyim və balığım vardı. Süfrə başında biz susduq.
Göydən yağış tökməyə başladı. Mən onun üçün quru yerdə, qardaşımın öldüyü həmin yerdə dəridən yataq düzəltdim. Gecə düşən kimi yuxuya getdik.
Biz evdən Günəşlə bərabər çıxdıq. Yağış dayandı və torpaq qarla örtüldü. Qocanın əsası əlindən düşdü və o mənə əsasını yerdən qaldırmaq göstərişi verdi.
– Mənə hansı haqla əmr verirsən? – soruşdum.
– Çünki, – dedi, – mən hələ də kralam.
Onu dəli sandım. Əsanı qaldırıb ona verdim.
Səsini zilə qaldırıb dedi:
– Bəli, mən sekgenlərin kralıyam. Onları minlərlə dəfə ağır döyüşlərdən zəfərlə çıxarmışam, amma indi dünyayla vidalaşmaq vaxtımdır və mən krallığımı itirmişəm. Adım İzerndir, Odin nəslindənəm.
– Mən Odinə yox, Məsihə pərəstiş edirəm, – dedim.
Sanki məni eşitmirmiş kimi hekayətini danışmaqda davam edirdi:
– Mən sürgün yolları ilə dolaşıram, amma hələ ki kralam, çünki medal məndədir. Onu görmək istərdin?
O, sümükləri çıxmış əlinin barmaqlarını açdı, amma ovcunda heç nə yoxudu. Yalnız bu an mən sol əlinin gecə-gündüz yumruq halında bağlı olduğunu xatırladım.
O düz sifətimə baxaraq dedi:
– Sən ona toxuna bilərsən.
Mən qorxa-qorxa barmağımla onun ovcuna toxundum. Və nəsə soyuq bir şey hiss etdim, parıltını gördüm. Qocanın barmaqları tez düyünləndi. Mən susurdum. Onda o uşağa başa salırmış kimi hövsələylə anlatmağa başladı:
– Bu, Odinin medalıdır. Onun yalnız bir üzü var. Lakin ondan başqa dünyada hər şey ikiüzlüdür. Nə qədər ki, bu medal məndədir, mən kral olaraq qalacam.
Elə bu andaca məni nəyin bahasına olursa-olsun medalı əldə etmək istəyi bürüdü. O mənim olduğu təqdirdə misli görünməmiş qır-qızıla malik və kral olacaqdım.İndiyəcən nifrət etdiyim səfilə təklif etdim:
– Komamda ağzınacan sikkəylə dolu sandıq gizlətmişəm. Xalis qızıl, balta tiyəsi kimi par-par parlayırlar. Gəl Odinin medalını sandıqla dəyişək.
O qətiyyətlə dedi:
– İstəmirəm!
– Onda cəhənnəm olub öz yolunla get!
O arxasını mənə çevirdi. Kürəyinə vurulmuş balta zərbəsi yetərindən artıq güclü idi: o silkələnib o dəqiqə yıxıldı, lakin bu an yumruğu açıldı və mən havada medalın parıltılı qığılcımını gördüm. Mən baltayla çimləmədə nişanə qoyub və meyiti əvvəllər dərin olan çaya çəkib apardım. Meyiti itələyib suya saldım.
Evimin yanında medalı axtarmağa başladım. Amma tapmadım. Hələ də axtarıram.
Müəllif: Xorxe Luis Borxes
Ruscadan çevirdi: Əziz Rzazadə