Qara qoyun | İtalo Kalvino

Qara qoyun | İtalo Kalvino

Biri vardı, biri yoxdu, bütün sakinlərinin oğurluqla məşğul olduğu bir ölkə varıydı. Gecə düşən kimi hamı fənər və lom ilə silahlanaraq qonşularının evinə gedirdi. Dan sökülən vaxt dolu çuvalla evinə qayıdan adam öz evini də yağmalanmış tapırdı. Heç kimin dolanışığı o qədər də pis deyildi, hamı dinc yaşayırdı. Biri-birini, o birini soyur, bu qanunauyğunluq sonuncu sakinə qədər davam edir, o da ən birincini soyurdı. Bu ölkədə nəyi istəyirsən al, nəyi istəyirsən sat, saxtakarlıq demək idi.
Hökumət insanlardan nəsə oğurlamaq üçün qurulan cinayətkar bir təşkilat idi, insanlar da vaxtlarını hökuməti aldatmaqla keçirərdi. Həyat problemsiz sürüb gedirdi, orada yaşayan insanlar nə varlı, nə də kasıbıydılar.
Ömür keçdi, gün keçdi, günlərin birində dürüst bir adam peyda oldu (bunun necə baş verdiyini heç kim başa düşməmişdi).
Bu adam gecə düşən kimi oğurluq eləmək üçün bayıra çıxmaqdansa evində oturar, tənbəkisini tüstülədərək roman oxuyardı. Evdəki işığı yanan görən oğrular isə geri qayıtmaq məcburiyyətində qalırdılar.

Vəziyyət belə davam edə bilməzdi. Dürüst adama dedilər ki, belə rahat həyat yaşamaqla o öz kefində ola bilər, amma onun başqalarının işinə mane olmağa haqqı yoxdur. Onun evdə oturduğu hər gecədə bir ailə ac qalır. Dürüst adam bu ittiham qarşısında nə cavab verəcəyini bilmədi. O da dan yeri ağarana qədər gecəni bayırda keçirməyə başladı, amma oğurluq eləməyi özünə sığışdırmadı.
Təmiz adamıydı, vəssalam. Körpüyə qədər gedir, orda suyun necə axmasına tamaşa edirdi. Sonra geri qayıdır, evini soyulmuş vəziyyətdə tapırdı. Bir həftədən sonra dürüst adam bir qəpiksiz qaldı, ərzağı tükəndi, evi soyulub soğana döndü. Amma özündən başqa heç kimi günahlandıra bilməzdi. Problem ondaydı ki, o təmiz adamıydı, başqalarının düzənini alt-üst eləmişdi. Heç bir qarşılıq ummadan başqalarının özünü soymasına icazə vermişdi.
Beləliklə, hər səhər bir nəfər geri qayıdanda evini soyulmamış vəziyyətdə tapırdı. Bu dürüst adamın bir gecə əvvəl soyması gərəkən ev idi.

Əlbəttə, bir müddətdən sonra evləri soyulmayanlar özlərinin o birilərdən daha varlı olduqlarını gördülər, ona görə də daha oğurluq eləmək istəmədilər. O biri tərəfdən də dürüst adamın evini soymağa gələnlər, əlləri boş qayıtdılar — yoxsullaşdılar. Varlananlar dürüst adama qoşularaq, onunla birlikdə körpüdən suyun axarını seyr etməyə başladılar.
Bu gərginliyi daha da artırdı. Varlananların da, yoxsullaşanların da sayı artdı. İndi də varlılar gecələri körpünün üstündə vaxt keçirərlərsə yoxsullaşacaqlarını anladılar. “Niyə yoxsullara bir az pul verərək, bizim üçün oğurluq elətdirməyək?” deyə düşündülər.
Müqavilələr imzalandı. Maaşlar müəyyən olundu.
Əlbəttə, hər iki tərəf çoxlu saxtakarlıqlar elədi; insanlar hələ də oğruydular. Amma ən sonda varlılar daha varlı, yoxsullar daha yoxsul oldular.

Bəzi varlılar o qədər varlandı ki, artıq oğurluq eləməyə, ya da özləri üçün oğurluq etdirməyə ehtiyacları qalmadı. Amma oğurluq eləməsələr tez bir zamanda yoxsullaşasıydılar — bunu yoxsullar eləyəcəkdi. Ona görə də yoxsulların ən yoxsullarına öz mallarını o biri yoxsullardan qorumaq üçün pul verdilər. Beləliklə, polis yarandı, həbsxanalar açıldı. Dürüst adamın ora gəlişindən bir neçə il sonra heç kim oğurluqdan, soyğunçuluqdan bir kəlmə də danışmırdı. Artıq kimin nə qədər varlı, kimin nə qədər kasıb olması barədə söhbətlər dəbdə idi. Yenə də az da olsa oğru qalmışdı. Bir də dürüst olan bir nəfər qalmışdı, o da çox keçmədən acından öldü.

Tərcümə edən Cavid Ramazanov
Top