- Işinizdə nə irəliləyiş var, Professor? - General hövsələsini zorla basıb soruşdu.
- İrəliləyiş? – Professor verilən sualı təkrarladı. O, cavab verməyə tələsmirdi.
- Beş ildi burda - aşağıda işləyirsiz və bu günəcən bir dəfə də olsun sizi narahat eləyən olmayıb. Biz sizə etibar edirik, amma quru sözlərə nə qədər inanmaq olar. Ortaya konkret iş qoymağın vaxtı çatıb.
Generalın səsində təhdid hiss olunurdu və Ka yorğun-arğın əlini yelləyərək gülümsündü.
- Quşu gözündən vurdunuz, General. Mən bir az da gözləməyi düşünürdüm, amma siz məni qızışdırdınız. Mən işi başa çatdırmışam, O artıq hazırdır, - Professor pıçıltıya keçdi, Günəşə and olsun ki, Onu dünyaya nümayiş etdirməyin vaxtı çatıb.
O əlinin işarəsiylə Generalı mağara dəvət etdi. Ka qonağı mağarın ən dərin yerinə apardı. Divarın dar dəliyindən içəri xəfif işıq düşürdü. O, düz, hamar çıxıntı üzərinə qoyulmuşdu.
O, formaca badama oxşayırdı: üzərində çoxlu xırda şırımlar vardı və parıldayırdı.
- Bu ki... – General özünü itirdi. – Bu ki daşdı.
Professorun sıx tüklü qalın qaşları altında gizlənən mavi gözləri bic-bic gülürdü.
- Bəli, - o təsdiqlədi. – Daşdı. Amma bu, başqa daşlara bənzəməz. Biz onu təpiklə vurmayacağıq, yaxşı olar ki, onu əlimizə götürək.
- Əlimizə?
- Bəli, General. Bu daşda elə böyük qüvvə toplanıb ki, bəşəriyyət indiyəcən bunu hətta arzulamağa da cürət etməyib. Milyon adamın qüvvəsi. Baxın...
O, əlini daşın üzərinə qoydu; daşı barmaqları arasında sıxıb qaldırdı.
O daşı ovcunda elə sıxmışdı ki, enli tərəfi ovcunun içində qalmış, iti ucu isə çölə çıxmışdı. Professorun əlinin hərəkətinə uyğun olaraq daşın iti ucu gah yuxarı, gah aşağı, gah da Generala tərəf yönəlirdi.
Professor daşı tutduğu əlini başı üzərindən geriyə apardı və daşın ucu havada xətt cızdı.
Sonra onun əli sürətlə yuxarıdan aşağı enib divarın kövrək çıxıntısına çırpıldı. Və... möcüzə baş verdi! – daş çıxıntıya girib çat əmələ gətirdi.
Professor vurmaqda davam etdi, çat çökəyə, daha sonra isə dərin oyuğa çevrildi. Zərbələr suxuru əzib toza döndərirdi.
Genaral bütün bunları gözünü bərəldib, nəfəsini içinə sıxıb seyr edirdi.
- İnanılmazdı, - general ağzının suyunu udub dedi.
- Hələ bu nədir ki, - Professor qürurlandı, - bu heç nədir! Hərçənd bunu barmaqlarınızla edə bilməzdiniz.
İndi də bura baxın! - Alim küncdən böyük bir hindqozu götürdü: tüklü və bərk bir hindqozu – daş kimi! Və onu generala uzatdı.
- Götürün, əllərinizlə sıxıb əzin.
- Yaxşı görək, Ka, - Generalın səsi titrədi. – Siz gözəl bilirsiniz ki, bu mümkün deyil. Bizim heç birimiz bunu bacarmarıq... Yalnız dinozavr öz pəncəsinin zərbəsiylə bunun öhdəisndən gələ bilər. Yalnız dinozavr bunun lətini yeyib şirəsini içir...
-Yaxşı, indi isə... – Professor cuşa gəldi – indisə baxın!
O, hindqozunu götürüb çıxıntının üzərində yaranan çökəyə qöydu. Bu dəfə daşı ayrı cür tutdu: iti ucundan yapışdı, enli tərəfi isə çöldə qaldı. Sonra daşı elə bir qüvvə sərf eləməmiştək hindqozuna vurdu.
Hindqozu param-parça oldu, südü çıxıntının üzərinə axdı, çökəyin içində isə qabığının parçaları qaldı, onların da üzərində təzə-tər, ləzzətli, şirəli ağ lət.
General həmin üstü lətli qabıq parçalardan birini qapıb acgözlüklə dişinə çəkdi.
O heyrət içində daşa, Kaya və hindqozu qabığının parçalarına baxırdı.
- And olsun Günəşə, bu, əntiqə bir şeydi. İnsanın gücü birə-yüz artıb. Daha onun heç bir dinozavrdan qorxusu yoxdur. O, qayalara, ağaclara hakimdir. Bu, əlavə bir əl deməkdir. Yox, yox... Yüz əl.
-Bunu hardan tapmısız?
Ka özündən razı halda gülümsündü.
- Mən onu tapmamışam, düzəltmişəm.
- Düzəltmisiz? Bununla nə demək istəyirsiz?
- Demək istəyirəm ki, bundan əvvəl O mövcud olmayıb.
- Sizin ağlınız çaşıb, Ka, - general əsib-coşmağa başladı. – Yəqin ki O göydən düşüb, Onu Günəşin elçisi, səma ruhlarından biri gətirib... Əvvəllər mövcud olmayan bir şeyi necə düzəltmək olar?
- Olar! – Ka qətiyyətlə dedi. – Bir daşı götürüb başqa bir daşla onu o qədər döyəcləmək olar ki, lazımi formaya düşsün. Elə bir forma ki, ələ yatsın. Onda həmin daşın köməyilə çoxlu sayda başqa daşlar düzəltmək olar. Daha iri və daha iti daşlar. Mən də məhz bunu eləmişəm, General!
Generalın alnında iri tər damlaları göründü.
- Bunu hamıya – bütün Ordaya göstərmək lazımdır, Ka! Bundan sonra bizim kişilərə heç kəs bata bilməyəcək. Başa düşürsüz? İndi biz ayının üstünə gedə bilərik. Ayının caynaqları var, bizim isə Onun kimi silahımız.
Heyvan bizi parçalayınca, biz onu parçalayacağıq, nəfəsini kəsib məhv edəcəyik. Biz ilanın başını əzə, tısbağanın qınını deşə... Qadir Günəşi öldürə... insanı öldürə bilərik!
Söylədiyi yeni fikrə özü də heyrətlənən General bir az duruxdu, sonra sözünə davam etdi. Baxışları sərtləşdi.
- Biz artıq Koammın Ordasına hücum edə bilərik, Ka! İndi onlar bizdən üstün və güclüdürlər, amma bundan sonra biz onlara hökmran olacağıq. Onları axırıncı adamına qədər məhv edəcəyik.
- Ka! Ka! – o, Professorun çiyinlərindən tutub silkələməyə başladı. – Bu qələbədir!
Ka ehtiyat dolu baxışlarla generala baxırdı, o tərəddüd içində idi.
- Elə buna görə də mən öz ixtiramı sizə göstərmək istəmirdim. Mən başa düşürəm ki, dünyanı dəyişəcək müdhiş bir ixtiranın müəllifiyəm. Mən öz məsuliyyətimi dərk edirəm, mən müdhiş dağıdıcı gücə malik bir qüvvənin mənbəni aşkar etmişəm. Bu, indiyəcən yer üzündə heç kəsə məlum olmayan bir mənbədir və elə buna görə də kiminsə bundan xəbərdar olmasını istəmirəm. Əks halda müharibə bir intihar olacaq. Çünki tezliklə Koamm Ordası da belə daşlar düzəltməyi öyrənəcək. Bax onda baş verəcək müharibədə artıq nə qalib, nə də məğlub tərəf olacaq. Bu əşya dinc məqsədlərə, əmək və tərəqqiyə xidmət üçün yaradılan silahdır. Amma indi görürəm ki, o, ölüm saçır. Mən Onu məhv edəcəm.
General özündən çıxdı.
- Ka, ağlınızı başınıza yığın. Bunların hamısı alimlərə məxsus axmaq ehtiyatlılıqdan başqa bir şey deyil. Siz beş ildi hücrəyə çəkilmisiz və dünyadan bixəbərsiz. Biz sivilizasiyaya doğru gedirik və əgər Koammın Ordası qalib gəlsə, nə sülhdən, nə azadlıqdan, nə də insanlar üçün sevincdən əsər-əlamət qalacaq. Bizim müqəddəs borcumuz öz ixtiramıza sahib çıxmaqdır. Bu o demək deyil ki, biz dərhal ondan istifadə edəcəyik. Vacib olan odur ki, onlar Onun varlığından xəbər tutsunlar.
Biz Onu düşmənin gözləri qarşısında nümayiş etdirəcəyik. Sonra isə biz Onun istifadəsini məhdudlaşdıracağıq. Amma Ona sahib olan andan artıq heç kəs bizə hücum etməyə cürət etməyəcək. Amma hələ ki biz yalnız Onlar üçün məzarlar qaza, yeni mağarlar tikə, torpağı malalaya bilərik.
Ona sahib olmaq kifayətdir. Onu işlətməyə ehtiyac yoxdur. Bu, müdhiş gücə malik bir silahdır və uzun illər koammçıların qarşısında sədd olacaq.
- Yox-yox-yox, - sakitləşməyən Ka israr edirdi, - Elə ki biz Ona sahib olduq, onda artıq bizim qarşımızı artıq heç nə kəsə bilməyəcək. Onu məhv etmək lazımdır.
- Siz lap axmaqsız ki... Hərçənd işimizə yarıyırsız! - Generalın hirsindən rəngi ağarmışdı. – Siz düşmənlərimizin dəyirmanına su tökürsüz. Sizin tayınız olan bütün intellektuallar kimi. Dünən bütün insanların birliyindən dəm vuran o aed kimi. Siz Günəşə inanırsız?
Ka diksindi… O, başını endirdi. Onun gözləri pırpız qaşları altında xırda və qəmli görünürdü.
- Mən bilirdim ki, bunun axırı belə olacaq. Mən koamm təəssübkeşi deyiləm, siz bunu gözəl bilirsiz. Amma Günəş qanunları toplusunun beşinci qaydasına görə, mən ruhların qəzəbinə tuş gəlməmək üçün bu məsələdən imtina edirəm. Nə istəyirsiz düşünün. Amma O bu mağaradan kənara çıxmayacaq.
- Mən isə deyirəm çıxacaq! Özü də indi.
-Orda, sivilizasiya naminə, xalqın rifahı, Sülh naminə! – general bağırdı. O az əvvəl Kanın etdiyi kimi sağ aliylə daşı qapıb qəzəb, nifrət hissi ilə qüvvətlə professorun başına endirdi. Ka zərbədən yerə çöküb ətrafını qana buladı.
General dəhşət içində əlindəki silaha baxırdı. Sonra təkəbbürlə gülümsündü. Bu təbəssümdə qəddarlıq, amansızlıq vardı.
- Bu bir… - o pıçıltıyla dedi.