Süd (hekayə) | Xalid Aşlar

Süd (hekayə) | Xalid Aşlar

Bütün gecə vedrədən tökürmüş kimi yağış yağmışdı. Günəşin ilk şüaları yaşıl yarpaqların üzərindəki gecədən qalma damlaları ustalıqla buxarlandırırdı.
Tozlu pərdələrin arasından süzülən işıq gözlərini qamaşdırdı. Dikəlib zəngli saatına baxdı. Saatın çalmasına hələ qalırdı. “Niyə erkən oyandım?” deyə düşündü. Yuxulu gözləriylə divar kağızları üzərindəki gül fiqurlarına baxdı. Elə bu vaxt hərdən səhərlər eşitdiyi “Moloko, molokoo…” səsi bayırda əks-səda verdi.
“Lənətdəmə yenə qışqırır” deyə söyləndi. Yuxusu qaçmışdı. Çarpayısını cırıldadaraq qalxdı, pəncərəyə yanaşıb çölə baxdı. Pəncərənin qabağındakı söyüd ağaclarının üstündə dələlər qırx illik sirk ustaları kimi ora-bura qaçışırdı.
Birdən ağacların arasından südsatan qadın göründü. Yaşlı, donqarı çıxmış əynində xalata bənzər bir paltar, əlində bir yarım litrlik koka-kola şüşəsindən süd qabı iti addımlarla binanın üçüncü giriş qapısına doğru gedirdi. “Yoxsa bütün şəhərə o qadın satır südü?” deyə öz-özündən soruşdu. Xərifləmişdi.

İllər öncəni xatırladı. Bu şəhərə gəldiyi ilk günlər səhərlər dan yeri ağarar-ağarmaz uzada-uzada “moloko” qışqıran bir səs yuxusunu qaçırardı. O zaman tərcüməsini anlamadığı bu sözə heç bir məna verə bilməmişdi. “Moloko nə deməkdi?” Bir səhər dözə bilməyib hirslənərək pijama ilə aşağı enmiş və səhərin alaqaranlığında yuxusunu qaçıran bu səsin sahibini acılamaq fikrinə düşmüşdü. Bir anda pijama ilə küçəyə çıxdığını xatırlamış və geri dönmək istəmişdi. Elə bu zaman qonşusu Anyanın xalatla çıxdığını görmüş, rahatlamış, “qadın xalatla çıxırsa mən niyə pijama ilə çıxmayım?” deyə düşünmüş və zəhləsini tökən səsin sahibinə acıqlanmaq üçün irəli atılmışdı.

Gün kimi xatırlayırdı, bir az əvvəl gördüyü qadın sanki o qadın idi. Ona narahat olduğunu, səhər erkən burada qışqırmamasını əl və qol hərəkətləriylə izah etməyə çalışmış, qonşusu Anya onlara yaxınlaşanda türkcə bilirmiş kimi onunla türkcə danışmış, ancaq hər ikisinə heç nə izah edə bilməmişdi. Anya südsatan qadına nəsə demiş, “yəqin məni anladı və dərdimi ona izah edir” deyə düşünmüşdü. Ancaq sonrakı günlər də südsatan qadının sübh fəryadları heç azalmamış, bəlkə əksinə, artmışdı.

Gərnəşərək ağacların üstündə oynaşan dələləri seyr edirdi ki, həmin qadın təkrar peyda oldu. Pəncərənin qarşısındakı giriş hissədə yaşayan eynəkli qonşusuyla nəsə danışmağa başladılar. Qadına diqqətlə baxdı. “Görəsən odumu?” deyə özü özündən təkrar soruşdu. Südsatan qadının o zamanki görkəmi təkrar gözünün önünə gəldi. Gömgöy gözləri, sarı saçları, qırış-qırış alını, yetkinlik yaşında bir cavanın təzə tərləməkdə olan bığları kimi bığları vardı. Əhəmiyyət vermədi. Duşa girdi…

“Vaxt nə tez keçir. Altı il olmuş artıq.” eşidiləcək bir səslə dedi. İsti suyu açdı. Su soyuq idi. Suyun istiləşməsini gözlədi, bu zaman baxışları kiçik aynaya sataşdı. Özünə baxdı, saçlarının hər keçən gün bir az da seyrəldiyini və yaxın bir vaxtda tamam keçəl olacağını düşündü. Keçəl halını xəyalında canlandırdı. Ürəkaçan deyildi. “Ah, yaşlılıq, ahh!..” deyə qışqırdı. Sonra susdu, səssizcə qulaq asdı. Şırıldayaraq axan və get-gedə istiləşməyə başlayan suyun səsindən başqa bir səs eşidilmirdi. Əlini suya toxundurdu, yaxşıydı. Üzünü yudu. İsti suyu bağlayıb soyuğu açdı. Soyuq suyla da yudu. Gah isti, gah soyuq suyla üzünü yudu. İlıq suyla peysərini sildi, sabunluğa baxdı, sabun ərimiş, namnazik qalmışdı. Üzünü qurulamadan çıxdı, mətbəxdəki rəfdən sabun götürmək istədi. Birdən burnuna qaz iyi gəldi. Yadına çay düşdü. Çaydana su doldurub qazın üstünə qoydu. Kibrit yox idi. Otağa keçib şalvarının cibindən alışqanını götürdü, gedib qazı yandırdı.
Mətbəxin pəncərəsindən təkrar çölə baxdı. Qapını açıb balkona çıxmaq istədi. Gözəl bir torpaq qoxusu üzünə vurdu. Balkonda dərindən nəfəs aldı.

Bu məhəlləyə yeni daşındığı üçün ətrafda baş verən hər şey onu çəkirdi. Yaşadığı binanın qabağında bir ev inşaa edilirdi. Üst qatda gecə vaxtı səs-küy salan bir qonşusu vardı. Ev sahibindən üst qonşusunun gömrükçü olduğunu öyrənincə vəziyyəti anlamışdı. Yan qonşusu dünyadan əlini üzmüş bir nənə idi. Dörd-beş ay içində yalnız bir-iki dəfə onu görmüş və salamlaşmışdı. Qarşı tərəfdə Burul xala yaşayırdı. Qızı Darkan Türkiyədə iqtisadiyyat doktoru olacaqdı. Alt qatda yaşlı bir adam kiçik nəvəsi İqnat və qızı Aksana ilə birlikdə yaşayırdı. Bunlardan başqa kimsəni tanımırdı.

Südçü qadın binadan əlində mis bir sərnic (vedrə) çıxdı. “Xanım əfəndi, nə satırsınız?” deyə rusca soruşdu. Qadın sən karsanmı, səhərdən bəri nə satdığımı eşitmədinmi mənasında ona baxdı və “moloko” dedi. Təzəmi deyə soruşdu, bəli, cavabını aldı. Onu maraq götürmüşdü. Görəsən bu qadın o altı il əvvəl gördüyü qadın idimi? “İki litr ala bilərəmmi?” dedi. Qadın bəli mənasında başını tərpədib iti addımlarla irəlidə dayanan əllinci illərdən qalma açıq qəhvəyi rəngli “Moskviç” markalı maşına doğru getdi. Bir azdan əlində bir şüşə qab balkonun altında göründü. “Sizmi enirsiniz, mənmi çıxım?” deyə soruşdu. “Yaxşı, mən enərəm” dedi. Otağa dönüb tez-tələsik göy idman paltarını geyindi, dişlərini fırçaladı, başmaqla çıxdı çölə. Qadın onu gözləyirdi. Gələ-gələ qadını diqqətlə süzdü. “Siz haçandan süd satırsınız” deyə soruşdu. Qadın bir az duruxub “bilmirəm, çoxdandı…” dedi.

- Yaxşı, əvvəllər südü hansı məhəllədə satırdınız?
- Çox məhəllədə satmışam.
- Panfilova məhəlləsində satmısınızmı?
- Bəli.
- Yaxşı, indi də satırsınızmı?
- Yox, artıq o tərəflərdə qızım satır.
- Yaxşı, siz beş-altı il əvvəl Panfilova məhəlləsində süd satırdınızmı?
Qadın bir az fikirləşdi.
- Bəli, – dedi.
Səbri tükənmişdi. “Bəli, bəli. Yanılmamışam, bu qadın o qadındı”, deyə düşündü. Qəlbində təsadüfən köhnə bir dostuna rast gəlmiş kimi qəribə bir məsudluq vardı. Ürəyi yüngülləşdi. Qadın çaşmış halda ona baxırdı. Daha gözləmədi və “süd alacaqsınızmı?” deyə soruşdu.
- Hə, bəli. Neçəyədi?
- 30 qəpik.
- Bir dəqiqə…

Səbrlə orasını-burasını yoxladı. Üstündə pul yox idi. “Bağışlayın, indi pulunu gətirəcəyəm” deyərək iti addımlarla yuxarı çıxdı. Evə girdi. Şalvarının cibindən pulu götürərkən yaddaşının çox iti olduğunu düşündü. İçində “budu, altı il əvvəl gördüyüm o qadını xatırladım”, dedi. Birdən o ilk günlər təkrar yadına düşdü. Təyyarədən endikdən sonra aeroportun üzərində böyük hərflərlə “MAHAC” yazısını görəndə Yahya Kemalı xatırlamışdı. Gəldiyi yer ata yurdu Qırğızıstan idi. Ancaq bu Mahac nə deyən sözdü? Mohaç düzənliyimi?!

Duruxdu, masanın üstündəki siqaret qutusundan bir siqaret götürüb yandırdı, kresloya oturdu. Aeroportdan çıxanda onları bir avtobusa mindirmişdilər. Özü kimi yetmişə yaxın şagirdlə birlikdə eyni avtobusda Tanrı dağları ətəklərində, kənarları qovaq ağaclarıyla əhatəli uzun yolla irəlilədiklərini xatırladı. Bir qədərdən sonra şəhərə gəldilər, qəribə bir binanın qarşısında dayandılar. Aşağı düşəndə çaşqın nəzərlərlə onlara baxan qırğızları görmüşdü. Bəli, qardaşlarımız qırğızlar bunlar ola gərək, deyə düşünmüş, həyəcanı get-gedə artmışdı…

Siqaretindən bir qüllab aldı, kresloda gərildi. Hamamdan su səsi gəlirdi, birdən suyu açıq qoyduğunu xatırladı və qaçaraq gedib suyu bağladı. Gözü sabunluğa sataşdı. Nazik sabunu gördü və bir az əvvəl mətbəxə sabun dalınca getdiyini, orada qaza çay suyu qoyduğunu, kibrit tapa bilməyəndə otağa dönərək alışqanı götürüb qazı yandırdığını, balkona çıxdığını… “İlahi! Qadın aşağıda gözləyir axı!..” deyə qışqırdı. Dərhal şalvarının cibindən pul götürdü və qaçaraq aşağı endi. Kimsə yox idi. Sağa baxdı, sola baxdı, kimsəni görə bilmədi. Çağırmaq istədi, vaz keçdi. Evə dönüb qadını görə bilmək ümidiylə balkona çıxdı. Bir azdan boş yerə gözlədiyini düşünüb mətbəxə keçdi, su qaynamışdı. Qazı bağladı, bir sabun götürüb duşa girdi. Yuyundu, mətbəxə keçib çay dəmlədi, otağa qayıtdı. Süd ala bilmədiyinə görə kədərlənsə də düz altı il əvvəl gördüyü bir adamı tanıdığına görə məmnun idi. Yaddaşının itiliyini düşünərək ağaclarda oynaşan dələlərə baxmağa başladı…

Türkcədən çevirən:
Eyvaz Zeynalov
Xalid Aşlar 1978-ci ildə Ankarada doğulub. İlk və orta təhsilini Ankarada alıb. 1999-2004-cü illərdə Qırgızıstan Türkiyə Manas Üniversitetində təhsil alıb. 2006-cı ildə doktorluq müdafiə edib. Təhsil illərində ədəbiyyat dərgisi buraxıb. Hekayələr yazır, Türkiyədə çap etdirir. Qırğız ədəbiyyatından ədəbiyyat nümunələrini rus, türk dillərinə, türk dilindən qırğız dilinə çevirir. Türkcədən başqa qırğız, uyğur, rusca təmiz bilir. Bir sıra kitabların müəllifidir.
Top